Məhkəmə qərarları › İş №2(105)-2312/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2312/2020

24.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2312/2020 24.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə açıq məhkəmə iclasında, Quba Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(027)-720/2020 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Quba Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(027)-720/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim İlqar Məmmədov) İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, xx xxxx 2015-ci il təvəllüdlü X3 və xx xxxxxxx 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Quba Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılaraq, hazırki qətnamə qanuni qüvvəsini aldığı tarixdən etibarən Cavabdeh hər ay hər uşağa görə 150 manat olmaqla, iki uşağa görə cəmi 300 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmiş, İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin məhkəməyə təqdim edildiyi gündən ona xx xxxx 2015-ci il təvəllüdlü X3 və xx xxxxxxx 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin məbləğinin artırılaraq hər ay hər uşağa 170 manat sabit pul məbləğinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, Quba Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə onun arasındakı nikah pozulmuşdur. Həmin vaxtdan əvvəl, yəni Quba Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli qətnaməsi ilə xx xxxx 2015-ci il təvəllüdlü X3 və xx xxxxxxx 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün ayda hər birinə 136,60 manat aliment təyin olunmuşdu. Hazırda X3 4, X4 3 yaşı vardır. Quba Rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşaqların heç bir tələbatının ödənilməsinə yetmir, uşaqlar bağçaya gedir, məsrəfləri yetərincə artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2020-ci il yanvarın 1-dən hər uşaq üçün 170 manat müəyyən edilmişdir. Cavabdeh hazırda hər uşağa 136,60 manat olmaqla, cəmi 273 manat aliment ödəyir. Bu məbləğ uşaqların bütün qayğısını, ehtiyacını ödəmək üçün yetərli olmadığından müxtəlif şəxslərə böyük məbləğdə borcu yaranmışdır. Buna görə də aliment məbləğinin artırılması barədə iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin kifayət qədər yüksək əmək haqqı almasını və başqa gəlirlərinin olmasını nəzərə alaraq cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər bir uşaq üçün hər ay 170 manata çatdırılmalıdır. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(027)-720/2020 saylı qətnaməsi ilə onun alimentin artırılmasına dair iddiası qismən təmin edilmişdir. Quba Rayon Məhkəməsinin təyin etdiyi alimentin miqdarı 2 azyaşlı övladının tam və hərtərəfli inkişaf etməyi üçün yetərli deyildir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin müvafıq maddələrinə əsasən iddia tam təmin olunmalıdır. İddiaçı apellyasiya şikayətində xx xxxx 2015-ci il təvəllüdlü X3 və xx xxxxxxx 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 170 manat olmaqla, 2 uşağa görə 340 manat sabit pul məbləğində alimentin tutulmasının təmin olunmasını xahiş etmişdir. İddiaçı və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlmədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Cavabdeh ilə İddiaçı nikahından xx xxxx 2015-ci il tarixdə X6 və xx xxxxxxx 2016-cı il tarixdə X7 anadan olmuşlar. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikahın ləğv edilməsi xx xxxxxxx 2018-ci il tarixdə Quba rayon Qeydiyyat şöbəsində 148 sayla qeydə edilmişdir. İş materiallarında olan Quba Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli, 2(027)- 1924/2017 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş,xx xxxx 2015-ci il təvəllüdlü X3 və xx xxxxxxx 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xx xxxxx 2017-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 136,6 manat olmaqla, cəmi 273,2 manat sabit pul məbləğində alimentin və uşaqların 3 yaşına çatanadək saxlanılması ilə əlaqədar 50 manat məbləğində pulun tutularaq İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. “Uşaq hüquqları haqqında” qanunun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” qanunun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına dair 7 saylı protokolun 5-ci maddəsinə əsasən ər-arvad nikaha daxil olmaq və boşanmaq ilə bağlı məsələlərdə öz aralarında və uşaqları ilə münasibətlərdə bərabər hüquqa malikdirlər və bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsinə görə cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Məhkəmə kollegiyası qanunvericiliyin qeyd edilən normalarından çıxış edərək və iş materiallarının araşdırılmasına əsasən belə nəticəyə gəlir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Belə ki, iş materiallarından görünür ki,Quba Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli, 2(027)-1924/2017 saylı qətnaməsinə əsasən xx xxxx 2015-ci il təvəllüdlü X3 və xx xxxxxxx 2016cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xx xxxxx 2017-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 136,6 manat olmaqla, cəmi 273,2 manat sabit pul məbləğində alimentin və uşaqların 3 yaşına çatanadək saxlanılması ilə əlaqədar 50 manat məbləğində pulun tutularaq İddiaçı verilməsi qət edilmişdir. “Azərbaycan Respublikasında 2017-ci il üçün yaşayış minimumu haqqında” qanuna əsasən 2017-ci ildə yaşayış minimumu uşaqlar üçün 136,60 manat məbləğində müəyyən edilmişdir. Quba Rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli, 2(027)-1924/2017 saylı qətnaməsi qəbul edildikdən 2 il 8 ay keçdikdən sonra İddiaçı Quba Rayon Məhkəməsinə müraciət edərək xx xxxx 2015-ci il təvəllüdlü X3 və xx xxxxxxx 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq hər ay hər uşağa 170 manat sabit pul məbləğinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində cavabdehin kifayət qədər yüksək əmək haqqı almasını və başqa gəlirlərinin olmasını göstərsə də, iddia ərizəsinə bu halları təsdiq edən hər hansı bir sənəd əlavə etməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin mənasına görə məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını o vaxt dəyişə, başqa sözlə, artıra bilər ki, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olsun. Həmçinin Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsi ödəmələrin miqdarının artırılması üçün ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən halların dəyişməsini nəzərdə tutur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx xxxx 2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.13-cü bəndində göstərilir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. İş materiallarında tərəflərin ailə və ya maddi vəziyyətində hər hansı dəyişiklik olmasını, həmçinin əvvəlki məhkəmə qətnaməsi ilə alimentin miqdarını müəyyənləşdirən hər hansı halın dəyişməsini təsdiq edən heç bir sübut yoxdur. Yuxarıda qeyd edilənlənlərə əsasən məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan, işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Həmin Məcəllənin 112.1.6-cı maddəsinə görə iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. İşdən görünür ki, İddiaçı artırılmasını tələb etdiyi alimentin məbləği 400,80 manat (170 manat-136,60 manat) x 12 ay) təşkil edir və Azərbaycan Respublikası MPM-nin 404-1-ci maddəsinin tələbinə əsasən hazırki iş üzrə qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Quba Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(027)-720/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Zaur Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar