Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2357/2021 14.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1, onun nümayəndəsi və vəkili Vəkil1, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə açıq məhkəmə iclasında Sumqayıt Şəhər Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2(060)-5070/2020 saylı qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2(060)-5070/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Almaz Süleymanova) iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mənzilə istifadə hüququnun tanınmasına dair ilk iddia qismən təmin edilmiş, ilk iddia üzrə İddiaçı1, övladları 31.01.2012-ci il təvəllüdlü X3 və 06.12.2013-cü il təvəllüdlü X4 Sumqayıt şəhəri, Samur-ünvan 1 ünvanına istifadə hüquqlarının tanınması, ilk iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh İddiaçı1 və İddiaçı2 qarşı mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılmaya dair qarşılıqlı iddiası qismən təmin edilmiş, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 Sumqayıt şəhəri, Samurünvan 1 ünvanından çıxarılması, qarşılıqlı iddianın qalan hisssədə təmin edilməməsi qət edilmiş, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı1 və İddiaçı2 iddia ilə məhkəməyə müraciət edərək onların və yetkinlik yaşına çatmayan övladları-31.01.2012-ci il təvəllüdlü X3 və 06.12.2013-cü il təvəllüdlü X4 Sumqayıt şəhəri, Samur-ünvan 2 ünvanına istifadə hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələblərini onunla əsaslandırmışlar ki, Sumqayıt şəhəri, Samur-ünvan 2 xüsusi mülkiyyət hüququ ilə Cavabdeh məxsudur. Cavabdeh İddiaçı1 doğma anası, İddiaçı2 isə qayınanasıdır. Onların mübahisəli evdən əvvəl Sumqayıt şəhəri, 10-cu mkr, 6 saylı evin 4 saylı mənzilləri olmuş, həmin mənzil atası X8 mülkiyyətində olmuşdur. İddiaçı1 1990-cı ildən 2014-cü ilin avqust ayına kimi həmin mənzildə qeydiyyatda olmuş və mənzildə yaşamış, 2011-ci ilin fevral ayında İddiaçı2 ilə faktiki nikah münasibətlərinə daxil olmaqla ailə həyatı qurmuş və nikahlarını 13.05.2011-ci il tarixdə rəsmiləşdirmişlər. Nikaha daxil olduqdan sonra onlar Sumqayıt şəhəri, 10-cu mkr, 6 saylı evin 4 saylı mənzilində yaşamış, birgə nikahlarından 31.01.2012-ci il tarixdə X5 və 06.12.2013-cü il tarixdə X7 anadan olmuşlar. 2014-cü ilin avqust ayında atası X12 öz mülkiyyətində olan həmin mənzili satmış və bu mənzilin vəsaiti hesabına atası ayrı-ayrılıqda biri 3 sot, digəri 6 sotdan ibarət olan torpaq sahəsi almışdır. Həmin torpaq sahələrində atası iki ev tikmişdir. 3 sot torpaq sahəsində ev bacısı üçün tikilmiş, hazırda həmin evdə yaşayış yoxdur. 6 sot torpaq sahəsində tikilmiş evdə isə hazırda onların ailəsi və cavabdeh yaşayır. Bu ev iki mərtəbəlidir, həm birinci mərtəbədə, həm də ikinci mərtəbədə 3 otaq, hamam, ayaqyolu və mətbəx vardır, hər mərtəbənin girişçıxışı ayrıdır. Onlar mübahisəli evdə 2014-cü ilin oktyabr ayından daimi olaraq yaşayırlar. Belə ki, onlar 1-ci mərtəbədə, cavabdeh isə 2-ci mərtəbədə yaşayır. Atası 11.08.2017-ci il tarixdə vəfat etmişdir. Atasının vəfatından sonra mübahisəli evi cavabdeh öz adına sənədləşdirmiş, ev 11.09.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ilə daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh adına qeydiyyata alınmışdır. Hazırda cavabdeh onları evdən çıxarmaq və evi satmaq istəyir. Onların mübahisəli evdən istifadə hüquqları vardır, ona görə də hazırki iddia ilə məhkəməyə müraciət etmişlər. Cavabdeh qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək cavabdeh İddiaçı1 10000 manat kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi və evdən çıxarılması, digər cavabdeh İddiaçı2 isə evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələblərini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, Samur-Abşeron kanalının şimalı, Yeni yaşayış massivi, 7-ci məhəllədə yerləşən 190 saylı ev xüsusi mülkiyyət hüququ əsasında 11.09.2019-cu il tarixdə onun adına qeydiyyata alınmışdır. Cavabdehlər İddiaçı1 və İddiaçı2 qeyd olunan evdə yaşayırlar. İddiaçı1 onun oğlu, İddiaçı2 isə onun gəlinidir. Qanunvericiliyin tələbindən göründüyü kimi, mülkiyyətçinin onunla birgə yaşayan ailə üzvlərinin yaşayış sahəsindən istifadə etmək hüququ vardır. Cavabdehlərdən İddiaçı1 onun oğludur və hazırda da onunla birlikdə yaşayır. Bu səbəbdən İddiaçı1 evdən istifadə hüququ vardır. Lakin İddiaçı2 gəlinidir və gəlin qanunla mülkiyyətçinin ailə üzvü hesab edilmir. Bu səbəbdən X2 evdən istifadə hüququ yoxdur. Mübahisə üzrə yuxarıda göstərilən aktlar qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnaməni qanunsuz və əsassız hesab edir. Məhkəmə cavabdeh İddiaçı1 onun tərəfindən 10000 manat məbləğində kompensasiya ödənilməklə, mənzildən istifadə hüququna xitam verilməsi tələbini təmin etməmişdir. Məhkəmə qətnamədə kompensasiya məbləğinin mülkiyyətçinin malik olduğu evin dəyərinin tərkib hissəsi kimi nəzərə alınmadığını qeyd etmiş, həmin məbləği müəyyən müddətdə eyni şəraitdə davamlı yaşamaq üçün yetərli hesab etməmişdir. Belə ki, cavabdehin istifadə hüququna xitam verilməsi üçün təklif etdiyi 10000 manat kifayət qədər bazar qiymətinə uyğun məbləğdir və cavabdehin xeyli müddət eyni şəraitli mənzildə yaşaması üçün yetərlidir. Bundan başqa, məhkəmə qətnamədə İddiaçı1 mübahisəli evin inşasında iştirak etdiyini qiymətləndirdiyini qeyd etmişdir. Cavabdeh İddiaçı1 həmin evin inşasında iştirakını təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Belə bir sübut olmuş olsaydı belə, istifadə hüququna xitam verilərkən məhkəmənin bunu kompensasiyanın məbləğinə təsir edən amil kimi nəzərə alması əsassızdır. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin qarşılıqlı iddianın təmin edilməmiş hissəsində (cavabdeh İddiaçı1 10000 manat kompensasiya verilməklə Sumqayıt şəhəri, Samur-Abşeron kanalının şimalı, Yeni yaşayış massivi, 7-ci məhəllədə yerləşən 190 saylı evdən istifadə hüququna xitam verilməsi və həmin mənzildən çıxarılması) ləğv olunması və həmin hissədə qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi Vəkil2 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 və onun nümayəndəsi Vəkil1 məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlmədiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi İddiaçı1 kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması hissəsində dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin qarşılıqlı iddianın təmin edilməmiş hissəsində ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı bu hissədə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 18 iyun 2020-ci il tarixli, **********90 saylı məktubundan görünür ki, Cavabdeh (Sumqayıt şəhəri, Xızı və Siyəzən rayonları ərazisində) Sumqayıt şəhəri, Samur-ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində tam mülkiyyət hüququ 11 sentyabr 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 ilə Nəzərova (Babayeva) Aytən Möhübbət qızı arasında olan nikah 13 may 2011-ci il tarixdə Sumqayıt şəhər Qeydiyyat şöbəsində bağlanılaraq 739 sayla qeydə alınmışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, İddiaçı1 ilə İddiaçı2 nikahından 31 yanvar 2012-ci il tarixdə X5 və 06 dekabr 2013-cü il tarixdə X7 anadan olmuşlar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin 3-cü hissəsinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası MM-nin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası MM-nin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 mart 2006-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında göstərilir ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və ya müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Yuxarıda qeyd edilən maddənin mənasından da göründüyü kimi yaşayış sahəsindən istifadə hüququna məhkəmə qaydasında o, vaxt xitam verilə bilər ki, belə bir tələbi mülkiyyətçi irəli sürmüş olsun, iddia tələbi yaşayış sahəsindən istifadə hüququ olan şəxsə qarşı yönəlsin, mülkiyyətçinin təklif etdiyi kompensasiya mövcud bazar qiymətlərinə uyğun olmaqla yaşayış sahəsindən istifadə hüququna mütənasib olsun, iddia ərizəsində istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği mülkiyyətçi tərəfindən müəyyən edilmiş olsun, təklif olunan kompensasiya mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və ya müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normasının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının apellyasiya şikayətinin dəlillərini araşdırıb, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarında şərh edilən məcburi göstərişləri nəzərə alıb, hesab edir ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 mübahisəli mənzildən istifadə hüququna 10000 manat məbləğində kompensasiya ödənilməklə xitam verilməsi üçün kifayət qədər faktiki əsaslar olmadığından birinci instansiya məhkəməsinin iş üzrə bu hissədə gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, 10000 manat məbləğində kompensasiya mülkiyyətçinin hesabına ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki evdə ona xas olmuş şəraitlə müqayisədə oxşar şəraitdə yaşamaq imkanı vermir və bunu təsdiq edən hər hansı bir sübut da məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən təklif olunan 10000 manat kompensasiya mülkiyyətçinin hesabına istifadəçiyə, yəni ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 davamlı surətdə və ya müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar şəraitdə yaşamaq imkanı verməsi üçün kifayət deyildir və təklif edilən məbləğ evdən istifadə hüququna xitam verilməsinin əvəzində adekvat məbləğ sayıla bilməz. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətində göstərdiyi dəlillər iş üzrə məhkəmə qətnaməsinin İddiaçı1 kompensasiya verməklə mənzildən istifadə hüququna xitam verilməsi və həmin mənzildən çıxarılması hissəsində apellyasiya qaydasında ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verib, apellyasiya şikayətində sadalanan digər dəlilləri də araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi İddiaçı1 kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi və həmin mənzildən çıxarılması hissəsində faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin bu hissədə apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi İddiaçı1 kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi və həmin mənzildən çıxarılması hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2(060)-5070/2020 saylı qətnaməsi İddiaçı1 kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi və həmin mənzildən çıxarılması hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2357/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2357/2021
14.10.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver