Məhkəmə qərarları › İş №2(105)-2296/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2296/2020

31.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2296/2020 31.08.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi, İddiaçının nümayəndələri: X3 və X1, Cavabdeh: X2 iştirakları ilə, İddiaçı1 MMC-nin Cavabdeh Əbilfət oğluna qarşı maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim A.M.Süleymanova) iddianın qismən təmin edilməsi, Cavabdeh Əbilfət oğlundan vurulmuş zərərin əvəzi olaraq 832,24 (səkkiz yüz otuz iki manat iyirmi dörd qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 12 (on iki) manatın İddiaçı1 MMC-nin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, məhkəmə ekspertizası tədqiqatının dəyəri olaraq 90 manatın İddiaçı1 MMC-dən, 60 manatın isə Cavabdeh Əbilfət oğlundan tutularaq Dövlət Xəzinədarlığı Agentliyinə (Kod 210005, VÖEN **********), müxbir hesab AZ41NABZ********************, SFİFT BİK- CTREAZ22, məhkəmə ekspertiza mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı1 MMC Cavabdeh Əbilfət oğluna qarşı “maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2098,11 manat maddi zərərin və ödənilmiş dövlət rüsumun əvəzi olaraq 30 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı1 MMC xx xxx 2014-cü il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı X4 tərəfindən ********** saylı VÖEN verməklə fəaliyyətə başlamışdır. MMC kommersiya hüququi şəxslərion Dövlət Reyestrindən çıxarışla təmin edilərək nizamnaməsi təsis edilmişdir. Cavabdeh İddiaçı1 MMC-yə xx.xx.2018-ci il tarixdən xidməti müqavilə ilə satış təmsilçisi kimi işə qəbul edilmiş, xx.xx.2019-cu il tarixdən isə MMC-nin rəsmi işçisi olaraq fəaliyyətə başlamış, 332 ÜBD/C kod üzrə “C” kateqoriyalı satış şəbəkələrindən sifarişlər qəbul etmişdir. Cavabdehlə cəmiyyət arasında xx xxxxx 2019-cu il tarixdə tam maddi məsuliyyət haqqında müqavilə bağlamaqla tərəflər arasında öhdəliklər yaranmışdır. Satış təmsilçisi Cavabdeh ona inzibati idarə heyəti tərəfindən etibar edilmiş görüləcək işləri layiqincə yerinə yetirməsi tam məsuliyyəti ilə öz üzrəinə götürməklə konkret öhdəlikləri vaxtında və düzgün icra etməsi üçün məsuliyyət daşımışdır. Lakin işlədiyi müddətdə işinə səhlənkar yanaşaraq şirkətə xeyli miqdarda maddi ziyan vurmuşdur. Cavabdeh yazılı izahat tələb etdikdə isə izahat verməkdən qəti olaraq imtina etmiş və müxtəlif bəhanələr gətirərək rəhbərliyin çağırışlarına gəlməmişdir. Beləliklə, bugünədək şirkətə olan borcunu ödəməkdən imtina edir. Belə ki, aparılan daxili audit yoxlaması zamanı müəyyən edilmişdir ki, xx.xx.2019-cu ildə 3722,97 manat, xx xxxxx 2019-cu il tarixdə tərtib edilmiş akta əsasən 861,88 manat və xx xxx 2019-cu il tarixli akta əsasən 572,55 manat mülkiyyətçiyə ziyan vurmuşdur. Müəssisə rəhbərliyi tərəfindən Cavabdeh müəssisəyə vurduğu ziyanın ödənilməsi tələbi ilə onun yaşadığı ünvana rəsmi məktubla müraciət edilsə də rəhbərliyin çağırışna gəlməmiş və rəhbərliyin tələblərinə heç bir məhəl qoymayaraq müəssisəyə gəlməkdən imtina etmişdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin kollegiyasının xx.xx.2013-cü il tareixli Q-17 saylı qərarı ilə təsdiq edilmiş “Aktivlərin və Öhdəliklərin inventarizasiya qaydalarına “əsasən aktivlərin faktiki qalığının inventarizasiyası maddi məsul şəxslərin bilavasitə iştirakı ilə aparılmalı olduğundan Cavabdeh iştirakı ilə təftiş aparılmışdır və aşkar edilən 2098,11 manat pulun sonuncu tərəfindən şəxsi maraqlarına görə götürülüb xərclədiyi, yəni mənimsənildiyi aşkar edilmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılmışdır. O, həqiqətən də 2018-ci ildə iddiaçı ilə xidməti müqavilə baglayaraq satış üzrə nümayəndə kimi işə qəbul olunmuş və bir ildən artıq həmin müəssisədə işləmişdir. Onun əmək funksiyası satış məntəqələrindən sirafiş götürmək və bu barədə şirkətə məlumat vermək, qaytarılan və qəbul edilməyən malları şirkətə qaytarmaq olmuşdur. Eləcə də sataş kassasına təhvil vermişdir. İddiaçının hər hansı pulunu öz maraqlarına uyğun götürüb mənimsəməmişdir, onun şirkətə borcu yoxdur. Şirkətin ona əmək haqqı borcu qalmışdır. Bütün bunları birinci instansiya məhkəməsində bildirsə də, məhkəmə bunları araşdırmadan ədalətsiz qətnamə qəbul etmişdir. Bu səbəbdən də o məhkəmə qətnaməsi ilə razılaşmır və ona hesablanmış əsassız faiz və cərimənin ləğv olunmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(060)-87/2020 saylı qətnaməsini ləğv edərək, yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, ona oxşar izahat verdi və onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İddiaçının nümayəndələri R.R.Yaqubov və X.Ş.Mikayılov apellyasiya şikayətinin dəlillərini qəbul etmədilər, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdilər və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini qismən təmin edərkən, cavabdehin iddiaçıya ziyanın vurulmasını ekspertiza rəyi ilə sübuta yetirilməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci 14.2.6-cı maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən, o cümlədən başqa şəxsə zərər vurulması nəticəsində yaranır. İşdə olan Əmək Müqaviləsinin bağlanması ilə bağlı Əmək Müqaviləsi bildirişindən görünür ki, Cavabdeh ilə İddiaçı1 MMC arasında xx.xx.2019-cu il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən Cavabdeh satış üzrə nümayəndə vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan Əmək Müqaviləsinə xiatm verilməsi ilə bağlı Əmək Müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair xx.xx.2019-cu il tarixli Məlumatdan görünür ki, Cavabdeh ilə İddiaçı1 MMC arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2019-cu il tarixdə xitam verilmişdir. İddiaçı1 MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2019-cu il tarixli Tam maddi məsuliyyət haqqında müqavilədən görünür ki, işçi tutduğu vəzifəsinə uyğun olaraq əmək münasibətləri prosesində ona işəgötürən tərəfindən etibar edilmiş işlərin- ona həvalə edilmiş ərazidə müəssisəyə məxsus ərzaq mallarının topdan və pərakəndə satışını təşkil etməli, rəhbərlik tərəfindən təyin edilmiş aylıq planın yerinə yetirilməsini, ticarət şəbəkələrində MMC-yə məxsus malların satışına nəzarət etməli, satılmış malların pullarını vaxtında alıb müəssisəsinin kassasına təhvil verməli və bu müqavilədə nəzərdə tutulan digər işlərin layiqincə yerinə yetirilməsində tam həcmdə maddi məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İşə əlavə edilmiş maliyyə arayışından çıxarışdan görünür ki, Cavabdeh 2098.11 manat borcu vardır. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 3274 nömrəli, xx xxxxx 2020-ci il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən tədqiqat nəticəsində iş materiallarında olan yekun akt, satış təmsilçisinin müştərilərdə olan borlcarının qarşılıqlı təhvil-təslim cədvəli və xx xxxx 2020-ci il tarixli arayış nəzərə alınmaqla İddiaçı1 MMC-nin satış təmsilçisi Cavabdeh İddiaçı1 MMC-də işlədiyi dövrdə hesabında 3722,97 manat məbləğində satış pulu çatışmazlığı qalması müəyyən edilir. Arayış məlumatlarından göründüyü kimi Cavabdeh 2019-cu ilin fevral ayı əmək haqqısından 203 manat, mart ayı əmək haqqısından 352,97 manat, aprel ayı əmək haqqısından 1321,76 manat olmaqla ümumilikdə 1877,73 manat məbləğində vəsait onun ümumi borcundan silinmişdir. Beləliklə, Cavabdeh İddiaçı1 MMC-də işlədiyi dövrdə hesabında 1845,24 manat məbləğində satış pulu çatışmazlığı qalması üməyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 150 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 852.1-ci maddəsinə ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir. Həmin Məcəllənin 852.3-ci maddəsinə ekspeditor yük göndərənin göstərişlərinə əməl etməlidir. O, daşıyıcıları öz məsuliyyəti ilə seçir. Əgər ekspeditor daşımanı tamamilə və ya qismən özü həyata keçirirsə, daşıyıcının hüquq və vəzifələrinə malik olur. Əgər bir neçə yük göndərinin əşyalarının aralıq və son təyinat yerləri eynidirsə, ekspeditor bu əşyaları qruplaşdıraraq yığma nəqliyyat təşkil edə bilər. Bütün hallarda o, yük göndərənin mənafelərini qorumalı və göstərişlərinə əməl etməlidir. O, qarşıya çıxan bütün çətinliklər barəsində yük göndərənə məlumat verməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinin ç bəndinə əsasən, əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindən biri də işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaqdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin c bəndinə əsasən, təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Həmin Məcəllənin 199-cu maddəsinin 1-ci hissəsin a və ç bəndlərinə əsasən saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; işçi qanuna zidd hərəkətləri ilə əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə işə götürənə digər üsulla qəsdən ziyan vurduqda, vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2.3-cü maddəsinə əsasən, ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Belə ki, MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Odur ki, məhkəmə kollegiyası cavabdehin ona iddiaçı tərəfindən cuzi əmək haqqının verilməməsi barədə gətirdiyi dəlili qəbul etmir, belə ki, həmin dəlil bu işə heç bir adiyyəti olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh Əbilfət oğlunun apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə xx xxxx 2020-ci il tarixli 2(060)-87/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar