Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2299/2020 24.08.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi, İddiaçının nümayəndəsi: X2, Cavabdeh: Cavabdeh, Cavabdehin nümayəndəsi və vəkili: X1 iştirakı ilə, İddiaçı «xxxxxxxxx» şirkətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim R.N.Qoşqarlı) iddianın təmin edilməsi, Cavabdeh vurulmuş maddi zərərə görə 18.894 (on səkkiz min səkkiz yüz doxsan dörd) manat vəsaitin və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq iddiaçı «xxxxxxxxx» şirkətinə ödənilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı «xxxxxxxxx» şirkəti Cavabdeh qarşı vurulmuş maddi zərərə görə 18.894 (on səkkiz min səkkiz yüz doxsan dörd) manat vəsaitin və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun «xxxxxxxxx» Şirkətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh İddiaçındə sürücü vəzifəsində işlədiyi dövrdə şirkətin mülkiyyətində olan etibarnamə əsasında idarə etdiyi Hyundai HD78 markalı, **-JM-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə xx xxx 2019-cu il tarixdə yol qəzası hadisəsi törətməklə şirkətə məxsus avtomobilə əhəmiyyətli dərəcədə ziyan vurmuşdur. Baş vermiş hadisə ilə əlaqədar cavabdeh verdiyi xx xxx 2019-cu il tarixli izahatında qəza nəticəsində avtomobilə dəyən zərəri tam ödəməyi öhdəsinə götürsə də, dəyən zərər indiyədək onun tərəfindən ödənilməmişdir. Cavabdeh işə qəbul olunarkən «xxxxxxxxx» şirkəti ilə arasında tam maddi məsuliyyət haqqında müqavilə də bağlanmışdır. Müqavilə üzrə cavabdeh Şirkətə vurduğu maddi ziyanı tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Onlar tərəfindən cavabdehə əmək funksiyalarının yerinə yetirilməsi və şirkətə dəyən maddi ziyanı ödəməmişdir. Cavabdeh tərəfindən törədilən qəza nəticəsində yük avtomobilinin kabinasının təmiri məqsədilə «xxxxxxxxx» Şirkəti təmir şirkətlərindən biri ilə razılığa gəlmiş və nəqliyyat vasitəsinin təmirinə görə «Məzahir oğlu Avtoserviz»ə 6534 manat ödəmişdir. Cavabdehin yük avtomobilinə dəymiş ziyanı vaxtında ödəməməsi Şirkətin əlavə xərclər çəkməsinə səbəb olmuşdur. Həmin avtomobilin baş verdiyi tarixdən təmir edilənədək davam edən boş dayanması nəticəsində şirkət avtomobillər cəlb etmək məcburiyyətində qalmış, beləliklə həmin müddət ərzində əlavə olaraq 12.360 manat məbləğində şirkətə zərər dəymişdir. Dəymiş ziyan cavabdeh tərəfindən çəkilmiş xərclərin həqiqi həcminə uyğun olaraq tam şəkildə ödənilməlidir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, 2019-cu ilin may ayının 1-də «xxxxxxxxx» şirkətinə sürücü vəzifəsinə işə qəbul edilmişdir. Yük avtomobilinin vəziyyətini bilmək üçün şirkətin ərazisində sürdükdən sonra əylənc sisteminin nasaz olduğunu müəyyən edib bu barədə şöbə rəisinə məlumat vermişdir. Avtomobilin nakladkaları nasaz olmuşdur. xx xxx 2019-cu il tarixdə idarə etdiyi «Hyundai» markalı avtomobili lə şirkətə məxsus yükləri Ceyranbatan və Sumqayıt şəhərinə apararkən, qəfildən qabaganda avtobus soldan-saga manevr edərək, dayanacaga dönərək saxladı. Avtomobili piyada keçidin dirəyinə vurmuşdur. Bu hadisədən sonra 1 ay xəstəxanada yatmışdır. xx xxxxxxxx 2019-cu il tarixli avtoservisinin iş əmrində yük avtomobilin təmiri ilə əlaqədar çəkilən xərclərin və alının malların qiyməti şişirdilmişdir. Yalnız elektrik işlərinin görülməsi üçün 420 manat göstərilməsi və ödənilməsi bu fikrini təstiq edir. Bununla belə həmin avtoservisinə 6534 manat kassa məxaric orderləri ilə ödənildiyi üçün iddia tələbinin avtomobilin təmirinə çəkilən xərc hissəsini qəbul edir. Lakin, iddianın avtomobil təmir edilənədək «xxxxxxxxx» şirkətinin kənardan avtomobillər cəlb edib buna görə daşıyıcıya 12.360 manat ödəməsi hissəsini qəbul etmirəm. Şirkət kənardan yüklərin daşınması üçün avtomobillər cəlb etməmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi saxta aktlar ondan tələb etdiyi məbləğin yarısına bərabərdir. Qüsurlu müqavilə və saxta aktlardan şirkətin direktorunun xəbəri yoxdur. Odur ki, həmin hissədə qətnamə ləğv edilməlidir. Vurulmuş maddi zərərə görə 18.894 manat vəsaitin alınıb «xxxxxxxxx» Şirkətinə verilməsi barədə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(060)-1943/2020 saylı qətnaməsini qanunsuz və əsassız hesab edərək ləğv edilməsi və ondan avtomobilin təmir edilməsi ilə əlaqədar vurulmuş maddi zərərə görə 6534 manat vəsait alınaraq «xxxxxxxxx» şirkətinə ödənilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh və nümayəndəsi N.Q.Ağayev apellyasiya şikayətinin dəlillərini müdafiə etdilər, ona oxşar izahat verdilər və şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. İddiaçının nümayəndəsi F.M.Əliyev apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, iddia ərizəsinə uyğun izahat verdi və şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməlidir, apellyasiya şikayəti isə təmin edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini təmin edərkən, tərəflər arasında olan öhdəlik razılaşmasının olmasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğun deyildir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan «Məzahir oğlu Avtoservis»in xx xxxxxxxx 2019-cu il tarixli servis iş əmrindən görünür ki, «Hundai HD-78» markalı ** JM *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərcləri 6534 manat məbləğində qiymətləndirilmişdir. İşdə olan AB N-445715 saylı «Nəqliyyat vasitəsinin Qeydiyyat Şəhadətnaməsi»nin surətindən görünür ki, Hyundai HD-78 yük markalı ** JM *** dövlət nəqliyyat nişanlı nəqliyyat vasitəsinin sahibi "xxxxxxxxx» Şirkətidir. İşə əlavə olan xx xxx 2019-cu il tarixli etibarnamənin surətindən görünür ki, «xxxxxxxxx» şirkətinə məxsus «Hyundai HD-78» markalı ** JM *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə etmək üçün Cavabdeh etibar etmişdir və «Əmək müqaviləsinə əsasən Cavabdeh Şirkət tərəfindən sürücü vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan «Tam maddi məsuliyyət haqqında Müqavilə»nin surətindən görünür ki, Cavabdeh «xxxxxxxxx» Şirkətində sürücü vəzifəsini tutmaqla ona inzibati idarə heyəti tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işin layiqincə yerinə yetirməyi tam məsulimyyəti ilə öz üzərinə götürür. İşə əlavə olan «Əmək müqaviləsinə xitam verilməsi ilə bağlə əmək müqaviləsi bildirişin qeydiyyata alınmasına dair məlumatın surətindən görünür ki, «xxxxxxxxx» Şirkəti ilə Cavabdeh arasında bağlanmış əmək müqaviləsinə xx xxxx 2019-cu il tarixdə xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə» birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Cavabdehin mülki hüquq pozuntusu (delikt) törətməsi sübut olunur: birinciçi, cavabdehin əməli hüquqa zidd əməldir. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər», habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İddiaçıya aid olan avtomobilin müxaniki zədə alması iddiaçının izahatı, inzibati xəta haqqında iş üzrə qərar və «Mərcan» firması tərəfindən verilmiş akt ilə təstiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 150.0.5-ci maddəsinə əsasən iddiaçı ərizəsinə öz tələblərini əsaslandırdığı hallara dair sənədlər əlavə etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məhkəmə prosesi zamanı müəyyən edildi ki, iddiaçı «xxxxxxxxx» Şirkətinə Cavabdeh tərəfindən vurulmuş maddi zərər 6534 manat təşkil edir. İddiaçı «xxxxxxxxx» Şİrkəti Cavabdeh avtomobilin baş verdiyi tarixdən təmir edilələnədək davam edən boş dayanması nəticəsində şirkət tərəfindən kənardan avtomobillər cəlb etmək məcburiyyətində qalması və bu müddət ərzində əlavə olaraq 12.360 manat məbləğində şirkətə zərər dəyməsi ilə əlaqədar birinci instansiya məhkəməsi tərəfindən iddianın həmin hissədə təmin olunmasını məhkəmə kollegiyası düzgün hesab etmir. İddiaçı tərəfindən təqdim edilmiş bir çox saylı aktlar heç bir qeydiyyatdan keçməmişdir, möhürlənməmişdir, odur ki, məhkəmə kollegiyası həmin aktları hüquqi sənəd kimi qiymətləndirə bilməz. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qismən əsaslı deyildir, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə xx xxxx 2020-ci il tarixli 2(060)-1943/2020 saylı qətnaməsi dəyişdirilsin. Cavabdeh vurulmuş maddi zərərə görə 6534 (altı min beş yüz otuz dörd) manat vəsait və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı «xxxxxxxxx» şirkətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-2299/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2299/2020
24.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver