Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-236/2021 09.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh, X7, X2 və X10 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki iş üzrə Sumqayıt şəhər məhkəməsinin 09 iyun 2020-ci il tarixli, 2(060)-2137/2020 saylı qətnaməsindən İddiaçı QSC və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt şəhər məhkəməsinin 09 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakim A.Süleymanova) iddianın qismən təmin edilməsi, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 30.03.2012-ci il tarixli, 03D000007996 saylı kredit xətti müqaviləsi, 20.09.2015ci il tarixli, 03L000007996S sazişi və 12.11.2018-ci il tarixli, 003R********** saylı kredit razılaşmasının ləğv edilməsi, Cavabdeh İddiaçı QSC-nin xeyrinə 003R********** saylı kredit razılaşması üzrə 6634,49 manat əsas borcun, 1013,64 manat faiz borcun və 200 cərimənin, cəmi 7848,13 manat borcun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 manatın tutulması və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı QSC və Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişlər. İŞİN HALLARİ İddiaçı QSC cavabdehlər Cavabdeh, X14ma. X2 və X10 qarşı «kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh, X5, X1 və X6 müştərək qaydada "İddiaçı” QSC-nin xeyrinə 003R********** saylı kredit razılaşması üzrə 6634.49 manat məbləğində kredit borcu, 1013.64 manat məbləğində faiz borcu və 1761.48 manat məbləğində cərimə borcu olmaqla, cəmi 9409.61 manat məbləğdə borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin artırılması barədə məhkəməyə ərizə təqdim edərək, İddiaçı QSC ilə cavabdeh X11 oğlu arasında bağlanmış 30.03.2012-ci il tarixli 03L000007996 saylı kredit xətti müqaviləsinin, 20.09.2015-ci il tarixli 03L000007996S saylı sazişin və 12.11.2018-ci il tarixli 003R********** saylı kredit razılaşmasının ləğv edilməsi, cavabdehlər Cavabdeh, X5, X1 və X6 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 003R********** saylı kredit razılaşması üzrə 6634,49 manat məbləğində kredit borcu, 1013,64 manat məbləğində faiz borcu və 1761.48 manat məbləğində cərimə borcu olmaqla, cəmi 9409,61 manat məbləğdə borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etdi. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı QSC ilə bağladığı 30.03.2012-ci il tarixli 03L000007996 saylı kredit xətti müqaviləsinə əsasən 60 ay müddətinə 20000 ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Tərəflərin imzaladıqları 20.09.2015-ci il tarixli 03L000007996S saylı sazişə əsasən kredit xəttinin müddəti 164 ay, məbləği 200000 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh oğlu İddiaçı QSC ilə bağladığı 12.11.2018ci il tarixli 03R********** saylı kredit razılaşması əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10.000 manat məbləğində kredit götürmüşdür. Cavabdeh Kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 12.06.2019-cu il tarixdən banka qaytarmamışdır. Cavabdeh götürdüyü kredit borcundan 3365,51 manat ödəmiş, onun 6634,49 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün bu faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 13.01.2020-ci il tarixə 213 gün üçün hesablanmış faiz borcu 1013,64 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə əsasən borclu ödəniş planı üzrə kredityi və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5% məbləğində cərimə ödəməlidir. 13.01.2020-ci il tarixə 213 gün üçün hesablanmış cərimə 1761.48 manat təşkil edir. Kredit xətti müqaviləsi üzrə Cavabdehnın öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər X12, X3 və X15 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə birgə məsuliyyət götürmüşlər İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı QSC Sumqayıt şəhər məhkəməsinin 09 iyun 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin qismən, iddianın təmin edilməyən hissəsində ləğv edilməsi və iddia tələbinin həmin hissədə təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qətnaməsi, qismən, zaminlərə münasibətdə təmin edilməyən hissəsində maddi və prosessual hüquq normalarının pozulması səbəbindən əsassızdır. Birinci instansiya məhkəməsi prosessual hüquq pozuntusuna, habelə mübahisəli iş üzrə maddi hüquq pozuntusuna yol vermişdir. İş materialları tam və hərtərəfli araşdırmamış, iddiaçı tərəfindən təqdim edilmiş sübutlar nəzərə alınmamış, bununla da zaminlərə münasibətdə iddia tələbini təmin etməməklə yanlış nəticəyə gəlmişdir. Cavabdeh Sumqayıt şəhər məhkəməsinin 09 iyun 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsini, iddia tələbinin əsas borc, faiz və cərimə borcu hissəsində qismən təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığından qanunsuz və əsassızdır. Bank tərəfindən əsas borc, faiz və cərimə məbləği düzgün hesablanmamışdır. Birinci instansiya məhkəməsinin qətnaməsi ədalətsiz və qanunsuzdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh apellyasiya şikayətinin təmin edilməsini, iddiaçının apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən iddiaçının nümayəndəsi X13 apellyasiya şikayətini müdafiə edərək, şikayətinin təmin edilməsini, cavabdehin apellyasiya şikayətini isə qəbul etməyərək, təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər cavabdehlərə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prossual Məcəllənin 376.2. maddəsinə əsasən digər cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və cavabdehin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt şəhər məhkəməsinin 09 iyun 2020-ci il tarixli qətnaməsi qismən ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsini cavabdehin müqavilə üzrə öhdəliyi lazımınca icra etməməsi və zaminlərə qarşı münasibətlərə xitam verilməsi ilə əsaslandırmış və gəldiyi nəticənin maddi hüquqi əsası kimi Mülki Məcəllənin 385.1., 386.1, 442., 445.1., 448.1., 477.0.1., 739.1., 739.2., maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan iddiaçı vermiş olduğu apellyasiya şikayətində zaminlərə münasibətdə iddianın rədd edilməsi hissəsində gəlinən nəticəni, Cavabdeh isə qətnamənin əsas, faiz və cərimə məbləğinin hesablanması hissəsində mübahisələndirmiş, iddiaçı və cavabdeh qətnamənin qismən ləğv edilməsini, mübahisələndirilən hissələr üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası həmçinin hər iki tərəfin apellyasiya şikayəti verməsini nəzərə alaraq hesab edir ki, ilkin olaraq iddiaçının apellyasiya şikayətinə qiymət verilməlidir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində birinci instansiya məhkəməsinin zaminlərə aid hissədə iddianın rədd edilməsi barədə gəldiyi nəticənin mübahisələndirilməsini nəzərə alaraq hesab edir ki, ilk öncə həmin hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə hüquqi qiymət verilməlidir. İşdən göründüyü kimi iddiaçı ilə Cavabdeh arasında bağlanmış 30.03.2012-ci il tarixli 03L000007996 saylı kredit xətti müqaviləsinə əsasən 60 ay müddətinə 20000 ABŞ Dolları məbləğində kredit xətti açılmış və həmin kredit xətti müqaviləsi üzrə 12.11.2018-ci il tarixli 03R********** saylı kredit razılaşması əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə cavabdehin öhdəliyinin icrasının təmin edilməsindən ötrü digər cavabdehlər X12, X3 və X15 ilə zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı müqavilədən irəli gələn öhdəliyin icra edilməməsinə görə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini zaminlər X12, X3 və X8 12.11.2018-ci il tarixli kredit razılaşması bağlanarkən onların razılıqlarının alınmadığına görə təmin etməmişdir. Mülki Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır (Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələri). Kreditor və borclu arasında bağlanan müqavilədən irəli gələn öhdəliklərin icrasını təmin edən zaminlik müqaviləsi aksessor xarakter daşıyır. Zaminliyin aksessor xarakteri ondan ibarətdir ki, zaminlik müqaviləsi icra edilməyən və ya lazımınca icra edilməyən əsas öhdəliyin icrasını təmin etmək məqsədi ilə borclunun öhdəliyinə əlavə kimi çıxış edir (Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2012-ci il tarixli qərarı). Həmçinin həmin qərarda qeyd edilmişdir ki, kreditor qarşısında zaminlik öhdəliyinin əmələ gəlməsinin özünəməxsus əsası vardır. Belə ki, zaminlik müqaviləsinin bağlanması nə zaminin, nə də kreditorun hüquq və öhdəliklərinin yaranmasına səbəb olmur. Zaminin kreditor qarşısında borcu ödəmə öhdəliyi, habelə kreditorun zaminə qarşı tələbi yalnız MM-in 472.1-ci maddəsində göstərildiyi kimi, borclunun əsas öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsindən sonra yaranır. Zaminlik müqaviləsinin bağlanması ilə həmin öhdəlik yaranmadığından, zamin bu hüquqi faktın (yəni borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə) yaranmasına qədər öhdəliyin icra edilməsinə yönəlmiş hər hansı hərəkət edə bilməz. İddianı cavabdehlər X7, X2 və X10 aid hissədə təmin etməyən birinci instansiya məhkəməsi kredit razılaşması bağlanarkən onların razılığının alınmasına dair sazişin bağlanmaması kredit xətti üzrə sonradan yaranan dəyişikliklər üzrə məsuliyyətlərinin artmasına və onlar üçün əlverişsiz nəticələrə səbəb olduğuna istinad edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 31 may tarixli Konstitusiya Məhkəməsinin göstərilən Qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, zaminin məsuliyyətinin yaranması, onun müqavilənin bütün şərtləri, yəni kredit məbləği, müddəti və faizləri barədə şərtləri ilə tanış olaraq və bundan sonra həmin şərtlərlə razılaşması ilə şərtlənir. İşdən görünür ki, zamin Siminbər Əhmədova və Almaz Məmmədova kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan və kredit müddəti və məbləği ilə bərabər, faiz dərəcəsi ilə bağlı şərtlərlə razılaşdıqlarını ödəniş planında yazılı qaydada ifadə etmişlər (səhifə 8). Digər zamin Nəsib Zeynalovla isə iddiaçı bank arasında 12.11.2018-ci il tarixdə zaminlik müqaviləsi bağlanmış və həmin müqavilədə kreditin məbləği, müddətinə dair şərtlərlə yanaşı, kreditin faiz dərəcəsi ilə bağlı razılaşdığını yazılı qaydada ifadə etmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, zaminlərin razılığını təsdiqləyən yuxarıda qeyd edilən sənədə və bununla bağlı iddiaçının mübahisənin həlli üçün əhəmiyyət kəsb edən dəlilinə ümumiyyətlə hüquqi qiymət verməməklə, onlara aid hissədə iş üzrə gəldiyi nəticə qanunvericiliyin tələblərinə və iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun olmamaqla, qanuni və əsaslı hesab edilə bilməz. Bu mənada məhkəmə kollegiyası həmçinin hesab edir ki, zaminlik müqaviləsi üzrə öhdəlik götürmüş X12, X3 və X15 da kreditor qarşısında borclu ilə birgə məsuliyyət daşıyırlar. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayəti ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki hüquq məsuliyyətin yaranma əsaslarından biri də iki tərəfin iradə ifadəsi olan müqavilədir. İddiaçı ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmışdır. Müqavilə üzrə iddiaçı müqavilə ilə müəyyənləşdirilmiş öhdəliyi icra edərək pul məbləğini cavabdehə vermiş, lakin cavabdeh tərəf müqavilə üzrə öhdəliyi lazımınca icra etmədiyinə görə bank qarşısında müqavilədən irəli gələn öhdəliyin icra edilməməsinə görə məsuliyyəti yaranmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N. Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 13 iyul 2009-cu il tarixli qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. Məhkəmə kollegiyası kredit müqaviləsi üzrə yaranmış faiz məbləğinin cavabdeh tərəfindən mübahisələndirilməsi ilə əlaqədar tərəflərin ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsindən ötrü məhkəmə mühasibatlıq ekspertizası təyin etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 9/5109 saylı 27 aprel 2021-ci il tarixli mühasibatlıq ekspertizası rəyi ilə müəyyən edilmişdir ki, kredit müqaviləsi üzrə əsas borc məbləği 6634,49 manat, faiz borcu 968,43 manat təşkil edir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərkən iddia ərizəsinə əlavə etmiş olduqları və iddiasının əsasını təşkil edən maliyyə arayışdan əsas borca hesablanmış faiz məbləği 1013,64 manat təşkil etmişdir. Keçirilmiş ekspertiza tədqiqatı ilə əsas borca hesablanmış faiz məbləğinin borc tələb edilən tarixə düzgün hesablanmadığı, əsas borca hesablanmış faiz məbləğinin artıq hesablandığı müəyyən olunmuşdur. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, kredit borcu üzrə hesablanmış faiz məbləği iddia tələbində göstərilən məbləğdə deyil, ekspertiza rəyində göstərilən məbləğdə nəzərə alınmalıdır. Belə ki, iddiaçının təqdim etdiyi əsas kredit məbləği üzrə yaranan əsas borca hesablanmış faiz borcuna dair maliyyə arayışı iddiaçı tərəfin subyektiv mülahizəyə əsaslanır və iddiaçının mövqeyini əks etdirir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Bununla yanaşı, məhkəmə kollegiyası həmçinin hesab edir ki, Cavabdeh iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X4, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22) hesabına keçirilməlidir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (MPM-nin 119.1. maddəsi). Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt şəhər məhkəməsinin 09 iyun 2020-ci il tarixli qətnaməsi qismən ləğv edilməli və mübahisələndirilən hissə üzrə yeni qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ İddiaçı QSC-nin apellyasiya şikayəti təmin edilsin. Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt şəhər məhkəməsinin 09 iyun 2020-ci il tarixli qətnaməsi qismən ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. Cavabdehlər Cavabdeh, X12, X3 və X6 müştərək qaydada 003R********** saylı kredit razılaşması üzrə 6634,49 manat əsas borc, 968,43 manat faiz borc və 200 cərimə olmaqla, cəmi 7802,92 manat borc İddiaçı QSC-nin xeyrinə tutulsun. Cavabdeh iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 100 (yüz) manat Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X4, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22) hesabına keçirilsin. Qətnamə mübahisələndirilməyən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-236/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-236/2021
09.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver