Məhkəmə qərarları › İş №2(105)-2376/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2376/2022

07.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2376/2022 07.12.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Hüseynov Mirazər Mirsaleh oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin 31 avqust 2022-ci il tarixli, 2(029)-745/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Qusar Rayon Məhkəməsinin 31 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakim Ə.Cəlilov) iddianın qismən təmin edilməsi, Cavabdeh ilə birgə nikahdan anadan olmuş 29 aprel 2008-ci il təvəllüdlü Marina adlı uşağın saxlanması üçün onun xeyrinə tutulan alimentin miqdarının artırılması, cavabdeh ilə birgə nikahdan anadan olmuş 29 aprel 2008ci il təvəllüdlü Marina adlı uşağın saxlanması üçün hər ay 140 (yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı ödənilməsi, miqdarı dəyişdirilmiş alimentin tutulması bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanması, Cavabdeh 36.80 (otuz altı manat səksən qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Cavabdeh Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabehlə birgə nikahdan anadan olmuş 29 aprel 2008-ci il təvəllüdlü Marina adlı uşağın saxlanması üçün onun xeyrinə tutulan alimentin miqdarının artırılmasına və cavabdeh ilə birgə nikahdan anadan olmuş 29 aprel 2008-ci il təvəllüdlü Marina adlı uşağın saxlanması üçün hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində alimentin tutularaq uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 07 avqust 2007-ci il tarixdə rəsmi nikaha girərək cavabdehlə ailə həyatı qurmuşdur. Həmin nikahdan onların 29 aprel 2008-ci il təvəllüdlü Marina adlı uşaqları anadan olmuşdur. Ailə münasibətləri pozulduğu üçün o, 2008-ci ilin iyul ayında cavabdehdən ayrılmışdır. Cavabdehdən ayrıldığı vaxtdan azyaşlı qızı onun himayəsindədir. Qusar rayon Məhkəməsinin 2(029)-505/2018 nömrəli, 17 noyabr 2018-ci il tarixli qətnaməsinə əsasən cavabdehdən azyaşlı uşağın saxlanması üçün hər ay onun xeyrinə 25 manat miqdarında alimentin tutulması qət edilmişdir. Bildirmişdir ki, cavabdehin ona ödədiyi 25 manat aylıq aliment uşağın cüzi ehtiyaclarını belə ödəməyə kifayət etmir. Belə ki, uşaqlar böyüdükcə onların maddi ehtiyacları da artır. Uşağın gündəlik ehtiyaclarını ödəyə bilmir. Ona görə də, cavabdeh uşağın saxlanması üçün daha artıq aliment ödəməyə borcludur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Qusar Rayon Məhkəməsinin 31 avqust 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, həmin qətnamə ilə qətiyyən razı deyil, İddiaçı ona qarşı iddiası əsassız olsa da, heç bir sübutla sübuta yetirilməsə də, Qusar Rayon Məhkəməsi həmin iddianı rədd etmək əvəzinə qismən təmin etmişdir. Belə ki, o, heç bir yerdə işləmir, Qusar Rayon Məhkəməsinin 2(029)-505/2008 nömrəli, 17 noyabr 2008-ci il tarixli qətnaməsi qəbul edildikdən sonra onun maddi vəziyyətində heç bir müsbət dəyişiklik olmamışdır. Əksinə, onun maddi vəziyyəti daha da pisləşmişdir. Belə ki, İİ dərəcəli gözdən əlildir. Hissəvi əmək qabiliyyəti yoxdur, yəni gündüz vaxtı ancaq yüngül işlərdə işləyə bilər. Məhkəmə iş üzrə qətnamə qəbul edərkən bütün bu halları nəzərə almamış, maddi vəziyyətində hər hansı müsbət dəyişikliklə əlaqədar heç bir sübuta istinad etmədən həmin miqdarın artırılmasına dair yeni qətnamə qəbul etmişdir. Qusar Rayon Məhkəməsinin 2(029)-505/2008 saylı, 17 noyabr 2008-ci il tarixli qətnaməsi qəbul edildikdən sonra onun maddi vəziyyəti heç bir şəkildə yaxşılaşmamış, müsbət dəyişiklik olmamış, əksinə pisləşmişdir. Bu səbəbdən də tutulan alimentin miqdarının artırılması Ailə Məcəlləsinin tələblərinə ziddir. Göründüyü kimi, məhkəmə işi hərtərəfli, tam və obyektiv tədqiq etməmiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, iddiaçının iddiası heç bir şəkildə sübuta yetirilmədiyi nəzərə alınmamış və nəticədə əsassız qətnamə qəbul etmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehin nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsini qətnamə ilə təyin olunmuş alimentin hazırda həmin uşağın saxlanması üçün kifayət etməməsini və bunun isə iddiaçının maraqlarını və uşağın manafeyini əhəmiyyətli dərəcədə pozmasını, həmçinin işin digər hallarını nəzərə alması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh vermiş olduğu apellyasiya şikayətində qətnamənin ləğv edilməsini, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla iddia tələbi üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsi). “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Konstitusiyanın 34-cü maddəsinin İV hissəsinə görə ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz (Ailə Məcəlləsinin 56.1. və 60.1. maddələri). Valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar (Ailə Məcəlləsinin 58.1. və 58.2. maddələri). Ailə Məcəlləsinin 112.1. maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qeyd etmək lazımdır ki, hər bir valideyn övladını saxlamağa, onun maddi və mənəvi tələbatının ödənilməsini təmin etməyə borcludur. Hər hansı bir valideyn övladının saxlanmasından yayındıqda və ya saxlamaqdan, maddi tələbatının ödənilməsindən imtina etdikdə onun valideynlik borcunun yerinə yetirilməsi üçün məcburi qaydada aliment alına bilər. Bu zaman ilk növbədə həmin valideynin aylıq qazancının olub-olmaması aydınlaşdırılmalı, əgər hər hansı bir aylıq qazancı yoxdursa və ya şəxsin qazancı uşaqların saxlanılması üçün yetərli hesab olunmazsa, onda ondan sabit məbləğdə aliment alınmalıdır. Alimentin miqdarı uşağın maddi tələbatının ödənilməsinin minimum həddində müəyyən edilir ki, uşağın saxlanılmasının yaşayışı minimum həddə təmin edilsin. Uşağın saxlanılması üçün yaşayış minimumdan az olmayaraq, daha yüksək həddə də alimentin tutulması istisna edilmir. Uşağın tələbatı yaş artıqda onun saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı da artırıla bilər. Hazırkı iş üzrə tərəflərin birgə nikahından olan 29 aprel 2008-ci il təvəllüdlü X1 üçün 2008-ci il tarixdə alimentin miqdarı 25 manat müəyyən edilmişdir ki, hazırda həmin vaxtdan uzun müddətin keçməsi, uşağın tələbatının artması nəzərə alınarsa, iddiaçı haqlı olaraq alimentin məbləğinin artırılması barədə məhkəmə müraciət etmişdir. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən uşağın saxlanılması üçün məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılması barədə gəlinən nəticə qanuni və əsaslı hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Qusar Rayon Məhkəməsinin 31 avqust 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 402.1. maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası MPM-nin 112.1.3. maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə tələb birinci instansiya məhkəməsi tərəfindən tutulan 25 manat miqdarında alimentin artırılaraq hər ay 193 (yüz doxsan üç) manat miqdarda tutulması təşkil edir (193-25=168 manat). Həmin artımın bir il ərzində məcmusu isə (168 X 12 ay = 2016 manat) 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2., 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Qusar Rayon Məhkəməsinin 31 avqust 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar