Məhkəmə qərarları › İş №2(105)-2322/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2322/2022

01.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2322/2022 01.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı1 cavabdehlər Sumqayıt şəhəri üzrə İcra Şöbəsinə və Cavabdeh3 MMC-yə qarşı ipoteka predmetinin hərracda satılması nəticəsində əldə olunmuş pul vəsaitinin kredit borcunun ödənilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin icrası istiqamətində Qiymətləndirmə Xidmətinin ipoteka predmetinin yenidən qiymətləndirilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 1840/2012 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadından İddiaçı1 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı1 cavabdehlər Sumqayıt Şəhəri üzrə icra Şöbəsinə və Cavabdeh3 MMC-yə qarşı ipoteka predmetinin hərracda satılması nəticəsində əldə olunmuş pul vəsaitinin kredit borcunun ödənilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin icrası istiqamətində Qiymətləndirmə Xidmətinin ipoteka predmetinin yenidən qiymətləndirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı1 mübahisə predmeti olan Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 7/23-1 saylı qeyri-yaşayış sahəsinin üzərinə həbsin qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(060)-1840/2012 saylı qərardadına əsasən iddianı təmin tədbiri barədə ərizə təmin edilmiş, İddiaçı1 məxsus Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 7/23-1 saylı qeyri-yaşayış sahəsinin üzərinə həbs qoyulmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(060)-1669/2014 saylı qərardadı ilə İddiaçı1 cavabdehlər Sumqayıt Şəhəri üzrə İcra Şöbəsinə və Cavabdeh3 MMC-yə qarşı “qiymətləndirilmə barədə ekspert rəyinin ləğv edilməsi və ipoteka predmetinin qiymətləndirilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. xx.xx.2022-ci il tarixdə maraqlı tərəf Maraqlı şəxs ASC məhkəməyə ərizə ilə müraciət edərək Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(060)-1840/2012 saylı iddianı təmin tədbiri barədə qərardadın ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-1669/2014 saylı qərardadı ilə İddiaçı1 cavabdehlər Sumqayıt Şəhəri üzrə İcra Şöbəsinə və Cavabdeh3 MMC-yə qarşı ipoteka predmetinin hərracda satılması nəticəsində əldə olunmuş pul vəsaitinin kredit borcunun ödənilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin icrası istiqamətində Qiymətləndirmə Xidmətinin ipoteka predmetinin yenidən qiymətləndirilməsi tələbinə dair mülki iş üzrə maraqlı tərəf Maraqlı şəxs ASC tərəfindən verilmiş iddianı təmin etmə tədbirinin ləğv edilməsinə dair ərizə təmin edilərək Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(060)-1840/2012 saylı qərardadının ləğv edilməsi və Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 7/23-1 saylı qeyri-yaşayış sahəsinin üzərinə qoyulmuş həbsin götürülməsi qərara alınmışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-1669/2014 saylı qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-1840/2012 saylı qərardadında yol verilmiş yanlışlıq aradan qaldırılmışdır. Həmin qərardaddan narazı qalan İddiaçı1 şikayət vermiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci i tarixli, 2(060)-1669/2014 saylı qərardadı ilə İddiaçı1 tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. İddiaçı1 xx.xx.2022-ci il tarixdə yenidən şikayətlə məhkəməyə müraciət edərək Sumqayıt Şəhər Məhkəməsinin 29 iyul 2022-ci il tarixli, 2(060)-1840/2012 saylı qərardadının ləğv edilməsi və Maraqlı şəxs ASC-nin ərizəsinin təmin edilməməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-1669/2014 saylı qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçı1 şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə gedişində onun ərizəsi əsasında mübahisəli obyekt üzərinə məhkəmə qərardadı ilə həbs qoyulmuşdur. Cavabdeh bankla aralarında obyektin yenidən qiymətləndirilməsi və pulunun ödənməsi barədə razılıq əldə edildiyi üçün məhkəmə mübahisəsi davam etdrilməsi və iş Sumqayıt Şəhər Məhkəməsinin 2012-ci il tarixli qərardadı ilə baxılmamış saxlandı. 10 il ərzində bankla aralarında obyektin onun tərəfindən alınması barədə danışıqlar davam etmişdir. Cavabdeh bank 2022-ci ildə onun xəbəri olmadan obyekt üzərində olan həbsin götürülməsi barədə ərizə vermiş və məhkəmə də məhkəmənin vaxtı və yeri barədə ona lazımı qaydada bildiriş vermədən və bu bildirişin ona çatdırılması barədə sənəd olmadan həmin ərizəyə baxmış və obyektin üzərindən həbsin götürülməsi barədə qərardad qəbul etmişdir. Belə hesab edir ki, məhkəmənin hazırkı qərardadı prosessual cəhətdən qanunsuz olmuşdur. Belə ki, məhkəmə ərizə üzrə işin baxılmasını xx.xx.2022-ci il tarixə təyin edərək bu barədə bildirişi ona xx.xx.2022-ci il tarixdə göndərmiş və həmin bildiriş ona poçt vasitəsilə xx.xx.2022-ci il tarixdə, məhkəmə iclasından bir gün sonra çatdırılmış və məhkəmə də bu barədə məlumat olmadan işə onun iştirakı olmadan baxmışdır. Bircə bu fakt qərardadın ləğvi üçün əsasdır. Belə ki, əgər məhkəmə onun iştirakını təmin etsəydi, onda bu barədə məlumatları məhkəməyə təqdim edə bilərdi. Bundan əlavə məhkəmə onun iştirakı olmadan işə baxmaqla onun məhkəmədə iştirak hüququnu, ədalətli məhkəmə araşdırması prinsipini pozmuşdur.Ona görə də bu qərardad ləğv edilməlidir. İş materiallarından görünür ki, ******* nömrəli çıxarışa əsasən Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 7/23-1 saylı qeyri-yaşayış sahəsi Maraqlı şəxs ASC-nin mülkiyyətindədir. Məhkəmə kollegiyası şikayətlərin dəlillərini araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-1840/2012 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Barəsində şikayət verilən qərardaddan görünür ki, birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, mülki iş baxılmamış saxlanıldığından qeyri-yaşayış sahəsi üzərinə qoyulmuş həbs götürülməlidir. Məhkəmə gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 157.7, 162.1, 162.2, 162.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni işin hallarına və tətbiq edilən hüquq normalarına uyğun hesab edir. Azərbayсan Respublikası Mülki Prosessual Məсəlləsinin 162.1-сi maddəsinə əsasən müvəqqəti təminat tədbirləri məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin, işdə iştirak edən şəxslərin, yaxud işdə iştirak etməyə сəlb edilməyən, lakin qəbul edilən qərardad onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin ərizəsi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 162.4-cü maddəsinə əsasən iddia təmin edildikdə müvəqqəti təminat tədbirləri məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 162.3-cü maddəsinə əsasən iddia rədd edildikdə, baxılmamış saxlanıldıqda və ya iş üzrə icraata xitam verildikdə məhkəmənin tətbiq etdiyi müvəqqəti təminat tədbiri məhkəmə aktı qanuni qüvvəyə minənə qədər saxlanılır. Məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra, müvəqqəti təminat tədbirinin ləğv edilməsi haqqında qərardad çıxara bilər. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi müvəqqəti təminat tədbiri barədə qərardadı ləğv etməkdə haqlı olmuşdur. Belə ki, iş materialları ilə müəyyən edilir ki, üzərinə həbs qoyulmuş Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 7/23-1 saylı qeyri-yaşayış sahəsi ******* nömrəli çıxarışa əsasən Maraqlı şəxs ASC-nin mülkiyyətindədir. İş materiallarından müəyyən edilir ki, hazırki mübahisə üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(060)-1669/2014 saylı qərardadı qəbul edilmiş və həmin qərardadla İddiaçı1 cavabdehlər Sumqayıt Şəhəri üzrə İcra Şöbəsinə və Cavabdeh3 MMC-yə qarşı “qiymətləndirilmə barədə ekspert rəyinin ləğv edilməsi və ipoteka predmetinin qiymətləndirilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Göründüyü kimi, qanunvericiliyə əsasən iddia rədd edildikdə, baxılmamış saxlanıldıqda və ya iş üzrə icraata xitam verildikdə məhkəmənin tətbiq etdiyi müvəqqəti təminat tədbiri məhkəmə aktı qanuni qüvvəyə minənə qədər saxlanılır. Hazırki gündə məhkəmənin xx.xx.2014-cü il tarixli, 2(060)-1669/2014 saylı qərardadı qanuni qüvvəsindədir. Bu səbəbdən də məhkəmə haqlı olaraq müvəqqəti təminat tədbiri barədə öz qərardadını ləğv etmiş, qeyri-yaşayış sahəsinin mülkiyyətçisi olan Maraqlı şəxs ASCnin ərizəsi əsasında əmlak üzərinə qoyulmuş həbsi götürmüşdür. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi müvəqqəti təminat tədbiri barədə qərardadı ləğv etməsi barədə gəldiyi nəticədə haqlı olmuşdur. Məhkəmə kollegiyası şikayətin dəlillərinə qiymət verərək hesab edir ki, məhkəmə qeyd edilən məsələyə baxılmasına dair məhkəmə iclasının xx.xx.2022-ci il tarixinə təyin edilməsi ilə əlaqədar məhkəmə bildirişini xx.xx.2022-ci il tarixdə iş üzrə tərəflərə göndərmişdir. Həmçinin iddiaçı ilə bank arasında razılıq əldə olunacağı barədə dəlilə qiymət verərək qeyd edir ki, iddiaçının şikayətindən də göründüyü kimi, bankla onun arasında 10 ilə yaxındır razılıq əldə edilməsi ilə əlaqədar danışıqlar getdiyini bildirmişdir ki, bu da 10 ilə yaxın müddətdə hər hansı razılığın əldə olunmadığı halda hazırki gündə də razılıq əldə olunması ağlabatan sayılmır. Bu səbəbdən də şikayətdə göstərilən dəlillər formal mülahizələr kimi qəbul edilməklə əsassız sayılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1840/2012 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1840/2012 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. İddiaçı1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərarddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar