Məhkəmə qərarları › İş №2(105)-240/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-240/2025

30.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-240/2025 30.01.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: alimentin miqdarının artırılması) X20 Süleymanovanın sədrliyi və məruzəsi, X2 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "alimentin miqdarının artırılması" tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 14 oktyabr 2024-cü il tarixli, 2(012)-3962/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(012)-6411/2021 saylı qətnaməsinə əsasən, birgə nikahdan dünyaya gəlmiş övladları xx.xx.2006-cı il təvəllüdlü X3, xx.xx.2014-cü il təvəllüdlü X4, xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün təyin olunmuş hər ay hər uşağa görə 80 (səksən) manat olmaqla, ümumilikdə 320 (üç yüz iyrimi) manat məbləğində alimentin miqdarının artırılaraq, hər ay hər uşaq üçiin 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində olmaqla, ümumilikdə 940 (doqquz yüz qırx) manat məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış rəsmi nikaha Abşeron Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli, 2(012)-3349/2016 saylı qətnaməsinə əsasən xitam verilmiş, birgə nikahdan dünyaya gəlmiş övladları xx.xx.2006cı il təvəllüdlü X3, xx.xx.2014-cü il təvəllüdlü X4, xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmalarına görə hər ay hər uşaq üçün 100 (yüz) manat məbləğində olmaqla, ümumilikdə 400 (dörd yüz) manat məbləğində alimentin cavabdehdən tutularaq ödənilməsi qət edilmişdir. Daha sonra cavabdeh Sumqayıt Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti vermiş və alimentin miqdarı azaldılaraq hər ay hər uşaq üçün 60 (altmış) manat olmaqla, ümumilikdə 240 (iki yüz qırx) manat məbləğində alimentin cavabdehdən tutularaq ödənilməsi qət edilmişdir. Övladlarının ehtiyaclarını tək başına qarşılamaqda çətinlik çəkdiyinə görə bununla bağlı Ali Məhkəməyə kassasiya şikayəti ilə müraciət etmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(012)- 6037/2018 saylı qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 2(012)-1964/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 2021-ci ildə o, yenidən alimentin miqdarının artırılması tələbilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Nəticədə Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(012)-6411/2021 saylı qətnaməsinə əsasən hər ay hər uşaq üçün 60 (altmış) manat alimentin miqdarı dəyişdirilərək, hər ay hər uşaq üçün 80 (səksən) manat məbləğində olmaqla, ümumilikdə 320 (üç yüz iyrimi) manat məbləğində alimentin cavabdehdən tutularaq ödənilməsi qət edilmişdir. Hazırda ölkədə bütün ərzaq məhsullarının, eyni zamanda kommunal xidmətlərin qiyməti xeyli artmışdır. Hər il övladlarının gündəlik tələbatlarında, həmçinin dövlət tərəfindən müəyyən edilmiş yaşayış minimumunun məbləğində artım olur. Alimentin məbləği də övladlarının tələbatlarını ödəmir. Övladları böyüdükcə gündəlik məişət, təhsil, həkim xərcləri də artır və bu xərclərin ödənilməsi üçün maddi imkanı kifayət etmir. Eyni zamanda, birgə nikahdan dünyaya gəlmiş övladları xx.xx.2006-cı il təvəllüdlü X10 tələbədir, tək qadın olaraq onun təhsil haqqını, əlavə xərclərini də qarşılamaq onun üçün çox çətindir. Heç bir yerdən əlavə gəliri, qazancı yoxdur. Bu səbəbdən də, "alimentin miqdarının artırılması” tələbi ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir.

3. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmuşdur.

4. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı iddia tələbində alimentin miqdarının artırılması ilə bağlı müraciət etmiş, alimentin 940 manat miqdarında təyin edilməsini xahiş etmişdir. Lakin faktiki olaraq 570 manat əmək haqqı alır və 2017-ci ildə yenidən ailə qurmuşdur. Yeni evliliyindən 1 azyaşlı övladı var. Həmçinin aylıq 240 manat kredit ödəyir. Bununla yanaşı yaşadığı ev kirayədir. Əlavə olaraq bildirmək istəyir ki, iddia tələbində qeyd edilən X3 18 yaşı tamam olmuşdur. Ailə Məcəlləsində 18 yaş tamam olmuş şəxsə aliment yalnız 1-ci qrup əlil olduğu halda təyin edilir. Beləliklə, hazırkı iddia tələbi əvvəllər məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsinə (artırılmasına) dairdir. Alimentin miqdarının dəyişdirilməsinin həlli qaydası Ailə Məcəlləsinin 112.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Beləliklə, qanunverici prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasını və ya azaldılması) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin, bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Azərbaycan Respublikası Konstitusiyasının 17ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Məhkəmə hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Belə ki, onun aldığı aliment məbləğinin müəyyən olunduğu tarixdən istehlak qiymətləri və s. dəyişmiş, uşaqlar böyüməkdə davam etməklə onların müvafiq olaraq tələbatları da artmışdır. Bütün bunlar iddiaçının maddi vəziyyətində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Həmçinin nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın mənafeləri hər bir halda nəzərə alınır. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyi sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu isə özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur. Yuxarıda iddiaçıya münasibətdə qeyd edilən hallarla yanaşı qeyd olunan normaların məzmunundan göründüyü kimi, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa dəyişə bilər. Bu dəyişiklilər özünü tərəflərin birinin ailə vəziyyəti, gəlirlərin miqdarı və sair ilə bağlıdır. Hazırkı halda isə əvvəlki qətnamə ilə sonuncu dəfə alimentin miqdarının müəyyən edildiyi vaxtdan hal-hazıradək cavabdehin maddi vəziyyətində yaxşılaşmağa doğru hər hansı dəyişikliyin baş verməsi iddiaçı tərəfindən sübuta yetirilmədiyindən aliment ödəməli olan şəxsin, yəni cavabdehin diqqətəlayiq maraqları baxımından aliment məbləğinin iddia tələbində qeyd edilən məbləğdə artırılması qanuni və əsaslı hesab edilə bilməz. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 45, 46, 47-ci maddələrinə əsasən İddiaçı iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunur.

5. AZ-İİİ 145155 saylı, AZ-İİ 059216 saylı, AZ-İİ 711309 və AZ-İİİ 240444 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2006-cı il təvəllüdlü X13, xx.xx.2008-ci il təvəllüdlü X16, xx.xx.2011 -ci il təvəllüdlü X11 və xx.xx.2014-cü il təvəllüdlü X14 doğulmuşdur.

6. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)- 6411/2021 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-1964/2018 saylı, 07 may 2018-ci il tarixli qətnaməsi ilə xx.xx.2006cı il təvəllüdlü X3, xx.xx.2008-ci il təvəllüdlü X7, xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh 10 sentyabr 2014-cü ildən başlayaraq hər ay hər uşağa görə 60 manat sabit pul məbləğində aliment artırıması, xx.xx.2006-cı il təvəllüdlü X3, xx.xx.2008-ci il təvəllüdlü X7, xx.xx.2011ci il təvəllüdlü X1 və xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay, hər uşaq üçün 80 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi, alimentin tutulmasının əvvəli bu qətnamə qanuni qüvvəyə minən gündən hesablanması, Cavabdeh 30 manat dövlət rüsumuna görə pul dövlət nəfinə tutulması qət edilmişdir.

7. "AZEMİS" Elektron Məhkəmə İnformasiya Sistemindən götürülmüş məlumatdan görünür ki, İddiaçı fərdi qaydada bərbər fəaliyyəti ilə məşğul olur.

8. "AZEMİS" Elektron Məhkəmə İnformasiya Sistemindən götürülmüş məlumatdan görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində sürücü vəzifəsində işləyir və 683 manat əmək haqqı alır.

9. "AZEMİS" Elektron Məhkəmə İnformasiya Sistemindən götürülmüş məlumatdan görünür ki, Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X17 adlı uşağı vardır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

10. Abşeron Rayon Məhkəməsinin 14 oktyabr 2024-cü il tarixli, 2(012)- 3962/2024 nömrəli qətnaməsi ilə (hakim Mirnəsir Mirhəsənli) iddianın qismən təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-6411/2021 saylı qətnaməsi ilə tutulan alimentin miqdarının dəyişdirilməsi, xx.xx.2008-ci il təvəllüdlü X7, xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 160 manat olmaqla, cəmi 480 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh tutulan alimentin miqdarının dəyişdirilməsinin əvvəlinin bu qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanması qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 78.2 və 112-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3, 217.4, 216-220 və 360-cı maddələri ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

Apellyasiya şikayəti və onun dəlilləri

12. Cavabdeh apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 14 oktyabr 2024-cü il tarixli, 2(012)-3962/2024 nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyator şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qətnaməsi ilə razı deyil, hesab edir ki, qətnamə qanunsuzdur və Apellyasiya Məhkəməsi tərəfindən ləğv edilməlidir. Məhkəmənin nəzərinə çatdırır ki, birinci nikahından dörd üşağı dünyaya gəlmişdir. Övladı xx.xx.2006-cı il təvəllüdlü X13 yetkinlik yaşına çatmış digər üç övladı xx.xx.2008-ci il təvəllüdlü X16, xx.xx.2011-ci il təvəllüdlü X11 və xx.xx.2014cü il təvəllüdlü X15 yetkinlik yaşına çatmamışlar. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(012)-6411/2021 saylı qətnaməsinə əsasən, birgə nikahdan dünyaya gəlmiş övladları xx.xx.2006-cı il təvəllüdlü X3, xx.xx.2014-cü il təvəllüdlü X4, xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 80 (səksən) manat olmaqla, ümumilikdə 320 (üç yüz iyrimi) manat məbləğində aliment kəsilmiş və qeyd olunan aliment məbləğini iddiaçıya ödəyir. Bundan əlavə o, Abşeron Rayon Məhkəməsinin 2(012)-3349/2016 saylı, 20 sentyabr 2016-cı il tarixli qətnaməsinə əsasən xx.xx.2006-cı il təvəllüdlü X8, xx.xx.2014-cü il təvəllüdlü X9, xx.xx.2008-ci il təvəllüdlü X12 və xx.xx.2011-ci il təvəllüdlü X6 təhsil və müalicə xərci olaraq 100 manat sabit pul məbləğində xərcləri iddiaçı Zülfİddiaçı ödənilməsi qət edilmişdir. Bundan əlavə ikinci nikahından andan olan övladı xx.xx.2017-ci il təvəllüdlü X17 üçün də 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment öhdəliyi vardır ki, onuda icra edə bilmir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. O, sürücü işləyir və rəsmi olaraq 570 (beş yüz yetmiş) manat əmək haqqı alır. İddiaçı bərbər işləyir, ay ərzində 2500 (iki min beş yüz) manat qazancı vardır. Birinci instansiya Məhkəməsi onun əmək haqqı almağını müəyyən etsə də Ailə Məcəlləsinin 76.1.3-cü maddəsinin tələblərinə riayət etməmişdir. Bundan əlavə birinci insatansiya məhkəməsi Ailə Məcəlləsinin 76.2-ci maddəsinə iddiaçının qazancı nəzərə alınmadan riayət etməmişdir. Göründüyü kimi hər iki valideyin övladlarını saxlamağa borcludur və aliment maddi qazancı daha çox olan valideyindən tutulmalıdır. Mövcud vəziyyətdə birinci instansiya məhkəməsi qeyd etdiyi halları nəzərə almamışdır. Azətbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 217-ci maddəsinə əsasən qətnamə qanuni və əsaslı olmalıdır. Qeyd etdiyi hallara görə qətnamə Apellyasiya qaydasında ləğv edilməlidir. Qətnamə qəbul edilərkən əmək haqqının yarı hissəsindən artıq aliment təyin edilmişdir ki, bu da qanuni deyil, qanun əmək haqqının yarısını nəzərdə tutur, buna görədə qətnamə qanunsuzdur. Məhkəmə onun ikinci nikahından uşağın olubolmaması hallarını araşdırmamış və uşaqlara qeyri-bərabər yanaşmışdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, o, əmək haqqı alır, lakin qanunvericiliyin tələblərini pozaraq onun və ikinci ailəsinin hansı vəsaitə dolanacağını və hansı səbəbdən alimenti artırdığını sübut etməmişdir. Birinci instansiya məhkəməsi onun əmək haqqını və əmək haqqından uşaqlara aliment ödəmək üçün alimenti artırdığını, lakin bu hallar əmək haqqının yarısına uyğun gəlməmişdir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

15. Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.

16. İddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh iddia olunan məbləğdə aliment ödəmək üçün qazanca malikdir, avtomaşın alqı-satqısı ilə məşğuldur.

Apellyasiya baxışının hədləri

17. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdeh verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 17.1. Cəmiyyətin özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə, eləcə də uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir.

19. “Uşaq hüquqları haqqında” Konvensiya: Maddə 3. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericlik orqanları tərəfindən görülsün; Maddə 27. (bənd 2) Valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.

20. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

21. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarının 8.13-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır.

22. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

23. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.

26. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında olan nikah məhkəmə qətnaməsinə əsasən pozulmuş, nikah pozularkən birgə nikahdan anadan olmuş 4 uşaq ananın himayəsində saxlanılmışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-6411/2021 saylı qətnaməsindən görünür ki, Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-1964/2018 saylı, 07 may 2018-ci il tarixli qətnaməsi ilə müəyyən olunan alimentin miqdarı dəyişdirilmiş, tərəflərin birgə nikahından xx.xx.2006-cı il təvəllüdlü X3, xx.xx.2008-ci il təvəllüdlü X7, xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün 80 manat olmaqla, cəmi 320 manat sabit məbləğdə alimentin tutulması qət edilmişdir. Hazırda iddiaçı alimentin miqdarının ümumilikdə hər ay 940 manata kimi artırılmasını tələb edir. Cavabdehin isə başqa nikahdan bir övladı var.

28. Göründüyü kimi mübahisələndirilən məhkəmə qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-6411/2021 saylı qətnaməsi ilə tutulan alimentin miqdarının dəyişdirilməsi, xx.xx.2008-ci il təvəllüdlü X7, xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 160 manat olmaqla, cəmi 480 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh tutulan alimentin miqdarının dəyişdirilməsinin əvvəlinin bu qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanması qət edilmişdir.

29. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, alimentin artırılması barədə əvvəlki məhkəmə qətnaməsindən 3 il müddət keçmişdir və ölkə üzrə uşaqların yaşayış minimumu artmışdır. Məhkəmə uşaqların mənafeyini, normal inkişaf etməsini, uşaqlar üçün hal-hazırda minimum yaşayış həddinin məbləğini nəzərə alaraq iddianın qismən təmin edilməsini əsaslı hesab etmişdir.

30. Məhkəmə həmçinin hesab etmişdir ki, birgə nikahdan doğulmuş Nəzrin artıq yetkinlik yaşına çatmışdır, yəni ona dair hissədə Cavabdeh artıq aliment ödəmək öhdəliyindən azaddır.

31. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan cavabdeh apellyasiya şikayəti vermişdir.

32. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir.

33. Məhkəmə kollegiyası tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətinin dəlilləri ilə bağlı hüquqi dəyərləndirmə apararaq aşağıda şərh olunanları qeyd etməyi zəruri hesab edir.

34. Göründüyü kimi apellyator şikayətin dəlillərini onunla əsaslandırmışdır ki, o, sürücü işləyir və rəsmi olaraq 570 (beş yüz yetmiş) manat əmək haqqı alır, qət edilən aliment məbləği onun qazancı ilə uzlaşmır, ikinci dəfə evlənmişdir, məhkəmə onun ailə vəziyyətini, kredit öhdəliyinin olmasını nəzərə almamışdır.

35. Məhkəmə kollegiyası şikayətin dəlillərini əsaslı hesab etmir.

36. Kollegiyanın qənaətincə şikayətin qeyd olunan dəlilləri cavabdehin hazırkı aliment öhdəliyindən azad olunması, yaxud alimentin miqdarının azaldırmasına əsas verən hal kimi çıxış edə bilməz.

37. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab ki, iddiaçı məhkəmə aktı ilə təyin edilmiş aliment miqdarının dəyişdirilməsini tələb etmişdir.

38. Qeyd olunmalıdır ki, qanunverici alimentin miqdarının müəyyən olunması ilə bağlı məhkəmə qərarını daimi və son olaraq qətiləşdirmir, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğu hallarda alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi və tərəflərin diqqətəlayiq başqa maraqlarının nəzərə alınmasını istisna etmir.

39. Məhkəmə uşaqların üstün maraqlarını və minimum maddi təminat almaq hüququnu nəzərə alaraq, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək uşaqların saxlanılması üçün minimum dolanışıq xərclərinə yaxın məbləğdə alimentin cavabdehdən iddiaçının xeyinə tutulmasını əsaslı və ədalətli, eləcə də valideynlərin üzərinə uşaqların saxlanılması vəzifəsinin qoyulması ilə bağlı konstitusiya prinsipinə uyğun hesab edir.

40. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hazırkı halda alimentin təyin edilmiş məbləği öhdəliyi yerinə yetirən şəxsin hüquq və mənafeləri ilə ziddiyyət təşkil etmir, onun əlverişsiz vəziyyətə düşməsinə şərait yaradacaq məbləğ kimi qiymətləndirilə bilməz. Təyin edilmiş aliment miqdarını məhkəmə hər iki tərəfə münasibətdə ədalətli və işin faktiki hallarına, tərəflərin əmlak vəziyyətinə uyğun hesab edir.

41. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

42. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 14 oktyabr 2024-cü il tarixli, 2(012)-3962/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar