Məhkəmə qərarları › İş №2(105)-2316/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2316/2021

10.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2316/2021 10.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Əliyev Əliağa Vahid oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2168/2021 saylı, 05 may 2021-ci il tarixli qiyabi qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2168/2021 saylı, 05 may 2021-ci il tarixli qiyabi qətnaməsi ilə (hakim R.Qoşqarlı) iddianın təmin edilməsi, Cavabdeh 17050 (on yeddi min əlli) manat məbləğində borcun və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzinin alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək, onun ləğv edilməsini, iddianın isə rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 17050 (on yeddi min əlli) manat borc məbləğinin və 30 (otuz) manat dövlət rüsumunun əvəzinin Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia bununla əsaslandırılmışdır ki, o, Oğuz rayonunun Böyük Söyüdlü kəndində yaşayır. Cavabdeh mal-qara alıb satan şəxs kimi tanımışdır. Cavabdeh dəfələrlə yaşadığı kəndə gələrək onun iştirakı və köməyi ilə həmkəndlilərinin mal-qarasına baxmış, qiymətləşib satın alacağını bildirmişdir. Beləliklə cavabdehlə tanışlıqları yaranmışdır. Cavabdeh tez-tez telefonla ona zəng edib hal-əhval edir, özünü onunla dostluq münasibəti saxlayan şəxs kimi aparırdı, bu davranışı ilə də etibarını qazanmışdı. 2020-ci ilin yayında, Qurban bayramından bir neçə gün əvvəl Cavabdeh ona zəng edərək qurbanlıq heyvan alıb Bakı şəhərinə aparmaq, daha yüksək qiymətə satıb qazanc əldə etmək istədiyini, özünün kifayət qədər pulu olmadığını bildirmiş, ondan borc pul istəmiş, Qurban bayramından sonra pulu qaytaracağını demişdir. O, özündə pul olmadığından, kənddə yaşayan dostu X1 Kazımova pul verməsini xahiş etmiş, pulun qaytarılmasına özü cavabdeh olduğunu bildirmişdir. Həmin gün Rahib onun xahişi ilə Cavabdeh 3800 (üç min səkkiz yüz) manat pul vermişdir. Qurban Bayramından 1-2 gün keçəndən sonra Cavabdeh ona zəng edərək satın almış olduğu heyvanları bazarda sata bilmədiyini, heyvan aldığı şəxslərə borcu qaldığını, imkan daxilində ona yenidən borc pul verməyini xahiş etmişdir. Bu dəfə o, dostu Teymur Safarbekova müraciət edərək Cavabdeh pul lazım olduğunu bildirmiş və həmin şəxs onun xahişi ilə yanında Cavabdeh 8250 (səkkiz min iki yüz əlli) manat pul vermişdir. Bundan 3-4 gün keçdikdən sonra, Cavabdeh bir daha ona zəng edərək Oğuz rayonu, Fadar kəndinə çay içməyə çağırmış, o, Fadar kəndinə gəlmiş, görüşüb çayxanada çay içərkən Cavabdeh problemi olduğunu, “Niva” markalı avtomobilini girov qoyaraq 5000 manat borc istədiyini bildirmiş, kömək etməsini xahiş etmişdir. O, cavabdehə inandığından heç nədən şübhələnmədən Qəbələdən olan dostu Eyzullaya zəng edib ondan 5000 (beş min) manat pul istəmişdir. Birlikdə Qəbələ şəhərinə getmiş, orada dostu Feyruza pula görə onun məsuliyyət daşıdığını bildirərək yanında Fehruza 5000 (beş min) manat pul vermişdir. Bu hesabla dostlarından alaraq Cavabdeh 17050 (min yeddi yüz əlli) manat borc pul vermişdir. Bundan bir neçə gün keçəndən sonra Cavabdeh yenidən 10000 (on min) manat məbləğində borc pul istəmişdir. Bu dəfə o, şübhələnib əvvəl verdiyi pul məbləğlərini ödəməsini tələb etmişdir. Bundan sonra, cavabdeh ona qarşı özünü küsmüş kimi aparmağa başlamış, onunla əlaqəni kəsmiş, telefon zənglərinə cavab verməmişdir. O, 5 dəfə cavabdehin yaşadığı Sumqayıt şəhərinə gedərək cavabdehlə görüşməyə çalışsa da buna nail ola bilməmişdir. Üçüncü dəfə gedəndə atasının evinə gedərək cavabdehi soruşmuş, borc barəsində atasına da demişdir. Cavabdeh atası oğluna özü ilə məsləhət etmədən borc verdiyini deyərək, oğluna görə məsuliyyət daşımadığını bildirmişdir. Cavabdeh ondan qeyd edilən pul məbləğlərini borc aldığını özü də etiraf edir. Bu barədə əlində müəyyən təsdiqedici sübutlar da mövcuddur, həmin sübutları ehtiyac olarsa məhkəmə araşdırılması zamanı təqdim edəcəkdir. Zərurət olarsa, cavabdehin ondan iddia etdiyi məbləği borc almasını bu barədə məlumatı olan şahidlər də məhkəmədə təsdiq edə bilərlər. Nəticədə ona 17050 manat məbləğində maddi ziyan dəymişdir və həmin məbləğ cavabdeh tərəfindən ödənilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh apelyasiya şikayəti bununla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən ona birbaşa pul verilməmiş, onların arasında hər hansı hüquqi münasibət yaranmamışdır. İddiaçı özü də qeyd edir ki, yaranmış 17050 manat borcu Rahib, Teymur və Eyzulla adlı dostlarının verdiyi borcdan yaranmışdır. Belə olan halda, həmin borcun məhz İddiaçı tərəfindən tələb edilməsi əsassızdır və onun bu tələblə bağlı subyektiv hüququ yoxdur. Bu hallara məhkəmə tərəfindən düzgün qiymət verilmədiyindən qətnamə ləğv edilməli, iddia isə rədd olunmalıdır. Apelyasiya baxışı zamanı İddiaçı şikayətlə razılaşmadı və onun rədd edilməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə etdi ki, tələb etdiyi pul məbləği onun dostlarına məxsus olsa da, həmin pulları o, onlardan alıb cavabdehə vermişdir. Onun dostları Cavabdeh tanımırlar, Cavabdeh da onları tanımır. Onların arasında heç bir münasibət olmamışdır. Pulu alıb verən o özü olmuşdur. Hazırda dostları verdikləri pulu geri tələb edirlər. Cavabdeh borcu qaytarmaqdan yayındığı üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Apelyasiya baxışı zamanı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Cavabdeh 25 avqust 2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını, qətnamənin ləğv, iddianın rəd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, işdə iştirak edən iddiaçının izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, habelə işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh 2020-ci ilin yay aylarından başlayaraq bir neçə dəfə İddiaçı ümumi olaraq 17050 manat borc almış, lakin bu borcu qaytarmamışdır. Doğrudur, iddiaçı həmin pulun 3800 manat hissəsinin Rahib, 8250 manat hissəsinin Teymur və 5000 manat hissəsinin Eyzulla adlı tanışlarından alaraq verdiyini bildirir. İşin faktiki hallarından görünür ki, son nəticədə bütün məbləğlər Bəxtiyar tərəfindən Fehruza verilmişdir. Buna səbəb isə daha əvvəllərdən tərəflər arasında tanışlıq və işgüzar münasibətlər olmuşdur. Beləliklə də, işin tədqiq olunan faktiki hallarından görünür ki, cavabdeh müqavilə şərtlərini pozmuş və nəticədə aldığı pulları qaytarmadığından borcu yaranmışdır. İddiaçı hazırda iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 17050 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxan birinci inctansiya məhkəməsi iddianı təmin etmişdir. Qətnamə ilə razılaşmayan cavabdeh şikayət verərək onun iddiaçıya borcunun olmaması əsası ilə onun ləğv edilməsini xahiş etmişdir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Hər şeydən əvvəl, işdən görünür ki, iş üzrə tərəflərin işgüzar münasibətdə olması və tanışlıqları işin mübahisəsiz halıdır. Əsas mübahisə 17050 manat borcun iddiaçı tərəfindən deyil, başqa şəxslər tərəfindən cavabdehə verilməsi, beləliklə də pul tələbi barədə iddiaçının subyektiv hüquqa malik olmaması ilə bağlıdır. Cavabdeh iddiaçıdan deyil, borcu başqa şəxslərdən götürdüyünü bildirir, iddiaçı isə həmin məbləğlərin tanışlarının məhz ona verdiklərini, borcu iddiaçıya məhz o verdiyini iddia edir. Məhkəmə kollegiyası mübahisə üzrə iddiaçının dəlillərini daha inandırıcı hesab edir. Belə ki, işdən görünür ki, cavabdeh Sumqayıt şəhər sakinidir və Oğuz rayonunda yaşayan şəxslərin (3800 manat Rahib, 8250 manat Teymur və 5000 manat Eyzulla) tanımadıqları cavabdehə bu məbləğdə borc vermələri inandırıcı deyildir. Buna görə də, iddiaçı vasitəsilə borcun verilməsi barədə dəlil daha ağlabatandır və məhkəmə kollegiyası hesab edir ki, borc münasibətləri məhz İddiaçıla Cavabdeh arasında yaranmışdır. Başqa sözlə, hazırkı iddianı qaldırmağa İddiaçı subyektiv hüququ mövcuddur və o, tələbində haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İşin tədqiq olunan faktiki hallarına əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, tərəflər borc münasibətlərində olmuş, müxtəlif vaxtlarda götürülmüş borc ödənilmədiyindən cavabdehin tələb olunan borcu yaranmışdır. Cavabdeh iddianı rədd edən heç bir tutarlı dəlil gətirə bilməmişdir. Onun 17050 manat borc məbləğinin iddiaçı tərəfindən şəxsən ona verilməməsi, Rahib, Teymur və Eyzulla adlı şəxslər tərəfindən verildiyini dolayısı ilə etiraf etməsi, tələb edilən borc məbləğinin inandırıcı olmasına dəlalət edir. Bu baxımdan cavabdehin hazırki iddianı vermək üçün iddiaçının subyektiv hüquqa malik olmaması barədə dəlillərini məhkəmə kollegiyası əsassız hesab edir. İş materiallarından aydın olur ki, tərəflər arasında yazılı müqavilə olmamış, bağlanmış şifahi müqavilədə isə müddət müəyyən edilməmişdir. Mülki Məcəllənin 427.2-ci maddəsinin tələblərinə görə əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış şifahi müqavilələrə əsasən, Cavabdeh həmin müqavilələrdə müəyyən edilmiş pulu iddiaçıdan almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilələr əsasında həmin vəsaiti iddiaçıya ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh müqavilələr əsasında iddiaçıdan pul almasına dair hüququndan istifadə etmiş, lakin borcu ödəməli olmasına dair vəzifəsini tam yerinə yetirməmişdir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh iddiaçı qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Onun iddiaçıya müqavilə üzrə öhdəlikləri yerinə yetirmədiyinə görə cəmi 17050 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki,Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apelyasiya şikayətinin verilməsi üçün cavabdehin ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 384.0.3, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2168/2021 saylı, 05 may 2021-ci il tarixli qiyabi qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15,40 manat dövlət rüsumu Cavabdeh özünə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar