Məhkəmə qərarları › İş №2(105)-2398/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2398/2021

05.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2398/2021 05.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Əliyev Əliağa Vahid oğlunun katibliyi, Cavabdeh X1, onun vəkili və nümayəndəsi Vəkil oğlunun iştirakı ilə, İddiaçı-nin Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 2(027)-133/2021 saylı, 07 aprel 2021-ci il qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Quba Rayon Məhkəməsinin 2(027)-133/2021 saylı, 07 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim Rahim Həsənov), iddianın təmin edilərək, Cavabdeh maddi ziyanın əvəzi kimi 6566 manat məbləğində pul və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq İddiaçı-nin bank hesabına ödənilməsi və iş üzə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manatın Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı-nin Cavabdeh tərəfindən ödənilməmiş 6566 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun Cavabdeh alınaraq Cəmiyyətin bank hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı (bundan sonra Cəmiyyət) ilə Cavabdeh arasında bağlanmış 18.09.2017-ci il tarixli 03 (üç) aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə sonuncu satıcı kassir vəzifəsinə işə qəbul olunmuş və onunla “Tam maddi məsuliyyət” haqqında müqavilə imzalamışdır. 18.05.2018-ci il tarixli, 192-K saylı əmrlə baş satıcı vəzifəsinə keçirilmiş, 25.09.2018-ci ildə admistrator vəzifəsinə təyin edilmişdir. 27.09.2019-cu il tarixdə, 424-K saylı əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, 17.06.2019-cu il tarixdə Oba-NZS 2 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmiş, 17.06.2019-cu il tarixli “İnventarizasiya Nəticələrinə” dair akta əsasən yekun olaraq 6819 manat məbləğində zərər vurması məlum olmuşdur. Ümumi 6819 manat borcdan 253 manat ödəniş etmiş, qalıq borc 6566 manat təşkil edir. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə xəbərdarlıq edilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Beləliklə, Cavabdeh həm Azərbaycan Respublikası Əmək Məcəlləsi və Mülki Məcəlləsinin müddəalarını, həmdə onunla bağlanmış əmək müqaviləsi və tam maddi məsuliyyət haqqında müqavilənin şərtlərini kobud şəkildə pozmuşdur İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : . Cavabdeh apelyasiya şikayəti verərək, Quba Rayon Məhkəməsinin 2(027)- 133/2021 saylı, 07.04.2021-ci il tarixli qətnaməsini apellyasiya icraatı qaydasında təmin edilmiş hissədə ləğv edib iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onunla İddiaçı arasında bağlanmış 25.09.2018-ci il tarixli əmək müqaviləsinə əsasən o, mağazada adminstrator vəzifəsinə təyin edilmiş, 27.09.2019-cu il tarixdə isə əmrlə əmək müqaviləsinə xitam verilmişdir. Həmçinin göstərilmişdir ki, guya 17.06.2019-cu il tarixdə o, çalışdığı mağazada inventarizasiya aparılmış və guya tərəfindən 6819 manat məbləğində zərər vurulması müəyyən edilmişdir. Həmçinin guya o, vurulmuş zərərdən 253 manat ödəniş etmişəm. Hesab edir ki, Quba Rayon Məhkəməsi qətnamə çıxararkən maddi və prosessual hüquq normalarını kobud şəkildə pozmuş, hüququn tətbiq edilməsində səhvə yol vermiş, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən faktiki halları aydınlaşdırmamış, işin faktiki halları ilə məhkəmənin gəldiyi nəticə arasında uyğunsuzluq yaranmışdır. Belə ki, qətnamədə qeyd edilir ki, məhkəmə iş materiallarında olan sübutlara əsasən iddia tələbini əsaslı hesab edir. Lakin məhkəmə iş materiallarında olan ziddiyyətli sübutlara ümumiyyətlə qiymət verməmişdir. Yəni iddiaçı mal çatışmamazlığına görə 6566 manat məbləğində borc olmasına dair maliyyə arayışı təqdim etmişdir. Lakin ekspertiza keçirilməsiilə bağlı təqdim edilmiş sənədlərdə mal çatışmamazlığının 10291.44 manat olması göstərilmişdir. Məhkəmə araşdırma apararkən üçmumiyyətlə bu ziddiyyətin səbəbini müəyyən etməmişdir. Bundan başqa məhkəmə araşdırma zamanı onun adminstrator vəzifəsinə təyin edilən tarixə mağazada mal-materialın (ərzaq və digər satış predmetlərinin ) hansı vəziyyətdə olmasını ümumiyyətlə dəqiqləşdirməmişdir. Halbuki, mağaza ona təhvil verilməmiş və o, adminstrator vəzifəsinə təyin edildikdən sonra mağazada mal-materialın (ərzaq və digər satış predmetlərinin ) çatışmamazlığının olması barədə rəhbərliyə dəfələrlə məlumat verərək araşdırılmasını xahiş etmişdir. Bununla bağlı təqdim edilmiş sübutlara isə məhkəmə ümumiyyətlə qiymət verməmişdir. Hətta həmin sübutları araşdırma zamanı almamışdır. Həmçinin bildirmək istəyir ki, ekspertiza təqdim edilmiş sənədlər əsasında keçirilmişdir. Lakin ekspertə təqdim edilmiş sənədlərin və həmin sənədlərdə olan məlumatların həqiqəti əks etdirib-etdirməməsini dəqiqləşdirmək məhkəmənin səlahiyyətində olsa da bununla bağlı heç bir tədbir görməmişdir. Həmçinin qətnamədə göstərilir ki, guya vurulmuş zərərdən 253 manat ödəniş etmişdir. Lakin bildirmək istəyir ki, o, heç bir ödəniş etməmişdir. Bunu onun adımdan kimsə etmişdir. Hətta işdən çıxan zaman son haqq-hesab edilərək ona əmək haqqı da köçürmüşlər. Əgər onun mağazaya borcu olsaydı bu pul vəsaiti köçürülməzdi və həmin pul vəsaitinə də tutma yönəldilərdi. Lakin məhkəmə bu sübutlarıda araşdırmamış və hüquqi qiymət verməmişdir. Apellyasiya şikayətinin təsviri hissəsində göstərilənlərdən də görünür ki, iddiaçı tərəfindən təqdim edilmiş və qətnamədə öz əksini tapan rəqəmlər arasında ciddi fərq mövcuddur. Bu hal tələbin əsassız olmasını, sübutların isə ziddiyyətli olmasını göstərir. Qətnamədən görünür ki, iddiaçının kifayət qədər ziddiyyətli sübutlar təqdim etməsinə baxmayaraq məhkəmə tam, hərtərəfli və obyektiv araşdırma aparmamış, qətnamənin əsaslandırıcı hissəsində sübutları əlaqəli şəkildə şərh etməmiş, həmin sübutlardan hansını qəbul edib-etməməsini və qəbul etməsinin səbəblərini göstərməmiş, həmçinin izah etməmişdir. Apelyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında cavabdeh X1, onun vəkili və nümayəndəsi Vəkil oğlu apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etmişlər. İddiaçının nümayəndəsi X3 apelyasiya baxışı zamanı məhkəmə iclasında apelyasiya şikayətini qəbul etməyərək məhkəmə qətnaməsini dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə etdi ki, cavabdehin məsul olduğu ticarət obyektində mal çatışmazlığı aşkar edilib aktlaşdırılmış və o, özü də bu çatışmazlığı qəbul etmişdir. Bu fakt keçirilmiş ekspertiza nəticəsində də öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır: İş materiallarında olan 18.09.2017-ci il tarixli, 415-K saylı əmrdən görünür ki, Cavabdeh İddiaçı-nin satış əməliyyatları şöbəsinin OBA marketlər şəbəkəsinə 18.09.2017ci il tarixdən 3 (üç) ay sınaq müddəti müəyyən edilməklə “satıcı-kassir” vəzifəsinə işə qəbul edilmişdir. Yenə iş materiallarında olan əmək müqaviləsinin surətindən görünür ki, Cəmiyyətin direktoru ilə Cavabdeh arasında İddiaçı-nin satış əməliyyatları şöbəsinin OBA marketlər şəbəkəsinə 18.09.2017-ci il tarixdən 3 (üç) ay sınaq müddəti müəyyən edilməklə “satıcıkassir” vəzifəsinə işə qəbul edilməsi barədə əmək müqaviləsi bağlanmışdır. Yenə də iş materiallarında olan 18.09.2017-ci il tarixli Tam maddi məsuliyyət haqqında müqavilədən görünür ki, Cəmiyyətin direktoru ilə Cavabdeh arasında bağlanmış həmin müqaviləyə əsasən sonuncu maddi məsul şəxs olaraq ona işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanılması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürmüşdür. İş materiallarında olan 25.09.2018-ci il tarixdə imzalanmış əmək müqaviləsinə əlavə müqavilədən görünür ki, Cəmiyyətin direktoru ilə Cavabdeh arasında Cəmiyyətin Satış Departamentinə “Administrator” vəzifəsinə keçirilməsi barədə müqavilə bağlanmışdır. İş materiallarına əlavə edilmiş 18.05.2018-ci il tarixli, 192-K saylı əmrindən görünür ki, Cavabdeh Cəmiyyətin satış əməliyyatları şöbəsinə 18.05.2017-ci il tarixdən Baş satıcı vəzifəsinə qəbul edilmişdir. Yenə iş materiallarına əlavə edilmiş 27.09.2019-cu il tarixli, 206-K saylı əmrdən görünür ki, Cavabdeh ilə bağlanmış əmək müqaviləsinə 27.09.2019-cu il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) xitam verilmişdir. İş materiallarında olan aktivlər üzrə inventarizasiya nəticələrinə dair yekun aktdan görünür ki, OBA NZS-2 mağazasının müdiri işləmiş maddi-məsul şəxs - Cavabdeh 17.06.2019-cu il tarixli inventarizasiya siyahısı ilə təhvil təslim tarixinə siyahıya alınmış mal – material qiymətərinə dair faktiki məlumatlar ilə uçot məlumatlarının üzləşdirilməsi aparılan zaman 10291,44 manat məbləğində kəsirin olduğu müəyyən edilmişdir. Yenə iş materiallarında olan 09.07.2019-cu ildə təsdiq edilmiş, 17.06.2019-cu il tarixində OBA NZS-2 filialında aparılmış təhvil-təslim məsələlərinə dair aktdan görünür ki, Cavabdeh maddi məsul şəxs olduğu filial üzrə 10291,44 manat əksikliyə dair inventarizasiyanın nəticələri ilə razılaşaraq akta imza etmişdir. Yenə də iş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh 3 gün ərzində 6566 manat məbləğində maddi ziyanın Cəmiyyətə ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş 20.04.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 6819 manat çatışmamazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə 253 manat Cəmiyyətin xəzinəsinə mədaxil etmiş, 6566 manat borcu qalmışdır. İş üzrə təyin edilmiş və keçirilmiş Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 26.02.2021-ci il tarixli, 9/5189 saylı ekspert rəyindən görünür ki, iş materiallarında olan Aktivlər üzrə inventarizasiya nəticələrinə dair 09.07.2019-cu il tarixli yekun Akta əsasən aparılmış inventarizasiya yoxlaması nəticəsində İddiaçı-nin adminstratoru vəzifəsində işləmiş Cavabdeh hesabında mal çatışmazlığının ümumi məbləği 10291,44 manat müəyyən edilmişdir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb, işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, tərəflər əmək münasibətlərində olmuş, Cavabdeh İddiaçı-nə 3 (üç) ay sınaq müddəti müəyyən edilməklə “satıcı-kassir” vəzifəsinə işə qəbul edilmiş, sonradan onunla Cəmiyyətin Satış Departamentinə “Administrator” vəzifəsinə keçirilməsi barədə müqavilə bağlanmış və daha sonra 18.05.2018-ci il tarixli, 192-K saylı əmrlə Cəmiyyətin satış əməliyyatları şöbəsinə 18.05.2017-ci il tarixdən Baş satıcı vəzifəsinə qəbul edilmiş, onunla tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. Cavabdehlə bağlanmış əmək müqaviləsinin, habelə tam maddi məsuliyyət barədə müqavilənin şərtlərinə görə mağazada ola biləcək əskikliyə görə Cəmiyyətə dəyən ziyanı ödəməyi işçi kimi Cavabdeh öhdəsinə götürmüşdür. Onunla bağlanmış əmək müqaviləsinə 27.09.2019-cu il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) xitam verilmişdir. Aktivlər üzrə inventarizasiya nəticələrinə dair yekun aktı ilə OBA NZS-2 mağazasının müdiri işləmiş maddi-məsul şəxs - Cavabdeh 17.06.2019-cu il tarixli inventarizasiya siyahısı ilə təhvil-təslim tarixinə siyahıya alınmış mal – material qiymətərinə dair faktiki məlumatlar ilə uçot məlumatlarının üzləşdirilməsi aparılan zaman 10291,44 manat məbləğində kəsirin olduğu müəyyən edilmişdir. İş üzrə keçirilmiş Məhkəməəmtəəşünaslıq ekspertizasının 26.02.2021-ci il tarixli, 9/5189 saylı ekspert rəyi ilə də 09.07.2019-cu il tarixli yekun Aktına əsasən aparılmış inventarizasiya yoxlaması nəticəsində İddiaçı-nin adminstratoru vəzifəsində işləmiş Cavabdeh hesabında mal çatışmazlığının ümumi məbləği 10291,44 manat müəyyən edilmişdir. Cavabdeh 3 gün ərzində 6566 manat məbləğində maddi ziyanın Cəmiyyətə ödənilməsi barədə xəbərdarlıq edilmişdir. O, 6819 manat çatışmamazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə 253 manat Cəmiyyətin xəzinəsinə ödəmiş, 6566 manat borcu qalmışdır. Hazırda Cəmiyyət əmlakına vurulmuş ziyana görə Cavabdeh tərəfindən ödənilməmiş 6566 manat pulun verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh isə apelyasiya şikayətində iddiaçıya zərər vurmadığını, borcu olmadığını bildirmişdir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191.1-ci maddəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 194.1-ci maddəsinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Yenə həmin Məcəllənin 194.2-ci maddəsinə əsasən ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Yenə də həmin Məcəllənin 199-cu maddəsinə əsasən işçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda. Eyni Məcəllənin 202-ci maddəsinə əsasən işəgötürənə dəymiş ziyanın məbləği faktiki itkilər üzrə müəyyən edilir. İşəgötürənin əsas fondu (vəsaitləri) hesab edilən əmlakının itirilməsi, korlanması və oğurlanması hallarında ziyanın məbləği, müvafiq aşınma normaları nəzərə alınmaqla maddi qiymətli əşyaların balans dəyərindən (maya dəyərindən) hesablanır. Digər hallarda ziyanın məbləği ziyan vurulan vaxtda mövcud olan bazar qiymətləri ilə hesablanır. İşəgötürənə vurulan mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında bu Məcəllənin 290-cı maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş prinsiplə məhkəmə tərəfindən müəyyən edilir. Qeyd edildiyi kimi, iddiaçı Cəmiyyətdə işlədiyi dövr ərzində işçi kimi Cavabdeh iddiaçıya 6566 manat məbləğində maddi ziyan vurmuşdur. Bu fakt iş materiallarında olan aktivlər üzrə inventarizasiya nəticələrinə dair yekun aktı, Cavabdeh 3 gün ərzində 6566 manat məbləğində maddi ziyanın Cəmiyyətə ödənilməsi barədə xəbərdarlıq edilməsi, 20.04.2020-ci il tarixli maliyyə arayışı, iş üzrə təyin edilmiş və keçirilmiş Məhkəməəmtəəşünaslıq ekspertizasının 26.02.2021-ci il tarixli, 9/5189 saylı ekspert rəyi, ən başlıcası maddi məsul şəxs olduğu filial üzrə 10291,44 manat əksikliyə dair inventarizasiyanın nəticələri ilə razılaşaraq akta imza etməsi və nəhayət vurulmuş ziyanın 253 manatının onun tərəfindən ödənilməsi ilə təsdiq olunmuşdur. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin iddiaçıya ziyan vurmaması, borcunun olmamasına dair dəlillərinə tənqidi yanaşır və hesab edir ki, həmin dəlillər hər hansı bir mötəbər subtla təsdiq olunmayan, həmçinin iddiaçı tərəfindən təqdim olunmuş yuxarıda qeyd olunan subutlarla təkzib olunan dəlillər olmaqla, həmin dəlillər apellyasiya şikayətinin təmin olunaraq iddianın rədd olunması üçün qanuni əsas kimi qəbul oluna bilməz. Onun məsuliyyətində olan ticarət obyektində mal çatışmazlığı barədə rəhbər şəxslərə müraciət etməsinə dair birtərəfli yazışmaları məhkəmə kollegiyası etibarlı sübut kimi qəbul etmir. Ən azı o səbəbdən ki, bu müraciətlər dövri olaraq təkrarlanmış və maddi məsul şəxs olan cavabdehin müraciətinin ilk vaxtlardan cavabsız qaldığı təqdirdə onun hansı səbəbdən belə bir şəraitdə əmək müqaviləsini davam etdirməsi analaşılan deyildir. Məhkəmə baxışı zamanı o bu barədə sualı cavablandıra bilməmişdir. Cavabdeh apelyasiya şikayətində inventarizasiyanın nəticəsi olaraq mal çatışmazlığının 10291,44 manat olduğu halda maliyyə arayışında 6566 manat göstərilməsini ziddiyətli məqam kimi qeyd etsə də, özü də bu məsələyə aydınlıq gətirə bilməmişdir. Bu məqama qiymət verən məhkəmə kollegiyası hesab edir ki, bütün hallarda tələb edilən məbləğ inventarizasiyanın nəticəsi olaraq müəyyən edilmiş və maddi məsul şəxs kimi cavabdeh tərəfindən qəbul edilmiş məbləğdən azdır. MPM-in 218.2-ci maddəsinin tələblərinə görə isə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Yenə həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Yenə də həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Eyni Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Eyni Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İstinad olunan maddi hüquq normalarının mənasına görə cavabdeh tərəfindən iddiaçıya vurulmuş maddi zərərin əvəzi ödənilməlidir, çünki məhkəmə kollegiyasının qənaətinə görə tərəflər arasında bağlanmış əmək və maddi məsuliyyət haqqında müqavilələrə əsasən, Cavabdeh iddiaçı Cəmiyyətə əmək prosesində vurduğu maddi zərərin əvəzinin ödənilməsinə dair vəzifələrin daşıyıcısı olmuşdur. AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Yenə həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Yenə də həmin Məcəllənin 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Yuxarıdakı normaların tələblərindən də aydın olur ki, cavabdeh əmək müqaviləsi üzrə öhdəliklərini vicdanla yerinə yetirmədikdə və işəgötürənə maddi zərər vurduqda, işəgötürənin bu maddi zərərin əvəzini tələb etmək hüququ yaranır və onun qarşısında işçi maddi məsuliyyət daşıyır. Apelyasiya şikayətində cavabdeh iddiaçıya heç bir zərər vurmadığını bildirsə də, bununla bağlı məhkəməyə heç bir legitim və mötəbər sübut təqdim edə bilməmişdir. Şikayətin dəlilləri iş materialları ilə tamamilə təkzib olunur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh iddiaçı Cəmiyyət qarşısında öhdəliyi yaranmışdır və o bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi sadalanan maddi hüquq normalarına istinad etməklə mübahisə üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir. Cavabdeh apelyasiya şikayətinin əsaslarına dair məhkəməyə hər hansı mötəbər və legitim sübut təqdim edə bilməmişdir. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Quba Rayon Məhkəməsinin 2(027)-133/2021 saylı, 07.04.2021-ci il qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15,40 manat məbləğində dövlət rüsumu cavabdehin özünə aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar