Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2331/2021 26.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X6 Tağızadənin sədrliyi və məruzəsi, X2 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh və X1 qarşı müqavilənin ləğv edilməsi və avtomobil tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 05 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 05 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim A.İ.İsmayılov) İddiaçı MMC-nin cavabdehlər Cavabdeh və X1 qarşı «müqavilənin ləğvi edilməsi və avtomobil tələbinə» dair iddia tələbinin rədd edilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı MMC cavabdehlər Cavabdeh və X1 qarşı «müqavilənin ləğvi edilməsi və avtomobil tələbinə» dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 29 yanvar 2019-cu il tarixli, 2841.A saylı alqı-satqı müqaviləsinin 2.6. 5.1.2, 5.1.3,5.1.4 bəndlərində göstərilən şərtlərin cavabdeh tərəfindən pozulduğu üçün müqavilənin ləğv edilməsi, müqavilənin ləğvi ilə bağlı sonrakı nəticələrin etibarsız sayılması, həmin avtomobilin İddiaçı MMC-yə təhvil verilməsi, yararsız hala düşdüyü halda vurulmuş zərərin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Vergilər Nazirliyində qeydiyyatdan keçmiş Nizamnamə əsasında fəaliyyət göstərən “SİRENA“ MMC ilə ünvan 1 ünvanında qeydiyyatda olan X7 arasında 29 yanvar 2019-cu il tarixində, 2841.A nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə İddiaçı MMC-nin mülkiyyətində olan “BAİC M20 AT UNİVERSAL markalı, BAN №LNBMDLAF0HR903169 tünd göy, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh ikin ödəniş etməklə İddiaçı MMC ilə alqı-satqı müqaviləsi bağlamışdır. Cavabdeh ödənilməmiş 16308 manat hissəsini isə 29 yanvar 2021-ci il tarixədək hissəhissə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə imzaladığı gündən İddiaçı MMC-in hesabına ayrı-ayrı vaxtlarda cəmi 1720 manat ödəmişdir. 16 avqust 2019-cu il tarixdə İddiaçı MMC-nin əməkdaşına pulun yerdə qalan bütün hissəsini onun tərəfindən tam ödəniş etdiyini deyərək, ondan arayış almışdır. “SİRENA“ MMC-nin mülkiyyətində olan **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobili 19.08.2019-cu il tarixdə qeydiyyatdan çıxarmışdır. Cavabdeh 12.11.2019-cu ildə D.M.Əliyevanın adına alqı-satqı müqaviləsi bağlayaraq yeni **-DP-*** dövlət qeydiyyat nişanı almışdır. İddiaçı MMC-nin mülkiyətində olan **-PN-*** qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə yeni **-DP-*** dövlət qeydiyyat nişanı almaqla avtonəqliyyat vasitəsini qanunsuz olaraq özgənikiləşdirmişdir. Cavabdeh İddiaçı MMC tərəfindən dəfələrlə avtomobilə ödənilməmiş pul vəsaitinin cəmiyyətin hesabına ödənilməsini yazılı və şifahi tələb etsələr də, hazır ki, vaxtadək heç bir ödəniş etməmiş və ödəniş etməkdən yayınmışdır. Bağlanmış müqavilənin 3.2-ci maddəsində göstərilir ki, tərəflər üzərinə düşən öhdəliyi müqavilə şərtlərinə müvafiq qaydada tam şəkildə yetirdiyi gün bitir. Həmin müqavilənin 9.2-ci maddəsində deyilir ki, müqavilənin vaxtından əvvəl xitam verilməsinə aşağıdakı hallarda yol verilir. Müqaviləyə əlavə edilmiş əsas ödəniş cədvəlinə əsasən alıcı öhdəliklərini iki dəfədən artıq yerinə yetirmədikdə, birtərəfli qaydada müqavilə satıcı tərəfindən ləğv edilə bilər və ya tərəflərin qarşılıqlı razılaşmasına əsasən. Göründüyü kimi, alıcı öz öhdəliyini yerinə yetirməmişdir. Avtomobilə dair müqavilə şərtlərinə uyğun ödəniləcəyi vəsati cəmiyyətin hesabına ödəməkdən yayınır. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçının nümayəndəsi A.A.Gözəlov apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən onlar tərəfindən təqdim edilmiş sənədlərə düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə hazırki iş üzrə sübutlara qərəzli şəkildə cavabdehin mənafeyini güdərək münasibət bildirmiş, qətnamədə göstərilən halları heç bir halda əsaslandıra bilməmişdir. Qətnamə tam qanunsuz və sassızdır. Məhkəmə tərəfindən çəkişmə prinsipi pozulmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 05 aprel 2021-ci il tarixli 2(060)-114/2021 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin isə təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İş üzrə iddiaçının nümayəndəsi, Cavabdeh, D.M.Əliyeva məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini rədd edərkən, iddiaçı tərəfindən cavabdehin onlara borclu qalmasının heç bir sübutunun olmamasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının nümayəndəsi A.A.Gözəlovun apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İddia ərizəsində tələb, Cavabdeh alqı-satqı müqaviləsi üzrə borcunu tam ödəmədiyini, bununla da avtomobilin qanunsuz özgəninkiləşdirilməsi ilə əsaslandırılmışdır. Məhkəmə kollegiyası iddiaçının Cavabdeh borcun tam ödənilməməsinin tam sübuta yetirildiyi halda, məhkəmənin buna düzgün qiymət verməməsi barədə gətirdiyi dəlili qəbul etmir. Halbuki, iş materiallarlında olan İddiaçı MMC tərəfindən verilmiş 920 nömrəli, 16.08.2019-cu il tarixli arayışdan görünür ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış 29 yanvar 2019-cu il tarixli, 2841.A saylı alqı-satqı müqaviləsinin predmeti olan “BAİC M20 AT UNİVERSAL” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə Cavabdeh heç bir borcu və ya hər hansı öhdəliyi qalmamışdır. İşin araşdırılan halları və iş materiallarında olan sənədlərlə müəyyən edilir ki, mübahisəli avtomobil iddiaçının verdiyi 16.09.2019-cu il tarixli, 920 nömrəli məktub əsasında bir neçə dəfə özgəninkiləşdirilmiş və hal-hazırda avtomobil Maraqlı şəxs mülkiyyətindədir. Məhkəmə araşdırması zamanı mübahisəli avtomobil özgəninkiləşdirilərkən hər hansı bir qanun pozuntusuna yol verildiyi aşkar edilməmiş və bu barədə iddiaçı tərəfindən məhkəməyə mötəbər sübutlar təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçının nümayəndəsi X4 apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə 05 aprel 2021-ci il tarixli 2(060)-114/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2331/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2331/2021
26.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver