Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2332/2021 27.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı, Cavabdeh iştirak ilə, İddiaçı Cavabdeh qarşı icarə haqqı, dəymiş ziyan və digər borcların tutulması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Rayon Məhkəməsinin 2(060)-3046/2021 saylı, 04.05.2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Rayon Məhkəməsinin 2(060)-3046/2021 saylı, 04.05.2021-ci il tarixli qətnaməsi ilə İddia qismən təmin edilmiş, Cavabdeh icarə haqqının əvəzi olaraq 1950 manat, kommunal xidmətlərə görə 1234,18 manat, təmir xərclərinə görə 500 manat, cəmi 3684,18 (üç min altı yüz səksən dörd manat on səkkiz qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 19 (on doqquz) manat İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim A.M.Süluymanova). Qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi, iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İ Ş İ N H A L LA R İ: İddiaçı Cavabdeh qarşı “icarə haqqı, dəymiş ziyan və digər borcların tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0,119272 ha olan torpaq sahəsi barədə 18 aprel 2018-ci il tarixdə onunla Cavabdeh arasında bağlanmış icarə müqaviləsi əsasında yaranmış 1,950 manat ödənilməmiş icarə haqqının, 1,444.34 manat ödənilməmiş kommunal xidmət borcunun və cavabdehin sex avadanlıqlarına vurduğu və təmir xərclərinə görə çəkdiyi 2,387 manat, ümumilikdə 5,781.34 manat və 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında Cavabdeh apelyasiya şikayətini müdafiə edərək bildiri ki, sözügedən sexdən istifadə etmək üçün iş üzrə İddiaçı ilə icarə müqaviləsi bağlamış, icarə müqaviləsi 2018-ci ilin aprel ayından 2019-cu ilin aprel ayına qədər qüvvədə olmuşdur. İcarə müqaviləsində icarə haqqı kimi 150 AZN qeyd olunsa da o, hər ay iddiaçıya 800 AZN icarə pulu ödəmişdir. Həmin 800 AZN aylıq ödənişə işıq pulundan başqa bütün kommunal xərclər daxil olmuşdur. Müqavilə qüvvədə olduğu müddətdə iddiaçı ilə aralarında heç bir problem olmamış, həmişə münasibətləri qaydasında olmuşdur. Müqavilə bitdikdən sonra iddiaçı sexi başqa şəxslərə icarəyə vermiş, obyekti yeni icarəyə götürən şəxslər isə iddiaçıdan obyektdə təmir işlərinin aparılmasını tələb etmişdir. İddiaçı isə orda işləmədiyi halda sexə çəkilmiş xərcləri onun üzərinə qoyaraq onu məhkəməyə vermişdir. İddiaçı məhkəmə iclasında heç bir sübut təqdim etməmişdir. Lakin buna baxmayaraq məhkəmə onu dinləməmiş, danışmağa belə icazə verməyərək iddiaçının iddiasını qismən də olsa təmin etmişdir. Qeyd etdiyi kimi həmin pulun onunla heç bir əlaqəsi yoxdur. Onun yalnız 560 manat işıq pulu borcu olmuşdur. Qeyd etmişdir ki, sexdə işləyən zaman işıq dirəklərini öz pulu hesabına təmir etdirmiş və 850 manata yaxın xərc çəkmişdir. İcarə müqaviləsi bitdiyi zaman iddiaçı ilə işıq puluna görə yaranmış borc ilə onun işıq dirəklərinə çəkdiyi xərcləri əvəz etmək barədə razılığa gəlmişdilər. İddiaçı bununla razılaşsa da üstündən iki il keçdikdən sonra onu məhkəməyə vermişdir. Hesab edir ki, iddiaçının bu şikayəti məntiqə sığmır. Belə ki, orada işlədiyi müddət ərzində heç bir problem yaşanmadığı halda iddiaçı iki ildən sonra onun borcu olması ilə bağlı məhkəməyə müraciət etmişdir daha sonra göstərmişdir ki, onun iddiaçıya cəmi 1060 manat borcu vardır, 560 manat işıq pulu, 500 manat da avadanlıqların pulunu verə bilər. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3046/2021 saylı mülki, 04 may 2021-ci il tarixli qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 3/2021 saylı mülki iş üzrə 04 may 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edirəm. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının və cavabdehin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 18.04.2018-ci ildə bağlanmış icarə müqaviləsindən görünür ki, İddiaçı (icarəyə verən) mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0,119272 ha olan torpaq sahəsini 18.04.2019-cu il tarixədək hər ay 150 manat ödəməklə Cavabdeh (icarəçi) icarəyə verməyi, icarəçi də eyni zamanda göstərilən müddət ərzində həmin torpaq sahəsindən istifadə etməklə icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3-cü bəndinə əsasən müqavilə müddətinin bitməsinə 1 ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə icarə müddəti daha bir il müddətinə uzadılmış olur. Müqavilənin 10-cu bəndinə əsasən icarə obyektində texniki təhlükəsizlik qaydalarına əməl olunması vəzifələri icarəçi tərəfindən həyata keçirilir. Müqavilənin 11-ci bəndinə əsasən kommunal xidmətlərdən istifadə edilməsinə görə haqlar, habelə şəhərlərarası və ödənişli telefon danışıqları haqqı, o cümlədən əlavə vergi haqları icarəçi tərəfindən ödənilir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* saylı Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən ümumi sahəsi 0,119272 ha olan torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 15.10.2012-ci il tarixdə qeydə alınmışdır. Müəyyən edilmişdir ki, tərəflər arasında icarə müqaviləsindən irəli gələn münasibətlər olmuş, iddiaçı özünə məxsus qeyri-yaşayış sahəsini 2018-ci ilin aprel ayında hər ay üçün 150 manat icarə haqqı ödənilməsi, o cümlədən kommunal xidmətlərdən istifadə edilməsinə haqq ödənilməsi və texniki təhlükəsizlik qaydalarına əməl olunması şərti ilə cavabdehə icarəyə vermiş, müqavilə müddəti 2019-cu ilin aprel ayında bitmişdir ki, bunlar işin mübahisəsiz hallarıdır. İşin mübahisə doğuran halları icarə müqaviləsinin müddətinin bitməsinə baxmayaraq, icarəçi tərəfindən qeyri-yaşayış sahəsindən bir ildən artıq müddətdə istifadə edilməsi və həmin müddət üçün icarə haqqının ödənilməməsi, eləcə də icarəçi tərəfindən kommunal xidmətlərdən istifadə haqqının ödənilməməsi, qeyriyaşayış sahəsində olan avadanlıqdan istifadə nəticəsində maddi zərərin vurulması ilə bağlıdır. İş materiallarından görünür ki, iddia üç tələbdən ibarətdir: icarə haqqına görə 1950 manat pul tələbi; kommunal xidmətlərdən istifadə haqqının görə 1444,34 manat; təmir xərci ilə bağlı maddi zərərə görə 2387 manat. Məhkəmə kollegiyası hesab edir ki, birinci tələb üzrə iddia əsaslıdır. Belə ki, iddiaçı tələbinin əsası olaraq 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən təqdim edilmiş arayışa istinad etmişdir. Həmin arayışdan görünür ki, fiziki şəxs Cavabdeh İddiaçı məxsus təsərrüfat subyektini 02.11.2018-ci il tarixdə icarəyə götürmüşdür və 28.01.2021-ci il tarixdə həmin təsərrüfat subyektini ləğv etmişdir. İddiaçı qeyd etmişdir ki, səlahiyyətli qurumun arayışından göründüyü kimi cavabdeh ona məxsus qeyri-yaşayış sahəsi üzrə vergi ödəyicisi kimi qeyd alınmış və vergi uçotundan yalnız 28.01.2021-ci il tarixdə çıxmışdır. Qeyd olunan müddət ərzində cavabdeh həmin qeyri-yaşayış sahəsi üzrə vergi ödəyicisi kimi qeyd olduğundan iddiaçı həmin qeyri-yaşayış sahəsini digər şəxslərə icarəyə verə bilməmişdir. Bununla yanaşı iddiaçı qeyd etmişdir ki, cavabdeh faktiki olaraq həmin icarə sahəsindən 2020-ci ilin sentyabr ayınadək istifadə etmişdir. Müqavilə şərtlərindən görünüdüyü kimi müqavilə müddətinin bitməsinə 1 ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə icarə müddəti daha bir il müddətinə uzadılmış olur. Məhkəmə araşdırması zamanı cavabdeh etiraz edərək 2019-cu ilin iyul ayından qeyri-yaşayış sahəsindən çıxdığını və icarə münasibətlərinə son qoyduğunu bildirsə də etirazını əsaslandığı hallara dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2.-ci madəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Həmin Məcəllənin 700.3.-cü maddəsinə əssən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 684.1-ci maddəsinə əsasən əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, icarə haqqının tutulması hissədə iddia əsaslı olduğundan təmin edilməli, 1950 manat icarə haqqı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə hesab etmişdir ki, iddia tələbi ikinci və üçüncü hissədə qismən əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdəqüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsirə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. İcarə müqaviləninin şərtlərindən göründüyü kimi kommunal xidmətlərdən istifadə edilməsinə görə haqlar icarəçi tərəfindən ödənilir. Cavabdeh məhkəmədə verdiyi izahatında elektrik enerjisindən istifadəyə görə 560 manat borcu qaldığını etiraf etdi. İş materiallarına əlavə edilmiş "xxxx" ASC tərəfindən verilmiş Abunə haqqında məlumatdan görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanında yerləşən qapıpəncərə sexi qeyri-yaşayış sahəsinə elektrik enerjisindən istifadəyə görə 13 may 2018-ci il tarixdən 11 avqust 2020-ci il tarixədək olan borc (4752,18-3518) 1234,18 manat təşkil edir. Müəyyən edilmişdir ki, cavabdeh müqavilə şərtlərini pozaraq kommunal xidmətlərdən istifadə edilməsinə görə haqqın ödənilməsi öhdəliyini götürsə də bu öhdəliyini icra etməmişdir. Ona görə də kommunal xidmətlərdən istifadə edilməsinə görə haqqın əvəzi olaraq 1234,18 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa məhkəmə hesab etmişdir ki, iddia təmir xərclərinin ödənilməsi hissəsində 500 manat həcmində təmin edilməlidir. Belə ki, cavabdeh etiraf etmişdir ki, iddiaçıya məxsus avadanlıq istifadə nəticəsində xarab olmuş, təmir xərci olaraq 500 manat tələb olunmuş, lakin o, avadanlığı təmir etdirməmişdir. Qeyd edilənlərə əsasən icarə obyektində texniki təhlükəsizlik qaydalarına əməl olunması vəzifələri icarəçi tərəfindən həyata keçirilir. Bu baxımdan məhkəmə hesab etmişdir ki, cavabdehdən iddiaçının xeyrinə vurulmuş zərərin əvəzi olaraq 500 manat tutulmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə haqlı olaraq belə nəticəyə gəlmişdir ki, iddia qismən təmin edilməli, Cavabdeh icarə haqqının əvəzi olaraq 1950 manat, kommunal xidmətlərə görə 1234,18 manat, təmir xərclərinə görə 500 manat İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddianın qismən təmin edilməsinə dair nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin ödənilmiş 19 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə gəldiyi nəticə də Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən qanuni və əsaslıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və tətbiq etdiyi qanunvericilik normaları işin hallarına uyğun olmaqla qanuni və əsaslıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətində göstərilən dəlilləri ümumi ifadələr olduğu üçün formal mülahizələr kimi qiymətləndirir və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı mübahisənin həlli ücün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutlmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Beləliklə məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3046/2021 saylı, 04.05.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh X1 apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3046/2021 saylı, 04.05.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2332/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2332/2021
27.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver