Məhkəmə qərarları › İş №2(105)-230/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-230/2023

11.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-230/2023 11.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh və Zamin qarşı mülki iş üzrə (Açar sözlər: kreditin, ona hesablanmış faizlərin qaytarılması) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X4 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, Quba Rayon Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli, 2(027)-1501/2021 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh və Zamin tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı ASC-nin cavabdehlər Cavabdeh və Zamin qarşı ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh və Zamin İddiaçı ASC-nin xeyrinə 11213 ABŞ dolları əsas və 2901,42 ABŞ dolları faiz borcunun, cəmi 14114,42 ABŞ dollar və ödənilmiş 20 manat dövlət rüsumunun tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 29 aprel 2016-cı il tarixli əmri ilə İddiaçı ASC-nin ərizəsi təmin edilərək, Cavabdeh və Zamin 11213 ABŞ dolları əsas, 2901,42 ABŞ dolları faiz, cəmi 14114,42 ABŞ dolları (Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ödəniş gününə manat uyğun məzənnə nəzərə alınmaqla) məbləğində borc və ödənilmiş 20 manat məbləğində dövlət rüsümu tutularaq Bakı şəhəri, Atatürk prospekti 42 ünvanında yerləşən İddiaçı ASC-nin xeyrinə ödənilməsi qərara alınmışdır. Zamin Quba Rayon Məhkəməsinin 29 aprel 2016-cı il tarixli əmrinə etiraz vermiş, Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə həmin məhkəmənin 29 aprel 2016-cı il tarixli, 2(027)-2532 saylı məhkəmə əmri ləğv edilərək, mübahisəyə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı ASC-nin tələbi onunla əsaslandırmışdır ki, borclu Cavabdeh ilə İddiaçı ASC-arasında bağlanmış xx.xx.2015-ci il tarixli, Kredit sazişi müqaviləsinə əsasən bank Borcluya 23 ay müddətinə, illik 25% olmaqla 11213 ABŞ dolları məbləğində kredit vermişdir. Hazırda borclu ödəniş cədvəlinə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Borclu Zamin (zamin) həmin sazişə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürərək kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün borclu Cavabdeh ilə birgə məsuliyyyət daşıyır və kreditin qaytarılması ilə bağlı borclu Cavabdeh aid bütün öhdəlikləri icra etməlidirlər. Cavabdehlər tərəfindən iddia ərizəsinə etiraz verilməmişdir. Quba Rayon Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli, 2(027)-1501/2021 nömrəli qətnaməsi ilə (hakim Vüqar Seyidov) İddiaçı ASC-nin cavabdehlər Cavabdeh və Zamin qarşı kreditin, ona hesablanmış faizlərin qaytarılması tələbinə dair iddia təmin edilib, cavabdehlər Cavabdeh və Zamin İddiaçı ASCnin xeyinə 11213 ABŞ dolları məbləğində əsas borc və 2901,42 ABŞ dolları faiz borcu olmaqla, cəmi 14114,42 ABŞ dolları məbləğində borc tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun tutulması qət edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 739.2, 449.1, 449.4, 470.1, 472.1, 472.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Cavabdehlər birgə qaydada apellyasiya şikayəti verib, Quba Rayon Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli, 2(027)-1501/2021 nömrəli qətnaməsinin ləğv edilərək iddianın rədd olunmasını xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsi 07 sentyabr 2021-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, məhkəmə mübahisə doğuran məsələni subyektlərin hüquq münasibətinə nisbətdə baxıb həll edərkən hüququn tətbiqində səhv buraxmış və düzgün olmayan nəticəyə gəlmişdir. Məhkəmə iş materiallarına əlavə olunmuş sənədləri sadalamaqla kifayətlənmişdir. Aparılmış ödənişləri bank faiz, cəriməyə yönəldikdən sonra son nəticədə məbləğin az hissəsini əsas borcun silinməsinə yönəltmişdir. Azərbaycan Respublikası MPM-nin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekpertiza təyin edə bilər. Əsas borc və faiz məbləğinin müəyyənləşdirilməsi üçün (ayrı-ayrı vaxtlardan aparılmış ödənişlər nəzərə alınmaqla) məhkəmə tərəfindən məhkəməmübahibatlıq ekspertizası təyin edilməlidir. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edərkən İddiaçı ASC-nin nümayəndəsi X2 apellaysiya şikayətinə etiraz edərək bildirdi ki, borclu Cavabdeh ilə İddiaçı ASCarasında bağlanmış xx.xx.2015-ci il tarixli, Kredit sazişi müqaviləsinə əsasən bank Borcluya 23 ay müddətinə, illik 25% olmaqla 11213 ABŞ dolları məbləğində kredit vermişdir. Hazırda borclu ödəniş cədvəlinə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Borclu Zamin (zamin) həmin sazişə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürərək kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün borclu Cavabdeh ilə birgə məsuliyyyət daşıyır və kreditin qaytarılması ilə bağlı borclu Cavabdeh aid bütün öhdəlikləri icra etməlidirlər. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsi, Quba Rayon Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli, 2(027)- 1501/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh və Zamin nümayəndəsi və vəkili Vəkil elektron kabinet vasitəsi ilə ərizə ilə məhkəməyə müraciət edib, işin baxılmasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə qeyd edilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. 449.4-cü maddəsinə əsasən özgə vəsaitdən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinin tələbinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsindcə kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 384.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli, 2(027)-1501/2021 nömrəli qətnaməsi cavabdehlər Cavabdeh və Zamin 2901,42 ABŞ dolları faiz borcu olmaqla, cəmi 14114,42 ABŞ dolları məbləğində borc tutulması hissəsində dəyişdirilməli, cavabdehlərdən 2381,12 ABŞ dolları faiz, cəmi 13594,12 ABŞ dolları tutulması müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2015-ci il tarixli, DP/86607/50/14 saylı Kredit Sazişi müqaviləsindən, görünür ki,İddiaçı ASC tərəfindən 23 ay ay müddətinə illik 25% ödəmək şərti ilə Cavabdeh 11213 ABŞ dolları məbləğində kredit verilmiş, «Borc alan» Cavabdehnun bank qarşısında öz öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti Zamin öz üzərinə götürmüşdür. İş materiallarında olan xx.xx.2016-cı il il tarixli bildirişdən görünür ki, İddiaçı ASC tərəfindən cavabdehlərə banka olan borcun ödənilməsi təklif olunmuş, əks təqdirdə qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq olunmuşdur. İş materiallarında olan İddiaçı ASC-nin xx.xx.2016-cı il tarixli arayışından görünür ki, Cavabdeh xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən İddiaçı ASC-yə olan əsas borcu 11213 ABŞ dolları əsas, 2901,42 ABŞ dolları faiz borcu vardır. İş materiallarında olan xx.xx.2015-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı ASC 20 manat dövlət rüsumu ödəmişdir. Birinci instansiya məhkəməsi qeyd edilən iş materiallarına əsasən cavabdehin müqavilə öhdəliklərini lazımınca yerinə yetirməməsini, nəticədə kreditora borcu yaranmasını, kredit müqaviləsinin təminatı olaraq buna görə də kreditorun borcun əsas hissəsinin və ona hesablanmış faiz borclarının cavabdehdən tələb edilməsinin tam əsaslı olmasını müəyyən etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qeyd olunan iş materiallarına və qanunvericilik normalarına istinadən iddia tələbini əsas və faiz borcunun tutulması hissəsində əsaslı olsa da faiz borcunun məbləği hissəsində qismən əsaslı olmuşdur. Belə ki, iddiaçı təşkilat ilə cavabdeh arasında kredit müqaviləsi imzalanmış, bu müqavilə Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmış və onun etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud olmamış, kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi cavabdehin risk dairəsinə daxil olan öhdəliyi olduğu üçün o, bu öhdəliklərin icra edilməməsinə görə iddaçı qarşısında cavabdehlik daşımışdır. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə də əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının cavabdehdən kredit müqaviləsi üzrə borcunu tələb etməsinin qanuni əsası olmuşdur. İş materiallarından da göründüyü kimi cavabdeh bankdan tələb olunan məbləği borc götürmüş və borc götürən zaman imzaladığı kredit müqaviləsinə əsasən həmin məbləği qaytarmağı öhdəsinə götürmüşdür. Borclunun bank qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Birinci instansiya məhkəməsi iş materiallarına istinad edərək əsas və faiz borcuna dair iddianı yuxarıda göstərilən qaydada təmin etmişdir. Tələb olunan faiz məbləği mübahisələndirildiyindən məhkəmə kollegiyasının qərardadı ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Buna görə də məhkəmə kollegiyası ekspert rəyinə əsaslanaraq, belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi cavabdehlərdən əsas borca görə 11213 ABŞ dolları tutulması barədə düzgün nəticəyə gəlsə də, qətnamə 2901,42 ABŞ dolları faiz borcunun tutulması hissəsində dəyişdirilməli, cavabdehlərdən faiz borcuna görə 2381,12 ABŞ dolları pul tutulmalıdır. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından müəyyən edilir ki, digər cavabdeh Zamin ilə bank arasında kredit müqaviləsinə dair zaminlik müqaviləsi bağlanmış, kredit müqaviləsi üzrə Cavabdeh üzərinə götürdüyü öhdəliklərə zamin durmaqla həmin şəxsin öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüş, borclu ilə kreditor qarşısında birgə məsuliyyət daşımışdır. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə ödənilmiş dövlət rüsumunun da cavabdehlərdən tutulması qənaətinə gəlməkdə haqlı olmuşdur. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, cavabdehlərdən tutulacaq məbləğ borcun ödəniş gününə manata olan məzənnə nisbətində ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır. Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarının 10-cu bəndinə əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən faiz borcunun tutulması hissəsində dəyişdirilməli, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli, 2(027)-1501/2021 nömrəli qətnaməsi cavabdehlər Cavabdeh və Zamin 2901,42 ABŞ dolları faiz borcu olmaqla, cəmi 14114,42 ABŞ dolları məbləğində borc tutulması hissəsində dəyişdirilməli, cavabdehlərdən 2381,12 ABŞ dolları faiz, cəmi 13594,12 ABŞ dolları tutulması müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.3, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Cavabdehlər Cavabdeh və Zamin tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli, 2(027)-1501/2021 nömrəli qətnaməsi cavabdehlər Cavabdeh və Zamin 2901,42 ABŞ dolları faiz borcu olmaqla, cəmi 14114,42 ABŞ dolları məbləğində borc tutulması hissəsində dəyişdirilsin. Cavabdehlərdən 2381,12 ABŞ dolları faiz, cəmi 13594,12 ABŞ dolları tutulması müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 100 manatın 20 (iyirmi) manatı İddiaçı ASC-dən, 80 (səksən) manatı cavabdehlər Cavabdeh və Zamin alınaraq aşağıdakı: Az.MEM, VÖİN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlıq agentliyi, kod 210005, VÖEN **********, m/h AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesaba keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar