Məhkəmə qərarları › İş №2(105)-2304/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2304/2022

05.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2304/2022 05.12.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması və valideynin əlavə xərclərə cəlb olunması tələbinə dair iş üzrə Quba Rayon Məhkəməsinin 20 iyul 2022-ci il tarixli, 2(027)-1414/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixdən etibarən, 18 fevral 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanədək saxlanılması üçün alimentin miqdarı artırılaraq, 193 (yüz doxsan üç) manat və Cavabdeh birgə nikahdan dünyaya gələn 18 fevral 2019-cu il təvəllüdlü X2 müalicə olunması üçün bir il müddətində hər ay 50 (əlli) manat əlavə xərc tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, сavabdeh Cavabdeh ilə aralarında 04 iyul 2018-ci il tarixdə Quba regional Asan xidmət mərkəzinin qeydiyyat şöbəsində rəsmi nikah bağlanmış və 253 nömrə ilə qeydə alınmışdır. Birgə nikahdan 18 fevral 2019-cu il tarixdə qızı Mazədə doğulmuşdur. Cavabdeh ilə ailə qurduğu ilk vaxtlarda münasibətləri yaxşı olsa da, sonradan xasiyyətləri uyğun gəlməmişdi. Belə ki, Sabit ona qarşı kobudluq edərək, evdə səbəbsiz söz-söhbət yaradıb. Bu da aralarında münaqişəyə gətirib çıxarıb, evə baxmayıb, onların maddi təminatı ilə maraqlanmayıb. Belə ki, cavabdeh onu 01 avqust 2020-ci il tarixdə qonaq adı ilə valideynlərinin evinə aparıb, səhəri günü ona yazaraq bildirib ki, “gəl bütün əmlakını apar səninlə bir ailədə yaşamaq istəmirəm”. Həmin vaxtdan valideynlərinin evində yaşayır. Cavabdeh qızıyla maraqlanmır, heç bir maddi yardım göstərmir. Cavabdeh Quba rayon Kələnov orta məktəbində idman müəllimi işləyir. Bundan başqa təsərrüfatla məşğuldur. Həyətində mal qarası vardır. Bütün bunlardan da gəlir əldə edir. Buna baxmayaraq o öz gəlirlərini məhkəmədən gizlətməklə, uşağının xəstə olmadığını bildirməklə məhkəməni aldadır. Hətta sorğu ilə uşağın ürək qusurlu olduğu üçün o dispanser qeydiyyatda olması barədə arayış məhkəmədə elan edildikdən sonra da məhkəməyə yalan danışmağa davam edib. Onunla nikahda olan zaman Sabit evli iki uşaq anası bir qadınla münasibət quraraq onun da ailəsini dağıtmışdır. Ailəsi onun yüngül həyat tərzi keçirdiyinə görə dağılmışdır. O, hamilə olanda onun bu hərəkətlərinə dözə bilmədiyinə görə böyük psixoloji stres və sarsıntı vəziyətində keçirdiyi hamiləlik övladının ürək qüsurlu doğulmasına səbəb olub. Hətta uşağının xəstə doğulması da Sabitdə mərhəmət hissini oyatmayıb. O gecə yarısı evə gəlməyini, yaxud da heç evə gəlməməyini tərgitməyib. Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(027)-384/2021 saylı qətnaməsinə əsasən, Cavabdeh xx.xx.2020-ci ıl tarixdən etibarən hər ay 170 manat sabit pul məbləğində aliment, uşağın müalicə olunması üçün 6 ay müddətində əlavə xərc olaraq 50 manat pul vəsaiti tutularaq ona ödənilməsi qət edilmişdir. Lakin bu günə qədər Sabit ona alimenti az-az ödəmişdir. Ürək qüsurlu övladının bütün müalicəsini və xərclərini valideynləri çəkir. Valideynləri Qubada "Qul bazarı" adlanan Paşaoba kəndinə fəhləlik üçün işləməyə gedir. Gündə 10-15 manat müqabilində işləyərək evə çörək pulu gətirirlər. Onu da balaca qız nəvələrinin müalicəsinə xərcləyirlər. Maddi vəziyyəti hədsiz dərəcədə ağır olduğundan uşağın maddi və digər ehtiyaclarını ödəmək iqtidarında deyillər. Lakin müqəddəs müəllim adına layiq olmayan Cavabdeh aliment ödəmək öhdəliyindən yayınmaq üçün müxtəlif yollara əl atır. Qeyd edir ki, Sabitlə qohumdular. Sabit bütün qohumların yanında bildirir ki, onun əmisi oğlu X6 məhkəmədə işləyir, hakimlərlə yaxın münasibətdədir və onun vasitəsi ilə hakimi ələ alaraq Quba Rayon Məhkəməsinin qətnaməsini ləğv etdirəcəkdir. Sumqayıt Apellyasiya Məhkəməsi Quba rayon Məhkəməsinin qətnaməsini qüvvədə saxlayıb. Lakin həmin qətnamədə Cavabdeh 6 ay müddətinə əlavə xərclərə cəlb edilmişdir. X1 xəstəliyi davam edir. Bununla bağlı Respublika Uşaq Klinik xəstəxanasının stasionar xəstənin tibbi vərəqəsindən çıxarışdan göründüyü kimi, Mazədə anadangəlmə ürək qüsuru VSD diaqnozu ilə doğulub, son vaxtlar şikayətləri artdığı üçün RUKX-ya göndərilib. Xəstəliyi davam edir və mütəmadı müalicə alır. Qeyd edir ki, o uşağa qulluq etdiyi üçün heç bir yerdə işləyə bilmir. Məhkəmə qətnaməsi ilə ona uşağın xəstəliyinə görə 6 ay müddətində hər ay 50 manat əlavə xərc tutulması qət edilmişdir. Hazırda arayışda xəstəliyin davam etdiyi göstərilmişdir. Ona görə də hesab edir ki, Sabit ona Mazədə sağalanadək əlavə xərc ödəməlidir. Göstərilənləri nəzərə alaraq, 18 fevral 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanədək saxlanılması üçün alimentin miqdarı artırılaraq, 193 (yüz doxsan üç) manat və Cavabdeh ilə birgə nikahdan dünyaya gələn 18 fevral 2019-cu il təvəllüdlü X2 müalicə olunması üçün bir il müddətində hər ay 50 (əlli) manat əlavə xərc tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 20 iyul 2022-ci il tarixli, 2(027)-1414/2022 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(027)-384/2021 saylı qətnaməsində müəyyən olunmuş alimentin miqdarı artırılmaqla, hazırkı qətnamənin qanuni qüvvəyə minəcəyi tarixdən başlayaraq Cavabdeh hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində aliment və xx.xx.2019-cu il təvəllüdlü X3 müalicə olunması üçün bir il müddətində əlavə xərc olaraq hər ay 30 (otuz) manat pul vəsaitinin tutulub İddiaçı verilməsi qət edilmişdir. (hakim İlqar Məmmədov) Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Məhkəmə qətnaməsində yalnız iddiaçı tərəfin xeyrinə olan halları qeyd etmişdir. Alimentin artırılması əsasları Azərbaycan RespublikasıAilə Məcəlləsində öz əksini tapmışdır. İş materiallarında olan əvvəlki qətnamələrdən göründüyü kimi ilkin olaraq alimentin müəyyən edilməsi barədə qətnamənin üzərindən bir il ötmüş, bu vaxt ərzində gəlirlərində heç bir dəyişiklik olmamışdır. Qəbul olunmuş məhkəmə təcrübəsində alimentin artırılması ilə bağlı iddialar o zaman uğurlu sayılır ki, alimentin müəyyən edilməsinin üzərindən ən azı 3 il ötsün, aliment verən şəxsin gəlirlərində dəyişiklik olsun. Qeyd edilən maddənin tələbinə görə alimentin miqdarının artırılması üçün maddi vəziyyətində dəyişiklik olmalıdır, yəni gəlirləri artmalıdır. Ancaq maddi durumunun yaxşılaşmasında heç bir dəyişiklik olmamış və gəlirlərinin artırılması ilə bağlı iddiaçı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Əmək haqqından başqa, qazancı və gəliri yoxdur. İddiaçının ərizəsində, güya kənddə təsərrüfatıyla məşğul olmağı barədə qeyd etdikləri həqiqətə uyğun deyildir. Təsərrüfat aparmır (məhkəməyə müvafiq arayış təqdim olunub), heç buna vaxtı da yoxdur, səhər iş yerinə - məktəbə gedib, axşam evə qayıdır, bundan əlavə məktəb rəhbərliyinin tapşırığı ilə müxtəlif tədbirlərdə iştirak edir. Müəllim kimi aylıq əmək haqqı 420 manat təşkil edir (əmək haqqı barədə arayış təqdim olunub). Quba rayon məhkəməsinin 19 mart 2021ciil il tarixli, 2(027)-384/2021 saylı qətnaməsinə əsasən hər ay əmək haqqından 220 manat tutulub İddiaçı göndərilir. Bundan əlavə, 2019-cu ildə "xxxx" ASC-nin Quba filialından götürdüyü kreditə görə bankın cədvəlinə əsasən hər ay 256 manat banka ödəyir. Daha doğrusu həmin məbləği tam ödəyə bilmir və borc toplanılır (Kreditin ödəniş cədvəli təqdim olunub). Göründüyü kimi, aylıq borcu 486 manat (220 manat+256 manat) təşkil edir, əmək haqqı isə 420 manatdır, hər ay 66 manat borcu yaranır. Nəzərə alınsa ki, vaxtında ödənilməyən kreditə görə faizlər də üstünə gəlir, borc daha da artır. İkincisi, qeyd etdiyi kimi, məhkəmə Mazədə Babayevanın müalicə olunması üçün 1 il müddətində əlavə xərc olaraq 30 manat pul vəsaitin tutulub İddiaçı verilməsini qət etmişdir. Məhkəmə, iddianın təmini əsası kimi, Ak. Mirqasımov adına Respublika Uşaq Xəstəxanası publik hüquqi şəxsin stasionar xəstənin tibbi vərəqəsindən çıxarışı qəbul etmişdir. Həmin çıxarışdan görünür ki, X4 anadangəlmə ürək qüsurlu VSD diaqnozu ilə doğulub, RUKXnun kardiologiya şöbəsində müalicə alıb, şikayətləri artdığı üçün Ak.Mirqasımov adına RKX-yə göndərilib, xəstəyə ildə bir dəfə EXOKQ məsləhət görülüb. Lakin məhkəmə stasionar xəstənin tibbi vərəqəsindən çıxarışın tarixi və nömrəsini qeyd etməmiş, uşağın nə vaxt müalicə olunması, sonuncu dəfə nə vaxt EXOKQ keçdiyi və əgər keçibsə, onun nəticələrini, eləcə də çıxarışa görə uşağın ürək qüsurunun tibbi mahiyyətini, uşağın ürək qüsurunun nədə ifadə olunmasını, uşağın faktiki vəziyyəti və ümumi sağlamlığını, digər halları aydınlaşdırmamışdır. Məhkəmə baxışı zamanı uşağın sağlamlıq vəziyyətini və sağlamlığına görə kənar xidmətə ehtiyacının olub-olmamasını, eləcə də məhkəməyə təqdim olunmuş tibbi sənədin (bu halda Ak. Mirqasımov adına Respublika Uşaq Xəstəxanası publik hüquqi şəxsin stasionar xəstənin tibbi vərəqəsindən çıxarışın) həqiqətə uyğunluğunun müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertizası təyin olunub keçirilməsi barədə vəsatət təqdim etmiş, lakin iddia tərəfi ekspertizanın keçirilməsinə qəti etiraz etdi, məhkəmə də naməlum səbəbdən vəsatəti təmin etmədi. Bu bir daha uşaqda hər hansı bir xəstəliyin olmamasını və məhkəməyə təqdim edilən tibbi sənədin həqiqətə uyğun olmadığını təsdiq edir. Həqiqətən də, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarla əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Göründüyü kimi, uşağa əlavə xərclərin ödənilməsi üçün Qanunda konkret əsaslar göstərilmişdir. Alimentdən əlavə uşağa 30 manat pulun tələb edilməsi üçün qanunda nəzərdə tutulmuş əsaslardan heç biri yoxdur. Uşağın ağır xəstəliyi və hər hansı bir kənar xidmətə ehtiyacı yoxdur. Qanunda göstərilmiş digər hallar isə (əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar) yetkinlik yaşına çatmış şəxslərə aiddir. Qanunun bu tələbini etirazında və məhkəmədə qeyd etsə də, məhkəmə qanunun bu tələbini ümumiyyətlə nəzərə almamışdır. Ata-anasıyla birlikdə yaşayır, atanın 68, anasının isə 63 yaşı vardır. İkisinin də əmək qabiliyyəti yoxdur, atası pensiya, anası isə evdar qadın kimi dövlətdən müavinət alır. Valideynləri müxtəlif xəstəliklərdən əziyyət çəkirlər, onların mütəmadi olaraq tibbi müayinəyə və müalicəyə ehtiyacları vardır. Onlara maddi cəhətdən baxa bilmir. (Valideynlərin xəstəliyi ilə əlaqədar və himayədə olmaları barədə müvafiq sənədlər məhkəməyə təqdim olunub). Tərəflərin izahatları: Apellyasiya baxışı zamanı Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini, qətnamənin ləğv edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq, iddiaçının iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, işdə iştirak edən şəxsin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Quba Rayon Məhkəməsinin 20 iyul 2022-ci il tarixli, 2(027)-1414/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan: Az-İV 369324 seriya və nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahından X4 xx.xx.2019-cu il tarixində Quba şəhərində anadan olmuş və 22 yanvar 2020-ci il tarixində 22 nömrə ilə qeydə alınmışdır. Ak. Mirqasımov adına Respublika Uşaq Xəstəxanası Publik Hüquqi şəxsin stasionar xəstənin tibbi vərəqəsindən çıxarışdan görünür ki, Mazədə anadangəlmə ürək qüsuru VSD diaqnozu ilə doğulub, RUKX-nin kardiologiya şöbəsində müayinə və müalicə alıb, şikayətləri artdığı üçün M.Ə.Mirqasımov adına RKX-ya göndərilib. Xəstəyə ildə bir dəfə EXOKQ məsləhət görülüb. Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(027)384/2021 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək, Cavabdeh ilə İddiaçı arasında olan Quba regional “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsində 04 iyul 2018-ci il tarixə bağlanmış və 253 nömrə ilə qeydə alınmış nikah qeydinin pozulması, 18 fevral 2019-cu il təvəllüdlü X2 anası- İddiaçı himayəsinə verilməsi, Cavabdeh xx.xx.2021-ci il tarixdən başalayaraq, 18 fevral 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanədək saxlanılması üçün hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməsi və 18 fevral 2019-cu il təvəllüdlü X2 müalicə olunması üçün altı ay müddətində əlavə xərc olaraq hər ay 50 manat pul vəsaiti Cavabdeh tutulub İddiaçı verilməsi qət edilmişdir. Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(027)-1640/2021 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək, Cavabdeh 18 fevral 2019-cu il təvəllüdlü X2 müalicə olunması üçün 6 ay müddətində hər ay 50 manat əlavə xərc tutulması və X2 3 yaşına çatanadək saxlanılması üçün 50 manat məbləğində aliment tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi təyin edilmiş aliment uşağın tələbatlarını ödəmədiyindən iddiaçının uşağının saxlanılmasında çətinlik çəkdiyindən, habelə, uşaq böyüdükcə onun ehtiyaclarının ödənilməsi üçün çəkilməli olan xərclərin miqdarı artdığından alimentin miqdarının artırılması barədə iddiaçının tələbinin qanunvericiliyin tələblərinə uyğun olması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən, valideynlərin uşaqların barəsində bərabər hüquq və vəzifələri vardır. Uşaq qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi hüquqlarının təmin edilməsi, hüquq və manafelərinin mühafizəsi valideynlərinin əsas vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1-ci maddəsinin tələblərinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda, yəni həmin Məcəllənin 76.1.1-ci maddəsinə əsasən 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm dəyişən olarsa, ya qazancının (gəlirin ) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulması tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasında 2022-ci il üçün “X5” Azərbaycan Respublikasının Qanununa əsasən, 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. "Uşaq hüquqları" haqqında Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi yaşayış minimunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağın saxlamaq və maddi təminatını ödəmək vəzifəsindən azad etmir. Həmin qərarda Konstitusiya Məhkəməsi belə nəticəyə gəlmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu qərarın birinci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzə-almalıdır ki, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “ Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14-cü maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanmalıdır. NƏTİCƏ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin 20 iyul 2022-ci il tarixli, 2(027)-1414/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar