Məhkəmə qərarları › İş №2(105)-2390/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2390/2021

20.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2390/2021 20.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, iddiaçı "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə açıq məhkəmə iclasında Quba Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2(027)-757/2021 saylı qətnaməsindən iddiaçı "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Quba Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2(027)-757/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Vüqar Seyidov) iddiaçı "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə iddia təmin edilməmiş, iddiaçı "xxxx" məhdud məsuliyyətli cəmiyyəti qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, "xxxx" məhdud məsuliyyətli cəmiyyəti iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh 6918,40 manat məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 6948,40 manat məbləğində pulun cəmiyyətin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" məhdud məsuliyyətli cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 04.04.2013-cü il tarixli, SS-125 saylı malların alqı-satqı müqaviləsi əsasında cavabdehə müəyyən çeşiddə mallar satılmışdır. Cavabdeh malların alqı-satqısı ilə bağlı üzərinə düşən öhdəliklərini bu günə qədər tam icra etməmişdir. Belə ki, ümumi dəyəri 16071,60 manat olan satılmış mallar iddiaçı tərəfindən cavabdehə qaimə-fakturalarla çatdırılmış və cavabdeh tərəfindən qəbul olunmuşdur. İddiaçı tərəfindən cavabdehə müvafiq ödəniş sənədləri təqdim olunsa da, cavabdeh bir sıra fakturalar üzrə yalnız 9153,20 manat məbləğində pul ödəmişdir. Nəticədə cavabdehin müqavilə üzrə 6918,40 manat məbləğində borcu yaranmışdır. 28.01.2021-ci il tarixli pretenziya göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən borcun ödənilməsinə yönəlmiş hər hansı əməli tədbir görülməmişdir. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: İddiaçı "xxxx" məhdud məsuliyyətli cəmiyyəti apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə əsassız və qanuna ziddir. Belə ki, "xxxx" məhdud məsuliyyətli cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 04 aprel 2013-cü il tarixli, SS-125 saylı malların alqı-satqı müqaviləsi əsasında cavabdehə müxtəlif çeşiddə mallar satmışdır. Müvafiq təsdiqedici sənədlərdən göründüyü kimi, "xxxx" məhdud məsuliyyətli cəmiyyəti malların alqı-satqısı ilə bağlı üzərinə düşən öhdəlikləri vaxtlı-vaxtında və lazımi qaydada yerinə yetirsə də, cavabdeh aldığı malların dəyərinin ödənilməsinə dair öhdəliklərini bu günə qədər tam icra etməmişdir. Belə ki, ümumi dəyəri 16071,60 manat olan mallar iddiaçı tərəfindən cavabdehə qaimə-fakturalarla çatdırılmış və cavabdeh tərəfindən qəbul olunmuşdur. İddiaçı tərəfindən cavabdehə müvafiq ödəniş sənədləri təqdim olunsa da, cavabdeh iddiaçıya bir sıra fakturalar üzrə yalnız 9153,20 manat məbləğində pul ödəmiş, müqavilə üzrə 6918,40 manat məbləğində borcu yaranmışdır. 28 yanvar 2021-ci ii tarixli pretenziya göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən borcun ödənilməsinə yönəlmiş hər hansı əməli tədbir görülməmişdir. "xxxx" məhdud məsuliyyətli cəmiyyəti ilə X6 arasında bağlanmış 04 aprel 2013-cü il tarixli, SS-125 saylı malların alqı-satqı müqaviləsi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə tərtib olunmuş və hər iki tərəf öz iradəsi ilə müqaviləni imzalamışdır. Həmin müqavilə üzrə tərəflər arasında malların alqı-satqısı üzrə yaranmış istər malların təhvil-təslim aktları, qaimə-fakturalar üzrə, istərsə də baş tutan digər münasibətlər rəsmiləşdirilmişdir. İş materiallarında olan həmin təsdiqedici sənədlərdə hər iki tərəfin də imzası vardır. Məhkəmə qətnamə qəbul edərkən hüquq normasını düzgün tətbiq etməyərək iddia müddətinin keçməsinə istinad edərək iddanı təmin etməmişdir. Tərəflər arasında bağlanmış 04 aprel 2013-cü il tarixli, SS-125 saylı malların alqı-satqı müqaviləsinin 10.1-ci bəndində müqavilənin 31 dekabr 2013-cü il tarixinə qədər qüvvədə olması göstərilmişdir. Həmin tarix müqavilənin qüvvədə olma tarixidir, öhdəliyin son icra tarixi deyildir, yəni tərəflər arasında bağlanmış bu müqavilədə öhdəliyin son icra müddəti müəyyənləşdirilməmişdir. Qeyd olunan müqavilədə həmçinin müqavilənin qüvvədə olma müddətinin qurtarmasının tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olması kimi bir bənd də nəzərdə tutulmamışdır. Müqavilə üzrə öhdəliklərini yerinə yetirməsi üçün Cavabdeh ilə mütəmadi danışıqlar həyata keçirilmiş, Cavabdeh isə maddi imkanının olmadığı səbəbindən borcunu ödəməsi üçün vaxt istəmişdir. Bununla bağlı olaraq da Cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməsi üçün kifayət qədər müddət verilmişdir. Cavabdehə sonuncu xəbərdarlıqlar 14.12.2018-ci il və 28.01.2021-ci il tarixli pretenziyalarla edilmişdir. Ancaq Cavabdeh tərəfindən müqavilə öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı heç bir hərəkət edilməmişdir. Cavabdehin öhdəliklərini yerinə yetirmək üçün kifayət qədər vaxtı olmuşdur. Apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin nümayəndəsi X4 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlmədiyindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan 04 aprel 2013-cü il tarixli, SS-125 saylı malların alqı-satqısı müqaviləsinin surətindən görünür ki, "xxxx" məhdud məsuliyyətli cəmiyyəti həmin müqavilənin bir hissəsi olan qaimə-fakturaya müvafiq miqdarda, keyfiyyətdə, çeşiddə, qiymətdə və müvafiq şərtlərlə Cavabdeh tərəfindən verilən sifarişlərə uyğun olaraq və razılaşdırılmış müddətdən gec olmayaraq Cavabdeh təhvil verməyi, Cavabdeh malı qaimə-fakturaya müvafiq miqdarda, keyfiyyətdə, çeşiddə, qiymətdə və müvafiq şərtlərlə qəbul etməyi öhdələrinə götürmüşlər. İş materiallarında olan 28 yanvar 2021-ci il tarixli pretenziyadan görünür ki, "xxxx" MMC tərəfindən cavabdehə 5 iş günü müddətində borcun ödənilməsi təklif olunmuş, əks təqdirdə qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcəyi barədə xəbərdar olunmuşdur. İş materiallarında olan 04.04.2013-cü il tarixli, 706472 saylı, 13.06.2013-cü il tarixli, 743331 saylı və 13.06.2013-cü il tarixli, 743332 saylı qaimə-fakturaların surətlərindən görünür ki, X3 müvafiq olaraq 2053,2 manat, 6853,44 manat və 7164,96 manat dəyərində mallar satılmışdır. İşdən görünür ki, birinci instansiya məhkəməsi mübahisəyə iddia müddətini tətbiq etməklə iddianı rədd etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmaqla işin faktiki hallarına uyğundur. Belə ki, Azərbaycan Respublikası MM-nin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli Qərarına əsasən iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Göründüyü kimi, şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. Azərbaycan Respublikası MM-nin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanılır. Tərəflər arasında bağlanmış 04 aprel 2013-cü il tarixli, SS-125 saylı malların alqısatqısı müqaviləsinin 10.1-ci bəndinə əsasən həmin müqavilə 31.12.2013-cü ilə qədər qüvvədə olmuş və həmin müqaviləyə əsasən "xxxx" məhdud məsuliyyətli cəmiyyəti tərəfindən X3 04.04.2013-cü il tarixli, 706472 saylı, 13.06.2013-cü il tarixli, 743331 saylı və 13.06.2013-cü il tarixli, 743332 saylı qaimə-fakturalara əsasən müvafiq olaraq 2053,2 manat, 6853,44 manat və 7164,96 manat dəyərində mallar satılmışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddia müddətinin axımının başlanğıcı müqavilənin qüvvədə olma müddəti bitən vaxtdan, yəni 31.12.2013-cü il tarixdən başlanmışdır. Azərbaycan Respublikası MM-nin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. İşdən görünür ki, "xxxx" məhdud məsuliyyətli cəmiyyəti hazırki iddia ilə 2021-ci ilin fevralında, yəni iddia müddətinin bitdiyi 31 dekabr 2016-cı il tarixdən 4 il 1 aydan artıq müddət keçdikdən sonra məhkəməyə müraciət etmiş, bununla da iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikası MM-nin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İşə birinci instansiya məhkəməsində baxılarkən cavabdeh X6 iddia müddətinin tətbiqinə dair ərizə verərək, iddia müddətinin buraxıldığını bildirmiş, mübahisəyə iddia müddətini tətbiq etməklə, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası yuxarıda sadalanan maddi hüquq normalarının tələbləri baxımından hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan, işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Quba Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 2(027)-757/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar