Məhkəmə qərarları › İş №2(105)-2319/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2319/2022

01.11.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2319/2022 01.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı istifadə hüquqlarına xitam verilərək mənzildən çıxarılması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3927/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından Cavabdeh1 nümayəndəsi Vəkil2 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 79 saylı mənzilindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 mənzilə istifadə hüquqlarına xitam verilməklə mənzildən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı dəqiqləşmə verərək, Cavabdeh4 cavabdehlər sırasından çıxarmış, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 79 saylı mənzilindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mənzilə istifadə hüquqlarına xitam verilməklə mənzildən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə Cavabdeh1 nümayəndəsi Vəkil2 elektron kabinet vasitəsilə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilkin iddia təlabinin rədd, qarşılıqlı iddia üzrə iddia tələbinin isə təmin edilərək Cavabdeh1 tərəfindən mənzilə çəkilmiş 30.000 manatın İddiaçı alınaraq Cavabdeh1 verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3927/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Cavabdeh1 nümayəndəsi Vəkil2 tərəfindən İddiaçı qarşı mənzilə çəkilmiş xərclərin əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsinin geri qaytarılması qərara alınmışdır (hakim Əfqan Ələkbərov). Qərardaddan Cavabdeh1 nümayəndəsi Vəkil2 şikayət verərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3927/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilməsi, qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə bildirmişdir ki, “qarşılıqlı iddia ərizəsi qanunvericilikdə nəzərdə tutulmuş müddət keçdiyindən, onun verilməsi üçün əsaslar məhkəmə baxışı zamanı əmələ gəlmədiyindən, eləcə də ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmədiyindən və ilkin iddia ilə qarşılıqlı əlaqəsi olmadığından onun məhkəmə icraatı mümkün deyildir. Aşağıda qeyd olunanlara əsasən hesab edir ki, məhkəmənin bu mövqeyi ilə razılaşmaq olmaz. Müddətlə bağlı bildirir ki, qarşılıqlı iddianın verilməsi üçün əsaslar məhz məhkəmə hazırlıq iclasının baxışa təyin edildiyi iclasdan sonra, (Reyestr Xidmətinin 07 sentyabr, 2022-ci il tarixli **********67 saylı məktubunu əldə etdikdən sonra) məhs məhkəmə baxış iclası başlayana qədər yaranmışdır. Məhkəmə hazırlıq iclasının baxışa təyin edilməsi məsələsi müzakirə olunarkən o, şifahi vəsatət verərək reyestr xidmətinə sorğu verdiyini, sorğunun nəticəsindən asılı olaraq həmin cavabı sübut qismində təqdim edəcəyini və bu halın nəzərə alınacağı təqdirdə hazırlıq iclasının baxışa təyin edilməsinin mümkünlüyü barədə rəsmi qaydada məhkəməyə bildirmişdir. Reyestr xidmətinin yuxarıda qeyd olunan məktubunu aldıqdan sonra məlum oldu ki, hazırki mübahisə predmeti olan mənzil İddiaçı 11/853 saylı xx.xx.1988-ci il tarixli orderə əsasən verilmişdir. Bundan cəmi 12 gün sonra yəni Sumqayıt şəhər XDS-nin İK-nın xx.xx.1989-cu il tarixli 1 nömrəli protokolundan çıxarış əsasında ona Sumqayıt şəhəri, 16-cı mkr-da yerləşən 83 a saylı fərdi yaşayış evinə dair qeydiyyat vəsiqəsi verilmişdir. Cavabdehlə o, yeznə qayındır. Həmin dövrdə münasibətləri həddindən artıq yaxşı olmuş, bir evli kimi yaşamışlar. Sumqayıt şəhər XDS-nin İK-nın xx.xx.1989-cu il tarixli, 1 nömrəli protokolundan çıxarış əsasında ona Sumqayıt şəhəri, 16cı mkr-da yerləşən 83 a saylı fərdi yaşayış evi verilərkən qaynı İddiaçı ona verilən mənzillə ona verilən evi dəyişməyi təklif etdi. Bildirdi ki, onun həyət evindən xoşu gəlir, bina evinin 5-ci mərtəbədə yaşamaq istəmir. Ona görə də evlə mənzili dəyişmək istəyir. O, ailə üzvləri ilə məsləhətləşdikdən sonra qərara gəlmişlər ki, bina evinə ailəsi ilə birlikdə köçüb yaşasınlar, həyət evində isə cavabdeh ailəsi ilə birlikdə yaşasın. Beləliklə qarşılıqlı razılığa əsasən evlərini dəyişmişlər. 1989-cu ildən bu günə qədər o, ailəsi ilə birlikdə həmin mənzildə yaşamağa başlayıb. Cavabdeh isə öz ailəsi ilə birlikdə ona məxsus Sumqayıt şəhəri, 16-cı mkr-da yerləşən 83 a saylı fərdi yaşayış evində yaşamağa başladı. Qeyd etdiyi kimi cavabdehlə münasibətləri çox yaxşı olmuşdur. Təxminən 2000-ci ilin axırlarında cavadeh ona Sumqayıt şəhəri, 16-cı mkr-da yerləşən 83 a saylı fərdi yaşayış evini satmaq istədiyini bildirdi və ondan xahiş etdi ki, ev rəsmi qaydada onun adına olduğundan alqı-satqı müqaviləsinə qol çəksin. Cavabdehlə razılığa gəldiyi və ona inandığı üçün heç bir tərəddüd etmədən Sumqayıt şəhəri 3 saylı dövlət notariat kontorunda mənzilin alqı-satqısını həyata keçirib. Mənzilin satışından əldə olunan bütün vəsaiti tam şəkildə cavabdeh götürdü. Daha sonra cavabdeh başqa yerdən özünə mənzil aldı. Bundan sonra da aralarında heç bir problem olmamış, münasibətləri əla olmuşdur. Bu müddət ərzində o dəfələrlə tutulmuş, cinayət məsuliyyətinə cəlb olunmuşdur. Hər dəfə ona kömək etmiş, aralarında narazışılıq olmamışdır. Evi alğı-satqı edəndən 20 il sonra cavadehin ona qarşı iddia qaldırdığı məlum oldu. İlk tələbin qarşılıqlı ödənilməsinə yönəlməməsi ilə bağlı bildirir ki, 34 ilə yaxındır ki, qeyd olunan mənzildə fasiləsiz olaraq yaşayır. Cavabdeh qeyd olunan mənzildə 1 gün belə olsun yaşamamışdır. Bu müddət ərzində mənzil onun tərəfindən 2 dəfə bütövlükdə tam təmir edilmiş, tərəfindən mənzilə 30.000 manatdan çox xərc çəkilmişdir. Çünki həmin mənzildə müvəqqəti yaşamaq yox, daimi olaraq yaşamaq üçün köçüb və o mənzil ona məxsus idi. Özünün və ailəsinin elə həmin yerdə qalacağına ümid etməyinə mane olan heç nə yox idi. Odur ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3927/2022 saylı mülki iş üzrə, 13 sentyabr 2022-ci il tarixli qərardadını ləğv edərək qarşılıqlı iddianın icraata götürülməsi, əks təqdirdə şikayəti baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, şikayəti araşdırıb, hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, qarşılıqlı iddia ərizəsi icraata qəbul edilərək mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsinin qərardadından görünür ki, məhkəmə qarşılıqlı iddia ərizəsinin qanunvericilikdə nəzərdə tutulmuş müddət keçdiyindən, onun verilməsi üçün əsaslar məhkəmə baxışı zamanı əmələ gəlmədiyindən, eləcə də ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmədiyindən və ilkin iddia ilə qarşılıqlı əlaqəsi olmadığından əsası ilə qarşılıqlı iddia ərizəsini icraata qəbul etməmiş, gəldiyi nəticəni də Mülki Prosessual Məcəllənin 155, 156-ci maddəsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanunvericiliyə uyğun hesab etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155.1-ci maddəsinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia işin baxılmasına başlanana kimi verilməlidir. Bu Məcəllənin 155.2-ci maddəsinə əsasən bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra bu Məcəllənin 156.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslarla qarşılıqlı iddianın verilməsinə yol verilmir Həmin Məcəllənin 156.1-ci maddəsinə əsasən qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə; qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa; qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə hakim qarşılıqlı iddianı qəbul edir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddia ərizəsinin qanunvericilikdə nəzərdə tutulmuş müddət keçməsi əsası ilə geri qaytarılması nəticəsinə gəlməkdə də haqlı olmamışdır. İş materiallarından görünür ki, xx.xx.2022, xx.xx.2022-ci il tarixinə hazırlıq iclasları təyin edilmiş, iddiaçı xx.xx.2022-ci il tarixdə iddia ərizəsinə dəqiqləşmə vermiş, bundan sonra xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixinə hazırlıq iclası təyin edilmiş, xx.xx.2022-ci il tarixli qərardadla iş üzrə məhkəmə baxışı xx.xx.2022-ci il tarixinə təyin edilmiş, qarşılıqlı iddia ərizəsi xx.xx.2022-ci il tarixdə məhkəməyə təyin edilmişdir. Bununla da müəyyən edilir ki, qarşılıqlı iddia ərizəsi qanunvericiliklə müəyyən edilmiş müddət ərzində verilmişdir. Bundan başqa məhkəmə qarşılıqlı iddia ərizəsinin ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmədiyindən və ilkin iddia ilə qarşılıqlı əlaqəsi olmadığından geri qaytarılması barədə gəldiyi nəticədə də əsaslı olmamışdır. Belə ki, iddia ərizəsindən görünür ki, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 79 saylı mənzilindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mənzilə istifadə hüquqlarına xitam verilməklə mənzildən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmiş, Cavabdeh1 nümayəndəsi Vəkil2 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəli mənzilə çəkilmiş 30.000 manatın İddiaçı alınmasını xahiş etmişdir. Göründüyü kimi iddiaçı cavabdehlərin mübahisəli ünvan 1 ünvanında yerləşən 79 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməklə mənzildən çıxarılmalarını, Cavabdeh1 qarşılıqlı iddia ərizəsində həmin mənzildə 30 ildir yaşamasını, mənzili iki dəfə əsaslı təmir edərək mənzilə 30000 manat xərc çəkdiyini bildirərək çəkilmiş xərci tələb etmişdir. Bununla da müəyyən olunur ki, qarşılıqlı iddia ərizəsi ilk iddia ərizəsi ilə əlaqəlidir. Həmçinin qarşılqılı iddia ilə ilk iddia arasında qarşılıqlı əlaqənin olması qarşılıqlı iddia ərizsəsinin icraata götürülməsinin yeganə şərti deyil. Qanunvericliyin tələbinə görə onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə hakim qarşılıqlı iddianı qəbul edir. Cavabdehin qarşılıqlı iddiasının icraata qəbul edilməsi həm də bu baxımdan nəzərdən keçirilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsaslı olduğundan şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbacyan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası şikayətin dəlillərini işin materialları üzrə yoxlayıb hesab edir ki, şikayət təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3927/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilməli, mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 264, 398.0.3, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L İ R: Şikayət təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3927/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar