Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2314/2023 21.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: borc tələbi) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, Quba Rayon Məhkəməsinin e-2(027)-1925/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı ASC Cavabdeh qarşı borcun tutulması tələbinə dair kiçik iddialara dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 0054077AZN11944 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 1336,92 (bir min üç yüz otuz altı manat, doxsan iki qəpik) manat əsas borc, 302,95 (üç yüz iki manat, doxsan beş qəpik) manat faiz borcu, 948,38 (doqquz yüz qırx səkkiz manat, otuz səkkiz qəpik) manat cərimə borcu olmaqla, cəmi 2588,25 (iki min beş yüz səksən səkkiz manat, iyirmi beş qəpik) manat borcun, 41010AZNFK********** saylı kart hesabına əsasən tekniki overdraft əməliyyatı üzrə 177,90 (bir yüz yetmiş yeddi manat, doxsan qəpik) manat əsas borc, 44,77 (qırx dörd manat, yetmiş yeddi qəpik) manat cərimə borcu olmaqla, cəmi 222,67 (iki yüz iyirmi iki manat, altmış yeddi qəpik) manat borcun tutulması, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 49 (qırx doqquz) manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC (bundan sonra “Bank”) ilə Cavabdeh (bundan sonra “Borcalan”) arasında xx.xx.2020-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2020-ci il tarixli 1.1.3 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə GTC24045İB/2020 saylı Razılıq ərizəsi imzalanmışdır. Həmin Razılıq ərizəsinin imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş X2 qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. Daha sonra həmin Ümumi Şərtlər toplusu çərçivəsində 00544077AZN11944 saylı xx.xx.2020-ci il tarixli Maliyyələşdirmə üçün ərizəyə əsasən Borcalana xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 19%, illik cərimə faizi 180% olmaqla 1800 (bir min səkkiz yüz) manat məbləğində istehlak xərcləri məqsədilə birdəfəlik kredit verilmişdir. Lakin borcalan həmin kredit üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir. Kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirmədiyi günlərin 00544077AZN11944 saylı maliyyələşdirmə üçün ərizə üzrə sayı 769 gün, 41010AZNFK********** saylı hesab üzrə texniki overdraft əməliyyatı üzrə isə 728 gün təşkil edir. Bank tərəfindən Borcalana xəbərdarlıq məktubu göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir Borcalanın 15 avqust 2023-cü il tarixinə İddiaçı ASC qarşısında öhdəlikləri aşağıdakı kimidir: 0054077AZN11944 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 1336,92 (bir min üç yüz otuz altı manat, doxsan iki qəpik) manat əsas borc, 302,95 (üç yüz iki manat, doxsan qəpik) manat faiz borcu, 948,38 (doqquz yüz qırx səkkiz manat, otuz səkkiz qəpik) manat cərimə borcu olmaqla, cəmi 2588,25 (iki min beş yüz səksən səkkiz manat, iyirmi beş qəpik) manat təşkil edir; 41010AZNFK********** saylı kart hesabı üzrə texniki overdraft əməliyyatına əsasən 177,90 (bir yüz yetmiş yeddi manat, doxsan qəpik) manat əsas borc, 44,77 (qırx dörd manat, yetmiş yeddi qəpik) manat cərimə borcu olmaqla, cəmi 222,67 (iki yüz iyirmi iki manat, altmış yeddi qəpik) manat təşkil edir. X3 əsasən Kreditin və faizlərin ödənilməsi Müştəri tərəfindən 3 (üç) aydan artıq müddətə gecikdirildikdə, Kreditdən “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan məqsədlər üçün istifadə edilmədikdə və ya Kreditin ümidsiz kreditə çevrilməsi riski ilə bağlı Bankın əsaslı ehtimalları yarandıqda Bank müştəriyə verilən krediti vaxtından əvvəl ləğv edə və/və ya Kredit məbləğini vaxtından əvvəl Müştəridən tələb edə bilər. Eyni zamanda ÜŞT-nin Bank xidmətlərinin göstərilməsi ilə bağlı tərəflərin hüquq və vəzifələrinə dair hissəsinə əsasən Bankın qüvvədə olan tariflərində nəzərdə tutulmuş müvafiq xidmət haqqını Banka ödəmək müştərinin vəzifəsidir. Bundan başqa ÜŞT-nin Ödəniş Kartı bölməsi üzrə Karta dair ümumi məlumatlar bölməsində qeyd edilir ki, Kart üzrə texniki overdraft, yəni Hesabın məzənnə fərqi və ya digər səbəblərdən mənfi balansa keçməsi halı baş verərsə, bu zaman, bu növdən olan kart üzrə Bankın mövcud cərimə faizləri tətbiq olunacaq. Cərimə faizləri möhlət müddəti tətbiq olunmadan, texniki overdraft halının baş verdiyi gündən hesablanmağa başlayır. X3 əsasən Kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Fərdi müştərilərin Maliyyələşdirməsi üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Fərdi müştərilərin Maliyyələşdirməsi üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. İddiaçı ASC iddia ərizəsinin məhkəmə icraatına qəbul olunması üçün 65 (altmış beş) manat dövlət rüsumu ödəmişdir.
3. İdia ərizəsinə qarşı etiraz daxil olmamışdır.
4. Quba Rayon Məhkəməsinin e-2(027)-1925/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin olunmuş, Cavabdeh 0054077AZN11944 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 1336,92 (bir min üç yüz otuz altı manat, doxsan iki qəpik) manat əsas borc, 302,95 (üç yüz iki manat, doxsan beş qəpik) manat faiz borcu, 100 (bir yüz) manat cərimə borcu olmaqla, cəmi 1739,87 (bir min yeddi yüz otuz doqquz manat, səksən yeddi qəpik) manat borcun, 41010AZNFK********** saylı kart hesabına əsasən tekniki overdraft əməliyyatı üzrə 177,90 (bir yüz yetmiş yeddi manat, doxsan qəpik) manat əsas borc, 15 (on beş) manat cərimə borcu olmaqla, cəmi 192,90 (bir yüz doxsan iki manat, doxsan qəpik) manat məbləğində borcun və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 49 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmişdir (hakim Vüqar Seyidov).
5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2020-ci il tarixli 1.1.3 nömrəli versiyasının şərtlərinin qəbul edilməsi barədə GTC-2405İB/2020 saylı razılıq ərizəsi imzalanmış, həmin Razılıq ərizəsini imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş X2 qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul etmiş, həmin topluya daxil olan 0054077AZN11944 saylı xx.xx.2020-ci il tarixli maliyyələşdirmə ərizəsinə əsasən Borcalana xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 19%, illik cərimə faizi 180% olmaqla 1800 manat məbləğdə istehlak krediti verilmiş, Cavabdeh müqavilə öhdəliklərini yerinə yetirməyərək, iddiaçıya 0054077AZN11944 saylı xx.xx.2020-ci il tarixli maliyyələşdirmə ərizəsi üzrə 1336,92 (bir min üç yüz otuz altı manat, doxsan iki qəpik) manat əsas borc, 302,95 (üç yüz iki manat, doxsan beş qəpik) manat faiz borcu yaranmış, ona 948,38 (doqquz yüz qırx səkkiz manat, otuz səkkiz qəpik) manat cərimə borcu, 41010AZNFK********** saylı kart hesabına əsasən tekniki overdraft əməliyyatı üzrə 177,90 (bir yüz yetmiş yeddi manat, doxsan qəpik) manat əsas borc yaranmış, ona 44,77 (qırx dörd manat, yetmiş yeddi qəpik) manat cərimə növündə dəbbə pulu hesablanmışdır. Əsas borc tələbi və faiz barədə iddia əsaslı hesab olunmalıdır. Lakin cərimə hissəsində iddia qismən əsassız hesab olunmalı, uyğun olaraq 100 manat və 15 manat həddində təmin olunmasını ağlabatan və ədalətli hesab edir.
6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 284, 385.1, 425.1, 445.1, 445.2.1, 442, 449.4, 462.1,467, 739-cu, Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı ASC tərəfindən apellyasiya şikayəti verilərək Quba Rayon Məhkəməsinin e-2(027)-1925/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin cərimə borcuna dair hissədə ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsinin e- 2(027)-1925/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi cərimə borcunun tutulmasının təmin edilməyən hissəsində əsassızdır, buna görə də apelyasiya qaydasında baxılmalı və iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə ləğv olunaraq, iddia tələbinin tam təmin olunmasına dair yeni qətnamə çıxarılmalıdır. Krеditin müəyyənləşdirilən qаydаdа ödənilməsini həyata keçirmədiyi günlərin 0054077AZN11944 saylı maliyyələşdirmə üçün ərizə üzrə sayı 769 gün, 41010AZNFK********** saylı ərizə üzrə 728 gün təşkil edir. Odur ki, cavabdehdən müvafiq olaraq 948.38 (doqquz yüz qırx səkkiz manat otuz səkkiz qəpik) manat və 44.77 (qırx dörd manat yetmiş yeddi qəpik) manat məbləğində cərimə borcunun tutulması məhkəmədən tələb edilmişdir. X2 qeyd edilir ki, Kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Fərdi müştərilərin Maliyyələşdirməsi üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Fərdi müştərilərin Maliyyələşdirməsi üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. İş üzrə birinci instansiya məhkəməsi iddia tələbinin əsas borc və faiz borcu hissəsi ilə razılaşsa da, iddiaçı tərəfindən hesablanan cərimə (dəbbə) pulunu yüksək hesab edərək kəskin surətdə azaltmışdır. Məhkəmə cərimə məbləğini azaltdıqda öhdəliyin icrаsının gecikdirilməsi müddətlərini nəzərə almamışdır. Belə ki, cavabdeh tərəfindən 0054077AZN11944 və 41010AZNFK********** saylı maliyyələşdirmə üçün ərizələr üzrə Krеditin müəyyənləşdirilən qаydаdа ödənilməsini həyata keçirmədiyi günlərin sayı müvafiq olaraq 769 gün və 728 gün olduğundan cərimə məbləğinin məhkəmə tərəfindən 948.38 (doqquz yüz qırx səkkiz manat otuz səkkiz qəpik) manat və 44.77 (qırx dörd manat yetmiş yeddi qəpik) manat məbləğində müəyyən edilməsi həmin günlərə mütənasib deyildir. Bu səbəbdən də qətnamə ilə müəyyən edilən cərimə məbləği əsaslı hesab edilə bilməz.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
12. Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
13. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.”
14. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsini yalnız cərimə borcuna dair hissəsində mübahisələndirir. Bu səbəbdən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini cavbabdehdən tutulan cərimə borcunun məbləği hissəsində müzakirə edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
15. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli və Quba Rayon Məhkəməsinin e-2(027)-1925/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
16. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun xx.xx.2020-ci il tarixli 1.1.3 nömrəli versiyasının şərtlərinin qəbul edilməsi barədə GTC- 24045İB/2020 saylı razılıq ərizəsi imzalanmış, həmin Razılıq ərizəsini imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş X2 qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul etmiş, həmin topluya daxil olan 0054077AZN11944 saylı xx.xx.2020-cİ il tarixli maliyyələşdirmə ərizəsinə əsasən Borcalana xx.xx.2022-ci il tarixədək illik faiz dərəcəsi 19%, illik cərimə faizi 180% olmaqla 1800 manat məbləğdə istehlak krediti verilmişdir.
17. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Bildirişdən görünür ki, Cavabdeh borcun ödənilməməsi təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.
18. İş materiallarında olan xx.xx.2023-cüi il tarixli maliyyə arayışından görünür ki, cavabdehin banka borcu 0054077AZN11944 saylı maliyyələşdirmə üçün ərizə üzrə 1336,92 (bir min üç yüz otuz altı manat, doxsan iki qəpik) manat əsas borc, 302,95 (üç yüz iki manat, doxsan beş qəpik) manat faiz borcu, 948,38 (doqquz yüz qırx səkkiz manat, otuz səkkiz qəpik) manat cərimə borcu olmaqla, cəmi 2588,25 (iki min beş yüz səksən səkkiz manat, iyirmi beş qəpik) manat borcun 41010AZNFK********** saylı kart hesabına əsasən tekniki overdraft əməliyyatı üzrə 177,90 (bir yüz yetmiş yeddi manat, doxsan qəpik) manat əsas borc, 44,77 (qırx dörd manat, yetmiş yeddi qəpik) manat cərimə borcu olmaqla, cəmi 222,67 (iki yüz iyirmi iki manat, altmış yeddi qəpik) manat təşkil edir.
19. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən 49 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
20. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, məhkəmə dəbbə pulunun məbləğini azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər.
21. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı bankı cavabdehdən əsas borca görə cərimə borcu tələb etməkdə də haqlı olmuşdur.
22. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədyi və lazımınca icra edilmədyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
23. Bundan başqa dəbbə pulunun ödənilməsini tərəflər müqavilə ilə müəyyən ediblər. 24.0 İş materiallarından görünür ki, iddiaçı təşkilat 0054077AZN11944 saylı maliyyələşdirmə üçün ərizə üzrə 948,38 (doqquz yüz qırx səkkiz manat, otuz səkkiz qəpik) manat cərimə borcu, 41010AZNFK********** saylı kart hesabına əsasən tekniki overdraft əməliyyatı üzrə 44,77 (qırx dörd manat, yetmiş yeddi qəpik) manat cərimə borcu tələb etmiş, birinci instansiya məhkəməsi də düzgün olaraq tələb edilən cərimə məbləğinin yüksək olması qənaətinə gələrək cərimə borcunu müvafiq olaraq 100 və 15 manat məbləğində müəyyən etmiş, gəldiyi nəticəni Mülki Məcəllənin 467-ci maddəsinə istinad edərək əsaslandırmışdır.
25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
26. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, hər hansı müqavilə, o cümlədən kredit müqaviləsi münasibətlərində dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təmin edilməsi üsulu, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır.
27. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi müqavilə üzrə əsas borca görə cərimə borcunun tutulması hissəsində də gəldiyi nəticədə əsaslı olmuşdur.
28. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələr kimi qiymətləndirilməklə əsaslı hesab edilə bilməz.
29. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Quba Rayon Məhkəməsinin e-2(027)-1925/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Quba Rayon Məhkəməsinin e-2(027)-1925/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən şikayət verilə bilməz.