Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2354/2021 07.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı2, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakları ilə açıq məhkəmə iclasında Quba Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2(027)-840/2021 saylı qətnaməsindən iddiaçılar İddiaçı2 və İddiaçı1 apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Quba Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2(027)-840/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim İlqar Məmmədov) iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair mülki iş üzrə iddia təmin edilməmiş, iddiaçılar qətnamədən apellyasiya şikayəti vermişlər. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı2 və İddiaçı1 iddia ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 2000 ABŞ dolları və 20000 Rus rublu, cəmi 6800 manat pulun alınıb onlara verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmiş və tələblərini onunla əsaslandırmışlar ki, İddiaçı1 Cavabdeh1 ilə 2010-cu ildə rəsmi qaydada evlənmiş, birgə nikahlarından 3 uşaqları anadan olmuş, uşaqlardan ikisi İddiaçı1, biri isə Cavabdeh1 himayəsindədirlər. 2017-ci ildən Cavabdeh1 ilə İddiaçı1 arasında narazılıqlar başlamış, buna görə də ayrılmışlar. Cavabdeh1 İddiaçı1 qarşı aralarında olan nikahın pozulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2019-cu ildə Cavabdeh1 onların evdə olmamağından istifadə edərək onlara məxsus 2000 ABŞ dolları və 2000 Rus rubl pulunu götürüb evdən getmişdir. Sonradan onlar barışmış və buna görə də pulu tələb etməmişdilər. Cavabdehlər özləri də evdən apardıqları pulu qaytaracaqlarını etiraf etmiş və bu barədə öz xətləri ilə iltizam formasında qəbz vermişdilər. 2021-ci ilin əvvəllərində, yəni yanvar ayında Cavabdeh1 ilə İddiaçı1 arasında xırda söz-söhbətlər olurdu. 2021-ci ilin yanvar ayının 11-də İddiaçı1 Bakıdan qayıdarkən həyat yoldaşı Cavabdeh1 evdə olmadığını, evdə saxladığı 5000 manat şəxsi pulunu və 1800 manat uşağın pensiya pulunu götürdüyünü görmüşdür. Bundan sonra Cavabdeh1 İddiaçı1 qarşı nikahın pozulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı1 dəfələrlə evindən aparılan pulları cavabdehlərdən tələb etsə də, ona məhkəmə vasitəsi ilə pulunu tələb etməsini bildirmişlər. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: İddiaçılar apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, qətnamə qanunsuz və əsassızdir. Belə ki, iddia tələblərində göstərilən onlara məxsus 2000 ABŞ dolları, 20000 Rus rublunun cavabdehlər tərəfindən götürülməsini göstərərək, bunu təsdiq edən cavabdehlər tərəfindən yazılan və imzalanan iltizam əlyazısını məhkəməyə təqdim edərək bildirmişlər ki, cavabdehlərlə belə razılıq əldə olunmuşdur ki, həmin pullar cavabdehlər tərəfindən qaytarılanda qeyd olunan iltizamda onlar da imza etməli idilər. Lakin cavabdehlər pulları qaytarmamış və ona görə də həmin əlyazmanı onlar imzalamamışlar. Məhkəmə iclasında onlara məxsus 2000 ABŞ dolları və 20000 Rus rublunun götürülməsini cavabdehlər etiraf edərək həmin pulun qaytarıldığını bildirmiş, lakin pulun qaytarılmasına dair heç bir sübut təqdim etməmişlər. Məhkəmənin qətnaməsindən göründüyü kimi, onlara məxsus 2000 ABŞ dolları, 20000 Rus rublu pulunun cavabdehlər tərəfindən götürülməsi faktını məhkəmə qəbul etsə də, həmin pulun qaytarılmasına dair cavabdehlər tərəfindən heç bir sübut təqdim edilmədiyi halda, məhkəmə işin faktiki hallarına hüquqi qiymət vermədən, əsassız olaraq belə nəticəyə gəlmişdir ki, onlara məxsus 2000 ABŞ dolları və 20000 Rus rublu cavabdehlər tərəfindən qaytarılmışdır. Onlar öz tələblərinə dair istinad etdikləri halları sübut etmiş və birinci instansiya məhkəməsi də bununla razılaşaraq belə nəticəyə gəlmişdir ki, 2000 ABŞ dolları və 20000 Rus rublu cavabdehlər tərəfindən götürülmüşdür. Lakin bu fakta dair cavabdehlərin etirazı, yəni pulun qaytarılmasına dair heç bir sübut cavabdehlər tərəfindən təqdim olunmamış, belə bir sübut işin materiallarında yoxdur. Buna baxmayaraq məhkəmə əsassız olaraq hesab etmişdir ki, 2000 ABŞ dolları və 20000 Rus rublu cavabdehlər tərəfindən onlara qaytarılmışdır. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə qətnamə çıxarılması xahiş olunmuşdur. 09 sentyabr 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında İddiaçı2 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatlarında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdilər. İddiaçı1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlmədiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPMnin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı bu hissədə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan qəbzdən görünür ki, Cavabdeh1 qayınatası Ədalətin evindən 2000 ABŞ dolları və 20000 Rus rublunu götürüb bacısı vasitəsilə anasına göndərmiş, anası həmin pulu gətirib qayınatasına qaytarmışdır, o bir də elə bir iş görməyəcəyinə söz verir, birdə belə iş görsə onu qovmalarını bildirmiş, qəbz Zərifə, Oktay və Naibə tərəfindən imzalanmışdır. İddia ərizəsindən, iş materiallarından görünür ki, İddiaçı2 və Talıbov İddiaçı1 Zərifə Oktay qızı, Cavabdeh2 və Cavabdeh3 2000 ABŞ dolları və 20000 Rus rublu, cəmi 6800 manat pul tələb edirlər. Azərbaycan Respublikasının MM-nin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını başqasının qanunsuz sahibliyindən geri ala bilər. İş üzrə araşdırılmış sübutlardan görünür ki, Cavabdeh1 qayınatası Ədalətin evindən 2000 ABŞ dolları və 20000 Rus rublunu götürüb bacısı vasitəsi ilə anasına göndərmiş, anası həmin pulun Cavabdeh1 qayınatası İddiaçı2 qaytarmışdır. Məhkəmə kollegiyası qeyd olunan maddi hüquq normasını hazırki mübahisəyə tətbiq edib hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Cavabdeh1 izahatında tələb olunan pul məbləğini atasının ustalarına özlərinə mebel sifariş etmək məqsədi ilə əri İddiaçı1 tərəfindən ona verildiyini, ailədə sözsöhbət yarandıqdan sonra pulun qaytarıldığını, evdən qovulacağı hədəsi ilə qəbz yazdığını göstərmişdir. Digər tərəfdən, cavabdehlər tərəfindən imzalanmış və iddiaçılar tərəfindən iddia ərizəsinə əlavə olunmuş qəbzdə pulun İddiaçı2 qaytarıldığı qeyd edilmişdir. Həmin qəbz iddiaçılar tərəfindən qəbul edilmiş, lakin pulun qaytarılmamasına dair iddiaçılar tərəfindən qəbzdə hər hansı qeyd aparılmamışdır. İddiaçılar apellyasiya şikayətində cavabdehlərin 2000 ABŞ dolları və 20000 Rus rublunu onlara qaytarmadıqlarını qeyd etsələr də bunu sübuta yetirə bilməmişlər. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə tərəflər tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan proses iştirakçılarının üzərinə qoyur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, bunun əksini sübutetmə yükü isə cavabdehin üzərinə düşür. Məhkəmə kollegiyası hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsas şübhədən kənar standartlar tətbiq edilir. Qeyd edilən halları sübut etmək yükü iddiaçıların üzərinə düşsə də, iddiaçılar bunu sübut edə bilməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası iddiaçıların apellyasiya şikayətində göstərdiyi digər dəlilləri əsassız hesab edir. İddiaçıların apellyasiya şikayətində göstərdiyi dəlillər iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında qismən ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verib, apellyasiya şikayətində sadalanan digər dəlilləri də araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında qismən ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçılar İddiaçı2 və İddiaçı1 apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Quba Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2(027)-840/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2354/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2354/2021
07.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver