Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2393/2021 07.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı məhdud məsuliyyətli cəmiyyətinin direktoru X8 oğlunun, Cavabdeh, onun vəkili Vəkil iştirakları ilə açıq məhkəmə iclasında Quba Rayon Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli, 2(027)-1213/2020 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Quba Rayon Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli, 2(027)-1213/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Rahim Həsənov) İddiaçı məhdud məsuliyyətli cəmiyyətinin Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, Cavabdeh İddiaçı-nin xeyrinə 189.664,53 manat məbləğində pulun tutulması qət edilmiş, Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı məhdud məsuliyyətli cəmiyyəti iddia ilə məhkəməyə müraciət edərək cavadeh Cavabdeh İddiaçı məhdud məsuliyyətli cəmiyyətinin xeyrinə 80.718,42 manat məbləğində zərərin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 21.10.2016-cı il tarixdən 03.05.2019-cu il tarixinədək İddiaçı məhdud məsuliyyətli cəmiyyətinin direktoru və qanuni təmsilçisi vəzifəsində çalışmışdır. 22.04.2019-cu il tarixdə Cavabdeh iştirakı ilə müəssisədə təsisçilərin ümumi yığıncağı keçirilmiş və iclasın nəticəsində təsisçilərin 22.04.2019-cu il tarixli, 1 saylı qərarına əsasən Cavabdeh öz xahişi ilə tutduğu vəzifəsindən (qanuni təmsilçi funksiyasına malik direktor vəzifəsindən) azad edilmişdir. Bundan sonra şirkətin maliyyə durumu barədə araşdırma aparılmış və araşdırma nəticəsində Cavabdeh qanuni təmsilçi funksiyalarını yerinə yetirdiyi 21.10.2016cı il tarixdən 03.05.2019-cu il tarixinədək olan dövrə dair sənədlərdə bir sıra ciddi nöqsanlar aşkar edilmişdir. Cavabdeh Rusiya Federasiyasında yerləşən “Qruppa İlim” şirkətindən almış olduğu ümumi gömrük dəyəri 448.435,63 manat olan kağızların gömrük orqanında rəsmiləşdirilməsi üçün ödənilməli olan 80.718,42 manat dəyərində pul vəsaitinin ödənilməsindən yayınmışdır. Belə ki, Cavabdeh ilə yükü göndərən “Qruppa İlim” şirkəti arasında uydurma və həqiqətə uyğun olmayan 01.10.2018-ci il tarixli, 01 saylı emal müqaviləsi və 10.10.2018-ci tarixli, 01 saylı emal müqaviləsinə əlavə müqavilə tərtib edilmişdir. Bu uydurma müqaviləyə əsasən guya “Qruppa İlim” şirkəti tərəfindən göndərilmiş kağız yükü həmin vaxt Cavabdeh direktor olduğu İddiaçı tərəfindən emal edilərək karton qutular hazırlanıb geri qaytarılacaqdır. Lakin, cavabdehin bu uydurma müqaviləni düzəltməkdə məqsədi ona uyğun hüquq və vəzifələr əldə etmək yox, gələn yüklərin gömrük orqanında rəsmiləşdirmədən xüsusi gömrük proseduru altında emal rejmində saxlamaqla, idxal zamanı gömrük orqanına ödənilməli olan 80.718,42 manat pul vəsaitini mənimsəmək olmasına əsaslı şübhələr vardır. Cavabdeh şirkətdən uzaqlaşdırıldıqdan sonra aparılan araşdırmaların nəticələri bu qənaətə gəlməyə əsas verir. Cavabdeh vəzifəsindən kənarlaşdırıldıqdan sonra Bakı Baş Gömrük İdarəsindən bu məsələ ilə bağlı şirkətə məlumat verilməklə emal proseduru altında saxlanılmış yüklərin dövlət rüsumları ödənilməklə sərbəst dövriyyəyə buraxılması tələb edilmişdir. Bundan sonra vəziyyətdən çıxış yolu kimi həmin yüklərin bir qismi gömrük ödənişləri edilərək sərbəst dövriyyəyə buraxılmış və yerdə qalan yüklərin gömrük ödənişlərinin aparılmasının davam etdirilməsi nəzərdə tutulmuşdur. Cavabdeh qanunsuz əməlləri nəticəsində şirkətə ümumilikdə 80.718,42 manat maddi zərər dəymiş, şirkət heç bir əsas olmadan dövlət gömrük orqanı qarşısında borclandırılmışdır. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qətnaməsi qüvvədə olan maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən onun hüquqlarını və qanuni mənafelərini mühüm dərəcədə pozur. Belə ki, onunla İddiaçı məhdud məsuliyyətli cəmiyyətinin təsisçisi X4 arasında 28 yanvar 2020-ci il tarixdə öhdəlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 3-cü bəndinə görə onun İddiaçı məhdud məsuliyyətli cəmiyyəti üzrə dövlət təşkilatları, o cümlədən vergi orqanları, bank qarşısındakı öhdəliklərə görə məsuliyyət daşımayacağı müəyyən edilmişdir. Həmin müqavilənin 5-ci bəndinə görə iddiaçı məhkəmə və hüquq-mühafizə orqanlarının icraatında olan işlərlə bağlı iddialarını geri götürməyi öhdəsinə götürmüşdür. Həmin razılaşma məhkəməyə təqdim edilmişdir. Əgər o, işəgötürənə maddi zərər vurmuşsa, işəgötürən onunla tam maddi məsuliyyət daşıması haqqında müqavilə imzalamışsa, ona qarşı bilavasitə Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə uyğun mübahisə açmalı idi. Belə olan halda isə iddiaçı iddia müddətini itirmişdir. Məhkəmə iddia müddəti tətbiq etməli və iddianın təmin edilməməsi barədə qərar qəbul etməli idi. O, məhkəmənin ilk iclasına getmiş, proses zamanı hakim iddianın baxılmamış saxlanılacağını bildirmiş, bu səbəbdən işin artıq yekunlaşdığını başa düşmüşdür. Sonradan iş üzrə məhkəmə qətnaməsinin çıxarıldığını bilmişdir. Sonrakı məhkəmə prosesləri barədə ona məlumat verilsəydi, məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə müraciət edər və ya başqa xüsusatları məhkəməyə bildirərdi. Məhkəmə qətnaməsində müqavilənin qanunsuz, saxta olduğu göstərilmişdir. Halbuki müqavilənin saxta və yaxud qanunsuz olması yalnız qanuni qüvvəsini almış məhkəmə qərarı ilə müyyən edilə bilər. Hüquqi şəxs olan İddiaçı məhdud məsuliyyətli cəmiyyəti inzibati məsuliyyətə cəlb edildiyindən məsuliyəti də özü daşımalıdır. Əgər onun təqsiri olsaydı, hüquqi şəxsin rəhbəri kimi o, inzibati məsuliyyətə cəlb edilməklə cərimə edilə bilərdi. Bu məsələlərlə bağlı məhkəmə qərarları ilə birbaşa hüquqi şəxs kimi İddiaçı məhdud məsuliyyətli cəmiyyəti məsuliyyətə cəlb edilmişdir. Bu səbəbdən də cərimələrin ondan tutulması tamamilə qanunsuz və əsassızdır. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul olunması xahiş edilmişdir. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi. İddiaçı məhdud məsuliyyətli cəmiyyətinin direktoru X6 məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia təmin edilməməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilibedilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan 01 saylı, 01 oktyabr 2018-ci il tarixli emal müqaviləsinin surətindən görünür ki, İddiaçı məhdud məsuliyyətli cəmiyyəti ilə “Qruppa İlim” şirkəti arasında ümumi emal dəyəri ******* ABŞ dolları təşkil edən malların emalına dair 31 dekabr 2020-ci il tarixədək qüvvədə olan müqavilə bağlanmışdır. İş materiallarında olan 18105773 saylı, 31 avqust 2018-ci il tarixli emal müqaviləsinin surətindən görünür ki, İddiaçı məhdud məsuliyyətli cəmiyyəti ilə “Qruppa İlim” şirkəti arasında ümumi emal dəyəri ******* ABŞ dolları təşkil edən malların emalına dair 31 dekabr 2020-ci il tarixədək qüvvədə olan müqavilə bağlanmışdır. İş materiallarında olan 01 saylı, 01.04.2019-cu il tarixli müqavilənin surətindən görünür ki, İddiaçı məhdud məsuliyyətli cəmiyyəti ilə “ESATİS SANAT TATİS” şirkəti arasında 150000 manat dəyərində malın alqı-satqısına dair müqavilə bağlanmışdır. İş materiallarında olan 01 saylı, 05 fevral 2019-cu il tarixli emal müqaviləsinin surətindən görünür ki, İddiaçı məhdud məsuliyyətli cəmiyyəti ilə “TARKHİS GOSTARESHE SİROUS” şirkəti arasında ümumi emal dəyəri ******* ABŞ dolları təşkil edən malların emalına dair 31 dekabr 2020-ci il tarixədək qüvvədə olan müqavilə bağlanmışdır. İş materiallarında olan 01 saylı, 01 oktyabr 2018-ci il tarixli emal müqaviləsinə 01 saylı, 10.10.2018-ci il tarixli əlavələrin surətindən görünür ki, istehsalçının gördüyü işlərin, müqavilənin predmetini təşkil edən malların ümumi dəyəri hər tona görə 700 ABŞ dolları, emal xidməti və əlavə görülən bütün işlərə görə hər tona görə 800 ABŞ dolları təşkil edir. Tərəflər qarşılıqlı razılığa gəlirlər ki, “Sifarişçinin” emal üçün göndərdiyi məhsulu “İstehsalçı” qəbul edir və “İstehsalçı”nın göndərdiyi hazır məhsulu “Sifarişçi” qəbul edir. İstehsalçının göstərilən miqdara görə, müqavilənin predmetini təşkil edən malların ümumi dəyəri hər tona görə 700 ABŞ dolları təşkil edir. Tərkibində mexaniki üsulla alınmış liflər olmayan və ya tərkibində belə liflərin ümumi miqdarı lif kütləsinin 10%-dən çox olmayan, 1 m2-nın kütləsi 80 qr və ya daha çox olan kağız və karton "Ağ layner" rulonlarda, miqdarı: 51000 kq, test-layner 1 m2-nın kütləsi 150 qr və ya daha az olan rulonlarda təbaşirlənməmiş kağız və karton "Kraftlayner", miqdarı: 45669 kq. Rulonlarda təbaşirlənməmiş yarım sellülozdan büzmə üçün kağız "Flutinq", miqdarı 42630 kq. Partiya üzrə məhsulların dəyəri 7150, 7969, 7741 nömrəli invoyslarda göstərilmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 3(002)-722/2020 saylı, 04.09.2020-ci il tarixli qərarından görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı məhdud məsuliyyətli cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməklə inzibati xətanın bilavasitə obyekti olan malların ümumi dəyərinin (241929.52 manat) 50% miqdarında, yəni 120964,76 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 3(002)-723/2020 saylı, 17.08.2020-ci il tarixli qərarından görünür ki, İddiaçı məhdud məsuliyyətli cəmiyyəti Azərbaycan Respublikası İXM-nin 497-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində inzibati xətanın predmeti olan malın dəyərinin 30 faiz miqdarında, yəni 23955 manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 3(002)-724/2020 saylı, 19.08.2020-ci il tarixli qərarından görünür ki, İddiaçı məhdud məsuliyyətli cəmiyyəti Azərbaycan Respublikası İXM-nin 497-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində inzibati xətanın predmeti olan malın dəyərinin 30 faiz miqdarında, yəni 19500 manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 3(002)-725/2020 saylı, 04.09.2020-ci il tarixli qərarından görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı məhdud məsuliyyətli cəmiyyəti Azərbaycan Respubliksı İXM-nin 497-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməklə inzibati xətanın bilavasitə obyekti olan malların ümumi dəyərinin (8568 manat) 50 faiz miqdarında, yəni 4284 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 3(002)-726/2020 saylı, 12.08.2020-ci il tarixli qərarından görünür ki, İddiaçı məhdud məsuliyyətli cəmiyyəti Azərbaycan Respublikası İXM-nin 497-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, ödənilməli olan 61658 manat 23 qəpik gömrük ödənişlərinin məbləğinin 30 faiz məbləğində, yəni 18497 manat 47 qəpik məbləğində cərimə edilmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 3(002)-727/2020 saylı, 12.08.2020-ci il tarixli qərarından görünür ki, İddiaçı məhdud məsuliyyətli cəmiyyəti Azərbaycan Respublikası İXM-nin 497-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, ödənilməli olan 8211 manat gömrük ödənişlərinin məbləğinin 30 faiz məbləğində, yəni 2463,30 manat məbləğində cərimə edilmişdir. İşdən görünür ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən İddiaçı məhdud məsuliyyətli cəmiyyətinin sabiq direktoru və qanuni təmsilçisi vəzifəsini icra edən Cavabdeh cəmiyyətin təsisçilərinin məlumatı olmadan saxta emal müqavilələri hazırlayaraq, Azərbaycan Respublikası hüdudlarından kənarda yerləşən şirkətlərlə emal müqavilələri əsasında idxalçı qismində emal olunmalı malları qəbul etməsinə, lakin həmin malların idxalı zamanı gömrük orqanına ödənilməli olan pul vəsaitini mənimsəməsinə və bununla da İddiaçı məhdud məsuliyyətli cəmiyyətinin nüfuzunu zədələməsinə və cəmiyyətin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, ümumilikdə 189,664,53 manat məbləğində cərimələnməsinə, bununla da İddiaçı məhdud məsuliyyətli cəmiyyətinə 189,664,53 manat məbləğində zərər vurmasına istinad etmiş, gəldiyi nəticəni Azərbaycan Respublikası MM-nin 21, 49, 1096, 1097-ci maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldyi bu nəticə qanunsuz və əsassız olmaqla, işin faktiki hallarına uyğun deyildir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Cavabdeh İddiaçı məhdud məsuliyyətli cəmiyyətinin direktoru kimi bağladığı emal müqavilələrinin saxta olmasına dair iş materiallarında hər hansı bir sübut, o cümlədən qanuni qüvvəyə minmiş məhkəmə aktı yoxdur. Həmçinin işdən görünür ki, İddiaçı məhdud məsuliyyətli cəmiyyətinin təsisçiləri X4 və hazırki iş üzrə Cavabdeh olmuşlar. Eləcə də iş materiallarında olan İddiaçı məhdud məsuliyyətli cəmiyyətinin təsisçisinin 1 saylı, 22 aprel 2019-cu il tarixli qərarından görünür ki, Cavabdeh öz xahişi ilə İddiaçı məhdud məsuliyyətli cəmiyyətinin durektoru vəzifəsindən azad olunmuşdur. İş materiallarına əlavə olunmuş 28 yanvar 2020-ci il tarixli öhdəlik müqaviləsindən görünür ki, X4 İddiaçı məhdud məsuliyyətli cəmiyyətinin balansında olan bir sıra əmlakları Cavabdeh İddiaçı məhdud məsuliyyətli cəmiyyətində olan təsisçi paylarının müqabilində Cavabdeh verməyi, Cavabdeh İddiaçı məhdud məsuliyyətli cəmiyyətində olan bütün təsisçi paylarını digər təsisçi olan X2 mülkiyyətinə verməyi və təsisçilikdən çıxmağı öhdələrinə götürmüşlər. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş 24.06.2020-ci il tarixli çıxarışın surətindən görünür ki, İddiaçı məhdud məsuliyyətli cəmiyyətinin təsisçisi X3r, cəmiyyətin nizamnamə kapitalında mayasının miqdarı 100 faizdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsində malların emal edilməsi qaydasının pozulmasına, yəni icazə olmadan malın emal edilməsi, onların emal edilməsi qaydası və müddətləri, emal məhsullarının hasilat (orta hasilat) norması, emal məhsullarının digər mallarla əvəz edilməsi, dəyişdirilməsi, bu cür malların emal edilməsi üzrə əməliyyatlar aparılması üçün müəyyən olunmuş tələblərə, məhdudiyyətlərə və şərtlərə əməl olunmamasına görə inzibati məsuliyyət müəyyən edilmişdir. İşin mübahisə edilməyən hallarından görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qərarları ilə İddiaçı məhdud məsuliyyətli cəmiyyəti Azərbaycan Respubliksı İXM-nin 497-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməklə, ümumilikdə 189,664,53 manat məbləğində cərimə edilmişdir. Həmin qərarlardan görünür ki, İddiaçı məhdud məsuliyyətli cəmiyyətinin daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar 2019-cu ilin yanvar-aprel aylarında daxil olmuş və daxildə emal müddəti bir il müəyyən edilmişdir. Cavabdeh isə 22 aprel 2019-cu il tarixdə İddiaçı məhdud məsuliyyətli cəmiyyətinin direktoru vəzifəsindən azad edilmişdir və həmin tarixdən sonra onun İddiaçı məhdud məsuliyyətli cəmiyyətini təmsil etmək səlahiyyəti olmamışdır. Azərbaycan Respublikası MM-nin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İddiaçı məhdud məsuliyyətli cəmiyyətinin Azərbaycan Respubliksı İXM-nin 497-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməklə, ümumilikdə 189,664,53 manat məbləğində cərimə edilməsi Cavabdeh cəmiyyətə həmin məbləğdə zərər vurması kimi qiymətləndirilə bilməz. Cavabdeh tərəfindən İddiaçı məhdud məsuliyyətli cəmiyyətinə zərər vurulmasına səbəb ola biləcək əməl və hərəkətlərə yol verilməsi məhkəmə iclası zamanı öz təsdiqini tapmamışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Quba Rayon Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli, 2(027)-1213/2020 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı məhdud məsuliyyətli cəmiyyətinin Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2393/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2393/2021
07.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver