Məhkəmə qərarları › İş №2(105)-2394/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2394/2020

05.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2394/2020 05.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, İddiaçı, Cavabdeh, cavabdehin Vəkil iştirakı ilə, İddiaçı Cavabdehqarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Xaçmaz rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(067)-1183/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Xaçmaz rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim A.Sadıqov) iddianın qismən təmin edilməsi, Cavabdeh maddi ziyana görə 3282,5 manat məbləğində pul və mənəvi ziyana görə 100 manat məbləğində pul alınaraq İddiaçı verilməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun 25 manatı cavabdehdən alınaraq iddiaçıya verilməsi, 5 manat isə iddiaçıya aid edilməsi, ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pulun 6 manatı İddiaçı, 84 manatı isə Cavabdeh alınaraq Dövlət Xəzinədarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Eksperizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesaba keçirilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı məhkəmədə iddia qaldıraraq, cavabdehdən gördüyü işin qüsurları nəticəsində ona vurulmuş zərərin əvəzi olaraq 4749 manat və mənəvi dəymiş 2000 manat pulun, ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 6779 manat pulun alınaraq ona verilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2015-ci ildə Xaçmaz rayonunun Yergüc kəndində 0,05 ha torpaq sahəsi almışlar. Həmin torpaq sahəsində özlərinə münasib ev tikmək qərarına gəlmişlər. Cavabdehi bir bənna kimi tanımışdır. Bu məqsədlə aldığı torpaq sahəsini cavabdehə göstərmiş və cavabdehə təklif etmişdir ki, evin bünövrəsindən başlayaraq özü tikəcək və özü bacarmayan işləri də bacarıqlı ustalar gətirərək işlədəcək evi ona tam hazır vəziyyətdə təhvil verəcək. O, cavabdehin dəqiq iş görəcəyinə inanaraq hətta evə lazım olan materialları da almağı da etibar etmişdir. Cavabdeh ona 4749 manat ziyan vurmuşdur. Dəfələrlə cavabdehə bildirmişdir ki, buraxdığı nöqsanları aradan qaldırsın. Cavabdeh ondan əvvəlcədən pulunu aldığı üçün onu təhqir edərək işi görməməyi bildirmişdir. Cavabdeh bu illər ərzində ona mənəvi olaraq 2000 manat ziyan vurmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Xaçmaz rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmamaqla maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən qanunsuz və əsassızdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsi məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehin Vəkil apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsi məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsi məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və tərəflərin izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Xaçmaz rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi iddianın təmin edilən hissəsində ləğv edilməli və həmin hissədə iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Aşağı instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsini cavabdeh tərəfindən üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsi səbəbindən iddiaçıya zərər vurması ilə əsaslandırmış və gəldiyi nəticənin maddi hüquqi əsası kimi Mülki Məcəllənin 21.1., 21.2., 385, 427, 442, 762.1., 762.2., 762.3., 762.4.,777.1.,777.2.,777.4., 779.1., 780.2., 1128.1., 1129.2., 1130.1., 1132, 1091.1.,1092.1., 1093.1., 1096, 1097.1., maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsinin iddia tələbinin qismən təmin edilməsi barədə gəldiyi nəticə, cavabdeh tərəfindən mübahisələndirilmiş və bu nəticənin ləğv edilərək iddia tələbinin rədd edilməsini xahiş edilmişdir. Məhkəmə kollegiya ilk öncə qeyd edir ki, iddia tələbini qismən təmin edən birinci instansiya məhkəməsi iddia tələbinə maddi hüquqi normanı düzgün tətbiq etməmişdir. İşdən görünür ki, iddia tələbinin predmetini pul tələbi təşkil edir. Lakin tərəflər arasında yaranmış mübahisəni həll edən birinci instansiya məhkəməsi iddia tələbinə münasibətdə mülki qanunvericiliyin, podrat, əsassız varlanma delikt, eləcə də malın, işin və ya xidmətlərin qüsurları nəticəsində dəyən zərərin əvəzinin ödənilməsində əmələ gələn münasibətlərini tənzimləyən maddi hüquq normalarına istinad etmişdir. Qeyd edilməlidir ki, iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Avropa Məhkəməsi dəfələrlə qeyd etmişdir ki, istənilən hüquq sistemində norma nə qədər dəqiq tərtib olunsa da, məhkəmə şərhi qaçılmazdır. Anlaşılmayan məqamların izah olunmasına hər zaman ehtiyac olacaq. Müəyyənlik arzuedilən olsa da, bəzən lüzumsuz sərtliklə müşaiyət oluna bilər, halbuki hüquq dəyişən şəraitlə addımlamaq xüsusiyyətinə malik olmalıdır. Müvafiq olaraq bir çox qanunlar qaçılmaz terminlərin istifadəsi ilə tərtib olunmuşlar ki, onlar az və ya çox dərəcədə qeyri-müəyyəndir, onların şərhi və tətbiqi təcrübədən asılıdır. Hüquq müddəasının müxtəlif cür təfsir olunması özü-özlüyündə öncədən görmə tələbinin pozulmasına gətirib çıxarmır. İşlərə baxılarkən məhkəmələrin üzərinə qoyulmuş rol ondan ibarətdir ki, onlar bu cür şübhələri təfsirlə aradan götürsünlər. (Böyük Palatanın CentroEuropa 7 S.R.L. və X4rşı iş üzrə x xxxx 2012-ci il tarixli Qərarı, §141; Böyük Palatanın Gorzelik və digərləri Polşaya qarşı iş üzrə xx xxxxxx 2004-ci il tarixli Qərarı, § 65; Böyük X1rşı iş üzrə xx xxx 1999-cu il tarixli Qərarı § 34). Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin (Mülki Prosessual Məcəllənin 386-cı maddəsi). Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (MPM-nin 385.1.1-ci maddəsi). Məhkəmə kollegiyası apellyasiya şikayəti üzrə dəyərləndirmə apararaq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası MPM-nin 2.1. maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. İşdən görünür ki, iddiaçı aldığı torpaq sahəsində yaşayış evi tikmək məqsədilə torpaq sahəsini cavabdehə göstərdiyini, həmin torpaq sahəsində tikiləcək evin cavabdeh tərəfindən inşa edilməsi ilə razılaşdığını, lakin cavabdehin ona olan inamından istifadə edərək 4749 manat ziyan vurduğunu və bu ziyanın aradan qaldırılması ilə bağlı dəfələrlə etdiyi müraciətinə baxmayaraq qüsurlar aradan qaldırılmadığını, ilkin müraciətində ona vurulmuş ziyanı dəqiqləşdirmədiyini, hazırda isə həmin ziyanı tam dəqiqləşdirdiyini iddia edərək hazır ki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Mülki Məcəllənin 752.1. maddəsinə Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 753.4. maddəsinə əsasən müqavilədə nəzərdə tutulmayan və sifarişçi tərəfindən yerinə yetirilməsi tələb edilməyən işlər ödənilmir. Tələb edildikdə podratçı belə işlərin nəticələrini aradan qaldırmalıdır. Əgər o bunu ağlabatan müddət ərzində etməzsə, sifarişçi onları podratçının hesabına aradan qaldıra bilər. Bundan başqa, podratçı bütün digər zərər üçün sifarişçi qarşısında məsuliyyət daşıyır. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Əgər üçüncü şəxslər sifarişçiyə qarşı heç bir hüquq irəli sürə bilmirlərsə, podratın nəticəsi üçüncü şəxslərin hüquqlarından və iddialarından azad sayılır (Mülki Məcəllənin 762.1.,762.2.,762.4. maddələri). Həmin Məcəllənin 764.1. maddəsinə əsasən əgər podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyənləşdirilmiş müddət nəticəsiz qurtararsa, sifarişçi qüsuru özü aradan qaldırıb çəkdiyi xərclərin əvəzini ödəməyi tələb edə bilər. Şərh olunan maddələrin məzmunundan göründüyü kimi podrat müqaviləsinə əsasən podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Podratın nəticələri əvvəla qüsursuz olmalı, ikincisi isə üçüncü şəxslərin hüquqlarından və iddialarından azad olmalıdır. Podratın nəticələrinin qüsursuzluğu dedikdə, onun müqavilədə şərtləşdirilmiş keyfiyyətə uyğun gəlməsi anlaşılır. Müqavilədə podratın nəticələrinin keyfiyyəti müəyyənləşdirilmədikdə, o, müqavilədə nəzərdə tutulmuş istifadə təyinatına uyğun olmalı və ya adi istifadə üçün yararlı olmalıdır. Podratçı xərclərin tənasübsüzlüyünə baxmayaraq, əlavə icradan imtina etməzsə, lakin əlavə icra üçün müəyyən edilmiş müddət ərzində əlavə icraya əməl etməzsə, sifarişçi qüsurları özü aradan qaldıraraq, çəkdiyi xərclərin əvəzinin ödənilməsini podratçıdan tələb edə bilər. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (Mülki Məcəllənin 21.1. və 21.2. maddələri). Göründüyü kimi tərəflər arasında podrat müqaviləsi bağlanmış, lakin sübutetmə yükü daşıyan iddiaçı təmir tikinti işləri aparılan zaman olan qüsurların məhz cavabdeh tərəfindən törədildiyi iş materialları ilə öz təsdiqini tapmamışdır. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli S.Əliyevanın şikayəti üzrə qərarı). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (14.2., 77.1. və 88ci maddələri). Məhkəmə kollegiyası qeyd edir ki, hər bir tərəf öz hüquqlarının və ya qanunla qorunan maraqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Məhkəmə müdafiəsi mülki mühakimə icraatında tərəflərin bərabərliyi, çəkişmə prinsipləri ilə realizə edilir. Bu zaman hər bir tərəf öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyi daşıyır. Məhkəmə o sübutları qəbul edir ki, iddia predmeti ilə bilavasitə əlaqəli olsun. Məhkəmə iddia tələbi üzrə yekun nəticəyə gəlinərkən tələbin təmin və ya rəddinə yönəlmiş digər sübutlarla təsdiq olunan sübutlara istinad etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş xx xxxx 2007-ci il tarixli qərarında insan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, konvensiyanın araşdırmalarında sübutları qiymətləndirərkən, bir qatda olaraq, affirmanti, non, neganti incumbiti probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur.Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, sübutetmə vəzifəsi üzərinə düşən iddiaçı cavabdehin təqsirli hərəkəti nəticəsində ona maddi və mənəvi zərər vurulduğunu təsdiq edəcək hər hası bir tutarlı sübut təqdim edə bilmədiyindən, iddia tələbini qismən təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Xaçmaz rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4., 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Xaçmaz rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi qismən ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh maddi ziyana görə 3282,5 manat məbləğində pul və mənəvi ziyana görə 100 manat məbləğində pul alınaraq İddiaçı verilməsi hissəsində iddia tələbi rədd edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səyyad Qafari Hakimlər Şəmsəddin Abasov Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar