Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2341/2021 24.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Əliyev Əliağa Vahid oğlunun katibliyi, İddiaçı, ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı, ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-1501/2020 saylı, 17 noyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 2(012)-1501/2020 №-li, 17 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim Cəmilə Səfiyeva), iddia tələbinin qismən təmin olunması, Cavabdeh1 10.09.2015-ci il tarixli, İKM 361 saylı istehlak krediti müqaviləsi üzrə 06.05.2019-cu il tarixinə 1669,63 ABŞ dolları əsas, müqavilə üzrə öhdəliklərin icra müddətinin bitdiyi 10.09.2017-ci il tarixinə 799,28 ABŞ dolları faiz borcu, müqavilə bitdikdən sonra əsas borca illik beş faiz hesablanmış 164,68 ABŞ dolları borcu, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 20 ABŞ dolları cərimə borcu, cəmi 2653,59 ABŞ dolları ödəniş günü Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, idddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı, ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada bankın xeyrinə 1669,63 ABŞ dolları əsas, müqavilə üzrə öhdəliklərin icra müddətinin bitdiyi 10.09.2017-ci il tarixinə 799,28 ABŞ dolları faiz borcunun, müqavilə bitdikdən sonra əsas borca illik beş faiz hesablanmış 164,68 ABŞ dolları borcunun, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 870,73 ABŞ dolları cərimə borcunun, cəmi 3504,32 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 10.09.2015-ci il tarixli, İKM 361 saylı istehlak krediti müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 24 ay müddətinə illik 28% ödəmək şərti ilə 1850 ABŞ dolları məbləğində kredit verilmişdir. Bank ilə digər Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsinə görə sonuncu Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərinin icrası barədə zamin durmuşdur. Lakin Cavabdeh1 müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri vaxtlı-vaxıtnda yerinə yetirməmiş, edilən xəbərdarlıqlara baxmayaraq borcunu gecikdirmiş, ödəniş etməmiş və beləliklə müqavilənin şərtlərini pozmuşdur. Cavabdeh1 İddiaçı ASC-yə 1669,63 ABŞ dolları əsas, müqavilə üzrə öhdəliklərin icra müddətinin bitdiyi 10.09.2017-ci il tarixinə 799,28 ABŞ dolları faiz borcu, müqavilə bitdikdən sonra əsas borca illik beş faiz hesablanmış 164,68 ABŞ dolları borcu, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 870,73 ABŞ dolları cərimə borcu, cəmi 3504,32 ABŞ dolları məbləğində borcu vardır. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh1 apelyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 2(012)- 1501/2020 №li iş üzrə 17.11.2020-ci il tarixli qətnaməsinin ləğv edilərək, ləğv prosesində olan İddiaçı ASC-nin ona qarşı iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qəbul edilmiş qətnamədə qeyd edilmişdir ki, məhkəmə iclası barədə o və digər cavabdeh xəbərdar olunmaqlarına baxmayaraq, məhkəmə iclaslarında bilərəkdən iştirak etməmişlər. Qeyd edir ki, onun faktiki ünvanına heç bir poçt göndərişi, məhkəmə bildirişi daxil edilməmişdir. Onun həmin məhkəmə proseslərindən xəbəri olmamışdır. Ona görə də məhkəmə iclaslarında iştirak edərək, öz hüquqlarını müdafiə edə bilməmişdir. İddiaçı ASC də öz xeyri naminə onu əsassız və ədalətsiz şəkildə həqiqəti əks etdirməyən borc məbləğləri ilə yüklü etmişdir. Məhkəmə sənədlərinin rabitə orqanları vasitəsi ilə çatdırılması “Poçt haqqında” 28 iyun 2004-cü il tarixli, 714-iiQ saylı Azərbaycan Respublikası qanunu ilə müəyyən edilən sifarişli poçt göndərişi ilə həyata keçirilir. Həmin qanunun 1.0.10-cu maddəsinin tələbinə görə sifarişli poçt göndərişi göndərmək üçün qəbul olunduğuna dair sifarişçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalanması tələb olunan poçt göndərişidir. O isə həmin poçt göndərişini almamış və müvafiq sənədi imzalayaraq qəbul etməmişdir. Mülki iş yekunlaşandan sonra faktiki ünvanı olan ünvan 1əsi ilə qətnamə göndərilmiş və qəbul edən olmadığı üçün də qətnamə məhkəməyə geri qaytarılmışdır. Onun bu işdən iş Abşeron Rayon İcra və Probasiya Şöbəsinə yönəldikdən sonra xəbəri olmuşdur. Belə ki, onu icra şöbəsinə dəvət edərək, qətnamədə qeyd edilən pulu ödəməyi tələb olunmuşdur. Borcunun nə qədər olması ilə maraqlanan zaman ona 3504,32 ABŞ dolları məbləği borcunun olduğu bildirilmiş, o isə buna etiraz etmişdir. Çünki onun banka olan borcu 3504,32 ABŞ dolları yox, cəmi manat ilə 900 manatdır. Abşeron Rayon Məhkəməsinin 2(012)-1501/2020 saylı iş üzrə 17.11.2020-ci il tarixli qətnaməsində qeyd edilənlər həqiqəti əks etdirmir. Mülki işə baxan hakim isə yalnız tək tərəfi dinləyərək, onun hüquqlarını kobud şəkildə pozmuşdur. Bildirmək istəyir ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-dən pulu götürdükdən sonra ölkədə məlum devalivasiya baş vermişdir. Bundan başqa İddiaçı ASC ləğv edildiyi üçün ASC-nin səlahiyyətli işçiləri onu qəbul edən zaman bildirmişlər ki, hələki banka ödənişlər olunmur. Biz Sizə xəbər edəcəyik. Mən isə banka ödənişlər etmiş və cüzi məbləğdə borcum qalmışdır. Hörmətli Prezidentimiz vətəndaşların problemli kredit ödənişləri ilə əlaqədar onlara güzəşt etməkdən ötrü 28 fevral 2019-cu il tarixdə böyük humanist addım ataraq həmin kreditlərin dövlət hesabına ödənilməsindən ötrü fərman imzalanmışdır. Əgər adı keçən bank işçiləri üzərində olan kredit məbləğinin hesabını düzgün aparsaydılar o da həmin fərmanın güzəştlərindən bəhrələnmiş olardı. Əfsuslar olsun ki , həmin bank işçiləri hansı səbəblərdənsə, ona qarşı səhlənkarlıq və s. edərək onu hazırda çətin duruma salmışlar. Dəfələrlə həm rəsmi, həm də şifahi şəkildə İddiaçı ASC- dən xahiş etmişdir ki, ona möhlət verilsin və yaxud da aylıq ödənişi aşağı edərək, ona yeni cədvəl açılsın. Lakin dediklərimə əhəmiyyət belə verilmədən ondan yüksək məbləğdə pul tələb olunmuşdur. O, dəfələrlə onlara müraciət etməsinə baxmayaraq, onu məhkəməyə verməkləri ilə bağlı bircə dəfə də olsun söhbət açmamışlar. Bank işçiləri məsulliyyətli olub banka olan borcunu düzgün hesablamış olsaydılar onun banka cəmi manat məzənnəsi ilə 900 manat borcunun olduğu müəyyən edilmiş olardı. Apellyasiya baxışı zamanı məhkəmə iclasında Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətini müdafiə edib, şikayətin dəlillərinə uyğun izahat verib təmin edilməsini xahiş etdilər. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iddiaçı, ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X3 apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, şikayətin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə etdi ki, cavabdehin borcu kredit borclarının silinməsi barədə məlum Prezident Fərmanının təsiri altına düşməmişdir. Əks təqdirdə digər borclular kimi onun da adı həmin fərmana uyğun Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən tərtib edilmiş siyahıda olardı və icra üçün banka göndərilərdi. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan 10.09.2015-ci il tarixli, İKM 361 saylı istehlak krediti müqaviləsindən məlum olur ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 24 ay müddətinə, illik 28% ödəmək şərti ilə 1850 ABŞ dolları məbləğində kredit verilmişdir. Yenə iş materiallarında olan 10.09.2015-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 Cavabdeh1 İddiaçı ASC-dən götürdüyü 1850 ABŞ dolları məbləğində kredit müqaviləsi üzrə öhdəliklərinin icrası barədə zamin durmuşdur. Yenə də iş materiallarında olan 12 sentyabr 2019-cu il tarixli arayışdan müəyyən edilir ki, Cavabdeh1 10.09.2015-ci il tarixli, İKM 361 saylı istehlak krediti müqaviləsi üzrə 06.05.2019-cu il tarixinə ləğv prosesində olan İddiaçı ASC-yə 1669,63 ABŞ dolları əsas, müqavilə üzrə öhdəliklərin icra müddətinin bitdiyi 10.09.2017-ci il tarixinə 799,28 ABŞ dolları faiz borcu, müqavilə bitdikdən sonra əsas borca illik beş faiz hesablanmış 164,68 ABŞ dolları borcu, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 870,73 ABŞ dolları cərimə borcu, cəmi 3504,32 ABŞ dolları borcu vardır. İş materiallarına əlavə edilmiş xəbərdarlıq məktublarından görünür ki, iddiaçı bank tərəfindən cavabdehlərə kredit borcunun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Yenə işə əlavə edilmiş AR 1saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16.08.2016-cı il tarixli, 2-1(81)1594\2016 saylı Qərardadından görünür ki, lisenziyası ləğv edilmiş İddiaçı ASC-yə ləğvedici qismində Əmanətlərin Sığortalanması Fondu təyin edilmişdir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-1501/2020 ssylı iş üzrə 17.11.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında 10.09.2015-ci il tarixli, İKM 361 saylı istehlak krediti müqaviləsi bağlanmışdır. Həmin müqviləyə əsasən bank tərəfindən ona 24 ay müddətinə, illik 28% ödəmək şərti ilə 1850 ABŞ dolları məbləğində kredit verilmişdir. 10.09.2015-ci il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərinin icrası barədə zamin durmuşdur. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin borcu yaranmışdır. İddiaçı iddia edir ki, Cavabdeh1 10.09.2015-ci il tarixli, İKM 361 saylı istehlak krediti müqaviləsi üzrə 06.05.2019-cu il tarixinə ləğv prosesində olan İddiaçı ASC-yə 1669,63 ABŞ dolları əsas, müqavilə üzrə öhdəliklərin icra müddətinin bitdiyi 10.09.2017-ci il tarixinə 799,28 ABŞ dolları faiz borcu, müqavilə bitdikdən sonra əsas borca illik beş faiz hesablanmış 164,68 ABŞ dolları borcu, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 870,73 ABŞ dolları cərimə borcu, cəmi 3504,32 ABŞ dolları borcu qalmışdır. İşə baxan məhkəmə əsas borc, faiz borcu və gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu hissəsində iddianı tam təmin etmiş, lakin hesablanmış 870,73 ABŞ dolları cərimənin məbləğini 20 ABŞ dollarınadək azaltmış və iddia tələbini cavabdeh-zamin Cavabdeh2 münasibətdə və iddanın qalan hissəsində təmin edilməməsinə dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətində banka olan borcu 3504,32 ABŞ dolları yox, cəmi manat ilə 900 manat olmasını mübahisələndirməsini, iddiaçının isə birinci instansiya məhkəməsinin qətnaməsindən iddianın qismən təmin olunması və iddianın cavabdeh-zamin Cavabdeh2 münasibətdə təmin edilməməsini mübahisələndirməməsini nəzərə alıb, MPM-nin 372.6-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, yəni Cavabdeh1 şikayətinhin dəlillərinə uyğun olaraq əsas, müqavilə üzrə öhdəliklərin icra müddətinin bitdiyi 10.09.2017-ci il tarixinə faiz, müqavilə bitdikdən sonra əsas borca illik beş faiz hesablanmış borcu, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış cərimə borcuna münasibətdə hüquqi qiymət verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “Konstitusiya məhkəməsinin Plenumu bir daha onu vurğulayır ki, dispozitivlik və çəkişmə prinsiplərinə əsasən şəxsin xüsusi maraqları və hüquqları yoxlamanın predmetini və həddini müəyyən edir. Xüsusilə nəzərə alınmalıdır ki, nə qədər ki, dispozitivlik prinsipinə uyğun olaraq tərəflər prosesin taleyini həll edir, icraat işdə iştirak edən şəxslərin təşəbbüsü ilə başlanılır və dayandırılır, işə baxılmanın düzgünlüyü məsələsi yalnız maraqlı şəxslər tərəfindən verilən şikayətlərdə mübahisələndirilir və şikayət maneəsiz olaraq geri götürülə bilər, ərizəçinin maraqları ikinci plana keçirilə bilməz. Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına almayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhəkməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda apellyasiya instansiya məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır”. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Hər şeydən əvvəl, məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən, Cavabdeh1 həmin müqavilə üzrə iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, lakin kredit vəsaitinin ödəməli olmasına dair vəzifəsini tam yerinə yetirməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. AR Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yenə həmin Məcəllənin 445.2.1-ci maddəsinə uyğun olaraq öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Yenə də həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, borclu Cavabdeh1 iddiaçı bank qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Onun iddiaçıya kredit müqaviləsindəki öhdəlikləri yerinə yetirmədiyinə görə 06.05.2019-cu il tarixinə 1669,63 ABŞ dolları əsas, müqavilə üzrə öhdəliklərin icra müddətinin bitdiyi 10.09.2017-ci il tarixinə 799,28 ABŞ dolları faiz borcu, müqavilə bitdikdən sonra əsas borca illik beş faiz hesablanmış 164,68 ABŞ dolları borcu yaranmışdır. Bu borc işdə olan obyektiv sübutlarla, bank hesabından çıxarışla, maliyyə arayışı ilə təsdiq olunur. Həmçinin, AR Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, cərimə borcu azaldılaraq 20 ABŞ dolları müəyyən edilməlidir. Məhəkəmə kollegiyası iş üzrə cavabdehin apelyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Əvvəla, işdən görünür ki, məhkəmə bildirişləri cavabdehlərin iş materiallarında olan rəsmi qeydiyyatda olduqları ünvanlara göndərilmişdir. Cavabdehin banka cəmi manat məzənnəsi ilə 900 manat borcunun olması barədə dəlilləri də heç bir sübutla öz təsdiqini tapmadığından, əksinə işdə olan sübutlarla təkzib edildiyindən əsassızdır. Eləcə də, cavabdeh “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” AR Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanın icrası ilə bağlı borcunun bir hissəsinin kompensasiya edilməsi barədə də məhkəməyə heç bir sübut təqdim etməmişdir. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi bildirdi ki, cavabdehin borcu kredit borclarının silinməsi barədə məlum Prezident Fərmanının təsiri altına düşməmişdir. Əks təqdirdə digər borclular kimi onun da adı həmin fərmana uyğun Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən tərtib edilmiş siyahıda olardı və icra üçün banka göndərilərdi. AR MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları qismən sübut edə bilsə də, cavabdeh apellyasiya şikayətinin əsaslarına dair məhkəməyə hər hansı mötəbər və legitim sübut təqdim edə bilməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. MPM-nin 384.0.1-ci maddəsinə əsasən, məhkəmə qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, MPM-nin 119-cu maddəsinə əsasən apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-nin 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-1501/2020 saylı, 17 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-2341/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2341/2021
24.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver