Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2336/2020 14.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim H.Y.Əhmədov) İddiaçı Cavabdeh ilə aralarında bağlanmış xx xxxx 2018-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməməsi, məhkəmə xərclərinə aid olan, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 10 manat dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı Cavabdeh qarşı «müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun uzun müddət tanışlığı olduğu və iş əlaqələri qurduğu şəxsdir. Ona öz işləri ilə əlaqədar olaraq 2015-ci ildə pul lazım olmuş, 2015-ci ildən 2018-ci ilə, yəni kredit müqaviləsi bağlananadək ondan faizə pul götürmüşdür. Belə ki, 2015-ci ildə cavabdehdən 2000 ABŞ dolları pul götürərək əvəzində 3500 ABŞ dolları pul qaytarmışdır. Həmin borcu götürərkən qardaşı X2 məxsus “Ford Tranzit” markalı **-BN-*** dövlət nömrə nişanlı mikroavtobusu onun adına keçirmişdir. Daha sonra ondan 1000 ABŞ dolları məbləğində borc pul götürərək əvəzində 2800 manat məbləğində pul qaytarmışdır. Borcun təminatı kimi anası X1 məxsus “Ford Tranzit” markalı **-BV-*** dövlət nömrə nişanlı mikroavtobusu onun adına keçirmişlər. Daha sonra dollar qalxan zaman maddi vəziyyətləri pisləşmişdir. Onlar taxsiyə buraxmaq üçün “Opel Zafira” markalı **-BZ-*** dövlət nömrə nişanlı avtomobili tapmışlar. Cavabdehə müraciət etmişlər ki, həmin avtomobilin pulunu o, ödəsin və öz adına alsın. Onlar bunun müqabilində cavabdehin avtomobil üçün ödədiyi pulu faizi ilə birlikdə ümümilikdə 15.000 manat məbləğində ödəməyi öhdələrinə götürmüşlər. Həmin puldan isə cəmi 7250 manat borc qalmışdır. Bunun müqabilində qardaşı S.İddiaçı məxsus Saray qəsəbəsi, Yeni Məhəllədə yerləşən üzərində ev olan 0.06 ha torpaq sahəsinin sənədlərini girov olaraq qoymuşlar. Daha sonra o öz qaynına məxsus olan “Ford Tranzit” markalı mikroavtobusu öz adına keçirərək onlara verməyi təklif etmişdir. Həmin Forda 5000 manat öz qiymətini, 4000 manat da faiz olaraq hesablamışdır (ayda 500 manat ödəmək şərti ilə). Bütün bunların nəticəsi olaraq onun cavabdehə ümumilikdə 12500 manat məbləğində borcu qalmışdır. Lakin dolların qalxması ilə onun və ailəsinin maddi durumu çox pisləşmışdir və onlar götürülmüş borcu ödəyə bilməmişlər. Bütün bu hadisələrdən sonra “Ford Tranzit” markalı **-BN-*** dövlət nömrə nişanlı mikroavtobus və “Opel Zafira” markalı **-BZ-*** dövlət nömrə nişanlı avtomobil cavabdehin adında idi. O, cavabdehə avtomobilləri geri onun adına keçirməsini və əvəzində etibarnamə ilə ona məxsus olan Saray qəsəbəsi, 3 saylı məktəbin yanında yerləşən torpaq sahəsindən 0.06 ha-nı onun adına keçirməyi təklif etmişdir. Çünki artıq faiz borcunu ödəməyə maddi vəziyyəti imkan vermirdi, özü də onu və ailəsini narahat edirdi, müxtəlif şəxsləri qapıya göndərirdi. Onun təklifinə cavabdeh razılıq vermişdir, bir şərtlə ki, o, heç bir işə qarışmayacaq, torpaq sahələrini isə ayrı-ayrılıqda 0.03 ha olmaqla onun adına keçirəcəkdir. Razılaşdıqdan sonra onlar Sumqayıt ASAN xidmətinə müraciət etmişlər. Onlar isə sənədlərin qaydasında olmadığını, çıxarışın əslini təqdim etməyi tələb etmişlər. Yəni sənədləşmə bir az gecikəcəkdi. Cavabdeh isə sənədlər düzələnə qədər aralarında 20.000 manat məbləğində kredit müqaviləsi imzalamağı təklif etmiş, o da razılaşmışdır. Belə ki, aralarında olan şifahi razılaşmaya əsasən torpaq sahələri iki ayrı çıxarışla cavabdehin adına keçdikdən sonra o, həmin kredit müqaviləsini ləğv edəcəyini bildirmişdir. “Ford Tranzit” markalı **-BN-*** dövlət nömrə nişanlı mikroavtobusu kredit müqaviləsi bağlanan gün, yəni xx.xx.2018-ci il tarixdə onun adına keçirmiş, daha sonra isə torpaq sənədləri düzələn gün “Opel Zafira” markalı **-BZ-*** dövlət nömrə nişanlı avtomobili də adına keçirəcəyinə dair razılaşmışlar. xx.xx.2018-ci il tarixdə torpağın sənədləri hazır olduğuna görə iki ayrı 0.03 ha torpaq sahəsi Cavabdeh adına rəsmiləşdirilmişdir. Cavabdeh elə həmin gün “Opel Zafira” markalı **-BZ-*** dövlət nömrə nişanlı avtomobilə dair ona ümumi etibarnamə vermişdir. Öz adına keçirməməyinin səbəbi isə həmin maşını başqa şəxsə satmalı olmağı idi. Hətta həmin şəxsdən 500 manat məbləğində də beh almışdır. 23 gün sonra alqı-satqı etmək istəyərkən ona məlum olmuşdur ki, Cavabdeh onun adına verdiyi ümumi etibarnaməni ləğv edib. Daha sonra isə o, cavabdehlə görüşmüş, niyə etibarnaməni ləğv etdiyini dedikdə, cavabdeh hələ ona borcu olduğunu, 20.000 manat məbləğində pulu da alacağını demişdir. Orada cavabdehlə mübahisə etmişdir. Lakin avtomobili satmalı idi. Bunun müqabilində cavabdeh ondan yenidən 1000 manat aldıqdan sonra etibarnamə vermiş və o, avtomobili satmışdır. Bütün bunlardan sonra cavabdeh Abşeron Rayon Məhkəməsinə müraciət edərək həmin pul məbləğini ondan tələb etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-3061/2019 saylı xx.xx.2019cu il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Hüquqi savadsızlığına görə qarşılıqlı ərizə ilə müraciət edib həmin kredit müqaviləsini etibarsız hesab edilməsi üçün müraciət etməmişdir. Belə ki, onun heç bir borcu yoxdur. Kredit borcu tələb olunan kredit müqaviləsi üzrə ona heç bir pul ödənməmişdir. Bunu kassa məxaric orderində də onun imzasının olmaması sübuta yetirə bilər. Belə ki, o, cavabdehdən 20.000 manat məbləğində pul almamışdır. Həmin müqavilə formal xarakter daşıyır və etibarsızdır. Onunla cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılmışdır. Kredit borcu tələb olunan kredit müqaviləsi üzrə ona heç bir pul ödənilməyib. Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(012)-3061/2019 saylı qətnaməsi ilə iddia təmin edilib və ondan cavabdehin xeyrinə pul tutulmuşdur. Onun hüquqi savadsızlıgına görə qarşılıqlı ərizə ilə müraciət edib həmin kredit müqaviləsinin etibarsız hesab edilməsi üçün müraciət etməmişdir. Məhkəmə işi araşdırmamışdır. Sözü gedən müqavilə etibarsızdır, formal xarakter daşıyır. Cavabdeh bir dəfə məhkəmədə iştirak etmiş və onun vəkili tərəfindən ona suallar verilməsi qeyri-mümkün olmuşdur. Abşeron Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2(012)-467/2020 saylı qətnaməsi ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh məhkəməyə teleqram göndərərək, apellyasiya şikayətinin dəlillərini qəbul etməyib, işə onun iştirakı olmadan baxılmasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İş üzrə İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini rədd edərkən, tərəflər arasında olan müqavilənin etibarsızlığının heç bir qanuni əsası olmamasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İşdə olan Cavabdeh (borc verən) ilə İddiaçı (borc alan) arasında bağlanaraq Sumqayıt şəhəri 3 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiqlənmiş və reyestrdə 3M-415 nömrə ilə qeyd edilmiş xx xxxx 2018-ci il tarixli “Kredit müqaviləsi”nin surətindən görünür ki, borc verən borc alana 20.000 manat məbləğində pul borc verir, borc alan krediti xx xxxxxx 2018-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürür. Tərəflər kreditin faizsiz verilməsini şərtləşdirirlər, müqavilə tərəflərinə onların hüquq və vəzifələri izah edilmiş, notariat hərəkətinin aparılmasının nəticələri barədə xəbərdarlıq edilmişdir. İşə əlavə olan Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(012)- 3061/2019 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı xx xxxx 2018-ci il tarixdə Sumqayıt şəhəri 3 saylı notariat kontorunda bağlanmış 3M-415 reyestr nömrəli kredit müqaviləsi üzrə 20.000 manat məbləğində borc pulun və 30 manat dövlət rüsumunun alınaraq Cavabdeh ödənilməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt şəhəri 3 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiqlənmiş və reyestrdə 7E-9415 nömrə ilə qeyd edilmiş xx xxxx 2018-ci il tarixli etibarnamədən görünür ki, Cavabdeh özünə məxsus “Opel Zafira minik” markalı ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobilə dair “Sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, onun üzərində sərəncam vermək, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar adından ərizə vermək, digər hərəkətlər” səlahiyyətlərini 01 il müddətinə, xx xxxx 2019-cu il tarixədək İddiaçı vermişdir. İşə əlavə olan Z.Ə.Quliyev və qeyriləri (onların adından etibarnamə əsasında hərəkət edən İddiaçı) (Satıcılar) ilə Cavabdeh (Alıcı) arasında bağlanaraq Sumqayıt “ASAN xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiqlənmiş və reyestrdə 4Ə-1945 nömrə ilə qeyd edilmiş xx xxxx 2018-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcılar birgə mülkiyyətlərində olmaqla Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.106 ha torpaq sahəsinin 0.03 ha hissəsini 5400 manata alıcıya satmışlar, alıcı isə həmin qiymətə almışdır. İşdə olan Z.Ə.Quliyev və qeyriləri (onların adından etibarnamə əsasında hərəkət edən İddiaçı) (Satıcılar) ilə Cavabdeh (alıcı) arasında bağlanaraq Sumqayıt “ASAN xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiqlənmiş və reyestrdə 4Ə-1946 nömrə ilə qeyd edilmiş xx xxxx 2018-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcılar birgə mülkiyyətlərində olmaqla Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.106 ha torpaq sahəsinin 0.03 ha hissəsini 5400 manata alıcıya satmışlar, alıcı isə həmin qiymətə almışdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh (borc verən) ilə İddiaçı (borc alan) arasında bağlanaraq Sumqayıt şəhəri 3 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiqlənmiş və reyestrdə 3M-415 nömrə ilə qeyd edilmiş xx xxxx 2018-ci il tarixli “Kredit müqaviləsi”nə əsasən borc verən borc alana 20.000 manat məbləğində pul borc vermiş, borc alan krediti xx xxxxxx 2018-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(012)-3061/2019 nömrəli qətnaməsinə əsasən İddiaçı həmin “Kredit müqaviləsi” üzrə 20.000 manat məbləğində borc pulun və 30 manat dövlət rüsumunun alınaraq Cavabdeh ödənilməsi qət edilmişdir. Hazırda iddiaçı həmin kredit müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı iddia qaldırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır; 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Qeyd edilənlərlə müəyyən olundu ki, tərəflər xx xxxx 2018-ci il tarixdə notariat kontorunda iradə ifadələrini nümayiş etdirərək kredit müqaviləsi bağlamışlar, bu zaman onlara hüquq və vəzifələri izah edilmiş, notariat hərəkətlərinin aparılmasının nəticələri barədə xəbərdarlıq edilmişdir. Cavabdeh (borc verən) həmin müqaviləyə əsasən İddiaçı (borc alan) 20.000 manat məbləğində pulu borc vermiş, borc alan krediti xx xxxxxx 2018ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı müqaviləni imzalayaraq qarşısında soyadını yazmaqla yanaşı, müqaviləyə əlavə olaraq əlyazması ilə qeyd aparmış, “Müqavilə bağlanadək Cavabdeh 20000 (iyirmi min) borc pull aldığımı özü imzamla təsdiq edirəm (imza) İddiaçı” yazmış (yazı olduğu kimi köçürülmüşdür) və imzalamışdır. Baxmayaraq ki, Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(012)3061/2019 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilmiş, qanuni qüvvəyə minməmişdir, həmin işə baxarkən məhkəmə müəyyən etmişdir ki, “...cavabdeh İddiaçı ilə iddiaçı Cavabdeh xx.xx.2018-ci il tarixli kredit müqaviləsi bağlamasına baxmayaraq, cavabdeh İddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən və bununla da onun əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi müəyyən edildiyindən, İddiaçı xx xxxx 2018-ci il tarixli kredit müqaviləsi ilə aldığı 20.000 manat məbləğində pul Cavabdeh qaytarılmalı, bununla iddia təmin edilməlidir”. Həmin iş üzrə məhkəmə baxışında İddiaçı cavabdeh qismində prosesdə iştirak edərək izahat vermiş, iddianı qəbul etməsə də, sözügedən kredit müqaviləsini qanunla müəyyən edilmiş qaydada və müddətdə mübahisələndirməmiş, ilkin iddiaya baxılarkən qarşılıqlı iddia verməmiş, müqavilənin hüquqi nəticələri ilə razılaşmışdır. Mülki qanunvericiliyə görə, əqdin varlığı baxımından onun ən əsas qurucu şərti, iradə ifadəsidir, iradə ifadəsi isə həqiqi olmalıdır. Etibarlı əqddən bəhs oluna bilməsi üçün iradənin ifadə olunması; ifadə olunan iradənin müəyyən bir hüquqi nəticəyə yönəldilmiş (ünvanlanmış) olması və hüquq sisteminin də bu iradə ifadəsinə uyğun hüquqi nəticəni əmələ gətirmiş olması lazımdır. Əqddə iradə ifadəsi müəyyən hərəkətlərin yerinə yetirilməsində özünü göstərir. Mübahisələndirilən xx xxxx 2018-ci il tarixli müqaviləyə münasibətdə hər üç hala qiymət verərək, məhkəmə qeyd edir ki, ilk növbədə tərəflər arasında həqiqi iradə ifadəsi olmuşdur, müqavilə tərəflərin müraciəti əsasında notariat qaydada bağlanmışdır, bu zaman onlara hüquq və vəzifələri izah edilmiş, notariat hərəkətlərinin aparılmasının nəticələri barədə xəbərdarlıq edilmiş, borc verən borc alana 20.000 manat məbləğində pulu borc vermiş, borc alan krediti xx xxxxxx 2018-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüş, borc alan müqaviləni şəxsən imzalamış, habelə 20.000 manat məbləğində pulu borc aldığını əlyazması ilə yazaraq təsdiqləmişdir. Bu yolla da ikinci hal, yəni iradə ifadə olunmuşdur. Üçüncü halla bağlı da qeyd edilməlidir ki, ifadə olunan iradə hüquqi nəticəyə yönəlmişdir, borc alan tərəfin borcun qaytarılması ilə bağlı müvafiq məsuliyyəti yaranmışdır, hansı ki, məsuliyyətin əsasları da mülki qanunvericiliklə tənzimlənir. Hazırkı halda iddiaçı, tərəflər arasında bağlanmış müqavilənin və ondan irəli gələn hüquqi nəticələrin əsassız, müqavilənin isə məhz etibarsız olmasına dair sübutlarını təqdim etməmiş, tələbini belə sübutlara uyğun əsaslandırmamışdır. İddia ərizəsində iddiaçının irəli sürdüyü dəlillər heç də müqavilənin etibarsız sayılması üçün əsas kimi qəbul edilə bilməz, mübahisənin predmetinə aid olmayan dəlillərdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğuna dair Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələblərinə iddiaçı tərəfindən əməl olunmamışdır. İddiaçının təqdim etdiyi sübutlar əsasında, məhkəmə tədqiqinin nəticəsi olaraq kredit müqaviləsinin etibarsız hesab edilməsinə əsas olacaq hər hansı hal müəyyən edilməmişdir. Hazırkı İddiaçı hazırkı Cavabdeh xx xxxx 2018-ci il tarixli müqavilə əsasında 20.000 manat məbləğində borc pul aldığı halda, İddiaçı Cavabdeh xx xxxx 2018-ci il tarixli 2 ədəd müqavilə əsasında cəmi 0.06 ha torpaq sahəsini ümumilikdə 10.800 manata satmasına, eləcə də Cavabdeh İddiaçı avtomobilə dair etibarnamə verməsinə gəldikdə, məhkəmə qeyd edir ki, həmin müqavilələrin və etibarnamənin bir-biri ilə hər hansı bağlılığı, asılılığı müəyyən edilmir, müqavilə şərtlərində buna dair hər hansı hal razılaşdırılmamışdır. xx xxxx 2018-ci il tarixli alqı-satqı müqavilələrinin predmeti olan torpaq sahələri başqa şəxslərin mülkiyyətində olmuş, İddiaçı mülkiyyətçilərin etibarnaməsi əsasında hərəkət edərək müqavilələri imzalamışdır. Ona görə məhkəmə hesab edir ki, qeyd edilənlər iddianın təmin edilməli olmaması ilə bağlı məhkəmənin gəldiyi hüquqi nəticəni təsir altına salmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər; 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər; 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Məhkəmə qeyd edir ki, mülki hüquqda iddia müddətləri institutu mülki dövriyyənin iştirakçılarını intizamlandırmaq, onlara məxsus olan hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi üçün onların fəallığını təşviq etmək məqsədinə yönəlmişdir. İddia müddətləri əhəmiyyətli dərəcədə mülki hüquq münasibətləri iştirakçılarının vəzifələrinin yerinə yetirilməsi üzərində ciddi qarşılıqlı nəzarətə əməl edilməsi zərurəti yaradır. İddia müddətləri institutunun tətbiq edilməsi zərurəti həmçinin belə bir mühüm halla əsaslandırılır ki, mülki mübahisələrə məhkəmə tərəfindən baxılması hər zaman iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi ilə əlaqədardır. Qeyri-müəyyən uzun müddətin keçməsi həqiqətə nail olmağı çətinləşdirir, bəzən isə hətta bu imkanı istisna edir. Belə ki, sübutlar itirilə bilər və ya onların mötəbərliyi kifayət qədər şübhəli hala gələ bilər, bunlar da öz növbəsində məhkəmə orqanlarının işin bütün faktiki hallarının aydınlaşdırılmasına və düzgün qərar çıxarılmasına yönəlmiş fəaliyyətini ciddi surətdə çətinləşdirə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə xx xxxxxxx 1998-ci il tarixli qərarında qeyd edilmişdir ki, “atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Lakin sözügedən qaydalar və ya onların tətbiqi tərəflərin əlçatan vasitədən istifadə etməsinin qarşısını almamalıdır”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” xx xxxx 2013-cü il tarixli qərarına əsasən şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. İddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır. Məlum olduğu kimi, tərəflər arasında bağlanmış xx xxxx 2018-ci il tarixli kredit (borc) müqaviləsindən irəli gələn öhdəliklərin icra müddəti xx xxxxxx 2018-ci il tarixədək müəyyənləşdirilmiş və öhdəliklər üzrə icra müddəti həmin tarixdə bitmişdir. Lakin müqavilə tərəfi olan hazırkı İddiaçı kredit müqaviləsinin xx xxxxxx 2018-ci il tarixə nəzərdə tutulan icra müddəti bitdikdən 01 il 17 gün sonra, xx xxxxxx 2019-cu il tarixdə müqavilənin etibarsızlığı ilə bağlı iddia qaldırmışdır. Xüsusən nəzərə alınmalıdır ki, müqavilə üzrə borc alan tərəf, yəni hazırkı iddiaçı öz iddia ərizəsində qeyd etdiyi kimi, bağlandığı andan müqavilənin onun maraqlarına toxunduğunu və hüquqlarını pozduğunu hesab etmiş, bu qənaətə gəlmiş, lakin özünə məlum olan müvafiq səbəblərdən (iddia ərizəsində bunlara izah verməyə çalışmışdır) iddiası üzrə cavabdeh olan borc verənlə razılaşmalı olmuşdur. Məhkəmə iddiaçının irəli sürdüyü bu dəlillərlə razılaşmayıb, hesab edir ki, iddia rədd edilərkən iddiaçının iddia müddətini ötürdüyü və cavabdehin iddia müddətinin tətbiqinə dair ərizəsi də nəzərə alınmalıdır. Mülki prosessual qanunvericiliyə görə, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göründüyü kimi, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Qanunvericilik mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. Odur ki, məhkəmə kollegiyası İddiaçı hüquqi savadı olmadığı üçün qarşılıqlı iddia tələbinin verilməməsi barədə gətirdiyi dəlili əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin iş üzrə xx xxx 2020-ci il tarixli 2(012)-467/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-2336/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2336/2020
14.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver