Məhkəmə qərarları › İş №2(105)-2416/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2416/2020

31.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2416/2020 31.08.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi, İddiaçılar: İddiaçı1 və İddiaçı2, Cavabdeh: Cavabdeh iştirakları ilə, X1 Əlövsət oğlu və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim R.T.Həsənov) iddianın təmin edilməsi, Cavabdeh 9.500 (doqquz min beş yüz) manat məbləğində pulun iddiaçı Heydərov Nemət Əlövsət oğluna və 20.000 (iyirmi min) manat məbləğində pulun alınaraq İddiaçı2 verilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: X1 Əlövsət oğlu və İddiaçı2 ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh alınaraq 9.500 manat məbləğində borcun Heydərov Nemət Əlövsət oğluna və 20.000 manat borcun İddiaçı2 qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışlar ki, Quba Rayon Məhkəməsinin 1(027)-95/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və Cavabdeh barəsində onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair hissədə cinayət işi üzrə icraata xitam verilmişdir. Cavabdeh məhkum edilməsinə səbəb onların aldatma yolu ilə pullarını ələ keçirməsi olmuşdur. Belə ki, Cavabdeh zərərçəkmiş şəxs C.Talıbovun İddiaçı2 vasitəsilə 6.000 manat məbləğində pulunu, zərərçəkmiş şəxs İddiaçı2 ümumilikdə 14.000 manat məbləğində pulunu, zərərçəkmiş şəxslər İddiaçı1, Q.Qasımova və H.Vahidlinin ümumilikdə 9.500 manat məbləğində pullarını ələ keçirməklə dələduzluq etməsi sübuta yetirilmişdir. Cavabdeh onlara ümumilikdə 29.500 manat məbləğində borcunun olması məhkəmə hökmü ilə öz təsdiqini tapmışdır. Cavabdeh onlara torpaq sahələri satmağı öhdəsinə götürsə də, onların pulunu mənimsəmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılmışdır. İddiaçı2 14.000 manat pulu mənimsəmişdir, məhkəmə qətnaməsində isə onun İddiaçı2 20.000 manat pulunu mənimsəyərək ona həmin məbləğdə ziyan vurduğu qeyd edilib. İddiaçı2 iddia edərək tələb etdiyi 20.000 manatın 6000 manatı Ceyhun Talıbovun puludur, məhkəmədə o, iddianı etiraf edərkən İddiaçı2 14.000 manat nəzərdə tutub iddianı etiraf etmişdir. Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin İddiaçı2 aid hissədə dəyişərək, həmin hissədə iddianın 14.000 manat məbləğində müəyyən edilməsinə dair yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, ona oxşar izahat verdi və onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayətinin dəlillərini qəbul etmədilər, iddia ərizəsinə uyğun izahat verdilər və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini təmin edərkən, cavabdeh tərəfindən iddiaçıya olan borcun hökmlə təstiq edilməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarına əlavə edilmiş Quba Rayon Məhkəməsinin 1(027)-95/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli hökmündən görünür ki, təqsirləndirilən şəxs Cavabdeh AR CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, təqsirləndirilən şəxs Cavabdeh barəsində onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair hissədə cinayət işi üzrə icraata xitam verilməsi və AR CM-nin 69.3-cü maddəsinin tələbinə əsasən onun xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək tutulduğu 2 (iki) gün müddət, bir günə iki gün azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə hesablanmaqla, 4 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddət azadlığın məhdudlaşdırılması cəzası saxlanılması hökm edilmişdir. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, tərəflərin izahatı, cavabdehin etirafı və cavabdeh barəsində cinayət işi üzrə qəbul edilmiş hökm ilə müəyyən olunur ki, Cavabdeh zərərçəkmiş şəxs Ceyhun Talıbovun İddiaçı2 vasitəsilə 6000 (altı min) manat məbləğində pulunu, zərərçəkmiş şəxs İddiaçı2 ümumilikdə 14000 (on dörd min) manat məbləğində pulunu, zərəçəkmiş şəxslər X2 Qasımovanın və X3 Heydərovun vasitəsilə ümumilikdə 9500 manat məbləğində pullarını ələ keçirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Eyni Məcəllənin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il tarixli qərarında göstərilmişdir ki, qanunverici məhkəmənin icraatında olan mülki iş üzrə yalnız qanuni qüvvəyə minmiş məhkəmə hökmünün, qərarının, qətnaməsinin, qərardadının preyudisial əhəmiyyəti olduğunu göstərmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 14.2.7-ci maddəsinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından birdir. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Məcəllənin 1091.1-1091.2-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Azərbaycan Respublikası Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Sadalanan maddi hüquq normalarına görə hazırkı iş üzrə zərərin ödənilməsi barədə iddianın təmin olunması üçün aşağıdakı əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Göründüyü kimi, məhkəmə araşdırması zamanı zərərin mövcud olması öz təsdiqini tapmış, zərərin məhz cavabdehin qanunsuz hərəkəti nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət arasında səbəbli əlaqənin olması və zərər vuran cavabdehin təqsirli olması öz təsdiqni tapmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə kollegiyası Cavabdeh İddiaçı2 14.000 manat borcun olması barədə gətirdiyi dəlili qəbul etmir. Belə ki, məhkəmə iş materiallarını tədqiq edərək, qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Cavabdeh heç bir müqavilə və hüquqi əsas olmadan iddiaçılar İddiaçı2 ümumilikdə 20.000 (iyirmi min) manat məbləğində və İddiaçı1 ümumilikdə 9500 manat məbləğində maddi ziyan vurması qanuni qüvvəyə minmiş Quba Rayon Məhkəməsinin 1(027)- 95/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli hökmü ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin iş üzrə xx xxxxxx 2020-ci il tarixli 2(027)-639/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar