Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2299/2022 05.12.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədov Zaur İkram oğlu (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı «kredit borcunun ödənilməsi» tələbinə dair iş üzrə Abşeron Rayon Məhkəməsinin 10 avqust 2022-ci il tarixli, e-2(012)-2408/2022 nömrəli qətnaməsindən iddiaçının apellyasiya şikayəti üzrə işə baxaraq, müəyyənetdi: İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2022-ci il tarixə kredit borcu üzrə 2987,90 manat əsas, 1754,33 manat faiz, 476,64 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 473,96 manat faiz borcu olmaqla cəmi 5692,83 manat və iş üzrə ödənilmiş 76,92 manat dövlət rüsumunun Cavabdeh tutularaq, LPO İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Yasamal filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-ci il tarixli 24112016/105377 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə, illik 16 faiz dərəcəsi ilə 6000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********621 saylı xx.xx.2022 tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh xx.xx.2022-ci il tarixə kredit üzrə cəmi borcu 5692,83 manat təşkil edir. Bundan 2987,90 manat əsas, 1754,33 manat faiz, 476,64 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 473,96 manat faiz borcu təşkil edir. Beləliklə, cavabdehə dəfələrlə xəbərdarlıq edilsə də, kredit ödənişlərini etməmişdir. Cavabdeh sonuncu dəfə xx.xx.2017-ci il tarixində 143 manat məbləğində ödəniş etmişdir. Lakin xx.xx.2016-ci il tarixli 24112016/105377 nömrəli kredit müqaviləsi arxivdə aşkar edilməmişdir, yalnız həmin kredit müqaviləsinin mövcud olması ilə bağlı kassa məxaric orderi vardır. Bundan əlavə cavabdeh İddiaçı ASC-də hüquq departamentinin direktoru olmuşdur və kredit müqaviəsini cavabdehin özü ilə apardığı güman edilir. Odur ki, iddianın təmin edilməsi məhkəmədən xahiş olunmuşdur. Abşeron Rayon Məhkəməsinin 10 avqust 2022-ci il tarixli, e-2(012)-2408/2022 nömrəli qətnaməsi ilə (hakim Məmmədov Elman) iddianın təmin edilməməsi qət edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Məhkəmə prosesi gedişində iddiaçı tərəfin nümayəndəsi də kredit müqaviləsinin arxivdə aşkar edilmədiyini, lakin həmin kredit müqaviləsinin mövcud olmasının məntiqi nəticəsi olaraq, kassa məxaric orderi ilə səbəbli əlaqəsi hakimə ətraflı izah edilmişdir. Məhkəmə tərəfindən iş materiallarında olan kifayətedici sübutlar tam araşdırılmamışdır. Belə ki, cavabdehin qrafik üzrə ödənişlərini təsdiq edən hesabdan çıxarış məlumatlarına, kassa məxaric orderinin əslinə, eləcə də həmin şəxsin Bankda məsul vəzifədə çalışması kimi xüsusatlara məhkəmə düzgün hüquqi qiymət verməmişdir. Qeyd olunanlarla yanaşı, məhkəmə bankların fəaliyyətinə inzibati nəzarəti və tənzimləyici funksiyanı həyata keçirən Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi ciddi mühasibat sənədləri çərçivəsində borclunun kredit borcunun mövcud olma faktını tamamilə nəzərdən qaçırmış və araşdırmamışdır. Bu baxımdan, mərkəzi kredit reyestrində borc məbləği olduğu halda, məhkəmənin heç bir mötəbər əsas olmadan cavabdehə qarşı tələbin əsassız olması qənaətinə gəlməsi hüquqi nihilizmdən başqa bir şey deyildir. Azərbaycan Respublikasının Milli X3 07 noyabr 2005-ci il tarixli 33 №-li Azərbaycan Respublikasında fəaliyyət göstərən kredit təşkilatlarında mühasibat uçotunun aparılması Qaydalarının 2.8-ci bəndində qeyd edilir ki, bank əməliyyatlarını həyata keçirilməsi üçün zəruri və kifayət qədər məlumatları əks etdirən, onun qanuniliyini təsdiq edən və əməliyyatların mühasibat uçotunda əks olunmasına əsas verən sənədlərdir. Bank sənədləri müştəri sənədlərinə və bank daxili sənədlərə bölünür. Müştəri sənədlərinə ödəniş sənədləri, bank daxili sənədlərə - kassa və memorial sənədlər daxildir. Həmçinin, qaydaların 12.6-ci bəndinin tələbinə görə, bankların bütün əməliyyatları onların xarakteri barədə məlumatlardan ibarət olan, əməliyyatların qanuniliyini təsdiq edən və onların uçotda əks etdirilməsi üçün əsas olan sənədlərlə rəsmiləşdirilir. İddiaçı tərəfindən borclunun banka kredit borcunun mövcudluğunu təsdiq edən məxaric orderinin təqdim edilməsinə, ödənişlərə dair hesabdan çıxarış sənədinin olmasına, eləcə də mərkəzi kredit reyestrində borc məbləği olduğu halda, məhkəmənin heç bir mötəbər əsas olmadan cavabdehin bank qarşısında öhdəliyinin olmaması qənaətinə gəlməsi tamamilə qanunsuzdur. Tərəflərin izahatları: Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, məhkəmə qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilməlidir. İş materiallarında olan TT********** nömrəli məxaric kassa orderindən görünür ki, xx.xx.2016-cı il tarixdə 24112016/105377 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 6000 manat verilmiş, orderdə Cavabdeh imza etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, iddiaçı LPO İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 24 noyabr 2016-cı il tarixli 24112016/105377 saylı kredit müqaviləsinə əsasən cavabdehin xx.xx.2022-ci il tarixə İddiaçı ASC-yə 2987 manat əsas və 1754,33 manat faiz borcu, 476,64 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 473,96 manat faiz borcu olmaqla, cəmi 5692,83 manat borcu yaranmışdır. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş, gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 428.4-cü maddəsinə əsasən, öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Birinci instansiya məhkəməsi iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut etmədiyinə istinad edərək iddianı rədd etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əlavə edilmiş TT********** nömrəli məxaric kassa orderi tərəflər arasında pul öhdəliyinə dair münasibətlərin olduğunu və iddiaçı tərəfindən cavabdehə pul verildiyini təsdiq edir. Tələb edilən borc məbləğinin faiz və cərimə borcu hissəsi ilə bağlı isə kollegiya qeyd edir ki, 6000 manat pulun cavabdehə verilməsi məxaric kassa orderi ilə təsdiqlənsə də, faiz və cərimə borcu ilə bağlı öhdəliyin yaranma əsası olan müqavilə iş materiallarına əlavə edilməmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. 463.2-ci maddəsinə əsasən, yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. Məhkəmə kollegiyası iddianı yalnız əsas borcun tutulması hissəsində əsaslı hesab edir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh 2987,90 manat əsas borc tutularaq LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna verilməlidir. Azərbaycan Respublikası MPM-in 384.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 10 avqust 2022-ci il tarixli, e-2(012)-2408/2022 nömrəli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 2987,90 (iki min doqquz yüz səksən yeddi manat doxsan qəpik) manat və dövlət rüsumuna görə ödənilmiş 77,32 (yetmiş yeddi manat otuz iki qəpik) manat tutularaq LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməlidir. Qeyd edilənləri və Azərbaycan Respublikası MPM-in 384.0, 384.0.2, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apelyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 10 avqust 2022-ci il tarixli, e-2(012)-2408/2022 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh 2987,90 (iki min doqquz yüz səksən yeddi manat doxsan qəpik) manat və dövlət rüsumuna görə ödənilmiş 77,32 (yetmiş yeddi manat otuz iki qəpik) manat tutularaq LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilsin. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-2299/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2299/2022
05.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver