Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2311/2021 16.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Əliyev Əliağa Vahid oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pulun qaytarılması, dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 23 sentyabr 2020-ci il tarixli, 2(067)-31/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Xaçmaz Rayon Məhkəməsinin 23 sentyabr 2020-ci il tarixli, 2(067)-31/2020 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim İ.Xəlilov) Qətnamədən narazı qalan İddiaçı ondan apelyasiya şikayəti verərək Xaçmaz Rayon Məhkəməsinin 23 sentyabr 2020-ci il tarixli, 2(067)-31/2020 saylı qətnaməsinin ləğv edilməsini və iddiasının təmin edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 fevral 2021-ci il tarixli, 2(105)-564/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən iddiaçı kassasiya şikayəti vermiş, AR Ali Məhkəməsinin 2(102)- 3405/2021 saylı, 31 may 2021-ci il tarixli qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-564/2021 nömrəli iş üzrə 15 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 20440 manat məbləğində əsas borcun, 10000 manat məbləğində mənəvi ziyana görə təzminatın və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2014-cü ildə cavabdeh ünvan 1 ünvanında yerləşən evini satmaq istəmiş, o, 2014-cü ilin oktyabr ayında həmin evə baxaraq bəyənmiş və cavabdehlə aralarında evin 14000 manata alğı-satqısı barədə razılıq əldə etmişlər. 29 dekabr 2014-cü il tarixdə onunla cavabdeh arasında beh müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən cavabdehə 6000 manat məbləğində nağd qaydada pulu beh olaraq ödəmişdir. Həmin müqaviləyə əsasən cavabdeh 29.11.2015-ci il tarixədək mənzili onun adına sənədləşdirməyi öhdəsinə götürmüşdür. Aralarında olan razılaşmaya görə qalan 8000 manat məbləğində pulu alğı-satqı müqaviləsi bağlanan vaxt cavabdehə ödəməli idi. Lakin behi alıb evə ailə üzvlərini köçürdükdən sonra cavabdeh "xxxx" ASC-yə kredit borcu olduğunu bildirmiş, həmin borcu bağladıqdan sonra evi onun adına keçirə biləcəyini, lakin krediti bağlamağa maddi imkanının olmadığını bildirmişdir. Ona görə də, həmin krediti qalan borc qədərində ödəməyi xahiş etmiş, borcu ödədikdən sonra evi onun adına rəsmiləşdirəcəyini bildirmişdir. O, etiraz etməmiş və 2014-2016-cı illər ərzində cavabdehin banka yaranmış borclarından ümumilikdə, 7840 manat məbləğində pulu Banka köçürmüşdür. Bu ödənişlərdən sonra da cavabdeh müxtəlif bəhanələrlə onun iş yerinə gələrək, evin sənədlərinə görə dövlət rüsumları ödəmək adı ilə ondan 120, 70, 200, 20 və s. manat məbləğində pul vəsaiti almış, nəticədə o, 14000 manata razılaşdırılmış evə görə artıqlaması ilə pul ödəmiş, lakin cavabdeh evi onun adına rəsmiləşdirməmiş, əksinə evin pulunu tam olaraq ondan almasına baxmayaraq onun ailə üzvləri ilə birlikdə evdən çıxarılması barədə iddia qaldırmışdır. Xaçmaz Rayon Məhkəməsinin 27.11.2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh iddia tələbi təmin edilmiş, onun əqdin etibarlı hesab olunmasına dair iddiası isə rədd edilmişdir. Cavabdeh 6000 manat pulu ondan evi adına keçirəcəyi adı ilə beh şəklində almış, lakin evi adına sənədləşdirməmiş, aralarındakı razılaşmanın şərtlərini pozmuşdur. Buna görə də, cavabdeh behin 2 mislini, yəni 12000 manat məbləğində pulu ona qaytarmalıdır. O, cavabdehin banka olan borcuna görə 7840 manat məbləğində pulu banka köçürdüyü üçün həmin pulu, həmçinin ayrı-ayrı vaxtlarda ondan aldığı 500 manat pulu, cəmi 20440 manat məbləğində pulu da cavabdeh ona qaytarmalı, 10000 manat məbləğində mənəvi ziyanı da ona ödəməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İddiaçı apelyasiya şikayətini bununla əsaslandırmışdır ki, məhkəmə qətnamə qəbul edərkən maddi hüquq normalarını pozmuşdur. Məhkəmə qətnamədə göstərmişdir ki, guya o, cavabdehə evin behini ödədikdən sonra onun "xxxx" ASC-də olan kreditinə görə pul vəsaiti ödəməyini məhkəmədə sübut edə bilməmişdir. Həmin ödəmələr onun tərəfindən aparıldığı üçün bu barədə qəbzlər onda olmuşdur. Beh müqaviləsi onun tərəfindən pozulmamışdır. O, behi verməklə mübahisəli evə köçmüş və cavabdehin təklif etdiyi qaydada onun banka olan kredit borcunu ödəmişdir. Əvvəlki məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ekspertiza rəyi ilə onun cavabdehin əvəzinə banka pul vəsaitlərini ödədiyi öz təsdiqini tapmışdır. Cavabdeh ondan beh alsa da, mübahisəli mənzil onun mülkiyyətində olmamışdır. Ödənişlər başa çatdıqdan sonra o, Qarabağ müharibəsi əlili kimi pulsuz mənzillə təmin olunduqdan sonra 2017-ci ildə bu evə dair reyestrdən çıxarış almış və çıxarışı əldə etməklə onun ailə üzvləri ilə bu evdən çıxarılması barədə məhkəmədə iddia qaldırmışdır. Məhkəmə qətnaməsi düzgün əsaslandırılmamış, mübahisə üzrə maddi norma düzgün tətbiq edilməmişdir. Məhkəmə işin faktiki hallarına uyğun gəlməyən nəticəyə gəldiyindən qətnamə ləğv edilməli, iddia isə təmin olunmalıdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı, habelə iştirak etdiyi məhkəmə iclasında onun vəkili Vəkil apelyasiya şikayətini müdafiə etdilər və onun təmin edilməsini xahiş etdilər. Apelyasiya baxışı zamanı iştirak etdiyi məhkəmə iclasında iş üzrə Cavabdeh apelyasiya şikayətinə etiraz etdi və onun rədd edilməsini xahiş etdi. Lakn o, məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq növbəti məhkəmə iclaslarına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İşdə olan 29 oktyabr 2014-cü il tarixli beh müqaviləsindən görünür ki, Cavabdeh və İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 29.11.2015-ci il tarixədək notariat qaydasında rəsmiləşdirməklə 14000 (on dörd min) manata satışı barədə razılaşmışlar və ilkin olaraq İddiaçı Cavabdeh 6000 (altı min) manat məbləğində pul ödəmişdir. Yenə işdə olan Xaçmaz Rayon Məhkəməsinin 27 noyabr 2018-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı və qeyrilərinə qarşı evdən çıxarılma tələbinə dair iddiasının qismən təmin edilməsi, X8, İddiaçı, X7, X6, X4 və X2 ünvan 1 saylı evdən çıxarılması, İddiaçı Cavabdeh qarşı əqddən əmələ gələn hüququn dövlət qeydiyyatına alınması tələbinə dair qarşılıqlı iddia ərizəsinin rədd edilməsi qət olunmuşdur. Yenə də işdə olan Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 may 2018-ci il tarixli qətnaməsindən görünür ki, apellyasiya şikayəti qismən təmin edilmiş, Xaçmaz Rayon Məhkəməsinin 27 noyabr 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək ilkin iddia tələbinin qismən təmin edilməsi, cavabdehlər X8, İddiaçı, X7, X6, X4 və X2 ünvan 2 evdən çıxarılmaları qət edilmiş, ilkin iddia tələbi qalan hissədə və ünvan 2 ünvanda yerləşən yaşayış evinin İddiaçı adına dövlət qeydiyyatına alınması barədə qarşılıqlı iddia tələbi rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 01 oktyabr 2018-ci il tarixli qərarından görünür ki, cavabdeh İddiaçı kassasiya şikayəti təmin edilərək Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1295/2018 nömrəli iş üzrə 02 may 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Yenə iş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 10 dekabr 2018-ci il tarixli, 2(105)-4251/2018-saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh və cavabdeh İddiaçı apellyasiya şikayətləri qismən təmin edilərək Xaçmaz Rayon Məhkəməsinin 27 noyabr 2017-ci il tarixli 2(067)-4272/2017 saylı qətnaməsi ləğv edilmiş, ilkin iddia qismən təmin edilərək cavabdehlər X8, İddiaçı, X7, X6, X4 və X1 şəhəri, Mehmandarov küçəsi, 37 saylı evdən çıxarılmış, qalan hissədə ilkin iddia təmin edilməmiş, İddiaçı Cavabdeh qarşı əqddən əmələ gələn hüququn dövlət qeydiyyatına alınması barədə qarşılıqlı iddia tələbi təmin edilməmişdir. Yenə də iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 06 may 2019-cu il tarixli qərarından görünür ki, İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 10 dekabr 2018-ci il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İşdə olan Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 09 yanvar 2020-ci il tarixli, 2(105)-191/2020 saylı qətnaməsindən görünür ki, apellyasiya şikayətləri qismən təmin edilmiş, Xaçmaz Rayon Məhkəməsinin 27 noyabr 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək ilk iddia tələbi qismən təmin edilmiş, X8, İddiaçı, X7, X6, X4 və X2 Cavabdeh məxsus olan Xaçmaz şəhəri, Mehmandarov küçəsi 37 saylı evdən çıxarılması qət edilmiş, ilk iddia tələbi qalan hissədə və qarşılıqlı iddia tələbi rədd edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. MƏHKƏMƏNİN HÜQUQİ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, apelyasiya şikayətinin dəlillərini, həmçinin mübahisə üzrə Ali Məhkəmənin mövqeyini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti qismən təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 yanvar 2020-ci il tarixli, 2(105)-191/2020 saylı qətnaməsinə əsasən tərəflər arasında evin alqı-satqısı barədə ilkin razılaşma əldə olunduğu və buna görə cavabdehin iddiaçıdan beh alaraq evi iddiaçının istifadəsinə verməsi, lakin beh müqaviləsində nəzərdə tutulmuş tarixə, yəni 29.11.2015-ci il tarixədək iddiaçı tərəfindən ödənişlərin tam həyata keçirilmədiyi, buna görə də cavabdehin iddiaçıdan evdən çıxmasını tələb etməsi halı müəyyən edilmişdir. Beh müqaviləsi üzrə müqavilənin icra edilməməsi üçün məhz iddiaçının məsuliyyət daşıdığı, iddiaçı tərəfindən müqavilədə nəzərdə tutulmuş müddətdə ödənişlərin tam həyata keçirilmədiyi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edildiyindən iddia tələbi 12000 manat məbləğində beh məbləğinin qaytarılmasına dair hissədə əsaslı hesab edilə bilməz. Qeyd edilənlərlə yanaşı iddiaçı tərəfindən cavabdehin banka olan borcuna görə 7840 manat məbləğində pulu banka köçürməsi, həmçinin ayrı-ayrı vaxtlarda ondan 500 manat məbləğində pul alması və mənəvi zərərə məruz qalmasına dair mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 14.2.6, 1096, 1097.1, 936.2, 491 və 492.2-ci, MPM-nin 14.1, 77.1, 88, 218.1 və 82.3-cü maddələrinə, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 3 noyabr 2008-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. Məhkəmə kollegiyası bu nəticə ilə razılaşmır. Belə ki, işin mübahisələndirilməyən hallarına görə, iddiaçı ilə cavabdeh arasında 29 oktyabr 2014-cü il tarixli beh müqaviləsi bağlanmış, müqaviləyə əsasən tərəflər cavabdehə məxsus olan mübahisəli evin 29.11.2015-ci il tarixədək notariat qaydasında rəsmiləşdirməklə 14000 manata satışı barədə razılaşmışlar və ilkin olaraq iddiaçı cavabdehə 6000 manat məbləğində pul ödəmişdir. İşin digər mübahisələndirilməyən halına görə tərəflər arasında mübahisəli evin alqı-satıqı baş tutmamış və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə hazırki iş üzə cavabdehin iddiaçıya və digər şəxslərə qarşı mübahisəli evdən çıxarılması barədə iddia tələbi təmin edilmiş, hazırki iş üzrə iddiaçının cavabdehə qarşı isə əqddən əmələ gələn hüququn dövlət qeydiyyatına alınması tələbinə dair qarşılıqlı iddia tələbi rədd edilmişdir. İddiaçı hazırki tələbində cavabdehdən həmin beh müqaviləsi üzrə verdiyi pulu ikiqat, həmçinin beh müqaviləsindən sonra mübahisəli evin alqı-satqısı ilə bağlı cavabdehə verdiyi və banka cavabdehin kredit borcu ilə bağlı ödədiyi digər pulları və mənəvi ziyanın ödənilməsini tələb edir. İddia tələbini rədd edən birinci instansiya məhkəməsi beh müqaviləsi üzrə iddiaçının ödədiyi pulun qaytarılması hissədə qeyd etmişdir ki, müqavilə şərtləri iddiaçı tərəfindən pozulmuş, o evin dəyərini ödəmədiyindən alğı-satqı baş tutmamışdır. Digər hissələrdə isə məhkəmə iddiaçının tələbini sübuta yetirməməsi əsası ilə rədd etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu qənaətini qanuni və əsaslı hesab etməyərək aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Belə ki, Mülki Məcəllənin 491-ci maddəsinə görə, beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. Behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 492.1-ci maddəsinə görə öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır. Yenə həmin Məcəllənin 492.2-ci maddəsinə görə, əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur. Məhkəmə kollegiyası qeyd edir ki, ödənilmiş behin qaytarılması ilə bağlı hissədə iddia tələbinin həlli üçün müqavilənin icra edilməməsi üçün məsuliyyətin kimin üzərində olması müəyyən edilməlidir. Tərəflər arasında bağlanmış 29 oktyabr 2014-cü il tarixli müqavilənin şərtlərinə əsasən tərəflər mübahisəli evin 29 noyabr 2015-ci il tarixdə alqısatqı barədə razılığa gəlmişlər. İşə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin 09 yanvar 2020-ci il tarixli, 2(105)- 191/2020 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə yaşayış evinin alqı-satqısının 29.11.2015-ci il tarixədək başa çatdırılmamasında İddiaçı təqsirli olması, onun tərəfindən evin dəyərinin satıcıya tam ödənilməməsi, müqavilə şərtlərinin yerinə yetirilməməsində İddiaçı təqsirli olması müəyyən edilmiş, ona görə və tərəflər arasında evə dair alqı-satqı müqaviləsi mövcud olmadığından İddiaçı qarşılıqlı iddiası rədd edilmişdir. Bununla belə, işə apellyasiya instansiyasında baxan məhkəmə beh müqaviləsi ilə şərtləşdirilmiş vaxtda, yəni 29.11.2015-ci il tarixədək evin alqı-satqısı barədə müqavilənin bağlanmasının başa çatdırılmamasında təkcə alıcı İddiaçı hərəkətlərini (hərəkətsizliyini) tədqiq edərək onu təqsirli olması qənaətinə gəlmiş, bu məsələdə satıcı Cavabdeh nə dərəcədə təqsirli olub-olmadığına hüquqi qiymət verməmişdir. İşdən görünür ki, nə müqavilə bağlanan zaman, nədə ki, alqı-satqı müqaviləsinin icrasının nəzərdə tutulduğu tarixdə mübahisəli ev Cavabdeh mülkiyyətində olmamış, o, evin mülkiyyət hüququ əsasında öz adına dövlət qeydiyyatına alınması üçün 29.11.2015-ci il tarixədək hər hansı hərəkət etməmişdir. Tərəflər arasında olan digər məhkəmə mübahisəsi üzrə işə əlavə edilmiş məhkəmə aktlarından mübahisəli evə cavabdehin mülkiyyət hüquqlarının dövlət reyestrində rəsmiləşdirilməsinin 05.09.2017-ci il tarixdə həyata keçirilməsi müəyyən edilir. Göründüyü kimi, nə müqavilə bağlanan zaman, nədə ki, mübahisəli evin alqısatqısının nəzərdə tutulduğu tarixdə mübahisəli ev cavabdehin mülkiyyətində olmamışdır. Belə olan halda, iş materiallarından görünür ki, evin alqı-satqısının icra edilməməsinin məsuliyyəti təkcə iddiaçının üzərində deyildir, həmçinin cavabdeh də həmin məsələdə təqsirlidir. İşə baxan məhkəmə nəzərə almamışdır ki, Cavabdeh mülkiyyət hüququ üzrə adına dövlət qeydiyyatına alınmamış yaşayış evi üzərində sərəncam vermək hüququ, müvafiq olaraq həmin evi gələcəkdə iddiaçının mülkiyyətinə vermək səlahiyyəti olmamışdır. Məhz buna görə də, beh müqaviləsi ilə şərtləndirilmiş yaşayış evinin alqısatqısı da qeyri-mümkün olmuş, işə baxan məhkəmə verilmiş behlə bağlı mübahisənin həllinə Mülki Məcəllənin 492.1-ci maddəsinin tələbləri baxımından hüquqi qiymət verməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, tərəflər arasındakı münasibətlər təkcə Mülki Məcəllənin 492.1-ci maddəsinin tələbləri baxımından tədqiq edilməməli, cavabdehin mülkiyyətində olmayan evə görə iddiaçı ilə bağladığı beh müqaviləsinin etibarlılığına diqqət yetirilməli, həmin əqdin etibarsızlığı (əhəmiyyətsizliyi) müəyyən edildiyi halda, pulun avans kimi verilməsi və ya əsassız varlanma qaydalarının tətbiqi müzakirə olunmalıdır. Mülki Məcəllənin 491.3-cü maddəsinə görə, müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır. Mülki Məcəllənin 144.1-ci maddəsinin tələblərinə görə daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Barəsində beh müqaviləsi bağlanmış yaşayış evinin daşınmaz əmlakın dövlət reyestri obyekti olması işin mübahisəsiz halıdır. Buna görə də, həmin evə dair sərəncam verilməsi, yəni barəsində bağlanmış beh müqaviləsi notarial qaydada təsdiqlənməlidir. İşdən göründüyü kimi qeyd olunan beh müqaviləsi notarial qaydada təsdiqlənməmişdir. Belə olan halda həmin əqdin etibarlılığından söhbət gedə bilməz. Mülki Məcəllənin 1091.1-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Yenə həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Mülki Məcəllənin 1092.1-ci maddəsinin tələblərinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə kollegiyasının qənaətinə görə, Cavabdeh hazırki mübahisəli iş üzrə əsassız varlanmış şəxsdir. Məhkəmə kollegiyası iddiaçının iddia ərizəsində əsassız varlanma və avansla bağlı normalara istinad etməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, iddia tələbinin hüquqi əsasının müəyyən edilməsi zamanı iddiaçının ərizəsində göstərilənlərə deyil, mübahisənin faktiki hallarına istinad edilməlidir. Belə ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27.08.2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, “...iddiaçı tələblərini tətbiq edilməli olmayan hüquq norması ilə əsaslandırdığı zaman məhkəmə qarşısında hansı hərəkətlərin edilməli olması məsələsi ortaya çıxa bilər. Burada ilk növbədə nəzərə almaq lazımdır ki, iddianın hüquqi əsaslandırılması onun faktiki əsası ilə eyniləşdirilməməlidir. MPM-in 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir (MPM-in 2.1-ci maddəsi). Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin hüquqi mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil”. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmə tərəflər arasında olan əvvəlki məhkəmə mübahisələri üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş halları hazırki iş üzrə üstün hüquqi qüvvəyə malik hal kimi tətbiq edən zamanı MPM-nin 82.3-cü maddəsinin tələblərinə düzgün riayət etməmişdir. Belə ki, qanuni qüvvəsini almış Sumqayıt Apellyasiya Məhkəməsinin 09 yanvar 2020-ci il tarixli, 2(105)- 191/2020 saylı qətnaməsi ilə həmin iş üzrə cavabdeh İddiaçı əqddən əmələ gələn hüququn dövlət qeydiyyatına alınması barədə qarşılıqlı iddiasını məhkəmələr o əsasla rədd etmişlər ki, İddiaçı mübahisəli evin onun adına qeydə alınmasını xahiş etsə də, tərəflər arasında evə dair alqı-satqı müqaviləsi mövcud deyildir. Belə olan halda, yaşayış evinin qarşılıqlı iddia üzrə iddiaçının adına dövlət qeydiyyatına alınması üçün qanunla nəzərdə tutulan əsaslar olmadığından qarşılıqlı iddia tələbi təmin edilə bilməz. Göründüyü kimi, daha əvvəllər məhkəmə həmin tələbi tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmaması əsası ilə rədd etmişlər. Lakin həmin iş üzrə beh müqaviləsinin şərtlərinin kim tərəfindən pozulması, müqavilə bağlanan zaman və müqavilədə şərtləşdirilmiş alğı-satqı müqaviləsinin bağlanması üçün nəzərdə tutulmuş vaxtda mübahisəli evin cavabdehin mülkiyyətində olmaması halları, ümumiyyətlə tərəflər arasında etibarlı beh müqaviləsinin olub-olmaması həmin məhkəmə baxışının predmeti olmamışdır. Tələbin mübahisəli evə görə müqavilədən sonra ödənilmiş pulun qaytarılması hissəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmə bu hissədə düzgün nəticəyə gəlməmiş, iş materiallarında olan sübutları tam, hərətərəfli və obyektiv tətdiq etməmişdir. Birinci instansiya məhkəməsi iş üzrə nəticəyə gələrkən işə əlavə edilmiş qanuni qüvvəsini almış Sumqayıt Apellyasiya Məhkəməsinin 09 yanvar 2020-ci il tarixli, 2(105)- 191/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş hallara düzgün qiymət verməyərək həm MPM-nin 88-ci maddəsinin tələbələrini pozmuş, həm də MPM-nin 82.3-cü maddəsinin tələblərinə riayət edilməmişdir. AR MPM-nin 82.3-cü maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Belə ki, qanuni qüvvəsini almış göstərilən qətnamədə qeyd edilmişdir ki, “...qarşılıqlı iddia üzrə İddiaçı qarşılıqlı iddia ərizəsində və apellyasiya şikayətində Cavabdeh kredit borcuna görə “Kapital Bank” açıq səhmdar cəmiyyətinə ödənişləri terminal vasitəsi ilə ödədiyini göstərmiş və bu barədə olan qəbzləri məhkəməyə təqdim etmişdir. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 26807 saylı, 09 dekabr 2019-cu il tarixli rəyindən görünür ki, 29 mart 2014-cü il tarixli, 166GNUM140880002 saylı kredit müqaviləsi üzrə Cavabdeh tərəfindən 07 noyabr 2018-ci il tarixədək banka 11490,51 manat ödənilmişdir, hazırda qeyd olunan müqavilələr üzrə öhdəlik yoxdur. Rəyin təsviri hissəsindən görünür ki, Cavabdeh tərəfindən “Kapital Bank” açıq səhmdar cəmiyyətinə ödənilmiş 9916,78 manatın 4658,06 manatı kart hesabından, 1989,72 manatı nağd şəkildə “Kapital Bank” açıq səhmdar cəmiyyətinə, 3269 manatı nağd şəkildə Milli Ön vasitəsi ilə ödənilmişdir.” Həmin iş üzrə məhkəmə qarşılıqlı iddia tələbini başqa əsasla (tərəflər arasında notarial qaydada alqı-satqı müüqaviləsinin bağlanmaması əsası ilə) rədd etmiş, lakin İddiaçı tərəfindən ödənişlər edilməsi, həmin ödənişlərlə bağlı qəbzlər təqdim olunması, o cümlədən həmin ödənişlərlə bağlı məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi halları müəyyən edilməsinə baxmayaraq birinci instansiya məhkəməsinin iddiaçı tərəfindən həmin hallarla bağlı hər hansı bir sübutun təqdim edilməməsi barədə gəldiyi qənaət əsassız olmuşdur. İş materialları ilə müəyyən edilir ki, iddiaçı mübahisəli evə görə beh müqaviləsi imzalasa da, həmin müqavilə daha öncə sadalanan səbəblərdən etibarlı sayıla bilməz. Başqa sözlə, iddiaçının ödədiyi 6000 manat hesabına cavabdeh əsassız varlanmışdır. Digər tərəfdən iddiaçı mübahisəli evin əldə edilməsi məqsədilə qarşılqılı razılaşma əsasında cavabdehin xeyrinə kredit müqaviləsi üzrə cəmi 3269 manat ödəniş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli ev son nəticədə iddiaçının mülkiyyətinə keçirilmədiyindən, həmçinin bu əməliyyatın yerinə yetirilməsində cavabdeh də təqsirkar olduğundan (mülkiyyətində olmayan əmlaka sərəncam verdiyindən) həm əsassız əldə edilmiş 6000 manat pul, həm də cavabdehin xeyrinə banka ödənilmiş 3269 manat pul cavabdehdən tutularaq iddiaçıya qaytarılmalıdır. İşin tədqiq edilən hallarından görünür ki, mübahisəli pul məbləği cavabdehin təklif etdiyi, lakin mülkiyyətində olmayan yaşayış evinin iddiaçı tərəfindən əldə edilməsi üçün ödənilmişdir və son nəticədə mübahisəli ev iddiaçının mülkiyyətinə verilməmişdir. Mübahisəli mənzilin əldə edilməsinə görə cəmi 9269 manat pulun həm cavabdehə, həm də onun xeyrinə "xxxx" ASC-yə ödənilməsi, həmin vəsaitin 6000 manat hissəsinin cavabdeh tərəfindən əsassız qəbul edilməsi, 3269 manat hissəsinin isə cavabdehin xeyrinə kredit öhdəliklərinin yerinə yetirliməsi üçün iddiaçı tərəfindən “Milli Ön” terminalı vasitəsilə ödənilməsi və həmin vəsaitdən iddiaçıya pul qaytarılmaması işin mübahisəsiz halıdır. Belə olan halda isə məhkəmə kollegiyası hesab edir ki, həmin məbləğ (6000+3269 manat) cavabdehdən tutularaq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (bax, Makhmudov v. Russia, No. 35082/04, 26 iyul 2007-ci il, § 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (bax, Gavazov v. Bulgaria, No. 54659/00, 06 mart 2008-ci il, § 93). Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, İddiaçı Cavabdeh ona 9269 manat qaytarmalı olmasını sübut edə bilsə də, iddianın qalan hissəsini, sübutetmə yükü onun üzərinə düşməsinə baxmayaraq, öz dəlillərinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir və əsaslı şübhələrdən kənar hər hansı mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki halda iddiaçı həm iddia tələbinin əsası kimi istinad etdiyi halları və həm də apelyasiya şikayətinin dəlillərini qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla qismən sübut edə bilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən yuxarıda sadalanan normaların tələblərinə tam əməl etməmiş, mübahisəyə səhv normaları tətbiq edərək düzgün nəticəyə gəlməmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən iddia ərizəsinin, apelyasiya şikayətinin və kassasiya şikayətinin verilməsi üçün İddiaçı tərəfindən ödənilmiş cəmi 61,20 dövlət rüsumlarının yarısı cavabdehdən tutularaq ona qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 23 sentyabr 2020-ci il tarixli, 2(067)- 31/2020 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia qismən təmin olunsun. Cavabdeh cəmi 9269 manat pul tutularaq İddiaçı ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. İddia ərizəsinin, apelyasiya şikayətinin və kassasiya şikayətinin verilməsi üçün İddiaçı tərəfindən ödənilmiş, cəmi 61,20 manat dövlət rüsumunun yarısı, yəni 30,60 manatı Cavabdeh tutularaq ona qaytarılsın, qalan 30,60 manat hissə onun özünə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-2311/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2311/2021
16.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver