Məhkəmə qərarları › İş №2(105)-2368/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2368/2020

12.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2368/2020 12.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı açıq səhmdar cəmiyyətinin nümayəndəsi X2 və Cavabdeh1 iştirakları ilə açıq məhkəmə iclasında Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(060)-2785/2018 saylı qətnaməsindən Cavabdeh1 apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(060)-2785/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Vladimir Ruvinov) İddiaçı açıq səhmdar cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kreditin və ona hesablanmış faizlərin qaytarılması tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, Cavabdeh1 və Cavabdeh2 İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə 1503,02 ABŞ dolları əsas borc, 1254,22 ABŞ dolları faiz borcu, cəmi 2757,24 ABŞ dollarının və ödənilmiş 20 manat dövlət rüsumunun tutulması, dövlət rüsumunun kəsr məbləği 10 manatın Cavabdeh1 və Cavabdeh2 tutulub dövlət büdcəsinə ödənilməsi qət edilmiş, Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, xx xxxxxxx 2017-ci il tarixdə İddiaçı açıq səhmdar cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək borclular Cavabdeh1 və Cavabdeh2 cəmiyyətin xeyrinə 1503,02 ABŞ dolları əsas və 2165,03 ABŞ dolları faiz borcunun, cəmi 3668,05 ABŞ dollarının və ödənilmiş 20 manat dövlət rüsumunun tutulması barədə məhkəmə əmrinin verilməsini xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, borclu Cavabdeh1 ilə cəmiyyət arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit sazişi müqaviləsinə əsasən bank borcluya 24 ay müddətinə, illik 28% olmaqla 10000 ABŞ dolları məbləğində kredit vermişdir. Hazırda borclu ödəniş cədvəlinə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə, kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Borclu ilə cəmiyyət arasında bağlanmış müqavilənin müddətinin bitməsinə baxmayaraq hazırki vaxtadək onun banka olan borcu ödənilməmiş qalır. Borclu Cavabdeh2 (zamin) həmin sazişə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürərək kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün borclu Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kreditin qaytarılması ilə bağlı borclu Cavabdeh1 aid bütün öhdəlikləri icra etməlidir. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli, 2(060)-15596/2017 saylı məhkəmə əmri ilə ərizə təmin edilmiş, Cavabdeh1 və Cavabdeh2 İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə 1503,02 ABŞ dolları əsas borc, 2165,03 ABŞ dolları faiz borcu və ödənilmiş 20 manat dövlət rüsumu tutulmuşdur. Cavabdeh1 etirazına əsasən Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(060)- 15596/2017 saylı qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli, 2(060)- 15596/2017 saylı məhkəmə əmri ləğv edilmiş, materiallara iddia icraatı qaydasında baxılmağa keçilmişdir. İddiaçı açıq səhmdar cəmiyyəti iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək xx xxx 2014-cü il tarixdə cavabdehlə bağlanmış kredit müqaviləsinə əsasən cavabdehdən 1503,02 ABŞ dolları əsas borc, 1254,22 ABŞ dolları faiz borcu tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qəbul olunmuş qətnamədən narazıdır. Belə ki, İddiaçı açıq səhmdar cəmiyyəti xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən ona illik 28% dərəcəsi olmaqla, 24 ay müddətinə 10000 ABŞ dolları kredit verilmişdir. Hazırki müqavilə üzrə borcun yaranmasına səbəb ABŞ dolları kursunun Azərbaycan manatına nisbətən yüksəlməsi, manatın devalivasiyası və maddi vəziyyətinin pisləşməsi olmuşdur. ABŞ dollarının kursunun manata olan məzənnəsinin 2 dəfə artacağını bilsəydi, müqavilə bağlayıb kredit götürməzdi. İddiaçının hesabına 8500 ABŞ dolları birdəfəlik ödəniş etmişdir. Lakin məhkəmə onun ödəniş etdiyini nəzərə almamış, əsassız olaraq faiz borcu hesablamışdır. O, iş üzrə qəbul olunmuş qətnamədən məlumatsız olmuş, məhkəmə iclaslarına dəvət edilməmişdir. Onun iştirakı olmadan məhkəmə qətnamə qəbul etmişdir. Bu da onun hüquqlarının pozlulmasına gətirib çıxarmışdır. Əsas borca görə hesablanmış faiz borcu həddən artıq şişirdilmiş məbləğdir. Məhkəmə iclaslarında iştirak edə bilmədiyi üçün məhkəmədən məhkəmə-mühasibatlıq ekspertizası keçirilməsini xahiş edə bilməmişdir. Maddi vəziyyətinin pisləşməsi səbəbindən kredit borcunu tam ödəyə bilməmişdir. Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, iddianın isə rədd olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. xx xxxxxxxx 2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında Cavabdeh1 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat vermişdir. İddiaçı açıq səhmdar cəmiyyətinin nümayəndəsi X3 məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinə dəyişiklik edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan İddiaçı açıq səhmdar cəmiyyətinin Sumqayıt filialı ilə Cavabdeh1 arasında bağlanmış xx xxx 2014-cü il tarixli, MK/33590/40/11 saylı kredit sazişindən görünür ki, Cavabdeh1 24 ay müddətinə, illik 28 faiz ödənilmək şərti ilə 10000 ABŞ dolları məbləğində kredit verilmişdir, sazişi zamin kimi Cavabdeh2 da imzalamışdır. İş materiallarında olan İddiaçı açıq səhmdar cəmiyyətinin xx xxxxxxx 2017-ci il tarixli arayışından görünür ki, xx xxx 2014-cü il tarixli müqaviləyə əsasən Cavabdeh1 1503,02 ABŞ dolları əsas, 2165,03 ABŞ dolları faiz borcu vardır. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli, 9/4017 saylı rəyindən görünür ki, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış və xx xxx 2014-cü il tarixli, MK/33590/40/11 saylı kredit sazişinin şərtləri əsas götürülməklə Cavabdeh1 xx xxxx 2016-cı il tarixə (müqavilə müddəti bitən tarixə) banka olan borcu 2095,68 ABŞ dolları məbləğində, o cümlədən,əsas borc üzrə 1484,78 ABŞ dolları, faiz borcu üzrə 610,90 ABŞ dollarımüəyyən olunur. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddələrinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki,İddiaçı açıq səhmdar cəmiyyətinin Sumqayıt filialı ilə bağlanmış xx xxx 2014-cü il tarixli, MK/33590/40/11 saylı kredit sazişinə əsasən Cavabdeh1 24 ay müddətinə, illik 28 faiz ödənilmək şərti ilə 10000 ABŞ dolları məbləğində kredit verilmişdir, sazişi zamin kimi Cavabdeh2 da imzalamışdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib, hesab edir ki, cavabdehin kredit sazişi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsi və hazırki öhdəlik hüquq münasibətlərinin məhz cavabdehin təqsiri üzündən pozulması işin mübahisəsiz halları olmaqla, işdə iştirak edən şəxslərin izahatları, apellyasiya şikayətinin dəlilləri və mülki işin materialları ilə də inkar edilmədiyindən və cavabdeh pul vəsaitini qanunsuz saxlamaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə ondan faydalandığından, cavabdehlərdən iddiaçı təşkilatınxeyrinə 1503,02 ABŞ dolları əsas borc, 1254,22 ABŞ dolları faiz borcun tutulmasıbarədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir. Belə ki, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli, 9/4017 saylı rəyi ilə müəyyən edilir ki, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış və xx xxx 2014-cü il tarixli, MK/33590/40/11 saylı kredit sazişinin şərtləri əsas götürülməklə Cavabdeh1 xx xxxx 2016-cı il tarixə (müqavilə müddəti bitən tarixə) banka olan əsas borc üzrə 1484,78 ABŞ dolları, faiz borcu 610,90 ABŞ dolları təşkil edir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinə dəyişiklik edilməli, cavabdehlər Cavabdeh1 vəCavabdeh2 İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə əsas borc üzrə 1484,78 ABŞ dolları, faiz borcu üzrə 610,90 ABŞ dolları tutulmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi digər dəlilləri əsassız hesab edir. Digər cavabdeh qətnamə ilə razılaşaraq apellyasiya şikayəti verməmişdir. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinə dəyişiklik edilməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri olan 100 manat Cavabdeh1 tutularaq Dövlət Xəzinədarlıq Agentliyi, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab nömrəsi AZ43CTRE********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 olan hesabına köçürülməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(060)-2785/2018 saylı qətnaməsinə Cavabdeh1 apellyasiya şikayəti üzrə dəyişiklik edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə əsas borc üzrə 1484,78 (bir min dörd yüz səksən dörd ABŞ dolları 78 sent) ABŞ dolları, faiz borcu üzrə 610,90 (altı yüz on ABŞ dolları 90 sent) ABŞ dolları tutulsun. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri olan 100 (bir yüz) manat Cavabdeh1 tutularaq Dövlət Xəzinədarlıq Agentliyi, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab nömrəsi AZ43CTRE********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 olan hesabına köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Fuad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar