Məhkəmə qərarları › İş №2(105)-2400/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2400/2021

10.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2400/2021 10.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X3, iddiaçı "xxxx" MMC-nin nümayəndəsi və vəkili X2, Cavabdeh Tacı oğlunun nümayəndəsi X9, vəkili X6 iştirakı ilə Şabran Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2(031)-332/2021 qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Şabran Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2(031)-332/2021 qətnaməsi ilə (hakim Ç.Ə.İsgəndərov) iddiaçı "xxxx" MMC-nin Cavabdeh Tacı oğluna qarşı maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddiası təmin edilib, Cavabdeh Tacı oğlundan vurduğu zərərə görə 12.241 manat 31 qəpik və 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 12.271 manat 31 qəpik pulun alınıb İddiaçı MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verib, Şabran Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2(031)-332/2021 qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Tacı oğlundan 12.241 manat 31 qəpik ziyan və eləcə də dövlət büdcəsinə ödənilən 30 manat dövlət rüsumu, ümumilikdə 12.271 manat 31 qəpik pulun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Tacı oğlu 29 dekabr 2019-cu il tarixdə saat 18-20-də Gəndov Yalama yolunun 16-cı km-də idarə etdiyi “Lexus LX330” markalı, ** KF ***d/q nişanlı avtomobili ilə Gəndov kəndi istiqamətinə hərəkətdə olarkən İddiaçı MMC-yə məxsus “Hyundai County” markalı, ** TA *** dövlət qeydiyyat nişanlı avtobusu idarə edən X11 qəsəbəsi istiqamətinə hərəkətdə olarkən Cavabdeh sürdüyü “Lexus LX330” markalı, ** KF *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, daha sonra həmin “Hyundai County” markalı avtobus idarəetməni itirdiyindən X4 idarə etdiyi Gəndov kəndi istiqamətinə hərəkət edən “Mersedes Benz” markalı, ** NK *** dövlət qeydiyyat nişanlı avtomobili ilə toqquşmuşdur. Nəticədə İddiaçı MMC-yə məxsus “Hyundai County” markalı, ** TA *** dövlət qeydiyyat nişanlı avtobusa maddi ziyan dəymişdir. “Auto Azərbaycan” şirkəti tərəfindən verilmiş 18 yanvar 2020-ci il tarixli, AA 039861 nömrəli ziyan atından görünür ki, “Hyundai County” markalı ** TA *** dövlət qeydiyyat nişanlı avtomobilin əzilməsi nəticəsində İddiaçı MMC-yə dəymiş ziyan 15.900 manat müəyyən edilmişdir. Həmin aktdan görünür ki, avtobusun ancaq vurulmuş, yararsız hala düşmüş sol tərəfindən olan hissələr göstərilmişdir. Avtobus şirkət tərəfindən tam təmir olunub istifadəyə verilmişdir. Avtobusun yararsız vəziyyətdə olduğu uzun müddətdə işləmədiyi dövr üçün əldən çıxmış faydaya görə cavabdehə qarşı tələb irəli sürülməmişdir. Ancaq "xxxx" ASC tərəfindən 22 iyun 2020-ci il tarixdə 15900 manat ziyandan İddiaçı MMC-nin hesabına 2.658 manat 69 qəpik ödənilmişdir. Lakin hazırki günə qədər Cavabdeh Tacı oğlu tərəfindən 12.241 manat 31 qəpik ziyan İddiaçı MMC-yə ödənilməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdeh verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şabran Rayon Məhkəməsi 18 may 2021-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh Tacı oğlunun nümayəndəsi X9 və vəkili X10 apellyasiya şikayətini müdafiə edib təmin olunmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi və vəkili X2 apellyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilərək iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 01 iyun 2008-ci il tarixli, 01 saylı əmrdən görünür ki, X8 əmək haqqı ştat cədvəlinə uyğun olaraq, 01.06.2008-ci il tarixdən əmək müqaviləsi bağlanmaqla MMC-yə baş direktor vəzifəsinə təyin olunmuşdur. AE 623431 saylı sürücülük vəsiqəsindən görünür ki, X7 31.10.2018-ci ildən 03.10.2028ci il tarixədək sürücülük vəsiqəsi verilmişdir. DİN-nin Bİ və Tİ-nin Yol-nəqliyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin «cinayət təqibinin başlanmasının rədd edilməsi haqqında» 30 yanvar 2020-ci il tarixli qərardan görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar olaraq torplanmış material üzrə cinayət işinin başlanması rədd olunmuş, Cavabdeh Tacı oğlunun barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinin tələblərinə əsasən inzibati qaydada tədbir görülməsi qərara alınmışdır. 18 yanvar 2020-ci il tarixli, AA039861 saylı aktdan görünür ki, “Hyundai County” markalı, ** TA *** dövlət qeydiyyat nişanlı avtomobilə «Auto Azərbaycan» Servis Mərkəzində ilkin texniki baxış keçirilmiş və 15900 manat dəyərində ehtiyyat hissələrinin dəyişdirilməsinə ehtiyac olduğu müəyyən edilmişdir. AD 653819 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Hyundai County” markalı, ** TA *** dövlət qeydiyyat nişanlı avtobusun sahibi İddiaçı MMC-dir. Azərbaycan Rsepublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 sentyabr 2021-ci il tarixli, 9/5713 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizası rəyinə əsasən dəyişdirilməli hissələrin qiyməti – 12822 manat və təmir bərpa işlərinin qiyməti 2440 manatdır. Dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 8211 manat, o cümlədən dəyişdirilməli hissələrin qiyməti – 5771 manat və təmir bərpa işlərinin qiyməti 2440 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2. maddəsinin tələbinə görə delikt (mülki hüquq pozuntusu) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1. maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin, o cümlədən də nəqliyyat vasitəsini idarə edən şəxsin vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə qarşı, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (subroqasiya) hüququ vardır. Cavabdeh tərəfindən “Hyundai County” markalı, ** TA *** dövlət qeydiyyat nişanlı avtobusun yararsız vəziyyətə düşməsi halı onun tərəfindən qəbul edilir, lakin o, vurulmuş maddi ziyan məbləği ilə razılaşmır və həmin məbləğin şişirdildiyinə istinad edir. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Rsepublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 sentyabr 2021-ci il tarixli, 9/5713 saylı ekspert rəyi işin faktiki hallarına uyğun olmaqla işin digər halları ilə öz təsdiqini tapdığına görə əsas sübut kimi qəbul edilib, “Hyundai County” markalı, ** TA *** dövlət qeydiyyat nişanlı avtomobilin yararsız halı düşməsi nəticəsində dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 8211 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbləri üzrə işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında qismən ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 385.1.1 - 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilərək iddia ərizəsi qismən təmin edilib, iddia qismən təmin edilərək Cavabdeh Tacı oğlundan vurduğu zərərə görə 8211 manat pul alınıb İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 sentyabr 2021-ci il tarixli, 9/5713 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manatdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində pul ödənilmiş tələbin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pulun 16 manat 47 qəpik (on altı manat qırx yeddi) manat hissəsi iddiaçı "xxxx" MMC-dən və 33 manat 53 qəpik (otuz üç manat əlli üç qəpik) hissəsi Cavabdeh Tacı oğlundan alınıb AZ.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu 30 manat pulun 20 manat 12 qəpik (iyirmi manat on iki qəpik) hissəsi Cavabdeh Tacı oğlundan alınıb iddiaçı "xxxx" MMC-yə ödənilməli və 9 manat 88 qəpik (doqquz manat səksən səkkiz qəpik) hissəsi iddiaçı "xxxx" MMC-nin özünə aid edilməli və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat pulun 4 manat 94 qəpik (dörd manat doxsan dörd qəpik) hissəsi iddiaçı "xxxx" MMC-dən alınıb Cavabdeh Tacı oğluna qaytarılmalı və 10 manat 06 qəpik (on manat altı qəpik) hissəsi Cavabdeh Tacı oğlunun özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 386, 387,2.2, 392-393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh verdiyi apellyasiya şikayəti qismən təmin edilsin. Şabran Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2(031)-332/2021 saylı qətnaməsi qismən ləğv edilsin. İddia qismən təmin edilsin. Cavabdeh Tacı oğlundan vurduğu zərərə görə 8211 (səkkiz min iki yüz on bir) manat məbləğində pul alınıb İddiaçı MMC-nin xeyrinə ödənilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pulun 16 manat 47 qəpik (on altı manat qırx yeddi) manat hissəsi iddiaçı "xxxx" MMC-dən və 33 manat 53 qəpik (otuz üç manat əlli üç qəpik) hissəsi Cavabdeh Tacı oğlundan alınıb AZ.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu 30 (otuz) manat pulun 20 manat 12 qəpik (iyirmi manat on iki qəpik) hissəsi Cavabdeh Tacı oğlundan alınıb iddiaçı "xxxx" MMC-yə ödənilsin və 9 manat 88 qəpik (doqquz manat səksən səkkiz qəpik) hissəsi iddiaçı "xxxx" MMC-nin özünə aid edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat pulun 4 manat 94 qəpik (dörd manat doxsan dörd qəpik) hissəsi iddiaçı "xxxx" MMC-dən alınıb Cavabdeh Tacı oğluna qaytarılsın və 10 manat 06 qəpik (on manat altı qəpik) hissəsi Cavabdeh Tacı oğlunun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar