Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2359/2021 08.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə açıq məhkəmə iclasında Siyəzən Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2(059)-368/2015 saylı qərardadından Borclu şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Siyəzən Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2(059)-368/2015 saylı qərardadı ilə (sədrlik edən, hakim Bəylər Ələkbərov) "xxxx" Kommersiya Bankı açıq səhmdar cəmiyyətinin Borclu qarşı borcun tutulması ərizəsinə dair mülki iş üzrə "xxxx" Kommersiya Bankı açıq səhmdar cəmiyyətinin qətnamənin yenidən icraya yönəldilməsinə dair ərizəsinin təmin edilməsi, Siyəzən rayon İcra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən Kənan Əzizovun 16 yanvar 2018-ci il tarixli qərarının ləğv edilməsi qərara alınmış, Borclu qərardaddan şikayət vermişdir. İŞİN HALLARİ: İş materiallarından görünür ki, Siyəzən Rayon Məhkəməsinin 19 may 2015-ci il tarixli, 2(059)-368/2015 saylı məhkəmə əmrinə əsasən Borclu 1178,26 ABŞ dolları əsas, 53,29 ABŞ dolları faiz, 10,51 ABŞ dolları cərimə, cəmi 1242,06 ABŞ dolları məbləğində borc və 20 manat ödənilmiş dövlət rüsumu alınaraq "xxxx" Kommersiya Bankı açıq səhmdar cəmiyyətinə verilməlidir. Siyəzən Rayon Məhkəməsinin 19 may 2015-ci il tarixli, 2(059)-368/2015 saylı məhkəmə əmri 16 iyun 2015-ci il tarixdə icra edilməsi üçün Siyəzən rayon İcra qrupuna göndərilmişdir. Siyəzən rayon İcra və probasiya şöbəsinin 16 yanvar 2018-ci il tarixli qərarı ilə Siyəzən Rayon Məhkəməsinin 19 may 2015-ci il tarixli, 2(059)-368/2015 saylı icra sənədi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.1-ci maddəsinə əsasən məhkəməyə qaytarılmışdır. "xxxx" Kommersiya Bankı açıq səhmdar cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək Siyəzən Rayon Məhkəməsinin 19 may 2015-ci il tarixli, 2(059)-368/2015 saylı məhkəmə əmrinin icraya yönəldilməsini xahiş etmiş və ərizəsini onunla əsaslandırmışdır ki, Siyəzən Rayon Məhkəməsinin 19 may 2015-ci il tarixli, 2(059)-368/2015 saylı məhkəmə əmri ilə Borclu "xxxx" Kommersiya Bankı açıq səhmdar cəmiyyətinin xeyrinə borc məbləği tutulmalıdır, həmin məhkəmə əmri əsasında verilmiş icra sənədi icra edilməsi üçün Siyəzən rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. Siyəzən rayon İcra və probasiya şöbəsinin qərarı ilə icra sənədi geri qaytarılmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: Borclu şikayətini onunla əsaslandırmışdır ki, qərardadla razı deyildir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı ilə fiziki şəxslərin banklara 10000 ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsinin dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcəyi müəyyən edilmişdir. Maliyyə Bazarlarına Nəzarət Palatasının problemli kreditlərin kompensasiyası qrafasında "xxxx" KB ASC-dən cəmi hesablanmış kompensasiya 21.02.2015-ci ilə 297,58 manat, 21.12.2015-ci il tarixə isə 643,43 manat təşkil etmiş, ümumilikdə cəmi 941,01 manat kompensasiya hesablanmış, ona çatası 450,31 manat kompensasiya məbləği qeyd olunmuşdur. Həmin pulun alınması üçün 27.05.2019-cu il tarixdə "xxxx" KB ASC-nin Quba filialına müraciət etmiş, əməliyyatçı və idarə müdiri ilə görüşmüş, lakin ona çatası heç bir kompensasiya məbləği olmadığı bildirmişdir. Tələbkar “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli Fərmanın icrasından boyun qaçıraraq ona çatası kompensasiya məbləğini ödəməməsi qanuna zidd və əsassızdır. Şikayətdə iş üzrə birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması barədə yeni qərardad çıxarılması xahiş olunmuşdur. Tələbkar "xxxx" Kommersiya Bankı açıq səhmdar cəmiyyəti, Borclu və Siyəzən rayon İcra və probasiya şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, borclu məhkəmə iclasına gəlmədiyindən, tələbkar və Siyəzən rayon İcra və probasiya şöbəsi nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası şikayətin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməməli, iş üzrə məhkəmə qərardadı dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, apellyasiya şikayəti qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, borclunun şikayəti iş üzrə məhkəmə qərardadının ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qərardadının qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarından görünür ki, Siyəzən Rayon Məhkəməsinin 19 may 2015-ci il tarixli, 2(059)-368/2015 saylı məhkəmə əmrinə əsasən Borclu 1178,26 ABŞ dolları əsas, 53,29 ABŞ dolları faiz, 10,51 ABŞ dolları cərimə, cəmi 1242,06 ABŞ dolları məbləğində borc və 20 manat ödənilmiş dövlət rüsumu alınaraq "xxxx" Kommersiya Bankı açıq səhmdar cəmiyyətinə verilməlidir. Məhkəmə əmri icra edilməsi üçün Siyəzən rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. İş materiallarında olan Siyəzən rayon İcra və probasiya şöbəsinin icra sənədinin məhkəməyə qaytarılması haqqında 16 yanvar 2018-ci il tarixli qərarının surətindən görünür ki, tələbkar "xxxx" Kommersiya Bankı açıq səhmdar cəmiyyətinin müraciəti əsasında Siyəzən Rayon Məhkəməsinin 19 may 2015-ci il tarixli, 2(059)-368/2015 saylı icra sənədi Siyəzən Rayon Məhkəməsinə qaytarılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikasının MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Əfəndiyeva Azərbaycana qarşı” işi üzrə qəbul etdiyi 25 oktyabr 2007-ci il tarixli qərarında hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrasının Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində nəzərdə tutulan məhkəmə araşdırmasının tərkib hissəsi olduğunu qeyd etmiş, qətnamənin qanuni qüvvəyə minməsinə və icra prosesinə başlanılmasına baxmayaraq qətnamənin hələ də icra olunmamasını ərizəçinin Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulan öz mülkiyyətindən maneəsiz istifadə hüququnun pozulması kimi qiymətləndirmişdir. Beləliklə, İnsan hüquqları üzrə Avropa Məhkəməsi də məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin icra edilməməsini Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin və Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinin 1-ci bəndinin pozulması kimi qiymətləndirmişdir. “İcra haqqında” qanununun 23.1.1-ci maddəsinə görə tələbkarın ərizəsi əsasında icra sənədi icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Həmin Qanunun 23.3-cü maddəsinə əsasən icra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. İşin müəyyən edilmiş hallarından görünür ki, Siyəzən Rayon Məhkəməsinin 19 may 2015-ci il tarixli, 2(059)-368/2015 saylı məhkəmə əmri tələbkar "xxxx" Kommersiya Bankı açıq səhmdar cəmiyyətinin müraciəti əsasında geri qaytarılmış, tələbkarın müraciəti ilə bağlı da hazırki qərardad qəbul edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Siyəzən Rayon Məhkəməsinin 19 may 2015-ci il tarixli, 2(059)-368/2015 saylı məhkəmə əmrinin yenidən icraya yönəldilməsi barədə birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. Borclu şikayətində göstərdiyi dəlillər iş üzrə qərardadın apellyasiya qaydasında ləğv olunması üçün əsas deyildir. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası sadalanan halları, şikayətdə göstərilən dəlilləri araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə məhkəmə qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 397 və 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Borclu şikayəti təmin edilməsin. İş üzrə Siyəzən Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2(059)-368/2015 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-2359/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2359/2021
08.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver