Məhkəmə qərarları › İş №2(105)-2298/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2298/2021

28.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2298/2021 28.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, iddiaçı Bank VTB (Azərbaycan) açıq səhmdar cəmiyyətinin nümayəndəsi X2 və Cavabdeh iştirakları ilə açıq məhkəmə iclasında Sumqayıt Şəhər Məhkəməsinin 12 yanvar 2017-ci il tarixli, 2(060)-725/2017 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 12 yanvar 2017-ci il tarixli, 2(060)-725/2017 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Təranə Mahmudova) iddiaçı Bank VTB (Azərbaycan) açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı avtomobil krediti müqaviləsi üzrə borc tələbi və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, Cavabdeh ilə Bank VTB (Azərbaycan) açıq səhmdar cəmiyyəti arasında bağlanmış 24.10.2013-cü il tarixli, 118477-1-9448 saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh 7246,09 ABŞ dolları əsas kredit borcu, 832,99 ABŞ dolları kreditdən istifadəyə görə faiz borcu, 20 ABŞ dolları cərimə məbləği, cəmi 8099,08 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində kredit borcunun alınaraq iddiaçı Bank VTB (Azərbaycan) açıq səhmdar cəmiyyətinə ödənilməsi, tələbin iddiaçı Bank VTB (Azərbaycan) açıq səhmdar cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 24.10.2013cü il tarixli, 118477-16-13519 saylı ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan “CHEVROLET” markalı, Aveo modelli (mühərrik: A12XER19BN3004, ban: KLİ 1 F6939DB097058, buraxılış ili:2013, rəng:Ağ) ** EV *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, ipotekaya qoyulmuş “CHEVROLET” markalı, Aveo modelli (mühərrik: A12XER19BN3004, ban: KLİ 1 F6939DB097058, buraxılış ili:2013, rəng:Ağ) ** FV *** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərrac vasitəsilə satılması və satışdan əldə olunan məbləğin 8099,08 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində kredit borcunun iddiaçı Bank VTB (Azərbaycan) açıq səhmdar cəmiyyətinin xeyrinə ödənilməsi, satışdan əldə olunan vəsait hesabına cavabdehin banka olan borcu ödənildikdən sonra qalan məbləğin Cavabdeh qaytarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmiş, cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, Bank VTB (Azərbaycan) açıq səhmdar cəmiyyəti iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh 18 avqust 2016-cı il tarixə banka borclu olduğu 7246,09 ABŞ dolları məbləğində əsas borcun, 832,99 ABŞ dolları məbləğində faizin və 82,60 ABŞ dolları məbləğində cərimənin, cəmi 8161,68 ABŞ dolları pul məbləğinin (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə) və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq cəmiyyətə ödənilməsi, tələbin Cavabdeh mülkiyyət hüququ əsasında məxsus olan və banka ipoteka qoyulmuş, ipoteka predmeti olan “Chevrolet Aveo” minik markalı, ** FV *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi və avtomobilin açıq hərracdan satılması, həmin avtomobilin açıq hərracdan satılmasından əldə edilən vəsaitdən qeyd edilən pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumunun cəmiyyətə ödənilməsi, cəmiyyətlə Cavabdeh arasında bağlanmış 118477-1-9448 saylı, 24.10.2013cü il tarixli avtomobil krediti müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, Bank VTB (Azərbaycan) açıq səhmdar cəmiyyəti ilə bağlanmış 118477-1-9448 saylı, 24.10.2013-cü il tarixli avtomobil krediti müqaviləsinə əsasən cavabdehə avtomobil satın alınması üçün 36 ay müddətinə illik 17 faiz hesablanmaqla 16301 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi cavabdeh 118477-16- 13519 saylı, 24.10.2013-cü il tarixli ipoteka (avtomobil) müqaviləsinə əsasən mülkiyyətində olan “Chevrolet Aveo” minik markalı, ** FV *** dövlət qeydiyyat nişanlı avtomobili iddiaçıya ipoteka qoymuş və bu barədə nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində avtomobilə dair “İpoteka müqaviləsinə əsasən özgəninkiləşdirilməsin” barədə xüsusi qeyd aparılmışdır. Cavabdeh kredit vəsaitindən istifadə etsə də, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş, nəticədə borc yaranmışdır. Belə ki, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini 25.01.2016-cı il tarixdən icra etmir. Bununla əlaqədar olaraq cəmiyyət tərəfindən cavabdehə pretenziya məktubları və bildiriş göndərilmişdir. Lakin cavabdeh öhdəliklərini tam icra etməmişdir. Belə ki, 18 avqust 2016-cı il tarixə cavabdehin banka 8161,68 ABŞ dolları məbləğində borcu vardır. Bundan əlavə, cavabdehlə aparılmış şifahi danışıqlar və xəbərdarlıqlar da heç bir nəticə verməmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən cavabdeh həmin müqavilə üzrə iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Tələb ipoteka ilə yüklü edilmiş avtomobilə yönəldilməlidir. Mülkiyyət hüququ ilə cavabdehə məxsus olan avtomobil kredit borcunun təminatı olduğundan və borclu isə ipoteka ilə təmin edilmiş borcunun ödənilməsinə dair öhdəliyini icra etmədiyindən, habelə borcunu ödəmədiyindən iddiaçı tələbin ipoteka ilə yüklü edilmiş avtomobilə yönəldilməsini tələb etməkdə haqlıdır. Buna görə də tələb ipoteka ilə yüklü edilmiş avtomobilə yönəldilməli, həmin avtomobil açıq hərracdan satılaraq, satışdan əldə edilən vəsaitlə tələb təmin edilməlidir. Cəmiyyətlə bağlanmış kredit müqaviləsi üzrə Cavabdeh öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün bank müqavilənin birtərəfli qaydada ləğv edilməsini məqsədəuyğun hesab edir. Belə ki, tərəflər arasında bağlanmış avtomobil krediti müqaviləsinin 7.2-ci bəndində göstərilir ki, bu müqavilə bank tərəfindən Vİ bənddə nəzərdə tutulan hallarda və qaydada birtərəfli qaydada vaxtından əvvəl ləğv edilə bilər. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnaməni əsassız, qanuna zidd və qeyri obyektiv hesab edir. Belə ki, 24 oktyabr 2013-cü il tarixdə Bank VTB (Azərbaycan) açıq səhmdar cəmiyyəti ilə 118477-1-9448 saylı müqavilə bağlamışdır. Müqaviləyə əsasən kreditor ona illik 17% olmaqla 36 ay müddətinə 16301 ABŞ məbləğində kredit vermişdir. Aralarında imzalanmış 24 oktyabr 2013-cü il tarixli ödəniş qrafiki ilə kreditin qaytarılması günləri qeyd olunmuşdur. Cədvəl üzrə o, banka 25 noyabr 2013-cü il tarixdən başlayaraq hər ay üçün 583,82 ABŞ dolları məbləğində pul ödəməli və 36 ay tamamında onun ödənişlərinin cəmi faizlə birlikdə 20900,25 ABŞ dolları təşkil etməli idi. Kreditor tərəfindən ona kredit verilməmişdən öncə onun gəlirləri ətraflı öyrənilmişdir və cəmiyyətin təyin etdiyi mütəxəssis tərəfindən ona ayrılan krediti vaxtında qaytaracağı imkanında olduğu müəyyən edilmişdir. Bu müddət ərzində ölkədə iki dəfə devalvasiya baş vermişdir. 2015-ci ilin fevral ayında və 2015-ci ilin dekabr aylarında baş vermiş devalvasiya onun ağır maddi itkilərinin yaranmasına səbəb olmuşdu. Lakin buna baxmayaraq o, kredit öhdəliyini 2016-cı ilin yanvar ayına kimi icra etmişdir. Dolların dəyərinin iki dəfədən artıq artması səbəbindən ödənişlərində gecikmələr baş vermiş, bu səbəbdən kreditor məhkəməyə müraciət etmişdir. Dolların dəyərinin kəskin artması onun ödənişləri vaxtında aparmağına ciddi təsir etmişdi və müqavilədə nəzərdə tutulmasa da, bu hal ondan asılı olmayan hal kimi nəzərə alınmalı idi. Lakin bu faktlar məhkəmə tərəfindən lazımınca araşdırılıb qiymətləndirilməmiş, onun gecikdirmələri isə səbəbsiz kimi qiymətləndirilmişdir. Bu gün onun kreditor qarşısında qrafik üzrə borcu məhkəmə qətnaməsində qeyd edildiyi kimi olmadığı halda, məhkəmə tərəfindən ona faiz və dəbbə pulu hesablanmışdır. Kredit borcu üzrə tələbi ipoteka predmetinə yönəldilir ki, bu da onun Mülki Məcəllənin 445.5-ci maddəsi ilə təsbit olunan hüquqlarının pozulması deməkdir. Məhkəmə prosesindən əvvəl, yəni 08.08.2016-cı il tarixdə bank ona bildiriş göndərərək 3 gün müddətində banka ümumilikdə 8135,42 ABŞ dolları məbləğində borcun ödənilməsi təklif etmiş, əks təqdirdə pul tələblərinin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi üçün qanunvericiliyə uyğun tədbir görüləcəyini bildirmişdir. Həmin bildirişdə bank qarşısında onun əsas borc öhdəliyi 5522,50 ABŞ dolları məbləğində olması qeyd edilmişdir. Lakin məhkəmənin qətnaməsində əsas kredit borcu 7246,09 ABŞ dolları məbləğindədir. Göründüyü kimi, əsas borc öhdəliyinin kəskin fərqlənməsinə baxmayaraq bu hal məhkəmə tərəfindən araşdırılmamış, mühasibatlıq ekspertizası keçirilmədən qətnamə qəbul edilmişdir. Bundan əlavə, 24.08.2016-cı il tarixdə məhkəməyə verilmiş iddia ərizəsində qeyd edilmişdir ki, o, kredit müqaviləsi üzrə öhdəliklərini 25.01.2016-cı il tarixdən icra etmir. Ödəniş qrafikinə əsasən həmin tarixə kimi onun banka olan əsas borc məbləği 5304,55 ABŞ dolları olmuşdur. Lakin iddia ərizəsində əsas borc məbləği 7246,09 ABŞ dolları göstərilmişdir. Bunun nəyə əsasən hesablandığını iddiaçı açıqlamamış və bu hal məhkəmə tərəfindən də araşdırılmamışdır. Bankın öz sənədlərində onun borcunun məbləği fərqlidir və bir-biri ilə ziddiyyət təşkil edir. Həmçinin o, məhkəmədə iştirak etməmiş, məhkəmənin çıxardığı qətnamədən xəbərsiz olmuşdur. Belə ki, məhkəmə prosesi gedən vaxtı o, Ağcabədi rayonunda yerləşən hərbi hissədə xidmətdə olmuşdur. Ona görə də məhkəmədə banka olan borcunun daha az olmasını bildirməmiş və bu halların araşdırılmasını tələb etməmişdir. Onun banka olan krediti Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının şərtlərinə uyğun olduğundan 14 noyabr 2019cu ildə restruktrizasiya olunmuşdur. Həmin vaxt onun banka olan borcu 7561,81 manat məbləğində olduğu kredit müqaviləsində qeyd edilmişdir. Həmin müqaviləni onlar tərəfindən imzalansa da, ipoteka predmetinə görə müqavilə bank tərəfindən pozulmuşdur. O, bank qarşısında məhkəmə qətnaməsinə əsasən yaranmış borc öhdəliyi barədə məlumatı Nərimanov rayon İcra şöbəsinin 14.01.2021-ci il tarixli qərarını almaqla əldə etmişdir. Sadaladığı hallar məhkəmə tərəfindən qətnamə qəbul edilərkən araşdırılsaydı, onun banka olan borcu iddia ərizəsində yazıldığı kimi və gecikdirmələrin yaranması, o cümlədən müqavilənin icra edilməməsinin səbəbləri onun hərəkətsizliyi ilə bağlı olmadığı müəyyən edilərdi. Cavabdeh apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi. İddiaçı Bank VTB (Azərbaycan) açıq səhmdar cəmiyyətinin nümayəndəsi X3 məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin faktiki olaraq iddianın təmin edilmiş hissəsində ləğv edilməsinə yönəldiyindən iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı bu hissədə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Bank VTB (Azərbaycan) açıq səhmdar cəmiyyətinin 1 saylı Əcəmi filialı ilə Cavabdeh arasında bağlanmış 24 oktyabr 2013-cü il tarixli, 118477-1-9448 saylı avtomobil krediti müqaviləsindən görünür ki, Bank VTB (Azərbaycan) açıq səhmdar cəmiyyəti tərəfindən Cavabdeh “CHEVROLET” markalı, Aveo modelli avtomobilin satın alınması məqsədi ilə 36 ay müddətinə, illik 17 faiz ödənilməsi şərti ilə 16301 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan 24 oktyabr 2013-cü il tarixli, 118477-16-13519 saylı ipoteka (avtomobi) müqaviləsindən görünür ki, Bank VTB (Azərbaycan) açıq səhmdar cəmiyyətinin 1 saylı Əcəmi filialı ilə Cavabdeh arasında bağlanmış 24 oktyabr 2013-cü il tarixli, 118477- 1-9448 saylı avtomobil krediti müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək üçün Cavabdeh məxsus “Chevrolet” markalı avtomobil ipoteka ilə yüklü edilmiş və ipoteka predmetinin qiyməti 18113 dollar müəyyən edilmişdir. İş materiallarında olan AB seriyalı, 986469 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “CHEVROLET Aveo” markalı, **-FV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdehdur. İş materiallarında olan 24.10.2013-cü il tarixli “İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestri”ndən çıxarışın surətindən görünür ki, Cavabdeh məxsus “Chevrolet Aveo” minik markalı, ** FV *** dövlət qeydiyyat nişanlı avtomobilin Bank VTB (Azərbaycan açıq səhmdar cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İş materiallarında olan Bank VTB (Azərbaycan) açıq səhmdar cəmiyyətinin arayışından görünür ki, Cavabdeh 24.10.2013-cü il tarixli, 118477-1-9448 saylı avtomobil krediti müqaviləsi üzrə 18.08.2016-cı il tarixə əsas borcu 7246,09 ABŞ dolları, faiz borcu 832,99 ABŞ dolları, cərimə borcu 82,60 ABŞ dolları, cəmi borcu 8161,68 ABŞ dolları təşkil edir. İş materiallarında olan Bank VTB (Azərbaycan) açıq səhmdar cəmiyyəti tərəfindən Azərbaycan Respublikası DİN-nin BDYPİ-nə ünvanlanmış 08.08.2016-cı il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması haqqında ərizədən görünür ki, “Chevrolet Aveo” minik markalı, ** FV *** dövlət qeydiyyat nişanlı avtomobilə tutmanın yönəldilməsi haqqında bildiriş 17.08.2016-cı il tarixdə qeydə alınmışdır. İş materiallarında olan Bank VTB (Azərbaycan) açıq səhmdar cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanmış 08.08.2016-cı il tarixli bildirişdən görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə xəbərdar edilmişdir. İş materiallarında olan Bank VTB (Azərbaycan) açıq səhmdar cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanmış 03.02.2016-cı il tarixli pretenziyadan görünür ki, avtomobil krediti müqaviləsi üzrə borcunun 5 iş günü müddətində ödəməsi tələb edilmişdir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. İş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, Bank VTB (Azərbaycan) açıq səhmdar cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 24.10.2013-cü il tarixli, 118477-1- 9448 saylı avtomobil krediti müqaviləsinə əsasən Bank VTB (Azərbaycan) açıq səhmdar cəmiyyəti tərəfindən Cavabdeh “CHEVROLET” markalı, Aveo modelli avtomobilin satın alınması məqsədi ilə 36 ay müddətinə, illik 17 faiz ödənilməsi şərti ilə 16301 ABŞ dolları məbləğində kredit verilmişdir. Azərbaycan Respublikası MM-nin 421-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Bank VTB (Azərbaycan) açıq səhmdar cəmiyyəti 29 noyabr 2016-cı il tarixdə hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İş materiallarında olan maliyyə arayışından və hesabdan çıxarışdan görünür ki, Cavabdeh müqavilə üzrə öhdəliyini 25 yanvar 2016-cı il tarixdən icra etmir. Qeyd edilən hal Cavabdeh tərəfindən müqavilənin əhəmiyyətli dərəcədə pozulması kimi qiymətləndirilməlidir. Bank VTB (Azərbaycan) açıq səhmdar cəmiyyətinin 1 saylı Əcəmi filialı ilə Cavabdeh arasında bağlanmış 24.10.2013-cü il tarixli, 118477-1-9448 saylı avtomobil krediti müqaviləsinin 6.1.4-cü bəndinə əsasən ödəniş cədvəli ilə müəyyən edilən müddətlər kredit alan tərəfindən 2 aydan artıq müddətə gecikdirildikdə, habelə ardıcıl olaraq 2 dəfə pozulduqda, bank bu müqavilə üzrə pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Azərbaycan Respublikası MM-nin 269.1, 269.2 və 269.3-cü maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür. Həmin Məcəllənin 270.1-ci maddəsinə görə girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Həmin Məcəllənin 295-ci maddəsinə görə girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 317.1-ci maddəsində göstərilir ki, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. “İpoteka haqqında” qanunun 4.1-ci maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: 4.1.1. əsas borc; 4.1.2.faizlər; 4.1.3. öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi. 4.1.4.ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi. Həmin Qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1, 34.1.1, 34.1.2-ci maddələrinin mənasına görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması; əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması və sair hallarda yaranır. Tərəflər arasında bağlanmış 24 oktyabr 2013-cü il tarixli, 118477-16-13519 saylı ipoteka (avtomobi) müqaviləsinin 6.1.1-ci bəndinə əsasən ipoteka ilə təmin edilmiş öhdəlik ipoteka qoyan tərəfindən icra edilmədikdə və ya lazımınca icra edilmədikdə bankın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib, hesab edir ki, cavabdehin avtomobil krediti müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsi və hazırki öhdəlik hüquq münasibətlərinin məhz cavabdehin təqsiri üzündən pozulması işdə iştirak edən şəxslərin izahatları və mülki işin materialları ilə də inkar edilmədiyindən və cavabdeh pul vəsaitini qanunsuz saxlamaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə ondan faydalandığından, birinci instansiya məhkəməsi düzgün olaraq kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh 7246,09 ABŞ dolları əsas kredit borcu, 832,99 ABŞ dolları kreditdən istifadəyə görə faiz borcu (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində kredit borcunun alınaraq iddiaçı Bank VTB (Azərbaycan) açıq səhmdar cəmiyyətinə ödənilməsi, tələbin iddiaçı Bank VTB (Azərbaycan) açıq səhmdar cəmiyyəti ilə Cavabdeh arasnda bağlanmış 24.10.2013-cü il tarixli, 118477-16-13519 saylı ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan “CHEVROLET” markalı, Aveo modelli **-EV- *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, ipotekaya qoyulmuş “CHEVROLET” markalı, Aveo modelli **-FV-*** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərrac vasitəsilə satılması və satışdan əldə olunan məbləğin 8099,08 ABŞ dolları məbləğində kredit borcunun iddiaçı Bank VTB (Azərbaycan) açıq səhmdar cəmiyyətinin xeyrinə ödənilməsi, satışdan əldə olunan vəsait hesabına cavabdehin banka olan borcu ödənildikdən sonra qalan məbləğin Cavabdeh qaytarılması nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə kollegiyası hesab edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Çünki dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu, öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə uyğun olmaz. Ona görə də məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi düzgün olaraq cərimənin miqdarını tənasübsüz surətdə yüksək kimi qiymətləndirərərək həmin məbləği azaltmışdır. Cavabdeh apellyasiya şikayətində bankın 08.08.2016-cı il tarixdə ona göndərdiyi bildirişdə əsas borc öhdəliyinin 5522,50 ABŞ dolları məbləğində olmasını qeyd etdiyini, məhkəmənin qətnaməsində əsas kredit borcunun 7246,09 ABŞ dolları məbləğində müəyyən edildiyini, bu halın məhkəmə tərəfindən araşdırılmayıb mühasibatlıq ekspertizası keçirilmədən qətnamə qəbul edildiyini göstərmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Bank VTB (Azərbaycan) açıq səhmdar cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanmış 08.08.2016-cı il tarixli bildirişdə Cavabdeh kredit müqaviləsi üzrə əsas borc məbləğinin 5522,50 ABŞ dolları, gecikdirilmiş borc məbləğinin isə 1723,59 ABŞ dolları, yəni ümumi əsas borcunun 7246,09 ABŞ dolları (5522,50 ABŞ dolları + 1723,59 ABŞ dolları) təşkil etdiyi qeyd edilmişdir. Cavabdeh apellyasiya şikayətində həmçinin məhkəmədə iştirak etmədiyini göstərmişdir. İşdən görünür ki, məhkəmə iclaslarının vaxtı və yeri barədə bildirişlər Cavabdeh rəsmi qeydə alındığı ünvana göndərilmiş və qəbul olunmuşdur. Cavabdehin apellyasiya şikayətində göstərilən dəlillər iş üzrə məhkəmə qətnaməsinin iddianın təmin edilmiş hissəsində apellyasiya qaydasında ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, apellyasiya şikayətində sadalanan digər dəlilləri də araşdıraraq, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsində faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin həmin hissədə apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayətləri təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi bu hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 12 yanvar 2017-ci il tarixli, 2(060)-725/2017 saylı qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar