Məhkəmə qərarları › İş №2(105)-2387/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2387/2021

26.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2387/2021 26.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X4 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Rəsul Yasər oğlu Məmmədovun katibliyi, İddiaçının nümayəndəsi: X5, Cavabdeh: Cavabdeh iştirakları ilə, İddiaçı «Azəriqaz» İstehsalat Birliyinin Cavabdeh qarşı qazdan istifadəyə görə yaranmış borcun tutulması tələbinə dair mülki iş üzrə Şuşa Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Şuşa Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli qətnaməsi ilə (hakim C.İ.Səfiyeva) iddianın qismən təmin edilməsi, Cavabdeh 260,40 (iki yüz altmış manat qırx qəpik) manat məbləğində borc və ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumunun tutularaq “Azəriqaz" İstehsalat Birliyinin xeyrinə ödənilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı «Azəriqaz» İstehsalat Birliyi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 476,40 (dörd yüz yetmiş altı manat qırx qəpik) manat məbləğində əsas borc və ödənilmiş 20,40 (iyirmi manat qırx qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 496,80 (dörd yüz doxsan altı manat səksən qəpik) pulun tutuaraq «Azəriqaz» İB-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Azəriqaz" İstehsalat Birliyi ilə Cavabdeh arasında «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» imzalanmış və tərəflər arasında imzalanmış müqavilə əsasında “Azəriqaz'’ İB abonent Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana “Azəriqaz” İB tərəfindən “Elster G-4” markalı 10316522 nömrəli qaz sayğacı taxılmışdır. Daha sonra Zaqatala RQİİ-nin nümayəndələrinin apardığı xidməti yoxlama əsasında xidməti ərazidə istehlakçıların mənzillərində istismarda olan qaz sayğacına baxış keçirilən zaman istehlakçı Cavabdehının mənzilində istismarda olan qaz sayğacının hesablama mexanizminin ekranı sınıq olduğu aşkar edilmişdir. Aşkar edilmiş nöqsan üzrə istehlakçı Cavabdeh iştirakı ilə 03.02.2020-ci il tarixdə “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” akt tərtib edilmiş və sayğac şəbəkədən açılaraq dövlət yoxlamasına göndərilmişdir. Həmçinin mənzilə yeni “Zenner tipli G-4” markalı **********7 nömrəli qaz sayğacı quraşdırılaraq istismara verilmiş və həmin sayğac göstəricisinə əsasən istehlakçının 260,40 manat məbləğində borcu vardır. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçının nümayəndəsi R.V.Əliyev apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi qanunsuz və əsassızdır. Məhkəmə tərəfindən heç bir ekspertiza keçirmədən qətnamə qəbul etmişdir. Şuşa Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli 2(077)-120/2021 saylı qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçının nümayəndəsi İ.A.Behbudov apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, eyni məzmunlu izahat verdi və təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Cavabdeh apellyasiya şikayətinin dəlilləri ilə razılaşmadı, məhkəmə tərəfindən heç bir qanun pozuntusuna yol verilməməsini bildirdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini qismən edərək, cavabdeh tərəfindən iddiaçıya qismən ziyan vurulmasının sübuta yetirilməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının nümayəndəsi R.V.Əliyevin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İşdə olan X7 İstismarı İdarəsinin rəisi ilə Q.M.Babayeva arasında bağlanmış Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilədən görünür ki, həmin müqavilə paylayıcının müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməsi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməsi haqqında bağlanılmışdır. İş materiallarında olan «Azəriqaz» İstehsalat Birliyinin **********02380 nömrəli abonentin saldosundan müəyyən edilir ki, istehlakçı Cavabdeh təbii qazdan istifadəyə və təbii qazdan istifadə qaydalarını pozduğuna görə 216 manat qalıq olmaqla,cəmi 486,40 manat məbləğində borcu yaranmışdır. İşə əlavə olan «Azəriqaz» İstehsalat Birliyinin 31.05.2020-ci il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktından görünür ki, Azəriqaz İB-nin işçilərinin və Cavabdeh iştirakı ilə “Elster G-4” markalı 10316522 nömrəli qaz sayğacının «Azəriqaz» İB-nin 22.05.2020-ci il tarixli MSK-29/1710-01381-2 saylı aktına əsasən hesablama mexanizminin qoruyucu şüşəsinin qırıq olduğu, hesablama mexanizminin barabanının oxdan çıxdığı və sayğac qaz keçirsədə qeydiyyat aparmadığı qeyd edilmişdir. X6 ödənilmiş 16.11.2020-ci il tarixli ********* saylı qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılmasından ötrü 20,40 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. «Qaz təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə, «Enerji resurslarının istifadəsi haqqında» Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə əsasən enerji resurslarından istifadəyə görə ödənişlərin müddətinin pozulmasına yol verən hüquqi və fiziki şəxslər Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Həmin Qaydaların 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin qaydaların 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Məhkəmə bütün qeyd edilənləri nəzərə alaraq müəyyən etmişdir ki, “Azəriqaz" İstehsalat Birliyi ilə Cavabdeh arasında «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» imzalanmış və istehlakçı istifadə etdiyi qaz sərfiyatı əsasında hesablanmış 260,40 manat məbləğində borcunu ödəməmişdir. Həmçinin istehlakçının yaşadığı ünvanda istismarda olan “Elster G-4” markalı 10316522 nömrəli qaz sayğacının hesablama mexanizminin ekranının sınıq olduğu aşkar edildiyindən sayğac şəbəkədən ayrılaraq dövlət yoxlamasına göndərilmiş və rəydə “Qaz sayğacının hesablama mexanizminin qoruyucu şüşəsinin qırıq olduğu,hesabalama mexanizminin barabanının oxdan çıxdığı və sayğac qaz keçirsədə qeydiyyat aparmadığı” qeyd edilmişdir.İddiaçı tərəf qaz sərifiyatı nəticəsində ödənilməmiş 260,40 manat məbləğində borcun və vurulmuş 216 manat məbləğində ziyanın tutulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası iddiaçı təşkilat qaz sayğacına müdaxilənin məhz cavabdeh tərəfindən edilməsi faktını sübuta yetirmədiyindən, cavabdeh tərəfindən kənar müdaxilə etməklə və qanunsuz qoşulmaqla təbii qazdan istifadə edilməsi məhkəmə araşdırması zamanı öz sübutunu tapmadığından iddia tələbi 216 manat təbii qazdan qeyri qanuni istifadə edilməsi ilə bağlı hissədə təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni düzgün hesab edir. Həmçinin, məhkəmə müəyyən etmişdir ki, Cavabdeh öz mənzilində təbii qazdan istifadə etmiş, istifadə etdiyi təbii qazın dəyərini tam ödəməmiş və nəticədə 260,40 manat məbləğində borcu yaranmışdır. Bununla da, cavabdeh istehlakçı olaraq “Qazdan istifadə Qaydaları”nın tələblərini pozmuşdur. İddiaçı “Azəriqaz” İstehsalat Birliyi abonentin saldosunda istehlakçının 486,40 manat məbləğində borcu olduğunu qeyd etsə də, iddia ərizəsində tələb etdiyi məbləğ 476,40 manat məbləğində qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadağını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən dövlət rüsumu məhkəmə xərclərinin tərkibinə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahmisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçının nümayəndəsi X2 apellyasiya şikayəti təmin edilməsin. Şuşa Rayon Məhkəməsinin bu iş üzrə 06 may 2021-ci il tarixli 2(077)-120/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar