Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2310/2021 10.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Əliyev Əliağa Vahid oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-3766/2019 saylı, 20 noyabr 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Abşeron Rayon Məhkəməsinin 2(012)-3766/2019 saylı, 20 noyabr 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir.(hakim Elman Məmmədov) Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun və oğlu X1 ünvan 1ndə yerləşən bağ evinə istifadə hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsinə əlavə verərək özünün və oğlu X1 ünvan 1ndə yerləşən bağ evinə istifadə hüquqlarının tanınaraq həmin bağ evinə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsi gəldiyi nəticəni yalnız əmlak bölgüsü tələbinə dair iddianın rədd edilməsi ilə əsaslandırmışdır. Məhkəmə belə hesab etmişdir ki, işə baxılan zaman onun əmlaka olan hüquqları tanınmadığına görə və hazırki iş üzrə olan faktiki hallar da həmin işin faktiki halları ilə birbaşa əlaqəli olduğuna görə iddia təmin edilə bilməz. Məhkəmənin bu yanaşması tamamilə yanlışdır. Məhkəmə nəzərə almalı idi ki, əmlak bölgüsü tələbinə dair işə baxılarkən onun əmlaka olan hüquqları tanınmış, yalnız əmlak bölgüsü tələbi üzrə iddia müddətini ötürdüyünə görə iddia tələbi təmin edilməmişdir. həmin əmlaka olan hüquqları şikayət olunan qətnamədə qeyd edildiyi kimi “rədd edilməmiş” yalnız əmlak üzərindəki payların bölünməsindən imtina olunmuşdur. Həmin bağ evinin cavabdehlə onun birgə mülkiyyətində olduğu və onun həmin əmlak üzərində olan hüquqları isə mübahisəsiz şəkildə tanınmışdır. Hazırda əmlak bölgüsünə dair iddia müddətini itirmiş olsa da, həmin yaşayış sahəsinə olan istifadə və sahiblik hüquqları hələ də qalmaqdadır. Öncəki işdə mübahisələndirilmiş və hazırda yenidən mübahisələndirilməyə ehtiyac olmayan fakt bundan ibarətdir ki, mübahisəli əmlak cavabdehlə birgə nikah dövründə əldə edilmiş və əmlak üzərində mülkiyyət, eləcə də istifadə hüququ olmuşdur. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin 2(012)-3766/2019 saylı, 20 noyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam şəkildə təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Apelyasiya baxışı zamanı İddiaçı apelyasiya şikayətini müdafiə etdiyini bildirib qətnamənin ləğv edilməsi, iddianın təmin olunması barədə yeni qətnamə şıxarılmasını xahiş etdi. Əlavə etdi ki, Cavabdeh ilə 10 mart 2000-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar və birgə nikahlarından 5 yanvar 2001-ci il tarixdə Mikayıl adlı övladları dünyaya gəlmişdir. Cavabdeh ilə birgə nikahları dövründə, 2003-cü ildə yaşadıqları mənzili sataraq ünvan 1ndə ev və torpaq sahəsi almışlar və elə həmin ildən qeyd olunan torpaq sahəsində mövcud evin yerində bağ evi inşa etməyə başlamışlar. Mübahisəli torpaq sahəsi 21.06.2011-ci il tarixdə AR ƏMDK yanında DƏDRX-nin 4 saylı Ərazi idarəsində Cavabdeh adına **********13-11301 reyestr nömrəsi ilə qeydə alınmışdır. Yəni, onun həmin torpaq sahəsi və üzərində inşa edilmiş bağ evinə olan hüquqları cavabdehlə birgə nikah dövründə artıq rəsmi şəkildə qeydə alınmışdır. Cavabdeh ilə aralarında olan nikah Binəqədi Rayon Məhkəməsinin 04 sentyabr 2013cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Həmin dövrdə birgə nikah dövründə əldə etdikləri əmlakın bölünməsi ilə bağlı onun tələb irəli sürməyinə baxmayaraq, cavabdeh tərəfindən evə dair heç bir mübahisə yaranmayacağına və əmlakın bölünməyərək övladları Mikayıla qalacağına dair inandırılmışdır. Bu hadisədən sonra bağ evi tərəflərin ümumi istifadəsində qalmış və evin istifadəsi, satılması, paylarda bölünməsi ilə bağlı tərəflər arasında heç vaxt mübahisə yaranmamışdır. O, dəfələrlə həm təkbaşına, həm də oğlu ilə birlikdə həmin bağ evinə gedərək orada təsərrüfat işləri ilə məşğul olmuş, hətta müəyyən dövrlərdə bu əmlaka aid olan kommunal xərcləri ödəmişdir. Yəni, həmin əmlakın tərəflərin hər ikisinin istifadəsində olduğuna tamamilə əmin olmuşdur. Lakin 2018-ci ilin əvvəlində onun maddi vəziyyəti həddindən artıq aşağı olduğundan və övladının təhsil alması üçün pul lazım olduğundan, Cavabdeh evi satmağı, alınan vəsaiti isə aralarında bölməyi təklif etmiş, lakin cavabdeh buna razı olmamışdır. O, bu məlumatı aldıqdan dərhal sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Lakin məlum məhkəmə aktları ilə iddiası son nəticədə təmin edilməmişdir. İşə baxan məhkəmə yalnız əmlak üzərindəki payların bölünməsindən imtina etmişdir. Həmin bağ evinin cavabdehlə iddiaçının birgə mülkiyyətində olduğu və onun həmin əmlak üzərində olan hüquqları isə mübahisəsiz şəkildə tanınmışdır. Hazırda cavabdehin onu aldatmağı ucbatından, əmlak bölgüsünə dair iddiaçı iddia müddətini itirmiş olsa da, onun həmin yaşayış sahəsinə olan istifadə və sahiblik hüquqları hələ də qalmaqdadır. Özünə məxsus bütün mebel, digər məişət və geyim əşyaları hamısı ordadır. O cümlədən oğlunun da pal-paltarı orada qalıb. İndi cavabdeh evin açarını dəyişib onları evə buraxmaq istəmir, onlara bağ evinə getməyə müxtəlif cür maneələr yaradır. Ona görə də hazırki məzmunda iddia qaldırıb. Oğlu artıq yetkinlik yaşına çatıb. Doğrudur o, iddia tələbində oğlu Mikayılın da mübahisəli bağ evinə istifadə hüququnun tanınıb ora köçürülməsini xahiş etmişdir. Lakin hazırda o, yetkinlik yaşına çatıb və artıq müstəqil surətdə Abşeron Rayon Məhkəməsində anoloyi iddia qaldırmışdır. Apellyasiya baxışı zamanı iş üzrə Cavabdeh rəsmi qeydiyyatda olduğu ünvana iclasın vaxtı və yeri barədə lazımi qaydada məhkəmə bildirişləri göndərilsə də həmin ünvanda yaşamadığından bildirişlər geri qaytarılmışdır. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İşin tədqiq edilən faktiki hallarından görünür ki, Cavabdeh ilə İddiaçı 10.03.2000ci ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahdan onların 5 yanvar 2001ci ildə Mikayıl adlı övladları dünyaya gəlmişdir Həmçinin işdə olan sənədlərdən görünür ki, hələ 2003-cü ildə birgə nikah dövründə tərəflər ünvan 1 ünvanında əvvəl ev, sonra torpaq sahəsi almış, orada yenidənqurma işləri aparıb yeni bağ evi inşa etmişlər və həmin bağ evinə cavabdehin mülkiyyət hüququ 21.06.2011-ci ildə daşınmaz əmlakın dövlət restrində qeydə alınmışdır. İş materialarından məlum olur ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah 05.11.2013-cü ildə ləğv edilmişdir. Yenə iş materiallarından bəlli olur ki, 06.01.2015-ci il tarixli ipoteka müqaviləsi ilə mübahisə predmeti olan əmlak QSC “BankStandart” KB ilə "xxxx" MMC arasında bağlanmış 25.12.2014-cü il tarixli kredit müqaviləsinin təminatı olaraq bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin məktubundan görünür ki, ünvan 1ndə yerləşən bağ evi QSC “Bank Standart” KB “Korporativ” filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir və müvəqqəti nəzarət vardır. İş materiallarından o da məlum olur ki, İddiaçı QSC “Bank Standard” KB və Cavabdeh arasında bağlanmış 06 yanvar 2015-ci il tarixli, 170/02/3031/13- 170/02/3502/14 saylı ipoteka müqaviləsinin bağlandığı andan etibarsız hesab edilməsi, birgə nikah dövründə əldə edilmş və 21.06.2011-ci il tarixdə Cavabdeh adına qeydiyyata alınmış ünvan 1ndə olan 0.1612 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli, 293.24 kv.m. ümumi, 219.62 kv.m. yaşayış, 73.62 kv.m. yardımçı sahədən ibarət 7 otaqlı bağ evinin bölünməsi tələbinə dair iddia ərizəsi vermişdir. Abşeron Rayon Məhkəməsinin 09 iyul 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, 21.06.2011-ci il tarixdə, **********13-11301 reyestr nömrəsi ilə Cavabdeh adına qeydiyyata alınmış ünvan 1ndə olan 0.1612 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli, 293.24 kv.m. ümumi, 219.62 kv.m. yaşayış, 73.62 kv.m. yardımçı sahədən ibarət 7 otaqlı bağ evinin 2/3 hissəsinə (tərəflərin birgə nikahlarından anadan olan bir uşağın iddiaçının himayəsində olduğu nəzərə alınmaqla) İddiaçı 1/3 hissəsinə isə Cavabdeh payları müəyyən edilmiş, QSC “Bank Standard” KB və Cavabdeh arasında bağlanmış 06 yanvar 2015-ci il tarixli, 170/02/3031/13-170/02/3502/14 saylı ipoteka müqaviləsinin bağlandığı andan etibarsız hesab edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 06.11.2018-ci il tarixli qətnaməsi ilə QSC “Bank Standart” KB-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Abşeron Rayon Məhkəməsinin 09 iyul 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, yeni qətnamə qəbul edilməsi, iddianın təmin edilməməsi qət edilmişdir. Məhkəmə kollegiyası qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, mübahisəli əmlak tərəflərin birgə nikahı dövründə əldə edilmiş və iş üzrə cavabdehin, iddiaçının sabiq əri Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İddiaçı ilə Cavabdeh arasındakı nikah 04 sentyabr 2013-cü il tarixdə məhkəmə qətnaməsi ilə pozulmuşdur, keçən 5 il ərzində, tərəflər arasında əmlak bölgüsü ilə bağlı, payların müəyyən edilməsi barədə tələb olmamışdır. İddiaçının hazırki tələblə bağlı iddia müddətinin axımı həmin gündən başlamışdır. İddiaçı isə məhkəməyə iddia müddəti bitdikdən təxminən il yarım sonra müraciət etmişdir və beləlikiə mülki (ailə) qanunvericiliyin mübahisələndirmə ilə bağlı müəyyən etdiyi üç illik iddia müddəti ötürülmüşdür. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş üzrə Ali Məhkəmənin göstərişlərini, eləcə də apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-3766/2019 saylı, 20 noyabr 2019-cu il tarixli qətnaməsi qismən, İddiaçı iddiasının özünə aid hissədə təmin edilməməsi hissəsində ləğv edilməli, iddia qismən təmin edilməli, İddiaçı mübahisəli bağ evinə istifadə hüququ tanınmaqla o, həmin bağ evinə köçürülməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı Cavabdeh ilə 10 mart 2000-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar və birgə nikahlarından 5 yanvar 2001-ci il tarixdə Mikayıl adlı övladları dünyaya gəlmişdir. Birgə nikahları dövründə, 2003-cü ildə yaşadıqları mənzili sataraq ünvan 1ndə evə və torpaq sahəsi almışlar və elə həmin ildən qeyd olunan torpaq sahəsində bağ evi inşa etməyə başlamışlar. Mübahisəli ev və yerləşdiyi torpaq sahəsi 21.06.2011-ci il tarixdə AR ƏMDK yanında DƏDRX-nin 4 saylı Ərazi idarəsində Cavabdeh adına **********13- 11301 reyestr nömrəsi ilə qeydə alınmışdır. Yəni, onun həmin torpaq sahəsi və üzərində inşa edilmiş bağ evinə olan hüquqları cavabdehlə birgə nikah dövründə artıq rəsmi şəkildə qeydə alınmışdır. Onlar ailə kimi müəyyən müddət həmin evdə birgə yaşamış, birgə təsərrüfat aparmışlar. Cavabdeh ilə aralarında olan nikah Binəqədi Rayon Məhkəməsinin 04 sentyabr 2013-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Bağ evi tərəflərin ümumi istifadəsində qalmışdır. 2018-ci ilin əvvəlində pul lazım olduğundan, Cavabdeh evi satmağı, alınan vəsaiti isə aralarında bölməyi təklif etmiş, lakin cavabdeh buna razı olmamışdır. İddiaçı bundan sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Lakin məlum məhkəmə aktları ilə iddiası son nəticədə təmin edilməmişdir. İşə baxan məhkəmə yalnız əmlak üzərindəki payların bölünməsindən imtina etmişdir. Başqa sözlə, iddiaçının həmin bağ evindən istifadə hüququ mübahisə predmeti olmamışdır. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Hər şeydən əvvəl, məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmə Mülki Prossesual Məcəllənin 82.3-cü maddəsinə istinad edərək qanuni qüvvəsini almış Sumqayıt Apellyasiya Məhkəməsinin 06.11.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş halları hazırkı işə tətbiq etməklə iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir. Belə ki, iş materiallarından görünür ki, qanuni qüvvəsini almış Sumqayıt Apellyasiya Məhkəməsinin 06.11.2018-ci il tarixli qətnaməsi ünvan 1 ünvanında yerləşən 0.1612 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş bağ evi üzərində mülkiyyət hüququnun, o cümlədən mülkiyyət hüququna münasibətdə payın müəyyən edilməsi ilə bağlı olmuşdur. Hazırkı iş üzrə tələb isə qeyd edilən əmlak üzərində istifadə hüququnun əldə edilməsi ilə bağlıdır. Belə olan halda hazırkı mübahisəyə, qanuni qüvvəsini almış Sumqayıt Apellyasiya Məhkəməsinin 06.11.2018-ci il tarixli qətnaməsinin tətbiq edilməsi ilə iddianın rədd edilməsi qanuni və əsaslı olmamışdır. Həmin qətnamə ilə iddiaçının pay bölgüsü tələbinin təmin olunmaması, onun birgə nikah dövründə əldə edilmiş əmlakdan istifadə hüququnun itirilməsi anlamına gəlməməlidir. AR Mülki Məcəllənin 152.1-ci maddəsinə görə istifadə hüququ mülkiyyət hüququnun üç elementindən biri kimi çıxış etməklə bərabər Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə uyğun olaraq yaşayış evinin mülkiyyətçisi ilə birgə yaşamaqla əldə edilən bir hüquq kimi də çıxış edir. Daha öncə qeyd edildiyi kimi, iddiaçı yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərində (ər-arvad) olmuş və həmin ev məhz bu münasibətlərin olduğu dövrdə inşa edilmişdir. İşin faktiki hallarından göründüyü kimi onlar həmin evdə müəyyən müddət bir yerdə yaşamış, nigah münasibətlərinə xitam verildikdən sonra da iddiaçı tərəflərin birgə nikahından doğulmuş oğlu ilə birlikdə həmin mənzildə yaşamaqda davam etmiş, ona məxsus mebel, digər məişət əşyaları və geyim ləvazimatı həmin bağ evindədir. Həmin evlə bağlı tərəflər arasında mübahisə 2018-ci ildən başlanmışdır. Bundan sonra cavabdeh iddiaçını mübahisəli bağ evində yaşamasına maneçilik törətməyə başlamışdır. Məhkəmə kollegiyası hesab edir ki, nə qədər ki, torpaq sahəsi və ev iddiaçı və cavabdehin iştirakı ilə məhz birgə nikah dövründə əldə edilib, iddiaçı da uzun illər birgə mülkiyyətin iştirakçısı kimi həmin evdən ailə üzvü kimi istifadə edərək yararlanıb, onun həmin əmlaka münasibətdə iqtisadi marağı formalaşmışdır. Ona görə də hazırda cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsa belə və həmin evdən (iqtisadi dəyərdən) cavabdeh istifadə etdiyi halda, bərabərlik prinsipinə uyğun iddiaçı da oradan istifadə edə bilər. Azərbayca Respublikası Konstitusiyasının 25-ci maddəsinə 1 və 3-cü bəndlərinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Dövlət irqindən, milliyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Konstitusiyanın 43-cü maddəsinin 1-ci bəndinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Həmin Məcəllənin 164.2-ci maddəsinə görə sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 3-cü hissəsindən və 71-ci maddəsinin 2-ci hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqdan suiistifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericiliyin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüququdan istifadə edilməsi. Bu mənada Mülki Məcəllənin 560.3.4-cü maddəsi xüsusi önəm kəsb edir. Bu normaya əsasən hüquqdan sui-istifadə, o cümlədən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsidir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin mübahisəli bağ evinə mülkiyyət hüququnun olması faktından, yəni hüquqdan sui-istifadə etməsi iddiaçının güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyasının qənaətinə görə ailə-nikah münasibətlərindən doğan bu tipli əmlak münasibətlərində başqa mövqenin tutulması düzgün olmayan president yaratmaqla arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir çox qərarlarında ifadə olunmuş mövqeyinə görə vətandaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin heç kəs yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir.Yaşayış sahəsindən istifadə müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüququ və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarı ilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştiraçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüququ sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. (Azərbaycan Respublikası Mülki Məcəllənin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 08.10.2013-cü il tarixli, Azərbaycan Respublikası Mülki Məcəllənin 228.1-ci və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair 16.12.2014-cü il tarixli qərarları və s.) Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, mübahisəli evə dair tərəflər eyni istifadə hüququna malik olduqlarından iddia qismən təmin edilməli, İddiaçı mübahisəli evə köçürülməli, onun həmin bağ evinə istifadə hüququ tanınmalıdır. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, iddiaçının yetkinlik yaşına çatmış, tam fəaliyyət qabiliyyətli oğlunun adından qaldırdığı iddianı rədd edərkən birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə baxışı zamanı iddiaçı özü də bu faktı etiraf edərək bildirmişdir ki, artıq oğlu Mikayıl da Abşeron Rayon Məhkəməsində müstəqil surətdə iddia qaldırmışdır. Məhkəmə kollegiyası şərh olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları tam aydınlaşdırmamış, nəticədə tətbiq edilməli olan qanunu tətbiq etməyərək maddi və prosessual hüquq normalarını pozmaqla qətnamə qəbul etmişdir. Bu da qətnamənin qismən də olsa ləğvi üçün əsasdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1 və 385.1.2-ci maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən iddia ərizəsi, apellyasiya və kassasiya şikayətlərinin verilməsi üçün ödənilən cəmi 30 manat dövlət rüsumu cavabdehdən alınıb iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-3766/2019 saylı, 20 noyabr 2019cu il tarixli qətnaməsi qismən, İddiaçı ünvan 1ndə yerləşən bağ evinə istifadə hüquqlarının tanınaraq həmin bağ evinə köçürülməsinin təmin edilməməsi hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh mülkiyyətində olan ünvan 1ndəki 0,1612 ha torpaq sahəsində yerləşən bağ evinə (reyestrdən çıxarış: MA 0217161) istifadə hüquqları tanınaraq həmin bağ evinə köçürülsün. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. İddia ərizəsi, apellyasiya və kassasiya şikayətlərinin verilməsi üçün ödənilən cəmi 30 manat dövlət rüsumu cavabdehdən alınıb iddiaçıya ödənilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-2310/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2310/2021
10.09.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver