Məhkəmə qərarları › İş №2(105)-2389/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2389/2021

07.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2389/2021 07.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, LPO İddiaçı Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X5, Cavabdeh vəkili X3 iştirakı ilə Quba Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli, 2(027)-367/2020 saylı qərardadından iddiaçı LPO İddiaçı Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi E.O.Abdullayevin verdiyi şikayət üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Quba Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli, 2(027)-367/2020 saylı qərardadı ilə (hakim R.T.Həsənov) iddiaçı Ləğv prosesində olan “xxxx” ASC-nin Quba Rayon Məhkəməsinin 12 fevral 2020-ci il tarixli, 2(027)-367/2020 saylı qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizəsi təmin edilməmişdir. İddiaçı LPO İddiaçı Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi E.O.Abdullayev şikayət verib, Quba Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli, 2(027)- 367/2020 saylı qərardadının ləğv edilməsini və buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, 2(027)-367/2020 saylı qərardadı ilə şikayət təmin edilməyib, işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh, X1 və Zamin2-dən müştərək qaydada 09.12.2015-ci il tarixli 2000/15 nömrəli Təminatlı Kredit müqaviləsinə əsasən ödənilməmiş 282.900 ABŞ dolları əsas, 31.520,07 ABŞ dolları faiz, 72.209,93 ABŞ dolları cərimə və müqavilənin bitdiyi tarixdən gecikdirilmiş vaxt üçün illik beş faiz üzrə 40.390,12 ABŞ dolları borc olmaqla, cəmi 427.020,12 ABŞ dolları, 21.11.2015-ci il tarixli 1992/15 nömrəli Təminatlı Kredit müqaviləsinə əsasən ödənilməmiş 100.000 ABŞ dolları əsas, 11.000 ABŞ dolları faiz, 28.066,67 ABŞ dolları cərimə, gecikdirilmiş vaxt üçün illik beş faiz üzrə 14.487,27 ABŞ dolları borc olmaqla, cəmi 153.553,94 ABŞ dolları məbləğində kredit borcunun və iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması, tutmanın girov predmetinə yönəldilməsi, həmin malların açıq hərracdan satılması və satışdan əldə olunmuş vəsait hesabına ləğv prosesində olan “xxxx” ASC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 12 fevral 2020-ci il tarixli, 2(027)-367/2020 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı LPO İddiaçı Əmanətlərin Sığortalanması Fondu ərizə ilə məhkəməyə müraciət edib, Quba Rayon Məhkəməsinin 12 fevral 2020-ci il tarixli, 2(027)-367/2020 saylı qətnaməsindən apelyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: İddiaçı LPO İddiaçı Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi E.O.Abdullayev verdiyi şikayəti onunla əsaslandırmışdır ki, Quba Rayon Məhkəməsi 06 may 2021-ci il tarixli qərardadı qəbul edərkən prosessual qanunverciliyin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki Quba Rayon Məhkəməsi nəzərə alınmamışdır ki, dünyada və eləcə də ölkə ərazisində yayılmış yeni növ koronovirus (COVİD 19) infeksiyasının qarşısının alınması üzrə Nazirlər Kabinetinin 20 mart 2020-ci il tarixli, 01/411 nömrəli qərarına əsasən Azərbaycan Respublikası tərəfindən aprılan profilaktik tədbirlər çərçivəsində bir sıra dövlət orqanları və qurumları, onun tabeliyində olan qurumların əməkdaşları 2020-ci il mart ayının 29-dan bir ay müddətinə əmək haqqı saxlanılmaqla ödənişsiz məzuniyyətə buraxılmışlar və daha sonra bu müddət uzadılmışdır. Əmanətlərin Sığortalanması Fondu da həmin qurumların siyahısına əlavə edilmişdir. Bu səbəbdən, 18 may 2020-ci il tarixində karantin rejimində yumşalmalar tətbiq edilən kimi Hüquq şöbəsinin əməkdaşları işə çıxmış və həmin vaxt qətnamə ilə tanış olaraq yığılıb qalmış iş çoxluğu şəraitində mümkün qısa zamanda apelyasiya şikayətini hazırlamağa başlamışdırlar. Lakin bundan sonra da, məlum olduğu kimi 23 və 30 may tarixləri ölkədə qeyri-iş günləri müəyyən edilmişdir. Bu səbəbdən şikayəti 04.06.2020-ci il tarixində poçt xidmətinə təhvil vermişdirlər. Bu səbəbdən Quba Rayon Məhkəməsinin 12 fevral 2020-ci il tarixli, 2(027)-367/2020 saylı qətnaməsindən apelyasiya şikayıtinin vermə müddəti üzürlü səbəbdən buraxılmışdır. Ona görə də, birinci instansiya məhkəməsinin müddətin bərpa edilməsindən imtina barədə qərardadın ləğv edilib, apelyasiya şikayətinin icraata qəbul edilərək mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı LPO İddiaçı Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi V.İ.Qədirova şikayəti müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh vəkili M.N.Bədəlov şikayətə etiraz edib, təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada cavabdehlər X1 və Zamin2-yə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən cavabdehlər C.Y.Quluyev və Zamin2-nin nümayədəsinin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi apelyasiya şikayətinin verilməsi barədə müddətin bərpa edilməsindən imtina etdikdə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı Quba Rayon Məhkəməsinin 12 fevral 2020-ci il tarixli, 2(027)-367/2020 saylı qətnaməsinin surətini poçt vasitəsi ilə rəsmi qaydada 10.04.2020-ci il tarixdə “poçt göndərişinin verilməsi haqqında” xəbərnaməni imzalayaraq almış, apelyasiya şikayəti isə 08 iyun 2020-ci il tarixdə verilmişdir. iddiaçı Ləğv prosesində olan “xxxx” ASC Quba Rayon Məhkəməsinin 12 fevral 2020-ci il tarixli, 2(027)-367/2020 nömrəli qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpasını xahiş etsə də, müddətin buraxılmasının üzürlü səbəbləri barədə məhkəməyə sübut təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 134.1.5-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxslərə birinci instansiya məhkəməsinin, apelyasiya və kassasiya məhkəmələrinin aktlarını rəsmi qaydada verməlidir. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə qanunverici heç bir istisna hal müəyyən etmədən iş üzrə məhkəmə aktlarının surətlərinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməsini mühüm şərt kimi müəyyən etmişdir. Azərbaycan Respublikası MPM-nin 134.1.5-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxslərə birinci instansiya məhkəməsinin, apelyasiya və kassasiya məhkəmələrinin aktlarını rəsmi qaydada verməlidir. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə qanunverici heç bir istisna hal müəyyən etmədən iş üzrə məhkəmə aktlarının surətlərinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməsini mühüm şərt kimi müəyyən etmişdir. Mülki Prosessual Məcəllənin 135.1-ci maddəsinə görə bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Həmin Məcəllənin 135.3-cü maddəsinə görə məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünü idarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Mülki işin materiallarından görünür ki, Quba Rayon Məhkəməsinin 12 fevral 2020-ci il tarixli, 2(027)-367/2020 saylı qətnaməsinin surəti 10 aprel 2020-ci il tarixdə iddiaçı ləğv prosesində olan “xxxx” ASC tərəfindən qəbul edilmiş və iddiaçının apelyasiya şikayəti 08 iyun 2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası MPM-nin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apelyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qanunverici qətnamədən şikayət verilməsi ilə bağlı 1 aylıq müddətin axımının, qətnamənin surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən başlanılmasını müəyyən etmişdir. Azərbaycan Respublikası MPM-nin 129.1-ci maddəsinə əsasən illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini təzimləyən qaydalar ədalət mühakiməsinin lazımı qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Müəyyənləşdirilmiş müddətlər hüquq münasibətləri iştirakçılarını intizamlandırdığından, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etdiyindən, eləcə də hüquq intizamının nizamlanmasına kömək etdiyindən hüquq münasibətləri iştirakçılarından atılmalı olan formal addımları və verilməli olan şikayətləri onların verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətləri cərçivəsində edilməsini tələb edir. İddiaçı LPO İddiaçı Əmanətlərin Sığortalanması Fondu prosessual müddətin bərpası barədə ərizə təqdim etdikdə buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpa edilməsi üçün heç bir səbəb göstərməmiş, bunu əsaslandıran hallar ilə bağlı məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən iddiaçının şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi prosessual müddətin bərpasına dair ərizəni təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə görə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək apelyasiya instansiya məhkəməsinin səlahiyyətidir. Azərbaycan Repsublikası MPM-nin 402-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 398-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı LPO İddiaçı Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi E.O.Abdullayevin verdiyi şikayət təmin edilməsin. Quba Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli, 2(027)-367/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar