Məhkəmə qərarları › İş №2(105)-2369/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2369/2021

06.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2369/2021 06.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, iddiaçı X1 Cavabdeh qarşı “maddi zərərin əvəzinin tutulması tələbinə” mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4745/2021 saylı, 31 may 2021-ci il tarixli qərardadından iddiaçı X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh dəymiş maddi zərərin əvəzi olaraq 25.000 (iyirmi beş min) manat pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda iddiaçı X1 nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraçiət edərək iş üzrə qəbul olunacaq qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianın təmin olunması tədbiri kimi ünvan 1 ünvanında yerləşən mənzilin üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4745/2021 saylı, 31 may 2021-ci il tarixli qərardadı ilə iddianın təmini tədbiri barədə ərizəsi təmin edilməmişdir (hakim Rəşad Qoşqarlı) Qərardaddan iddiaçı X2 şikayət verərək qərardadın ləğv edilməsi, iddianın təmin tədbiri barədə ərizənin təmin edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4745/2021 saylı, 07 iyun 2021-ci il tarixli qərardadı şikayət təmin edilməmiş, şikayətin baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı X2 şikayətini onunla əsaslandırmışdır ki, maddi ziyanın ödənilməsinə dair iddia qaldırmışdır, iddia ərizəsi ünvan 2 ünvanında yerləşən əmlaka dairdir. Ona görə də hesab edir ki, işə baxıb yekun qərar qəbul edilənədək həmin evə dair hər hansı bir hərəkətlərin edilməsi qadağan edilməlidir. Çıxarılmış qərardad qanunsuzdur və onun hüquqları pozulmuşdur. Odur ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4745/2021 saylı, 31 may 2021-ci il tarixli qərardadının ləğv edilməsi, iddianın təmin tədbiri barədə ərizənin təmin edilməsini xahiş etmişdir. İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir, məhkəmə Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apelyasiya üçün müəyyən olunmuş qaydada baxır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, şikayəti araşdırıb, hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Barəsində şikayət verilən qərardaddan görünür ki, məhkəmə iddianı təmin etmə tədbirinin tətbiqi barədə ərizənin Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 30.06.2009-cu il tarixli, 2(105)-482/2009 saylı qətnaməsinin icrası məsələləri ilə bağlı olmasını, iddianı təminetmə tədbiri qismində digər tamam başqa bir iş üzrə qəbul edilmiş qətnamənin icrası məsələlərinə müdaxilə edilməsinin qanuni sayıla bilməməsini, hazırkı iddianını pul tələbi ilə bağlı olmasını, həmin tələbin iddiaçının mənzildən çıxarılması məsələsi ilə hər hansı əlaqəsi olmamasını müəyyən edərək ərizəni təmin etməmişdir. Məhkəmə kollegiyası iş materiallarını, şikayətin dəlillərini araşdırıb belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1 və 157.2-ci maddələrinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə əsasən məhkəmə cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak uzərinə həbs qoya bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki işdən görünür ki, İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən maddi zərərin əvəzi olaraq 25000 manat pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi, hazırki iddia tələbi cavabdehdən maddi ziyana görə 25000 manat pulun tutulması tələbidir və üzərinə həbs qoyulması xahiş edilən mənzilin mübahisəyə heç bir aidiyyatı yoxdur. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, iddianın təminetmə tədbirinin tətbiq edilməsində məqsədi işə mahiyyəti üzrə baxılıb qurtaranadək mübahisə obyektini qoruyub saxlamaqdan ibarətdir. İş materiallarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 30.06.2009-cu il tarixli, 2(105)-482/2009 saylı qətnaməsi ilə Sumqayır Şəhər Məhkəməsinin 17.12.2008-ci il tarixli qətnaməsi qismən ləğv olunmuş, İddiaçı Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 55-də yerləşən 35 saylı mənzildən çıxarılması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. İddiaçı isə hazırda həmin qətnamənin icrası ilə bağlı icra məmuru tərəfindən mənzildən çıxmasının tələb edildiyini bildirir və bunun dayandırılmasını xahiş edir. Göründüyü kimi iddianı təmin etmə tədbirinin tətbiqi barədə ərizə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 30.06.2009-cu il tarixli, 2(105)-482/2009 saylı qətnaməsinin icrası məsələləri ilə bağlıdır, yəni iddianın əsasını maddi ziyana görə cavabdehdən pul alınması təşkil edir. İddianın təmin tədbiri barədə ərizədə isə iddia predmetinə aid olmayan daşınmaz əmlak üzərinə həbs qoyulması barədədir. Məhkəmə kollegiyası qeyd edir ki, bir halda ki, iddianın predmeti pul tələbidir, həmin tələblə əlaqədar olmayan əmlak üzərinə iddianın təmin tədbiri kimi həbs qoyulması yolverilməzdir. İddianın predmeti ilə əlaqəli olmayan əmlak üzərinə həbs qoyulması qətnamənin gələcəkdə icrasına təminat yaradan tədbir kimi qəbul edilə bilməz. Çünki hazırki iş üzrə pul alınması barədə iddia tələbi təmin ediləcəyi halda, cavabdehdən üzərinə həbs qoyulan mənzil deyil, pul vəsaiti alınacaq dır. Buna görə də pul vəsaitinin alınması ilə bağlı belə tədbir cavabdeh qətnaməni könüllü şəkildə icra etməyəcəyi halda, yalnız “İcra haqqında” Qanuna uyğun olaraq məhkəmə qətnaməsinin icrası qaydasında, icra məmurunun təqdimatı ilə görülə bilər. Bu baxımdan, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni düzgün hesab edir. Məhkəmə kollegiyası şikayətin dəlillərini formal mülahizələr kimi qəbul edərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qanuni və əsaslı qərardadının ləğvi üçün əsas sayıla bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəradadı prosessual hüquq normalarının tələblərinə uyğundur və onun ləğvi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 264, 398.0.1, 400 və 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4745/2021 saylı, 31 may 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. İddiaçı X1 şikayəti təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar