Məhkəmə qərarları › İş №2(105)-231/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-231/2021

11.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-231/2021 11.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Məmmədov Fuad Əli oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə açıq məhkəmə iclasında Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-1605/2020 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-1605/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Emin Abdullayev) İddiaçı açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, xx.xx.2019-cu il tarixli, RGTK0246639A126 saylı kredit müqaviləsinə əsasən 15489,89 manat əsas, 1750,92 manat faiz borcu olmaqla, cəmi 17240 manat 81 qəpik məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı açıq səhmdar cəmiyyətinə ödənilməsi qət edilmiş, cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: İş materiallarından görünür ki, xx xxxxxx 2020-ci il tarixdə İddiaçı açıq səhmdar cəmiyyəti iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh cəmiyyətin xeyrinə 15489,89 AZN əsas, 1750,92 AZN faiz borcu olmaqla, cəmi 17240,81 AZN məbləğində vəsaitin və ödənilmiş 30 AZN dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, cəmiyyətlə bağlanmış xx.xx.2019-cu il tarixli, RGTK0246639A126 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 84 ay müddətinə illik 20 faiz dərəcəsi ilə 15489,89 AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borclu müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixə cəmiyyətə 15489,89 AZN əsas, 1750,92 AZN faiz borcu olmaqla, cəmi 17240,81 AZN borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hazırki mülki iş üzrə məhkəmə maddi hüquq normalarını səhv tətbiq və təfsir etdiyindən və tətbiq olunmalı norma tətbiq olunmadığından, işin faktiki hallarını düzgün araşdırmayaraq səhv nəticəyə gəldiyindən, qətnamə ləğv edilərək ədalətli və obyektiv araşdırma aparılmaqla yeni qətnamə qəbul edilməlidir. Belə ki, onun tərəfindən məhkəməyə rəsmi vəsatət təqdim edilərək mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi və təyin edilmiş ekspertiza üzrə ekspert qarşısında müvafiq sualların qoyulması xahiş edilmişdir. Məhkəmə isə əsassız və qeyri obyektiv olaraq onun tərəfindən verilmiş iş üzrə müvafiq ekspertiza təyin edilməsi barədə vəsatəti təmin etməmiş və vəsatəti təmin etməməsini belə əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixli müqavilədə ona 15489,89 manat məbləğində kredit verildiyi göstərilmiş, onun xx.xx.2018-ci il tarixli müqavilələr üzrə borcunun ümumiləşdirilməsi barədə bildirdikləri həqiqətən olmuşsa belə, onun əvvəlki müqavilələr üzrə borcunun olduğunu müəyyən etmək hazırki məhkəmə baxışının predmeti deyildir, o, özü də məhkəmə iclasında verdiyi izahatında xx.xx.2019-cu il tarixli müqavilənin onun tərəfindən imzalandığını və həmin müqavilə üzrə banka hər hansı ödəniş etmədiyini bildirmişdir. Məhkəmənin bu yanaşması qanunsuz və ədalətsiz olmaqla yanaşı, onun məhkəmə iclasında xx.xx.2019-cu il tarixli müqavilənin tərəfindən imzalandığını deməyi barədə qətnamədə qeyd olunanlar həqiqətə uyğun deyildir. Çünki o, məhkəmə iclasında bank əməkdaşının ona hər iki kreditlər üzrə qalıq borcunun cəmlənərək, kreditin müddətinin uzadılacağı, aylıq təxminən 340 manat pul ödəyəcəyini deməsini və onun da bu şərtlərlə razılaşdığını, lakin onun xx.xx.2019-cu il tarixli müqaviləni imzalamadığını və həmin müqavilənin ona təqdim edilmədiyini bildirmişdir. Bundan başqa, mülki işin materiallarında olan xx.xx.2019-cu il tarixli müqavilədən də görünür ki, həmin müqavilə üzrə borc onun xx.xx.2018-ci il tarixli müqavilələr üzrə qalıq borcunun cəmlənməsindən yaranmışdır. Belə olan halda, hazırki mülki iş üzrə həqiqi (real) tutulmalı olan borcu müəyyən etmək üçün xx.xx.2018-ci il tarixli müqavilələr üzrə qalıq borcun düzgün və qanuni hesablanıb-hesablanmaması araşdırılmalıdır. Eləcə də xx.xx.2019-cu il tarixli müqavilənin onun tərəfindən imzalanıb-imzalanmaması müəyyən edilməlidir. Bundan əlavə, qeyd olunan ekspertiza təyin edilməsi barədə vəsatətdə xx.xx.2018-ci il tarixli, 126CLM32502791AA saylı kredit müqaviləsi və xx.xx.2018-ci il tarixli “Birlik Klubu” kartları ilə bağlı müqavilə üzrə cəmlənmiş əsas kredit borcuna iddia ərizəsi üzrə (xx.xx.2019-cu il tarixli müqavilə üzrə) faizlərin düzgün hesablanıb-hesablanmamasının aydınlaşdırılmasını da xahiş etmişdi. Lakin məhkəmə tərəfindən buna heç bir münasibət bildirilməmişdir. Halbuki onunla İddiaçı açıq səhmdar cəmiyyəti arasında xx.xx.2018-ci il tarixli, 126CLM32502791AA saylı kredit müqaviləsi bağlanmış və bank tərəfindən ona 48 ay müddətində illik 27,34% dərəcəsi ilə 8500 manat məbləğində kredit verilmişdir. Eyni vaxtda, yəni xx.xx.2018-ci il tarixdə “Birlik Klubu” kartları ilə bağlı müqavilə bağlanaraq ona 5000 manat limiti olan kredit kartı təqdim edilmişdir (ümumilikdə 13.500 manat). O, 8500 manat məbləğində verilmiş kreditdən beş-altı ay müddətində hər ay 293,04 manat olmaqla, ümumilikdə təxminən 1465,2 və ya 1758,24 manat məbləğində pul ödəmişdir. Lakin 2019-cu ilin əvvəllərində işdən çıxdığından kreditlərini ödəyə bilməmişdir. Bu müddət ərzində İddiaçı açıq səhmdar cəmiyyətinin əməkdaşları dəfələrlə ona zəng edərək hər iki kredit üzrə qalıq borcunu cəmləyərək, faiz dərəcəsi aşağı salınmaqla güzəştli şərtlərlə yeni kredit müqaviləsi bağlamağı təklif etmişdilər. 2019-cu ilin iyul ayında o, banka yaxınlaşmış, bankın əməkdaşı ona bildirmişdir ki, hər iki kreditləri üzrə qalıq borcu cəmlənəcək, kreditin müddəti uzadılacaq, aylıq təxminən 340 manat pul ödəyəcəkdir. O da bu şərtlərlə razılaşmış və hesab etmişdir ki, o, 8500 manat və 5000 manat olmaqla, ümumilikdə 13500 manat kredit götürmüş və bu kreditlərdən də təxminən 1700 manat pul ödəmişdir, cəmi qalıq məbləği isə təxminən 12000 manat etməlidir. Lakin İddiaçı açıq səhmdar cəmiyyəti məhkəməyə göndərdiyi iddia ərizəsinin surətindən görünür ki, güya İddiaçı açıq səhmdar cəmiyyəti tərəfindən ona xx.xx.2019-cu il tarixli, RGTK0246639A126 saylı kredit müqaviləsinə əsasən 84 ay müddətinə illik 20% dərəcəsi ilə 15489,89 manat məbləğində kredit verilmişdir. O, bankdan 8500 manat və 5000 manat, ümumilikdə 13500 manat kredit götürmüş və bu kreditlərdən də təxminən 1700 manat pul ödəmişdir. Bu kreditlərin cəmi qalıq məbləği isə təxminən 12000 manat olduğu halda, bankın hansı əsasla ondan 15489,89 manat məbləğində əsas kredit borcu tələb etməsi aydın deyildir. Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iş üzrə müvafiq ekspertizalar təyin edilərək yeni qətnamə çıxarılmasını xahiş etmişdir. xx xxxxxxxx 2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətində göstərilənlərə uyğun izahat vermişdir. İddiaçı açıq səhmdar cəmiyyəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinə faiz borcuna aid hissədə dəyişiklik edilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarından görünür ki, İddiaçı açıq səhmdar cəmiyyətinin Qubadlı filialı ilə bağlanmış xx.xx.2019-cu il tarixli, RGTK0246639A126 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 84 ay müddətinə illik 20 faiz ödənilməsi şərti ilə 15489,89 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixə banka 15489,89 AZN əsas, 1750,92 AZN faiz borcu olmaqla cəmi 17240,81 AZN borcu vardır. İş materiallarında olan İddiaçı açıq səhmdar cəmiyyətinin xx.xx.2019-cu il tarixli axırıncı bildirişinin surətindən görünür ki, Cavabdeh 1474,81 manat məbləğində gecikmə borcunun ödənilməsi tələb olunmuşdur. İş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli, 4/810 saylı ekspert rəyindən görünür ki, mülki işin 9-cu vərəqində İddiaçı açıq səhmdar cəmiyyəti ilə Cavabdeh adından olan xx xxxx 2019-cu il tarixli, RGTK0246639A126 saylı kredit müqaviləsində “Borcalan” qrafalarındakı imzalar, 10-cu vərəqində olan xx xxxx 2019-cu il tarixli, RGTK0246639A126 saylı kredit müqaviləsinə əlavə olan ödəniş qrafikinin arxa tərəfinin aşağı sağ küncündəki imza və 11-ci vərəqdə “Borcalan” qrafasındakı imza, 82-ci vərəqində olan 04 iyul 2019-cu il tarixli kassa məxaric orderində “Orderdə göstərilən məbləği aldım” yazıları qarşısında “İmza” qrafasındakı imza, 83-cü vərəqində Cavabdeh Maşallah oğlunun adına olan xx xxxx 2019-cu il tarixli ərizədə “Borcalan: /Cavabdeh/” yazıları qarşısındakı imza-Cavabdeh tərəfindən icra olunmuşdur. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 9/4085 saylı ekspert rəyindən görünür ki, İddiaçı açıq səhmdar cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, RGTK0246639A126 saylı kredit müqaviləsi üzrə Cavabdeh xx.xx.2020-ci il tarixə banka olan borcu ümumilikdə 17150,75 manat məbləğində, o cümlədən əsas borc üzrə 15489,89 manat, faiz borcu üzrə 1660,86 manat müəyyən olunur. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. İş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, İddiaçı açıq səhmdar cəmiyyəti ilə bağlanmış xx.xx.2019-cu il tarixli, RGTK0246639A126 saylı kredit müqaviləsinə əsasən əsasən Cavabdeh 84 ay müddətinə illik 20 faiz ödənilməsi şərti ilə 15489,89 manat məbləğində kredit verilmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib, hesab edir ki, cavabdehin kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsi və hazırki öhdəlik hüquq münasibətlərinin məhz cavabdehin təqsiri üzündən pozulması işin mübahisəsiz halları olmaqla, həmin hallar apellyasiya şikayətinin dəlilləri və mülki işin materialları ilə də inkar edilmədiyindən və cavabdeh pul vəsaitini qanunsuz saxlamaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə ondan faydalandığından, Cavabdeh 15489,89 manat əsas borcun İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə tutulması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunu və əsaslıdır. Cavabdeh apellyasiya şikayətində ondan tutulan faiz borcunu mübahisələndirmişdir. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 9/4085 saylı ekspert rəyi ilə müəyyən edilir ki, İddiaçı açıq səhmdar cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, RGTK0246639A126 saylı kredit müqaviləsi üzrə Cavabdeh xx.xx.2020-ci il tarixə faiz borcu 1660,86 manatdır. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı açıq səhmdar cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, RGTK0246639A126 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 1660,86 manat faiz borcu tutularaq İddiaçı açıq səhmdar cəmiyyətinə verilməlidir. Cavabdehin apellyasiya şikayətində göstərdiyi digər dəlillər iş üzrə keçirilmiş məhkəməxətşünaslıq ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli, 4/810 saylı və məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 9/4085 saylı rəyləri ilə tam təkzib edilir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinə faiz borcuna aid hissədə dəyişiklik edilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının dəyəri olan 112 manat və məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri olan 145 manat Cavabdeh tutularaq Dövlət Xəzinədarlıq Agentliyi, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab nömrəsi AZ43CTRE********************, büdcə təsnifatının kodları 142319 və 142593, büdcə səviyyəsinin kodu 3 olan hesabına köçürülməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 392, 393, 405ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(060)-1605/2020 saylı qətnaməsinə faiz borcuna aid hissədə dəyişiklik edilsin. Cavabdeh 1660,86 (bir min altı yüz altmış manat 86 qəpik) manat faiz borcu tutularaq İddiaçı açıq səhmdar cəmiyyətinə verilsin. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının dəyəri olan 112 (bir yüz on iki) manat və məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri olan 145 (bir yüz qırx beş) manat Cavabdeh tutularaq Dövlət Xəzinədarlıq Agentliyi, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab nömrəsi AZ43CTRE********************, büdcə təsnifatının kodları 142319 və 142593, büdcə səviyyəsinin kodu 3 olan hesabına köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Fuad Məmmədov Səyyad Qafari

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar