Məhkəmə qərarları › İş №2(105)-2361/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2361/2022

30.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2361/2022 30.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mülki iş üzrə (Açar sözlər: kredit müqaviləsi üzrə borcun qaytarılması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Quliyev Telman Osman oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Gülnarə Fikrət qızı və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Mehman Əmirxan oğlu Əmirxanlının katibliyi, Cavabdeh2 iştirakı ilə Qusar Rayon Məhkəməsinin 11 avqust 2022-ci il tarixli, 2(029)-659/2022 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə Qusar Rayon Məhkəməsinə müraciət edib, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 bankın xeyrinə 213.24 (iki yüz on üç ABŞ dolları iyirmi dörd sent) ABŞ dolları əsas borc, 64.14 (altmış dörd ABŞ dolları on dörd sent) ABŞ dolları faiz borcu, 557.11 (beş yüz əlli yeddi ABŞ dolları on bir sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 32.01 (otuz iki ABŞ dolları bir sent) ABŞ dolları faiz borcu olmaqla, cəmi 866.50 (səkkiz yüz altmış altı ABŞ dolları əlli sent) ABŞ dolları və 34.74 (otuz dörd manat yetmiş dörd qəpik) manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Qusar filialı və Cavabdeh2 arasında bağlanmış 15 oktyabr 2015-ci il tarixli, ********* saylı kredit müqaviləsinə əsasən sonuncuya 12 (on iki) ay müddətinə illik 19 (on doqquz) faiz dərəcəsi ilə 1.500 (min beş yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə bank arasında 240009767/ZM saylı, 15 oktyabr 2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borcalanla eyni həcmdə məsuliyyət daşıyır. Kredit və zaminlik müqavilələri üzrə 08 iyun 2017-ci il tarixli əlavə sazişə əsasən kredit Restrukturizasiya edilmişdir. Borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalıq məbləği saziş qüvvəyə mindiyi tarixə məzənnəsinə uyğun olaraq 1688.55 (min altı yüz səksən səkkiz ABŞ dolları əlli beş sent) ABŞ dolları təşkil edir. Kreditin müddəti xx.xx.2019-cu il tarixədək uzadılmışdır. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə **********510 saylı, xx.xx.2022-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi.

3. Cavabdeh tərəfdən iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.

4. Qusar Rayon Məhkəməsinin 11 avqust 2022-ci il tarixli, 2(029)-659/2022 nömrəli qətnaməsi ilə (hakim Əli Cəlilov) iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası qismən təmin edilib, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 213.24 (iki yüz on üç ABŞ dolları iyirmi dörd sent) ABŞ dolları əsas borc, 64.14 (altmış dörd ABŞ dolları on dörd sent) ABŞ dolları faiz borcu, 500 (beş yüz) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 32.01 (otuz iki ABŞ dolları bir sent) ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 809.39 (səkkiz yüz doqquz ABŞ dolları otuz doqquz sent) ABŞ dolları məbləğində kredit borcunun qətnamə icra olunan günə Azərbaycan manatı məzənnəsi ilə hesablanmaqla tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin hesabına keçirilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəməyə iddia ərizəsi verilməsi üçün ödənilmiş 34.74 (otuz dörd manat yetmiş dörd qəpik) manat məbləğində dövlət rüsumunun müştərək qaydada tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin hesabına keçirilməsi qət edilmişdir.

5. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara istinadən müəyyən etmişdir ki, kredit müqaviləsinə əsasən cavabdehin bank qarşısında öhdəliyi yaranmış, cavabdeh tərəf öz üzərinə götürmüş olduğu öhdəliyi icra etməmiş və o bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıyır.

6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 386.1, 442, 445.1, 445.2.1, 448.1, 448.2, 449.4, 462.1, 465.2, 467, 470.1, 472.1, 739.1, 739.2-ci maddələri və Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1, 107-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh2 apellyasiya şikayəti verib, Qusar Rayon Məhkəməsinin 11 avqust 2022-ci il tarixli, 2(029)-659/2022 nömrəli qətnaməsinin dəyişdirilərək iddianin 500 ABŞ dolları cərimənin tutulması hissəsində təmin edilməməklə qalan hissədə dəyişdirilmədən saxlanılması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri:

8. Birinci instansiya məhkəməsi iddianın əsas borc hissəsini 213,24 ABŞ dolları təşkil etdiyi halda iddiaçı heç bir əsas olmadan 557,11 ABŞ dolları məbləğində cərimənin tələbini qoymuş və məhkəmə də həmin tələbin yalnız cüzi hissəsini, yəni 57 ABŞ dollarını çıxmaqla qalan hissədə iddianı təmin etmişdir.

9. Cavabdeh2 apellyasiya şikayəti verib, birinci instansiya məhkəməsinin qətnaməsini cərimə borcu hissəsində mübahisələndirmişdir.

10. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsi yalnız ona münasibətdə mübahisələndirilən hissədə araşdırılır. Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

11. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

12. Cavabdeh2 apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi.

13. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və Cavabdeh1 məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məlumat verilməmişdir.

14. Məhkəmə kollegiyası qeyd olunan şəxslərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə

15. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

16. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

17. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

18. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

19. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

20. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

21. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.

22. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

23. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.

24. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

25. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

26. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

27. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

28. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

29. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Prosessual Məcəllə

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

34. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

35. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

36. Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir.

Apellyasiya baxışının hədləri

37. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməlidir.

39. Belə ki, iş materiallarında olan İddiaçı ASC və Cavabdeh2 arasında bağlanmış 15 oktyabr 2015-ci il tarixli, ********* saylı kredit müqaviləsinin və ona 1 nömrəli əlavənin surətindən görünür ki, bank tərəfindən Cavabdeh2 12 (on iki) ay müddətinə illik 19 (on doqquz) faiz dərəcəsi, olmaqla 1.500 (min beş yüz) ABŞ dolları məbləğində kredit verilmişdir.

40. İddiaçı ASC və Cavabdeh1 arasında bağlanmış 240009767/ZM saylı, 15 noyabr 2015-ci il tarixli zaminlik müqaviləsindən və ona 1 nömrəli əlavənin surətindən görünür ki, Cavabdeh1 15 oktyabr 2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasının təminatı olaraq Bank qarşısında zamin durmuşdur.

41. İşdə olan kredit və zaminlik müqavilələri üzrə 08 iyun 2017-ci il tarixli əlavə sazişlərin surətlərindən görünür ki, borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 1688.55 min altı yüz səksən səkkiz ABŞ dolları əlli beş sent) ABŞ dolları müəyyən edilmişdir.

42. Ləğv prosesində olan İddiaçı ASC tərəfindən tərtib edilmiş 16 may 2022-ci il tarixli, **********312 saylı maliyyə arayışından görünür ki, Cavabdeh2 15 oktyabr 2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi üzrə 10 may 2022-ci il tarixinə banka 213.24 (iki yüz on üç ABŞ dolları iyirmi dörd sent) ABŞ dolları əsas borc, 64.14 (altmış dörd ABŞ dolları on dörd sent) ABŞ dolları faiz borcu, 557.11 (beş yüz əlli yeddi ABŞ dolları on bir sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 32.01 (otuz iki ABŞ dolları bir sent) ABŞ dolları faiz borcu, müqavilənin tələbləri əsasında yaranmış ümumi borcunun 866.50 (səkkiz yüz altmış altı ABŞ dolları əlli sent) ABŞ dolları məbləğində kredit borcu vardır.

43. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçı bank qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Cavabdehin iddiaçıya kredit müqaviləsindəki öhdəlikləri lazımınca yerinə yetirmədiyinə görə cərimə borcunun mövcudluğu işdə olan sübutlarla, maliyyə arayışı və hesabdan çıxarış ilə öz təsdiqini tapır.

44. İş materiallarından görünür ki, kreditor tərəfindən borcludan 557,11 (beş yüz əlli yeddi ABŞ dolları on bir sent) ABŞ dolları cərimə məbləği tələb edilmişdir.

45. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.

46. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

47. Azərbaycan Respublikası Prezidentin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı qəbul edilmiş və həmin tarixdən qanuni qüvvəyə minmişdir.

48. Həmin fərmanla təsdiq olunmuşdur ki, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirləri əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasına rəvac vermişdir.

49. Yuxarıda qeyd olunan hallar nəzərə alınaraq baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyi göstərilməsi qərara alınmışdır.

50. Fərmanın 1-ci bəndinə görə fiziki şəxslərin banklara 10000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına manatla ödənilməli, habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlər müəyyən edilərək Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq edilməlidir.

51. Fərmanın təsir dairəsinə düşən kredit müqavilələri üzrə artıq ödənilmiş vəsaitlərin qaytarılması, hesablanmış faiz və dəbbə pulunun azaldılması, vəsaitin restrukturizasiya olunması, yeni güzəştli şərtlərlə kredit müqavilələrinin bağlanmasının təklif edilməsi və digər güzəştlər edilməsi nəzərdə tutulmuşdur. Həmin güzəştlərin bankların vəsaiti deyil, dövlətin dəstəyi ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur.

52. İddiaçı ASC və Cavabdeh2 arasında ********* saylı kredit müqaviləsi 15 oktyabr 2015-ci il tarixdə bağlanmışdır. Göründüyü kimi tərəflər arasında bağlanmış kredit müqaviləsi qeyd olunan Fərmanın təsiri altına düşür.

53. Məhkəmə kollegiyası işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, iddia tələbinin mübahisələndirilən cərimə hissəsində “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının xx.xx.2019-cu il tarixli, 551 nömrəli Fərmanının təsir dairəsinə düşməsi həmin hissədə iddia tələbinin rədd edilməsi üçün əsasdır.

54. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi - «cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 500 (beş yüz) ABŞ dolları cərimə qətnamə icra olunan günə Azərbaycan manatı məzənnəsi ilə hesablanmaqla tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulsun» hissəsində ləğv edilərək iddia həmin hissədə təmin edilməməlidir.

55. Qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti 500 ABŞ dolları (500 ABŞ dolları x 1,70 AZN) = 850 manat təşkil edir.

56. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

57. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh2 verdiyi apellyasiya şikayəti təmin edilsin. Qusar Rayon Məhkəməsinin 11 avqust 2022-ci il tarixli 2(029)-659/2022 nömrəli qətnaməsi – «cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 500 (beş yüz) ABŞ dolları cərimə qətnamə icra olunan günə Azərbaycan manatı məzənnəsi ilə hesablanmaqla tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulsun» hissəsində ləğv edilsin və iddia həmin hissədə təmin edilməsin. İddia qismən təmin edilsin. Qətnamə – «cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 213.24 (iki yüz on üç ABŞ dolları iyirmi dörd sent) ABŞ dolları əsas borc, 64.14 (altmış dörd ABŞ dolları on dörd sent) ABŞ dolları faiz borcu, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 32.01 (otuz iki ABŞ dolları bir sent) ABŞ dolları faiz borcu qətnamə icra olunan günə Azərbaycan manatı məzənnəsi ilə hesablanmaqla tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin hesabına keçirilsin, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəməyə iddia ərizəsi verilməsi üçün ödənilmiş 34.74 (otuz dörd manat yetmiş dörd qəpik) manat məbləğində dövlət rüsumu müştərək qaydada tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin hesabına keçirilsin» hissəsində mübahisələndirilməmişdir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar