Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2401/2022 05.12.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X6 Tağızadənin sədrliyi və məruzəsi, X2 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Bəhruz Fizuli oğlu Mirzəzadənin katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim A.M.Behbudova) iddia tələbinin qismən təmin edilməsi, 362.71 (üç yüz altmış iki) manat 71 (yetmiş bir) qəpik məbləğində əsas borc, 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi və 0,40 (qırx qəpik) manat bank xidmət haqqının X1 vərəsəsi olan Cavabdeh tutularaq "xxxx" ASC-nə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı – cavabdehdən iddiaçı "xxxx" ASC-nin xeyrinə 1841.2 manat əsas borcu olmaqla, cəmi 1849.48 manat kredit borcu və ödənilmiş 38.50 manat dövlət rüsumunun, habelə 0.40 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC-nin “Sumqayıt” filialı ilə N.C.Rzaquliyev arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BPM**********56 №-li kredit müqaviləsinə əsasən bank tərəfindən sonuncuya 47 ay müddətinə, kreditdən istifadəyə görə illik 24 faiz dərəcəsi ilə hesablanmaqla, 2400 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 4.4.2-ci yarımbəndi ilə müəyyən edilmişdir ki, borc alan krediti qaytarılması və ondan istifadəyə görə faizlərin ödənilməsi üzrə öhdəliklərini bu müqavilədə müəyyən olunmuş qaydada və müddətlərdə icra etməlidir. Borc alan N.C.Rzaquliyev xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Sumqayıt şəhəri 3 saylı Notariat Ofisinin xx.xx.2022-ci il tarixli 696 saylı məktubu ilə müəyyən edilmişdir ki, mərhum N.C.Rzaquliyevin adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsə olan Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bank tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən N.C.Rzaquliyevin vəfat etdiyi tarixə banka ödənilməmiş 1841.2 manat əsas borcu olmaqla, cəmi 1849.48 manat borcu qalmışdır. Cavabdeh mərhum N.C.Rzaquliyevdən qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi xx.xx.2022-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək maliyyə arayışına uyğun olaraq 1841.2 manat əsas və 8.28 manat faiz borcu olmaqla, cəmi 1849.48 mant borcun və 38.90 manat dövlət rüsumunun cavabdehdən tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçının nümayəndəsi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddia qismən təmin edərək, məhkəmə düzgün qərara gəlməmişdir. Məhkəmə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən torpagın faktiki olaraq miras kütləsinə daxil olmasına və hətta həmin torpaq sahəsinin vərəsənin adına rəsmiləşdirilmədiyi halda gələcəkdə məhkəmə mübahisəsinə əsasən əldə edilməsi mümkünlüyünü araşdırmamışdır. Sumqayıt Şəhər Məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli e-2(060)-3988/2022 saylı qətnaməsinin qismən ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İş üzrə iddiaçının nümayəndəsi və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə apellyasiya şikayəti təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddianı qismən təmin edərkən, tərəflər arasında kredit müqaviləsinin olmasına, cavabdeh tərəfindən müqavilənin şərtlərinin pozulmasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış sübutlara tam uyğundur. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının nümayəndəsi E.V.Məmmədovun apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarından görünür ki, borc verən "xxxx" ASC ilə borc alan N.C.Rzaquliyev arasında xx.xx.2019-cu il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən bank tərəfindən borcluya illik 24% olmaqla, 47 ay müddətinə 2400 manat məbləğində kredit verilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, N.C.Rzaquliyevin banka 1841.2 manat əsas, 8.28 manat faiz borcu vardır. İş materiallarında olan ünvan 1 ünvanladığı məktubundan görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş N.C.Rzaquliyevin miras əmlakına dair Sumqayıt şəhəri 3 saylı notariat ofisində Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İşə əlavə olan ölüm haqqında şəhadətnaməsinin surətindən görünür ki, N.C.Rzaquliyev xx.xx.2020-ci il tarixində Sumqayıt şəhərində ölmüşdür. İş materiallarına əlavə edilmiş 2V-201 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən müəyyən edilir ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş N.C.Rzaquliyevin vərəsəsi oğlu – Cavabdehdur. Şəhadətnamə verilən miras əmlak "xxxx" ASCnin xx.xx.2020-ci il tarixli məktuba əsasən N.C.Rzaquliyevin bankın Sahil filialında ******************** №-li kart hesabında olan 362.71 manatdan ibarətdir. İşə əlavə olan "xxxx" ASC-nin ünvan 2 ünvanladığı xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, N.C.Rzaquliyevin adına bankın Sahil filialında cari tarixə qalığı 362.71 manat olan ******************** №-li kart hesabı aşkar olunmuşdur. İş materiallarında olan “Daşınmaz Əmlakın Dövlət Kadastn və Reyestri” publik hüquqi şəxsin 2 saylı Ərazi İdarəsinin Cavabdeh ünvanladığı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, ərizəçiyə və o cümlədən həmin təsərrüfatdan baağ sahəsi əldə etmiş digər şəxslərə bağ sahələrinin ayrılmasına dair müvafiq sənədlər vermiş “Yaşma” bağçılıq-yoldaşlığı cəmiyyəti və ya həmin cəmiyyətin tabe olduğu qurumun həmkarlar ittifaqı tərəfindən tərtib və təsdiq edilmiş bağçılıqyoldaşlığı üzvlərinin siyahısı “Daşınmaz Əmlakın Dövlət Kadastn və Reyestri” publik hüquqi şəxsin 2 saylı Ərazi İdarəsinə təhvil verilməmişdir. Həmin sənədlərin təhvil verilməsi barədə aidiyyəti üzrə sorğu göndərilmişdir. Həmçinin idarənin istifadəsində olan elektron kadastr məlumat bazasına əsasən sözügedən torpaq sahəsinin 0.0522 ha hissəsi Abşeron rayon ərazisi tərəfindən qeydiyyata alınmış torpaq sahəsi ilə üst-üstə düşür. Bu səbəbdən ərizənin imtina edilməsi məqsədə müvafiq hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki Məcəllənin 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Yuxarıda qeyd olunan Konstitusiya Məhkəməsinin qərarında həmçinin qeyd olunur ki, Mülki Məcəllənin 558-ci maddəsinə əsasən əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. Həmin Məcəllənin 1153-cü maddəsinə görə, şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Beləliklə, şəxsi xarakterli hüquq və vəzifələr vərəsəlik qaydasında ölmüş şəxsin vərəsələrinə keçmir. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin ailə üzvü kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdehin atası kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini geri qaytarmalı olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. İş materiallarından da göründüyü kimi miras əmlak N.C.Rzaquliyevin "xxxx" ASC-nin Sahil filialında ******************** №-li kart hesabında olan 362.71 manatdan ibarət olmuş, həmin pul vəsaiti xx.xx.2020-ci il tarixdə vəfat etmiş N.C.Rzaquliyevin vərəsəsi Cavabdeh keçmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi yalnız 362.71 manat əsas borc hissəsində təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni düzgün hesab edir. Məhkəmə həmçinin iddianın 30 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının cavabdehdən tutulmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Ona görə ki, cavabdeh iddiaçı qarşısında vərəsəsi olduğu atasınn bankla aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu və bank xidmət haqqının ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu cavabdehdən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu və bank xidmət haqqını ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min matadan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Beləliklə, məhkəmə kollegiyası tərəfin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçının nümayəndəsi X3 apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin bu iş üzrə 07 sentyabr 2022-ci il tarixli e-2(060)- 3988/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-2401/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2401/2022
05.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver