Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2407/2021 09.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Zümrüd Ruslan qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Qubadlı Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli, 2(028)-325/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10000 manat borc pulun və dövlət rüsumu kimi ödədiyi 30 manatın əvəzinin, cəmi 10030 manatın alınıb ona verilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Qubadlı Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli, 2(028)-325/2021 saylı qərardadı ilə (hakim V.Ruvinov) iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Bu qərardadla razı olmayan İddiaçı ondan şikayət verərək, Qubadlı Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli, 2(028)-325/2021 saylı qərardadının ləğv edilməsini və işin icraata götürülərək baxılması haqqında qərardad çıxarılmasını xahiş etmişdir. Qubadlı Rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli, 2(028)-325/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, qeyd olunan qərardad qanun pozuntuları nəticəsində çıxarıldığından ləğv edilməlidir. Belə ki, cavabdeh hərbi qulluqçudur. Onun qulluq göstərdiyi hərbi hissə əvvəllər Abşeron rayonunda, sonradan isə Ağcabədi və hazırda Qubadlı rayonunda yerləşir. Bu barədə işdə arayışlar da vardır. Onun şəxsiyyət vəsiqəsində qeydiyyatda olduğu yer hərbi hissə göstərilmişdir, hərbi qulluqla əlaqədar isə onun qulluq yeri tez-tez dəyişir. İşdəki arayışla sonuncu ünvan kimi N saylı hərbi hissənin yerləşdiyi Qubadlı rayonu göstərildiyindən hazırkı mübahisəyə həmin yerin məhkəməsi baxmalıdır. Bu hallara məhkəmə tərəfindən düzgün qiymət verilmədiyindən qərardad ləğv edilməli, işin icraata götürülərək baxılması barədə qərardad çıxarılmalıdır. İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə, iddia ərizəsində göstərilən ünvanlara bildiriş göndərilmiş, iddiaçı xəstə olduğundan məhkəmə iclasında iştirak edə bilməməsini göstərmiş, lakin iclasa gəlməyən cavabdeh səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarına əlavə edilmiş AZE ******** saylı, 24.04.2017-ci il tarixdə verilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh qeydiyyat ünvanı kimi Abşeron rayonu, Pirəkəşkül-1 H/Şəh., 877 №-li H/H göstərilmişdir. Yenə iş materiallarında olan 21 mart 2021-ci il tarixli, 1679 saylı arayışdan görünür ki, kapitan Cavabdeh 28.08.2007-ci il tarixdən Azərbaycan Ordusunda həqiqi hərbi xidmətdədir və 10.02.2021-ci il tarixdən Ağcabədi rayonunda yerləşən N saylı hərbi hissədən xidmətini davam etdirmək üçün Qubadlı rayonunda yerləşən N saylı hərbi hissəyə köçürülmüşdür. Yenə də iş materiallarında olan Ağcabədi Rayon Məhkəməsinin 30.04.2021-ci il tarixli, 2(017)-918/2021 saylı qərardadından görünür ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Bu zaman məhkəmə 21 mart 2021-ci il tarixli, 1679 saylı arayışa istinad etmişdir. MƏHKƏMƏNİN HÜQUQİ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Qubadlı Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli, 2(028)-325/2021 saylı qərardadı ləğv olunmalı, sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün iş həmin məhkəməyə qaytarılmalıdır. İşdən görünür ki, Cavabdeh hərbi qulluqçudur və hazırda Qubadlı rayonunda yerləşən N saylı hərbi hissədə qulluq edir, yəni yaşayış yeri Qubadlı rayonundadır. Birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytararkən iş materiallarına cavabdehin şəxsiyyət vəsiqəsində qeydiyyatda olduğu yerin başqa rayonda olmasına istinad etmiş, MPM-nin 35.1, 151.1 və 152.1.3-cü maddələrinə əsaslanmışdır. Məhkəmə kollegiyası mübahisə ilə bağlı bu nəticə ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir İş materiallarından görünür ki, cavabdehin şəxsiyyət vəsiqəsi üzrə qeydiyyatda olduğu hərbi hissədə qulluq göstərməməsi işin mübahisəsiz hallarındandır. İşdən görünür ki, cavabdeh əvvəllər Abşeron rayonu, Pirəkəşkül kəndində yerləşən N saylı hərbi hissədə xidmət göstərsə də, hazırda o, Qubadlı rayonunda yerləşən N saylı hərbi hissədə qulluq edir. Qeyd olunduğu kimi, iş materiallarında Cavabdeh faktiki olduğu yer məlumdur. Bu əsasla Ağcabədi Rayon Məhkəməsinin 30.04.2021-ci il tarixli, 2(017)-918/2021 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Buna baxmayaraq məhkəmə bu halları nəzərə almadan İddiaçı hazırkı iddia ərizəsinin də geri qaytarılması barədə əsassız nəticəyə gəlmişdir. AR Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiə hüququ və bu hüquqla əhatə olunan məhkəməyə müraciət hüququ beynəlxalq hüquqi aktlarda ədalətli məhkəmə araşdırması hüququ kimi geniş əks olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndində göstərilmişdir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini icraata qəbul edib baxmalı olduğu halda baxmamış və əsassız olaraq icraata qəbul etmədən onu geri qaytarmışdır. AR Mülki-Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi qərardadı tam və ya qismən ləğv edib işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyətinə malikdir. Yenə həmin Məcəllənin 399-cü maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apelyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 267, 395-396, 398, 399, 400, 401-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Qubadlı Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli, 2(028)-325/2021 saylı qərardadı ləğv edilsin. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Qubadlı Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-2407/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2407/2021
09.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver