Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2308/2022 23.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: maddi ziyan) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Quliyev Telman Osman oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Gülnarə Fikrət qızı və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Mürsəlova Heyran Mehman qızının katibliyi, İddiaçı iştirakı ilə Xızı Rayon Məhkəməsinin 24 avqust 2022-ci il tarixli, 2(068)-133/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı iddia ərizəsi ilə Xızı Rayon Məhkəməsinə müraciət edib, Cavabdeh 3000 manat məbləğində maddi ziyan və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona ödənilməsi və cavabdehin istifadəsində olan atların torpaq sahəsinə buraxması əməllərinə son qoyması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Xızı rayon Fındığan kəndi ərazisində yerləşən 2,80 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2005-ci il tarixli, ******* nömrəli, RX seriyalı çıxarış əsasında onun xüsusi mülkiyyətinə verilmiş və həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. O, qeyd edilən torpaq sahəsində taxıl məhsulları, yəni buğda əkmişdir. Həmkəndlisi Cavabdeh istifadəsində olan 12 baş atı 2020-2021-ci illər ərzində mütəmadi olaraq onun əkdiyi torpaq sahəsinə özbaşına buraxmış və nəticədə onun əkmiş olduğu taxıl məhsulları tələf olmuşdur. Bu hal illər boyu dəfələrlə təkrarlanmış, bu barədə o, cavabdehə iradını bildirsə də, cavabdeh onun iradlarına məhəl qoymamış və ona maddi ziyan vurmaqda davam etmişdir. Cavabdehin bu qanunsuz hərəkətləri barəsində dəfələrlə polis şöbəsinə şikayətlər etsə də, müvafiq qaydada mülki qaydada məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur.
3. Cavabdeh tərəfindən iddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır.
4. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterindən 14 aprel 2015-ci il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Xızı rayonu, Fındığan kəndində yerləşən 2,80 ha kənd təsərrüfatlı torpaq sahəsi ¼ hissədə İddiaçı, ¼ hissədə X2, ¼ hissədə X3 və ¼ hissədə X1 adına Dövlət qeydiyyatına alınmışdır.
5. Xızı Rayon Polis şöbəsinin 13 mart 2021-ci il tarixli və 02 aprel 2021-ci il tarixli məktublarından görünür ki, müraciətində göstərilən xüsusatlar mülki xarakterli olduğundan aidiyyatı üzrə məhkəməyə müraciət etmək hüququnun olması iddiaçıya izah olunmuşdur. Həmçinin, toplanmış material üzrə cavabdehin izahatı alınarkən, cavabdeh ona məxsus atların nəzarətsiz qalması səbəbindən iddiaçıya məxsus əkin sahəsinə daxil olmasını və bir daha həmin atları nəzarətsiz qoymayacağına söz verməsini göstərmişdir.
6. X7 İnkişaf Mərkəzinin 14 iyul 2021-ci il tarixli, 27 saylı məktubundan görünür ki, İddiaçı əkin sahəsinə mütəxəssislər tərəfindən baxış keçirilmiş və məlum olmuşdur ki, həqiqətən vətəndaşın 2,80 hektar əkin sahəsi atlar tərəfindən yararsız vəziyyətə salınmış və nəticədə ona dəymiş ziyanın məbləği 1400 manatdır.
7. Xızı Rayon Məhkəməsinin 24 avqust 2022-ci il tarixli, 2(068)-133/2022 nömrəli qətnaməsi ilə (hakim Emin Abdullayev) İddiaçı Cavabdeh qarşı dəymiş maddi ziyan tələbinə dair iddia qismən təmin edilib, vurulmuş maddi ziyanın əvəzi olaraq 1400 (min dörd yüz) manat məbləğində pul və 15 (on beş) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı verilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi iddia ərizəsinin qismən təmin olunması nəticəsinə gələrkən hesab etmişdir ki, iddiaçının əkin sahəsinə cavabdeh tərəfindən atların sahibsiz buraxılması nəticəsində maddi ziyan dəymiş, iddiaçı onun torpaq sahəsinə buraxılmış atların Cavabdeh məxsus olmasını bildirir. Cavabdeh öz izahatında həqiqətən ailə üzvləri ilə birlikdə Xızı rayonu, Fındığan kəndində yaşamasını və fərdi təsərrüfatla məşğul olmaqla atlar saxlamasını bildirmişdir. Lakin, cavabdeh iddiaçının torpaq sahəsinə atlarını buraxmadığını və həmin ərazinin iddiaçıya məxsus olmadığını bildirmişdir. İddiaçının şikayəti əsasında cavabdehin Xızı RPŞ-də izahatı alınarkən cavabdeh ona məxsus atların nəzarətsiz qalması səbəbindən iddiaçıya məxsus əkin sahəsinə daxil olmasını və bir daha həmin atları nəzarətsiz qaymayacağına söz verməsini göstərmişdir. İddiaçıya dəymiş maddi ziyanın müəyyən edilməsi üçün məhkəmə tərəfindən X7 İnkişaf Mərkəzinə sorğu göndərilmiş, Mərkəzin 14 iyul 2021-ci il tarixli, 27 saylı məktubunda iddiaçının əkin sahəsinə mütəxəssislər tərəfindən baxış keçirilməsi və həqiqətən vətəndaşın 2,80 hektar əkin sahəsi atlar tərəfindən yararsız vəziyyətə salındığı və nəticədə sonuncuya 1400 manat məbləğində maddi ziyan dəydiyi müəyyən edilmişdir.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1, 21.2, 1096.1, 1096.2-ci maddələri və Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh apellyasiya şikayəti verərək Xızı Rayon Məhkəməsinin 24 avqust 2022-ci il tarixli, 2(068)-133/2022 nömrəli qətnaməsinin ləğv edilib, iddianın təmin edilməməsini xahiş etmişdir. Şikayətin dəlilləri:
11. Birinci instansiya məhkəmənin istinad etdiyi Xızı Rayon Polis Şöbəsinin 13 mart 2021-ci il tarixli və 02 aprel 2021-ci il tarixli məktubları iddiaçıya, bu məsələnin mülki xarakterli olduğuna görə məhkəməyə müraciət etməsini, X7 İnkişaf Mərkəzinin14 iyul 2021-ci il tarixli, 27 saylı məktubu iddiaçının əkin sahəsinə 1400 manat ziyan vurulmasını bildirir, yəni ziyanın kimlər tərəfindən vurulmasını təsdiq etmir. Lakin göründüyü kimi məhkəmə heç bir hüququ əsas olmadan tələbin qismən təmin olunmasının əsası kimi bu sənədlərə əsaslanmışdır. Zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində, o cümlədən cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması müəyyən olunmadan iddiaçının üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Göründüyü kimi hazırkı halda iddia tələbinin təmin edilməsi üçün iddiaçıya iddia ərizəsində göstərilən məbləğdə maddi ziyanın onun təqsirli hərəkətləri nəticəsində vurulduğu sübut edilməlidir. Lakin məhkəmə yalnız onun izahatına istinad etməklə bu ziyanın ona məxsus olan atlar tərəfindən yetirilməsi qənaətinə gəlmişdir, halbuki bu ərazidən hər gün yüzlərlə at keçir. Bir dəfə ona məxsus atların həmin ərazidən keçməsi aşkar olunmuş və tərəfindən də 70 manat ödəniş edilmişdir, bu isə o demək deyildir ki, hər dəfə belə bir əsassız öhdəliyə cəlb olunmalıdır. Apellyasiya şikayətinə qarşı tərəfin etirazı
12. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
13. İddiaçı apellyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi.
14. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə cavabdehə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verilməmişdir.
15. Məhkəmə kollegiyası cavabdehin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Mülki Məcəlləsi
17. Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
18. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
19. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
20. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
21. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Prosessual Məcəllə
22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
25. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
26. Maddə 384.0.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Apellyasiya baxışının hədləri
27. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan məhkəmənin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlili formal mülahizələrdən ibarət olmuşdur.
29. Nəzərə almaq lazımdır ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Mülki Prosessual Məcəlləyə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanıb, heç bir sübutla öz təsdiqini tapmadığına görə birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğvi üçün əsaslı hesab edilə bilməz.
32. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarına maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
33. Hazırda qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti 1400 manat təşkil edir.
34. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Xızı Rayon Məhkəməsinin 24 avqust 2022-ci il tarixli 2(068)-133/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.