Məhkəmə qərarları › İş №2(105)-2330/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2330/2022

05.12.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2330/2022 05.12.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədov Zaur İkram oğlu (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı BOKT MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən çıxarılma tələbinə dair iş üzrə Abşeron Rayon Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli, 2(012)-1085/2020 nömrəli qətnaməsindən Cavabdeh1 apellyasiya şikayəti üzrə işə baxaraq, müəyyənetdi: İddiaçı BOKT MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı BOKT MMC-yə məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması və ailə üzvlərinin həmin evi boşaltması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi əvvəllər Cavabdeh1 məxsus olmuş, xx.xx.2006-cı il tarixli 04212/06 saylı ipoteka müqaviləsinə xx.xx.2009-cu il tarixli 1 saylı əlavəsinə əsasən girov qoyulmuş və xx.xx.2009-cu il tarixli 35902/09 saylı kredit müqaviləsinin təminatı kimi çıxış etmişdir. Öhdəlik yerinə yetirilməmiş, Yasamal Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(004)1581/2011 saylı qətnaməsinə əsasən tutma Cavabdeh1 məxsus təminat kimi ipotekaya qoyulmuş əmlaka- ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilmişdir. Təşkilat tərəfindən həmin əmlak açıq hərracda satın alınmışdır. Bunu təsdiq edən müvafiq çıxarış və texniki pasport da var. Bütün bunlara baxmayaraq cavabdehlər hələ də həmin yaşayış sahəsini tərk etməməklə ona qeyri-qanuni sahibliyi həyata keçirirlər. Odur ki, onların həmin ünvandan çıxarılması üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Abşeron Rayon Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli, 2(012)-1085/2020 nömrəli qətnaməsi ilə (hakim Cəmilə Səfiyeva) iddia tələbinin təmin edilməsi, İddiaçı BOKT MMC-yə məxsus olan Abşeron rayonu, Saray qəsəbəsi, V.Axundov küçəsində yerləşən fərdi yaşayış evindən Cavabdeh1 və Cavabdeh2 çıxarılması və ailə üzvlərinin həmin evi boşaltması qət edilmişdir. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: "xxxx" BOKT MMC ilə xx.xx.2006-cı il tarixdə, 04212/06 saylı ipoteka müqavilsi bağlamışdır. Nisiyə Alğı-satqı müqaviləsinin bağlanılmasına dair ilkin razılaşma haqqında "xxxx" MMC ilə arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilənin 4-cü bəndinə əsasən alıcı, yəni cavabdeh həmin razılaşma ilə əlaqədar nəzərdə tutulmuş öhdəlikləri tam yerinə yetirdikdən sonra 1-ci bənddə qeyd edilmiş fərdi yaşayış evinin, yəni Abşeron rayonu, Saray qəsəbəsi, V.Axundov küçəsi, ev 10 A ünvanında yerləşən evin ona satılması ilə bağlı nisiyə alğısatqı müqaviləsi bağlanılacaqdır. Nəzərə alınsa ki, həmin qayda müqavilənin 4-cü bəndində qeyd edilmişdir, həmin bənddə qeyd edilmiş “həmin razılaşma ilə əlaqədar nəzərdə tutulmuş öhdəliklər” söz birləşməsi məhz həmin bəndə qədər olan bəndlərdə nəzərdə tutulmuş müddəaları nəzərdə tutur. Belə ki, müqavilənin 1-ci bəndinə əsasən “tərəflər razılaşırlar ki, “Satıcının” mülkiyyətində olan, Abşeron rayonu, Saray qəsəbəsi, V.Axundov küçəsi, ev 10 A ünvanında yerləşən fərdi yaşayış evinin alğı-satqısı üçün gəlcəkdə nisiyə alğı-satqı müqaviləsi imzalayacaqlar”. 2-ci bəndə əsasən “Abşeron rayonu, Saray qəsəbəsi, V.Axundov küçəsi, ev 10 A ünvanında yerləşən fərdi yaşayış evinin dəyəri tərəflərin qarşılıqlı razılaşmasına əsasən 55000 (əlli beş min) manat müəyyən edilir. 3-cü bəndə əsasən alıcı beh olaraq satıcıya 55000 manatı satıcıya bu şərtlərlə ödəyir: a) Alıcı İİİ yarımbənddə qeyd edilən beh məbləğinin 1500 (min beş yüz) manat hissəsini bu Razılaşma imzalandığı gün satıcıya ödəyir. b) Alıcı beh məbləğinin qalıq 4000 dröd) min) manat hissəsini, növbəti ayın 9-dan etibarən, hər ay 500 (beş yüz) manat olmaqla 8 ay ərzində satıcıya ödəyir. Məhz bu bəndlərdə nəzərdə tutulmuş öhdəlikləri vaxtlı-vaxtında yerinə yetirməsinə baxmayaraq İddiaçı MMC müqavilənin 4-cü bəndində nəzərdə tutulmuş şərtlərə əməl etməmiş və həmin ünvanda yerləşən fərdi yaşayış evinin nisiyə alğı-satqı müqaviləsi bağlamamışdır. Əksinə, İddiaçı MMC müqavilə şərtlərinə əməl etməməsinə baxmayaraq üstəlik də onun və ailəsinin həmin yaşadığı ünvandan çıxarılması barədə məhkəməyə müraciət etmişdir. Tərəflərin izahatları: Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq, cavabdehlərin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən Cavabdeh1 apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 22 sentyabr 2020-cu il tarixli, 2(012)-1085/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. İş materiallarında olan 204212/06 nömrəli, 04 oktyabr 2006-cı il tarixli ipoteka müqaviləsinə 1 saylı 21 iyul 2009-cu il tarixli əlavə sazişdən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi öhdəliyin yerinə yetirilməsinin təmini üsulu kimi ipotekaya verilmişdir. İş materiallarında olan Yasamal Rayon Məhkəməsinin 12 aprel 2011-ci il tarixli 2(004)-1581/2011 saylı qətnaməsi ilə qət edilmiş ödəniləsi pul məbləği barədə tutmanın ipoteka qoyulmuş Abşeron rayonu, Saray qəsəbəsi, V.Axundov küçəsində istifadədə olan 0.01713 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 7 otaqlı, 195.8 kv.m yaşayış, 171.3 kv.m köməkçi sahəsindən ibarət 10A nömrəli fərdi yaşayış evinə yönəldilməsi müəyyən edilmişdir. İş materiallarında olan AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* saylı çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı BOKT MMC-yə məxsusdur. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və Mülki Məcəllənin 152, 153-4, 157.2, 157.4-cü maddələrinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnamə üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 153-4-cü maddəsinə əsasən, bütün mülkiyyətçilərin hüququ eyni bərabər müdafiə edilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Cavabdehin apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında nisyə alqı-satqı müqaviləsinin bağlanmasına dair xx.xx.2020-ci il tarixli ilkin razılaşma olmuş, cavabdeh həmin müqavilə üzrə öhdəliklərini yerinə yetirsə də, iddiaçı onunla nisyə alqı-satqı müqaviləsi bağlamamış, əksinə hazırki tələblə məhkəməyə müraciət etmişdir. İş materiallarında olan iddiaçı ilə cavabdeh arasında nisyə alqı-satqı müqaviləsinin bağlanmasına dair xx.xx.2020-ci il tarixli ilkin razılaşmanın 1-ci bəndinə əsasən tərəflər razılaşırlar ki, “Satıcının” mülkiyyətində olan, Abşeron rayonu, Saray qəsəbəsi, V.Axundov küçəsi, ev 10 A ünvanında yerləşən fərdi yaşayış evinin alğı-satqısı üçün gəlcəkdə nisiyə alğı-satqı müqaviləsi imzalayacaqlar”. 2-ci bəndinə əsasən “Abşeron rayonu, Saray qəsəbəsi, V.Axundov küçəsi, ev 10 A ünvanında yerləşən fərdi yaşayış evinin dəyəri tərəflərin qarşılıqlı razılaşmasına əsasən 55000 (əlli beş min) manat müəyyən edilir. 3-cü bəndinə əsasən alıcı beh olaraq satıcıya 55000 manatı satıcıya bu şərtlərlə ödəyir: a) Alıcı İİİ yarımbənddə qeyd edilən beh məbləğinin 1500 (min beş yüz) manat hissəsini bu Razılaşma imzalandığı gün satıcıya ödəyir. b) Alıcı beh məbləğinin qalıq 4000 dröd) min) manat hissəsini, növbəti ayın 9-dan etibarən, hər ay 500 (beş yüz) manat olmaqla 8 ay ərzində satıcıya ödəyir. Müqavilənin 5-ci bəndinə əsasən, tərəflər razılaşırlar ki, alıcı bu razılaşma üzrə öhdəliyini yerinə yetirmədikdə (ödəniş məbləğini 3 gündən artıq müddətə gecikdirdikdə) Satıcı bu razılaşmaya birtərəfli qaydada xitam verir. Apellyasiya baxışı zamanı cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı iddiaçının nümayəndəsi məhkəmə kollegiyasına xx.xx.2021-ci il tarixli X1 tərəfindən banka ünvanlanmış ərizəni təqdim etdi və qeyd etdi ki, tərəflər arasında ilkin razılaşma olsa da, cavabdeh tərəfindən həmin razılaşmanın şərtlərinə əməl edilməmişdir, bu səbəbdən bank tərəfindən razılaşmaya ilkin razılaşma şərtlərinə müvafiq olaraq xitam verilmişdir. Həmin ərizənin məzmunu ilə müəyyən olunur ki, tərəflər arasında nisyə alqı-satqı müqaviləsi ilə bağlı ilkin razılaşma olmuş, lakin X1 tərəfindən ödəmələrdə gecikmələr olmuşdur. Ərizə ilə bankdan yeni nisyə alqı-satqı müqaviləsi bağlanması xahiş olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsi mübahisələndirilən qətnamə üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Cavabdeh1 apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 22 sentyabr 2020-cu il tarixli, 2(012)-1085/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1, 393, 402.1, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qətetdi: Сavabdeh Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 22 sentyabr 2020-cu il tarixli, 2(012)-1085/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar