Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2323/2021 08.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Ağayeva Elnarə Nəriman qızının katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 10 fevral 2021-ci il tarixli 2(060)-1744/2021-001 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 10 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakim E.Abdullayev) iddia tələbinin təmin edilməsi, 726 manat əsas borc, 108,9 manat cərimə olmaqla, ümumilikdə 834 (səkkiz yüz otuz dörd) manat 90 (doxsan) qəpik borc və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 726 manat borcun, 108,9 manat cərimə borcunun, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0,40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən, cavabdeh 2185 manat dəyərində nisyə aldığı malın 300 manatını ilkin ödəniş olaraq ödəmiş, qalıq 1885 manatını müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 12 ay müddətində ödəməyi öhdəsinə götürüb. İddiaçı ilə X5 arasında imzalanan faktorinq müqaviləsi və ona əlavə olunan sazişə əsasən X3 cavabdehə qarşı olan 1885 manat məbləğindəki tələb hüququ iddiaçıya keçmişdir. Eyni zamanda tələb hüququnun iddiaçıya keçməsi barədə nisyə alqı-satqı müqaviləsi üzrə alıcıya müvafiq bildiriş təqdim edilmişdir. Cavabdeh sonuncu dəfə 22.11.2020-ci ildə ödəniş etmişdir. Cavabdehin bugünə 726 manat əsas borcu, 108,9 manat cərimə borcu yaranıb. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 10 fevral 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayət verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə əsassızdır. İşə baxılarkən ciddi araşdırma aparılmamış, formal mülahizələr əsasında qətnamə çıxarılmışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını, məruzəçini və tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 10 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini cavabdehin müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməməsi, onun iddiaçının qarşısında icra edilməmiş kredit öhdəliklərinin olması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin nəticəsindən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. İş üzrə X5 ilə cavabdeh arasında bağlanmış 18.11.2019- cu il tarixli, CLK000031 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 2185 manat dəyərində nisyə aldığı malın 300 manatını ilkin ödəniş olaraq ödəmiş, qalıq 1885 manatını müqaviləyə əlavə olan Ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 12 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə 1 nömrəli Əlavəyə əsasən cavabdeh 12 ay müddətində hər ay 158 manat, sonuncu ay isə 147 manat ödəniş etməli idi. İş üzrə 18.11.2019-cu il tarixli təhvil-təslim aktına əsasən cavabdeh alqı-satqı qiyməti 2185 manat olan əşyanı Elnur Qəmbərovdan qüsursuz vəziyyətdə təhvil almışdır. İş üzrə 04.10.2019-cu il tarixli, R-194/19 saylı faktorinq müqaviləsi və ona əlavə olunan sazişə əsasən X5 tələbetmə hüquqlarını iddiaçıya güzəşt etmişdir. İş üzrə 08.12.2020-ci il tarixinə olan hesabdan çıxarışa əsasən cavabdehin əsas borc üzrə 726 manat, cərimə borcu üzrə 108,9 manat məbləğində borcu qalmışdır. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Azərbaycan Respublikası Konstitusiyasının 26 və 60-cı maddələrinin İ hissələri). Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır (Mülki Prosessual Məcəllənin 2.1. maddəsi). İşdən görünür ki, iddiaçı ilə Cavabdeh arasında nisyə alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilə üzrə iddiaçı üzərinə düşən öhdəliyi icra edərək müqavilə ilə müəyyənləşdirilmiş əşyanı cavabdehə vermiş, lakin cavabdeh tərəf müqavilə üzrə öhdəliyi lazımınca icra etmədiyinə görə "xxxx" MMC qarşısında müqavilədən irəli gələn öhdəliyin icra edilməməsinə görə məsuliyyəti yarandığını əsas gətirərək müqavilə üzrə öhdəliyin icrasının təmin edilməsindən ötrü iddia tələbi ilə məhkəməyə müraciət etmiş, iddia tələbi təmin edilmiş, cavabdeh həmin nəticəni mübahisələndirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1. maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4. maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn: pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır (Mülki Məcəllənin 385.1 maddəsi). Maddənin məzmununa görə öhdəliyin predmeti pulun ödənilməsi, əmlakın verilməsi, işin görülməsi, xidmətlərin göstərilməsi və ya müəyyən hərəkətlərdən çəkinmək kimi konkret hərəkət və ya hərəkətsizlik təşkil edir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd etmək lazımdır ki, mülki hüquq məsuliyyətin yaranma əsaslarından biri də iki tərəfin iradə ifadəsi olan müqavilədir. Cavabdeh qeyd olunan müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etmədiyindən, müqavilənin tərəfi olan iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olunduğundan, həmin müqavilə üzrə cavabdehin ödəməli olduğu pulu ondan tələb etməkdə haqlı olmuşdur. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizədən ibarət olmaqla, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Buna görə də apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 404-1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, iddianın qiyməti iki min manatdan az olduğundan, yuxarıda qeyd olunan maddənin tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 10 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2323/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2323/2021
08.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver