Məhkəmə qərarları › İş №2(105)-2306/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2306/2020

15.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2306/2020 15.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı iştirakı ilə açıq məhkəmə iclasında Qusar Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(029)-65/2020 saylı qətnaməsindən Cavabdeh2 apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Qusar Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(029)-65/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Adil Vəliyev) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3000 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı verilməsi qət edilmiş, Cavabdeh2 qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək birgə nikah dövründə əldə etdikləri əmlakın-Qusar rayonu Qayakənd kəndində tikdikləri bir mərtəbəli tikilinin dəyərinin-20.000 manat məbləğində pulun ikidə bir hissəsinin və 30 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh1 ilə xx xxxxxxxx 2011-ci il tarixdə nikahı rəsmi qeyd etdirməklə ailə həyatı qurmuş, birgə nikahlarından 2 uşaqları vardır. Ailə münasibətləri pozulduğu üçün Cavabdeh1 ayrılmışlar. Ayrılmalarının səbəbi cavabdehlə xasiyyətlərinin uyğun gəlməməsi olmuşdur. Qusar Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə aralarındaki nikah pozulmuş və uşaqların onun himayəsində qalması, uşaqların saxlanması üçün Cavabdeh1 aliment tutulması qət edilmişdir. Cavabdeh1 ilə birgə nikah dövründə Qusar rayonu, Qayakənd kəndində bir mərtəbəli yaşayış evi tikmiş və orada yaşamışlar. Həmin evin tikintisində atası İslam Ağabalayev vasitəsi ilə vəsait qoyulmuşdur. Atası bankdan kredit götürmüş və həmçinin əmək haqqını da həmin tikintinin inşasına xərcləmişdir. Hüquqi savadı olmadığı və indiki vəziyyətin yaranacağını düşünmədiyi üçün həmin evin sənədləşməsinə diqqət yetirməmişdir. Sonradan ona məlum olmuşdur ki, Cavabdeh1la birgə nikah dövründə tikdikləri mübahisəli yaşayış evinin torpaq sahəsi qaynı, iş üzrə Cavabdeh2 məxsus olmuş, lakin daşınmaz əmlakın dövlət reyestrində onun adına hər-hansı bir qeyd mövcud deyildir. Cavabdeh2 ev tikilməzdən əvvəl torpaq sahəsinin özünə məxsus olduğunu bilmiş, lakin həmin evin tikilməsinə heç bir etiraz etməmişdir. Qaynı Cavabdeh2 ev tikməzdən əvvəl onlara 4 sot torpaq sahəsinin verildiyini bildirmiş, bundan sonra onlar həmin torpaq sahəsi üzərində mübahisəli evi tikmişlər. Həmin evin özünün valideynlərinin köməkliyi ilə tikildiyini çoxlu şahidlər də təsdiq edə bilər. Hazırda o, uzun illər üzərində əziyyət çəkdiyi həmin əmlakdan məhrum edilmişdir. Cavabdehlərlə münasibətləri olmadığından və əmlak dövlət qeydiyyatına alınmadığından onun dəyərinin cavabdehdən alınaraq ona verilməsi üçün məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək birgə nikah dövründə əldə etdikləri əmlakın-Qusar rayonu, Qayakənd kəndində tikdikləri bir mərtəbəli tikilinin dəyərinin-20.000 manat məbləğində pulun 2/3 hissəsinin və 30 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddianın dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək göstərmişdir ki, o, keçmiş həyat yoldaşı Cavabdeh1 ilə birgə nikahda olarkən onun qardaşı Cavabdeh2 adına olan torpaq sahəsində ev inşa olunmuş və Ariflə birgə orada yaşamışlar. Ev inşa olunarkən o, xərc çəkmişdir. Həmin pulu atasından alıb xərcləmişdir. Hazırda torpaq sahəsinin 1 sotunun qiyməti 3000 manat təşkil edir. Ona görə də, çəkdiyi xərcin əvəzi kimi 1 sot torpaq sahəsi almaq üçün cavabdehlərdən 3000 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnaməni əsassız hesab edir, qətnamə apellyasiya qaydasında dəyişdirilərək İddiaçı veriləcək pulun miqdarı azaldılmalıdır.O, 2006-cı ildə Qusar rayonu Qayakənd bələdiyyəsindən 0,08 ha həyətyanı torpaq sahəsini almış, həmin torpaq sahəsində ötən illər ərzində 1 mərtəbəli çiy kərpicdən kiçik bir yaşayış evi tikmişdir. Ev hazır olmadığı üçün özü bu illər ərzində valideynlərinin Qusar rayonunun Qayakənd kəndində yerləşən evində yaşamış və hazırda da valideynlərinin evində yaşayır. Özünə məxsus yaşayış evi hazırda da yaşayış üçün tam hazır deyildir. Valideynlərinin evində onun bərabər böyük qardaşı, iş üzrə digər Cavabdeh1 və onun arvadı, iş üzrə İddiaçı da yaşamışdılar. Qardaşı Cavabdeh1 və İddiaçı 2011-ci ildə evlənmiş və birgə nikahlarından 2 uşaqları vardır. 2015-ci ildə Cavabdeh1 İddiaçı ilə ailə münasibətləri pozulduğundan ayrılmışlar. İddiaçı 2015-ci ildə uşaqlarını da götürüb ona məxsus həmin evdən çıxıb valideynlərinin evinə, Qusar rayonunun Yuxarı Ləyər kəndinə getmişdir. Bundan 3 il sonra, yəni 2018-ci ildə İddiaçı Cavabdeh1 qarşı nikahın pozulması barədə iddia qaldırmış və Qusar Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(029)-1055/2018 saylı qətnaməsinə əsasən onların arasındakı nikah pozulmuşdur. Nikahın pozulmasına dair məhkəmə qətnaməsindən təxminən 15-20 gün keçdikdən sonra, 2018-ci ilin oktyabr ayının axırlarında, İddiaçı onlardan xəlvəti qapıları sındırıb ona məxsus yaşayış evinə girmiş, azyaşlı uşaqları ilə birlikdə orada özbaşına yaşamağa başlamışdır. Bundan sonra o, İddiaçı Qusar rayonunun Qayakənd kəndində yerləşməklə ona məxsus 0,08 ha həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən yaşayış evindən çıxarılmasına dair iddia qaldırmışdır. Qusar Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(029)-294/2019 saylı qətnaməsinə əsasən İddiaçı ona məxsus 0,08 ha həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən yaşayış evindən çıxarılması qət olunmuş, həmin qətnamə apellyasiya instansiyasında qüvvədə saxlanmış, sonradan isə qətnamə icra olunaraq İddiaçı ona məxsus həmin daşınmaz əmlaklardan çıxarılmışdır. Bundan sonra, İddiaçı ona və Cavabdeh1 qarşı həmin evin dəyərinin ½hissəsinin tələbinə dair iddia qaldırmışdır. İddiaçı, eləcə də Cavabdeh1 həmin evin tikintisi zamanı heç bir vəsait, pul xərcləməmişlər. Həmin evi öz zəhməti ilə valideynlərinin vəsaiti hesabına tikmişdir. Həmin evin tikilməsi zamanı İddiaçı, eləcə də Cavabdeh1 yalnız müəyyən fiziki köməklik göstərmişlər. Amma evin tikintisinə onlar hər hansı vəsait qoymamışlar. Məhkəməqətnaməsindən belə aydın olur ki, evdə onunheç payı yoxdur.O, həmin evin dəyərindən nə İddiaçı, nə də Cavabdeh1 verilməsinə razı deyildir, yaşayış evi ona məxsusdur, İddiaçı və Cavabdeh1 həmin evə heç bir aidiyyətləri yoxdur, lakin bununla belə o, həmin evin dəyərinin 1/3hissəsi məbləğində pulu İddiaçı verməyə razıdır. Ona görə ki, İddiaçı onun qardaşı Cavabdeh1 arvadı olmuşdur və qardaşının 2 azyaşlı uşağı hazırda İddiaçı yanında yaşayırlar. Bu uşaqlara görə o, həmin pulun İddiaçı verilməsinə razıdır. İş üzrə verilmiş mütəxəssis rəyindən görünür ki, yaşayış evinin dəyəri 5694,5manat təşkil edir. Əslində həmin evin, daha doğrusu, daxmanın dəyəri qat-qat azdır. Buna baxmayaraq həmin məbləğin 1/3 hissəsi olan təxminən 1700 manat pulun İddiaçı verməyə razıdır. Cavabdeh2 apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilərək, ondan və Cavabdeh1 cəmi 1700 manat pulun alınaraq İddiaçı verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlmədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Qusar Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(029)- 1055/2018 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh1 qarşı nikahın pozulması və aliment tələbinə dair iddiası qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh1 arasında xx xxxxxxxx 2011-ci il tarixdə Qusar rayon Qeydiyyat şöbəsində 148 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, boşanmadan sonra xx xxxxxx 2012-ci il təvəllüdlü X6 və xx xxxxxxx 2014-cü il təvəllüdlü X3 adlı uşaqların İddiaçı yanında qalmaları, xx xxxxxx 2018-ci il tarixdən başlayaraq xx xxxxxx 2012-ci il təvəllüdlü X6 və xx xxxxxxx 2014-cü il təvəllüdlü X3 adlı uşaqların yetkinlik yaşına çatana kimi baxılıb saxlanması üçün Cavabdeh1 hər ay hər uşağa görə 100 manat, cəmi 200 manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə İddiaçı arasında olan nikahın ləğv edilməsi xx xxxxxx 2018-ci il tarixdə Qusar rayon Qeydiyyat şöbəsində 131 sayla qeyd edilmişdir. İş materiallarında olan Qusar rayonu Qayakənd bələdiyyəsinin xx xxxxxx 2005-ci il tarixli, 15-1 saylı qərarının surətindən görünür ki, bələdiyyə tərəfindən Cavabdeh2 Qayakənd kəndi ərazisindən 0,08 hektar həyətyanı torpaq sahəsi satılmışdır. İş materiallarında olan xx xxxxxx 2006-cı il tarixdə tərtib edilmiş torpaqların alqı-satqısına dair aktın surətindən görünür ki, Cavabdeh2 xx xxxxxxx 2005-ci il tarixdə həmin bələdiyyəyə torpaq sahəsi almaq barədə müraciət etmiş, bələdiyyə tərəfindən həmin şəxsə 0,08 hektar torpaq sahəsinin satılması barədə xx xxxxxx 2005-ci il, tarixli 15-1 saylı qərar qəbul edilmiş, bunun müqabilində Cavabdeh2 tərəfindən bələdiyyənin daxili kassasına ******* AZM haqq ödənilmişdir. Akt Azərbaycan Respublikası DT və XK-nin Qusar rayon şöbəsində xx xxxxxx 2007-ci il tarixdə 238 nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Qusar Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(029)- 294/2019 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı azyaşlı uşaqları ilə birlikdə iddiaçı Cavabdeh2 məxsus Qusar rayonu Qayakənd kəndində yerləşən fərdi yaşayış evindən və həyətyanı torpaq sahəsindən çıxarılması, Cavabdeh2 məxsus Qusar rayonu Qayakənd kəndində yerləşən fərdi yaşayış evinin qapıları məcburi qaydada açılmaqla İddiaçı məxsus cehiz əmlakların həmin evdən çıxarılması qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli, 2(105)-2285/2019 saylı qətnaməsinin surətindən görünür ki, Qusar Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(029)-294/2019 saylı qətnaməsi İddiaçı münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan xx xxxxxx 2012-ci il tarixli 80801-0153/12 saylı istehlak krediti müqaviləsinin surətindən görünür ki, “xxxxxxxxxxx” ASC tərəfindən X2 illik 20 faiz olmaqla 12 ay müddətinə 600 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan “X8” MMC tərəfindən verilmiş xx xxxxxxxx 2019-cu il tarixli, ƏEM/S 37-503/19 saylı mütəxəssis rəyindən görünür ki, Qusar rayonu Qayakənd kəndində yerləşən bir mərtəbəli yaşayış evinin tikinti təmir xərclərinin hesablanması cədvəlinə əsasən smeta üzrə cəmi dəyəri 5182,4 manat təşkil edir. İş materiallarında olan “X8” MMC tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli, ƏEM/M 07- 216/20 saylı mütəxəssis rəyindən görünür ki, Qusar rayonu Qayakənd kəndində yerləşən bir mərtəbəli yaşayış evinin tikinti təmir xərclərinin hesablanması cədvəlinə əsasən smeta üzrə cəmi dəyəri 5694,5 manat təşkil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2-ci maddəsinə görə ər-arvadın ümumi birgə mülkiyyətinə-onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Azərbaycan Respublikası MM-nin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. İşin müəyyən edilmiş hallarından görünür ki, Qusar rayonu keçmiş Qayakənd bələdiyyəsinin xx xxxxxx 2005-ci il tarixli, 15-1 saylı qərarına əsasən Cavabdeh2 həmin kəndin ərazisindən 0,08 hektar həyətyanı torpaq sahəsi satılmış, Cavabdeh2 tərəfindən orada 1 mərtəbəli fərdi yaşayış evi inşa edilmiş və evin tikintisi 2017-2018-ci illərdə başa çatmışdır. İddiaçı həmin evə dair heç bir mülkiyyət, istifadə və s. hüquqları əmələ gəlməmiş, belə bir hüquqları əldə etməsi üçün heç bir əsas da olmamışdır. Çünki, həmin ev onunla keçmiş əri Cavabdeh1 birgə nikahları dövründə əldə edilməmiş, həmçinin o həmin evə istifadə hüququnu əldə etməmişdir. Lakin İddiaçı Cavabdeh1la nikahda olarkən Cavabdeh2 torpaq sahəsində inşa olunan evi özü ilə Cavabdeh1 əmlakı hesab edərək həmin evin tikintisi üçün bir sıra zəruri xərclər çəkmişdir. Belə ki, evin bəzi tikinti materialları İddiaçı atasının öz qızına verdiyi vəsait hesabına əldə olunmuş, orada işləmiş usta haqları da onun tərəfindən ödənilmişdir. Həmin halı iş üzrə dindirilmiş şahidlər və dolayısı ilə cavabdehlər də etiraf etmiş və iddiaçıya 2500 manat məbləğində pul ödəmələrinə razılıqlarını bildirmişlər. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı evin tikintisinə xərclədiyi puldan 3000 manat tələb etdiyindən, cavabdehlər isə cəmi 2500 manat məbləğində pulun ona verilməsinə razılıqlarını bildirdiklərindən, birinci instansiya məhkəməsi düzgün olaraq 3000 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya verilməsi nəticəsinə gəlmişdir. Qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. İşdən görünür ki, digər Cavabdeh1 qətnamə ilə razılaşmış, qətnamədən apellyasiya şikayəti verməmişdir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verib, apellyasiya şikayətində sadalanan digər dəlilləri də araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Qusar Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(029)-65/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Səyyad Qafari

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar