Məhkəmə qərarları › İş №2(105)-2322/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2322/2021

23.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2322/2021 23.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Zümrüd Ruslan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində alimentin artırılması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3081/2021 saylı, 12 aprel 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3081/2021 saylı, 12 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim A.İsmayılov) iddia təmin edilməmişdir. Qətnamədən narazı qalan İddiaçı ondan apelyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3081/2021 saylı, 12 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1425/2020 saylı, 02.03.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş cavabdehin qazancının ¼ hissəsi miqdarında aliment məbləğinin və 50 manat məbləğində maddi yardımın miqdarını dəyişdirərək Cavabdeh 19.10.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanıması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin və uşağın 3 yaşı tamam olana kimi 100 manat məbləğində maddi yardımın tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 06.09.2017-cil tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. Tərəflərin birgə nikahdan 19.10.2019-cu il təvəllüdlü X8 adli bir övladları olmuşdur. Nikahlarının ilk vaxtlarında tərəflərin münasibətləri normal olsa da, sonradan aralarında yaranan mübahisələrdən sonra münasibətləri pisləşmiş və cavabdeh 2019-cu ilin may ayından onu 4 aylıq hamilə vəziyyətdə atasıgilə qoyaraq çıxıb getmişdir. Uzun müddət ayrı yaşadıqdan sonra, iddiaçı nikahın pozulması barədə iddia ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Şəhət Məhkəməsinin 2(060)-1425/2020-ci il tarixli, 02.03.2020-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş, 19.10.2019-cu il təvəllüdlü X3 onun himayəsinə verilməsi və qızlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdehdən qazancının ¼ hissəsi miqdarında alimentin və uşağın 3 yaşı tamam olana qədər hər ay 50 manat məbləğində maddi yardımın tutulması qət edilmişdir. Qətnamə qət edilən gündən aliment cavabdehin əmək haqqına yönləndirilmişdir, lakin cavabdeh ona ay ərzində stabil olaraq aliment ödəmir. Hər ay dəyişkən miqdarda 80-130 manat arası aliment ödəyir. Uşaq azyaşlıdır, günü-gündən böyüyür, ehtiyac və tələbatları artır, buna görə də o, təkbaşına bunu qarşılaya bilmir. Əvvəlki məhkəmə qətnamələri ilə müəyyən olmuş aliment miqdarı da bu günki iqtisadi münasibətlərə uyğun gəlmir. Ödənilən alimentin məbləği uşağın saxlanılması üçün kifayət etmir. O, heç bir yerdə işləmir. Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsəsən bir uşağın minimum yaşayış məbləği 2021-ci il üçün 175 manat təşkil edir. Buna görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur və göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi obyektiv olaraq çıxarılmamış, maddi və prossesual hüquq normalarına əsaslanmamış, MPM-nin 88-ci maddəsinə zidd olmaqla, qanuni və əsaslı deyildir. Məhkəmə mühüm əhəmiyyəti olan faktiki halları aydınlaşdırmamış, tərəflərin mübahisəsini tənzimləyən qanunvericiliyin tələblərinə əməl etməmiş, nəticədə əsassız, qanunsuz və ədalətsiz qətnamə çıxarmaqla tərəflərin bərabərliyi prinsipini pozmuş, cavabdeh tərəfin mövqeyindən çıxış etmişdir. Cavabdehin təqdim etdiyi arayışdan da göründüyü kimi o, ayda 315 manat əmək haqqı alır. Bunun ¼ hissəsi isə 78,75 manat təşkil edir. Bu məbləğin üzərinə 50 manat maddi yardım da əlavə olunarsa, onda cavabdehin hər ay verməli olduğu vəsaitin 130 manat olduğu məlum olur. Lakin cavabdeh hər ay faktiki olaraq 80-90 manat arası pul ödənişi edir. Digər tərəfdən uşağın hazırda 2 yaşı var və 3 yaşında maddi yardımın verilməsi dayandırılacaqdır. Yəni alimentin miqdarı bir az da aşağı düşəcək. Beləliklə də, ödəniləcək aliment uşağın saxlanılmasına kifayət etmir. İşdə olan mötəbər sübutlarla müəyyən olunur ki, cavabdeh "xxxx" MMC-nin adına qeydiyyatda olan avtomoblili idarə edir. Buradan da aydın olur ki, onun gəliləri pis deyil və hər ay 175 manat aliment ödəməyə kifayət edir. Lakin məhkəmə qətnamə qəbul edərkən bu xüsusatlara qiymət verməmiş, yalnız cavabdehin maraqlarını üstün tutmuş və onun mövqeyindən çıxış etmişdir. Buna görə də, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3081/2021 saylı, 12 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia təmin olunmalıdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili X6 şikayəti müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Apelyasiya baxışı zamanı məhkəmə iclasında cavadeh Cavabdeh şikayətlə razılaşmadı və onun rədd edilməsini xahiş etdi. Eyni zamanda Cavabdeh lizinq vasitəsilə “BAİC” markalı avtomobili idarə etdiyini etiraf etdi. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İşdə olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1425/2020 saylı, 02.03.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, Cavabdeh ilə X7 arasında olan Sumqayıt “ASAN xidmət“ mərkəzi qeydiyyat şöbəsində 06 sentyabr 2017-ci il tarixdə bağlanmış və 2493 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahlarından olan yetkinlik yaşına çatmamış 19.10.2019-cu il təvəllüdlü X3 anası X2 himayəsində qalması, Cavabdeh 19.10.2019- cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanıması üçün hər ay aylıq qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında alimentin və 19.10.2019-cu il təvəllüdlü X3 3 yaşı tamam olana qədər hər ay 50 (əlli) manat məbləğində maddi yardımın 22.01.2020-ci il tarixdən başlayaraq tutulub ona verilməsi qət edilmişdir. Yenə işdə olan doğum haqqında AZ-İV 366393 saylı şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından 19.10.2019-cu ildə X8 anadan olmuşdur. Yenə də işdə olan nikahın pozulması haqqında AZ-İ 350935 saylı, 15 may 2020ci il tarixli şəhadətnamənin surətindən görünür ki, tərəflərin nikahı ləğv edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş İR-74/21 saylı, 11.03.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh həqiqətən 16.02.2017-ci il tarixdən "xxxx" MMC-nin X5 qəssab işləyir və aylıq əmək haqqı 315 manat təşkil edir. Yenə iş materiallarında olan AR DİN BDYPİ-nin 17 aprel 2021-ci il tarixli məktubundan görünür ki, baza məlumatlarında Cavabdeh adına nəqliyyat vasitəsi qeydiyyatdan keçmir. “BAİC” markalı, ** PF *** dövlət nömrə nişanlı avtomobil 07.09.2016-cı il tarixdən "xxxx" MMC-nin adına qeydiyyatdadır. MƏHKƏMƏNİN HÜQUQİ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti qismən təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli və iddia qismən təmin edilməlidir. Yaranmış mübahisə üzrə isə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, tərəflər nikaha daxil olmuşlar və birgə nikahdan onların 19.10.2019-cu il tarixdə Leyla adlı uşaqları olmuşdur. Sonradan onların arasındakı nikah pozulmuş və azyaşlı Leyla anasının himayəsinə verilmişdir. Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1425/2020 saylı, 02.03.2020-ci il tarixli qətnaməsilə Cavabdeh ilə X7 arasında olan Sumqayıt “ASAN xidmət“ mərkəzi qeydiyyat şöbəsində 06 sentyabr 2017-ci il tarixdə bağlanmış və 2493 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahlarından olan yetkinlik yaşına çatmamış 19.10.2019-cu il təvəllüdlü X3 anası X2 himayəsində qalması, Cavabdeh 19.10.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanıması üçün hər ay aylıq qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında alimentin və 19.10.2019-cu il təvəllüdlü X3 3 yaşı tamam olana qədər hər ay 50 (əlli) manat məbləğində maddi yardımın 22.01.2020-ci il tarixdən başlayaraq tutulub ona verilməsi qət edilmişdir. Hazırda İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1425/2020 saylı, 02.03.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş cavabdehin qazancının ¼ hissəsi miqdarında aliment məbləğinin və 50 manat məbləğində maddi yardımın miqdarını dəyişdirərək Cavabdeh 19.10.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanıması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin və uşağın 3 yaşı tamam olana kimi 100 manat məbləğində maddi yardımın tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinini İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İİİ hissəsinə görə analıq, atalıq, uşaqlıq qanunla qorunur. Həmin maddənin İV hissəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 3.0.4-cü maddəsinə əsasən ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsini və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsi ailə qanunvericiliyinin ümdə vəzifələri kimi qeyd edilmişdir. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinin tələblərinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Yenə həmin Məcəllənin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İstinad olunan normaların əsas dispozitiv şərtindən göründüyü kimi, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla müəyyən edilir. Eləcə də məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, alimentin müəyyən olunmuş miqdarının dəyişməsi üçün zəruri şərt tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmasıdır. İşin tədqiq olunan faktiki hallarından göründüyü kimi alimentin cavabdehin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması (təxminən 105 manat) iddiaçının marağını əhəmiyyətli dərəcədə pozur, həmin aliment məbləği uşaqlar üçün yaşayış minimumuna uyğun gəlmir. Belə ki, “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” AR Qanununa əsasən 2021-ci il üzrə ölkədə yaşayış minimumu uşaqlar üçün 175 manat müəyyən edilmişdir. Hazırki halda işin tədqiq olunan faktiki hallarından məlum olur ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu dəyişərək artmış, cavabdehin maddi vəziyyətində yaxşılığa doğru müəyyən dəyişiklik olmuşdur. Belə ki, alimentin müəyyən edilməsi barədə əvvəlki mübahisə zamanı onun aylıq əmək haqqı eyni qalsa da, hazırda onun avtomobil idarə edərək (faktiki istifadə) əlavə qazanc əldə etməsi məhkəmə kollegiyasının qənaətinə görə maddi vəziyyətində irəliləyiş kimi qəbul olunmalıdır. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin hər ay ümumilikdə 150 manat sabit məbləğdə alimenti ödəmək imkanının olması şübhə doğurmur. Ona görə də tələbin həmin məbləğdə təmin edilməsi qanuni və əsaslıdır. Buna görə də, iddianın həmin hissədə qismən təmin edilməsi, alimentin miqdarının qeyd olunan sabit məbləğdə təmin edilməsi, yəni müəyyən miqdarda artırlması işin faktiki hallarına uyğundur. İşə baxan məhkəmə bu hallara düzgün qiymət verməmiş, sadəcə cavabdehin əmək haqqının dəyişməməsi əsası ilə İddiaçı sabit məbləğdə aliment tələbini təmin etməməkdə səhv nəticəyə gəlmişdir. Tələbin maddi yardımın tutulması hissəsinə gəldikdə isə, məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Ailə Məcəlləsinin 84.1-ci maddəsinə görə ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2 və 84.2.2-ci maddələrinə əsasən bir-birinə köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad. Qeyd edildiyi kimi, iddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1425/2020 saylı, 02.03.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş 50 manat məbləğində maddi yardımın miqdarını dəyişdirərək Cavabdeh 19.10.2019-cu il təvəllüdlü X3 3 yaşı tamam olana kimi 100 manat məbləğində maddi yardımın tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, uşağın 3 yaşı tamam olanadək maddi yardım kimi müəyyən edilmiş 50 manat yardım tərəflərin maddi vəziyyətinə adekvatdır və onun dəyişdirilməsi üçün əsaslar yoxdur. Ona görə də məhkəmə kollegiyası həmin hissədə iddianın rədd olunması ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. AR MPM-nin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki halda İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları və apelyasiya şikayətinin dəlillərini qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla qismən sübut edə bilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia qismən təmin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3081/2021 saylı, 12 aprel 2021-ci il tarixli qətnaməsi sabit məbləğdə alimentin tutulmaması hissəsində ləğv edilsin və bu hissədə yeni qətnamə çıxarılaraq iddia qismən təmin edilsin. Bu qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1425/2020 saylı, 02.03.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş cavabdehin qazancının ¼ hissəsi miqdarında tutulan aliment məbləği dəyişdirilsin və Cavabdeh 19.10.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanıması üçün hər ay 150 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Maddi yardımın artırılması barədə iddianın təmin edilməməsi hissəsində qətnamə dəyişdirilmədən saxlanılsın. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar