Məhkəmə qərarları › İş №2(105)-2324/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2324/2020

16.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2324/2020 16.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X6, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə Qubadlı Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(028)-28/2020 saylı qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı1 ASC-nin X1 Fondunun nümayəndəsi F.A.Əliyevin verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Qubadlı Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(028)-28/2020 saylı qətnaməsi ilə (hakim V.Y.Ruvinov) iddiaçı ləğv prosesində olan İddiaçı1 ASC-nin X1 Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddia tələbi rədd edilmiş və aparılmış ekspertiza tədqiqatın dəyəri olan 140 manat pulun iddiaçı ləğv prosesində olan İddiaçı1 ASC-nin X1 Fondundan VÖEN-********** heablaşma heabı-H/h: AZ66AİİB********************9, Kapital Bank ASC-nin Nərimanov filialı, kod: 200093, VÖEN **********1, S.W.İ.F.T.A.İİBAZ2X, M\h:AZ37NABZ**********000001944) hesabına keçirilməsi qət edilmişdir. Qubadlı Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(028)-28/2020 saylı xüsusi qərardadı ilə İddiaçı1 ASC və Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-ci il tarixli kredit, Cavabdeh2 və zaminlik müqavilələrinin bağlanması zamanı İddiaçı1 ASC-nin əməkdaşlarının əməlində Azərbaycan Respublikası CM-nin 308.1 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin əlamətləri mövcud olduğuna görə X7 məlumat verilməsi qərara alınmışdır. İddiaçı Ləğv prosesində olan “xxxxxxxx” ASC-nin X1 Fondunun nümayəndəsi F.A.Əliyev apelyasiya şikayəti verərək Qubadlı Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(028)- 28/2020 saylı qətnaməsinin ləğv edilib, iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı ləğv prosesində olan İddiaçı1 ASC-nin X1 Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, xx.xx.2014-cü il tarixdə İddiaçı1 ASC və Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədi ilə 24 ay müddətinə, illik 24 faiz olmaqla, 3500 (üç min beş yüz) manat məbləğində kredit verilmişdir. Cavabdeh1 müqavilə üzrə öhdəliyinin icrasının təmin edilməsi üçün Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanılmışdır. Ləğv prosesində olan İddiaçı1 ASC tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq borclu tərəfindən bu günədək borcun ödənilməsi üçün heç bir tədbir görülməmişdir. Ona görə də, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada kredit müqaviləsinə əsasən 3393 manat əsas borc, 1081,69 manat faiz borcu, müddəti bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən hesablanan 479,87 manat borcu olmaqla, cəmi 4954,56 manat və 30 manat ödənilmiş dövlət rüsumunun ləğv prosesində olan İddiaçı1 ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİNDƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHATİ: İddiaçı Ləğv prosesində olan “xxxxxxxx” ASC-nin X1 Fondunun nümayəndəsi F.A.Əliyev apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Qubadlı Rayon Məhkəməsi xx xxx 2020-ci il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1, 425.2-ci maddələrinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının və Azərbaycan Respublikasi Konstitusiya məhkəməsi plenumunun xx xxxx 2013-cü il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair qərarlarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, birinci instansiya məhkəməsi iddia tələbinin rədd olunması barədə qətnamə qəbul etdikdə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 2722 saylı məhkəmə-xətşünaslıq ekspertizasının rəyinə əsaslanmışdır. Həmin rəy ilə kredit müqaviləsində imzaların Cavabdeh1 tərəfindən icra edilməməsi müəyyən edilmişdir. Bu zaman birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsini nəzərə almamışdır. Qeyd olunan maddənin məzmuna əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Bank tərəfindən iddia tələbinin əsası kimi tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin cavabdeh tərəfindən kredit borcunun ödənilməsi öhdəliyin pozulması təşkil edir. İddiaçının hazırkı iddia tələbi haqlı tələb olmaqla kreditor kimi öhdəliyin icrasını və vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmə hüququnda irəli gəldiyindən iddia tələbi təmin olunmalı və kredit müqaviləsi üzrə borc cavabdehlərdən müşrərək qaydada tutulmalıdır. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apelyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada iddiaçı ləğv prosesində olan İddiaçı1 ASC-nin X1 Fonduna məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-ha¬ki¬min məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddiaçının verdiyi apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi ona münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı1 ASC və Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədi ilə 24 ay müddətinə, illik 24 faiz olmaqla, 3500 (üç min beş yüz) manat məbləğində kredit verilmişdir. İddiaçı1 ASC və Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsinə əsasən borcalan Cavabdeh1 bank qarşısında öz öhdəliklərinin tamamilə icra etməsi üçün məsuliyyəti Zamin öz üzərinə götürmüşdür. Azərbaycan Respubliksı Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 2722 saylı rəyi ilə ekspertizaya təqdim edilmiş, mülki işin 8-10-cu vərəqələrində İddiaçı1 ASC və Cavabdeh1 adlarından olan xx xxxxxx 2014-cü il tarixli 285/08 saylı kredit müqaviləsində 4 ədəd «Borcalan» qrafalarındakı imzalar - Cavabdeh1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: öhdəliyin onun icrası ücün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) ücün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə kollegiyası nəzərə alır ki, iddiaçı ləğv prosesində olan İddiaçı1 ASC-nin X1 Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 öhdəliyinin mövcudluğunu təsdiqi kimi təqdim etdiyi xx.xx.2014-cü il tarixli, 285/08 saylı kredit müqaviləsində olan imza əsas borclu tərəfindən icra olunması Azərbaycan Respubliksı Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 2722 saylı rəyi ilə təkzib olunmuşdur. Belə olan halda nəzərə alınmalıdır ki, tərəflər arasında müqavilə bağlanmamışdır və tərəflər qarşılıqlı olaraq hər hansı öhdəlik daşımırlar. Belə bir müqavilə olmadığı üçün Cavabdeh1 iddiaçı ləğv prosesində olan İddiaçı1 ASC-nin X1 Fondu tərəfindən iddia olunan pul məbləği ilə bağlı iddiaçı qarşısında hər hansı öhdəlik daşımır. Tərəflər arasında yaranmış mübahisə üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutlarla öz təsdiqini tapmayıb, toplanmış sübutlarla təkzib olunmuş və apelyasiya şikayətinin dəlilləri sübuta yetirilməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin iddiaçıya münasibətdə apelyasiya qaydasında dəyişdirilmədən, apelyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də, apelyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Ləğv prosesində olan “xxxxxxxx” ASC-nin X1 Fondunun nümayəndəsi F.A.Əliyevin verdiyi apelyasiya şikayəti təmin edilməsin. Qubadlı Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(028)-28/2020 saylı qətnaməsi iddiaçı Ləğv prosesində olan “xxxxxxxx” ASC-nin X1 Fondunun apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar