Məhkəmə qərarları › İş №2(105)-2422/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2422/2020

28.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2422/2020 28.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh “xxxxxxxx” ASC-yə qarşı elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında aktın ləğv edilməsi və həmin akta əsasən hesablanmış borcun abonent hesabından silinməsi tələbinə dair mülki iş üzrə Siyəzən rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(059)-189/2020 saylı qətnaməsindən cavabdeh “xxxxxxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Siyəzən rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim B.Ələkbərov) iddianın qismən təmin edilməsi, cavabdeh "xxxxxxxx" ASC-nin X5 Təchizatı və Satışı İdarəsi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə tərtib edilmiş R seriyalı, 146370 nömrəli akt ləğv edilməklə, bu akta əsasən hesablanaraq İddiaçı abunə koduna köçürülmüş 2235,19 (iki min iki yüz otuz beş manat 19 qəpik) manat borc cavabdeh "xxxxxxxx" ASC tərəfindən onun abonent hesabından silinməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh“xxxxxxxx” ASC qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı cavabdeh "xxxxxxxx" ASC-nin X5 Təchizatı və Satışı İdarəsinə qarşı "elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında aktın etibarsız sayılıb, ləğv edilməsi və bu akta əsasən hesablanmış borcun hesabından silinməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxxxxxx" ASC-nin X5 Təchizatı və Satışı İdarəsinin nümayəndələri tərəfindən barəsində tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, 146370 nömrəli aktın etibarsız hesab edilməklə ləğv edilməsi və bu akta əsasən qanunsuz hesablanmış 2243,03 manat borcun hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı cavabdehin əsl cavabdehlə əvəz edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxxxxxx" ASC-nin X5 Təchizatı və Satışı İdarəsinin əsl cavabdeh "xxxxxxxx" ASC ilə əvəz edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla cavabdeh arasında bağlanmış müqaviləyə əsasən, fərdi yaşayış evinin həyətində transformator quraşdırılmış, xx xxxxxx 2006-cı il tarixdə isə həmin transformator qısaqapanma səbəbindən sıradan çıxdığı üçün şəbəkədən ayrılmış və zəruri təhlükəsizlik tədbirləri görülmüşdür. Bundan sonra, mütəmadi olaraq, istehlak etdiyi elektrik enerjisinin dəyərini cavabdeh tərəfindən onun yaşadığı ünvana quraşdırılmış elektrik sayğacının göstəricilərinə uyğun vaxtlı-vaxtında ödəyir. Buna baxmayaraq, xx xxxxxx 2020-ci il tarixdə cavabdehin aidiyyəti işçiləri tərəfindən onun barəsində guya Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”na uyğun olan əsassız R seriyalı, 146370 nömrəli akt tərtib edilmişdir. Həmin aktda “elektrik enerjisindən istifadə qaydaları”na uyğun yoxlama aparıldığı, fərdi yaşayış evinin qeydiyyatsız və sayğacsız 40 kv A gücündə 6 kv-luq şəbəkəyə qoşulduğu göstərilmişdir. Həmin qaydalara əsasən yüksək gərginlik (6000 volt) elektrik xəttinə işlədicilərin qoşulubaçılması üçün həmin xətt gərginlikdən azad edilməli, gərginlikdən azad olunması göz ilə görməni təmin etməli və torpaqlanmalıdır. Xəttin gərginlikdən azad olunması elektrik şəbəkə rəhbərliyinin əmri əsasında yerinə yetirilir. Həmin əməliyyatı yerinə yetirmək üçün sərəncam yazılır, qidalandırıcı yarımstansiyada qoyulmuş “yağ açarı” və “ayırıcı” növbə rəisi tərəfindən açılır və xətt stasionar torpaqlamadan sonra “gəzdirilən” torpaqlayıcı ilə iş yerində torpaqlanır. Bu əməliyyatlar yerinə yetiriləndən sonra yüksək gərginlik hava xəttində işləmək mümkündür. Göstərilən əməliyyatlara kənardan, yəni lazımi icazəsi olmayan şəxslər (o cümlədən məişət abonenti olaraq onun) tərəfindən müdaxilə edilməsi mümkün olmadığından transformatorun 6000 volt elektrik hava xəttinə qoşulması və qəzadan sonra şəbəkədən açılması X1 rəhbərliyi tərəfindən yerinə yetirilmişdir. Sözügedən transformatorda qısaqapanma baş verdiyinə görə, onun mühafizə dövrəsinin 6000 voltluq qoruyucuları yanaraq külə dönmüşdür. Elektrik xəttindəki qəzanı aradan qaldırmaq üçün elektrik istismar qaydalarına əsasən qəza baş verən işlədici şəbəkədən ayrılmalıdır ki, həmin xəttə gərginlik verilməsi bərpa olunsun. Bu səbəbdən də qəzalı transformator 6000 voltluq ayırıcı vasitəsi ilə 6000 voltluq hava xəttindən keçid izolyatorlarından açılmışdır. Evinin elektrik təchizatı başqa hava xəttindən yeni sayğac qoyulmaqla X3 tərəfindən təmin edilmişdir. Qəzalı transformator elektrik şəbəkəsindən ayrıldıqdan dərhal sonra 6000 volt hava xəttinə gərginlik verilmişdir. İstifadəyə yararsız transformatorun gərginlikdən azad olunmasından X3 də məlumatlı olmuşdur. Transformatoru qəzalı, keçid izolyatorları ayrıcı açıq, qoruyucuları yanıq vəziyyətdə və şəbəkə işçiləri tərəfindən çox uzun müddət nəzarət olunan avadanlıq barəsində tərtib edilmiş akta X3 özü cavabdehdir. Belə ki, təlimata uyğun olaraq uzun illər bundan əvvəl transformatorda baş vermiş qəza zamanı şəbəkə tərəfindən avadanlıqlar açılaraq təhlükəsizlik müəyyən qədər təmin edilsə də, texniki səbəbdən, yəni səbətli qaldırıcı kranın olmaması ucbatından həmin vaxt şəbəkə tərəfindən açılmayan budaqlanma məhz cavabdeh olan ASC-nin işçiləri tərəfindən xx xxxxxx 2020-ci il tarixdə açılmışdır ki, buna da o cavabdeh deyildir. Belə ki, həmin budaqlanmaya kənar şəxslərin müdaxilə etməsi mümkün olmadığından, əslində Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Elektrik enerjisindən istifadə qaydaları” haqqında qərarının 5.2-ci bəndinə əsasən, X3 özü cavabdehlik daşıyır. Budaqlanma açıldıqdan sonra cavabdehin nümayəndələri yükü ölçmək istəyərkən, o, buna icazə verməmişdir. Çünki, işlədici, şəbəkədən açılandan sonra yükün ölçülməsi qeyri-mümkündür. Budaqlanma şəbəkədən açılmamışdan əvvəl isə şəbəkə açıq olduğuna görə yük olmamışdır. Hər iki halda olmayan yük bir daha sübut edir ki, işlədici şəbəkəyə ümumiyyətlə qoşulmamışdır. X1 balans şöbəsinə təyin edilmiş Namiq Qasımov X3nə məxsus budaqlanmadan - 2 və yaxud 3 metrlik naqildən şübhələnmiş və şəbəkəyə məxsus budaqlanmanın 6000 volt gərginlikli hava xəttindən ayrılmasına göstəriş vermişdir. Ona məxsus həyətdə olan avadanlıq (transformator) hələ uzun illər əvvəl qəza zamanı şəbəkə tərəfindən açılmış və 6000 voltluq xəttə hər hansı işlədici qoşulmamışdır. Şəbəkəyə məxsus budaqlanmanın ona məxsus həyətdəki avadanlığa heç bir aidiyyəti yoxdur. Ona görə də xx xxxxxx 2020-ci il tarixli akta etiraz etməklə, onun qanunsuz və əsassız olmasını cavabdehin aktı tərtib edən işçlərinə bəyan etmişdir. Eyni zamanda, hesab edir ki, həmin aktı tərtib edənlər onun Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”na uyğun olaraq tərtib edildiyini qeyd etsələr də, həmin qaydaların 8.33-cü bəndinin yəni, məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə enerji təchizatı müəssisəsinin nümayəndəsi onun və 2 nəfər hal şahidinin iştirakı ilə akt tərtib edərək, onun bir nüsxəsini məişət abonentinə verməsi tələbini pozmaqla, 2 nəfər hal şahidinin iştirakı təmin olunmamış, onun münasibətini əks etdirən mövqeyi aktda qeyd olunmamış, aktın surəti ona verilməmişdir. Hesab edir ki, cavabdehin ona qarşı qanunsuz elektrik sərfiyyatına görə ondan 2243,03 manat dəyərini tələb etməsi qanunsuz və əsassız olaraq irəli sürülmüşdür. Cavabdeh təşkilat bu barədə xx xxxx 2020-ci il tarixdə ona xəbərdarlıq məktubu göndərmişdir. Bundan sonra o, xx xxxx 2020-ci il tarixli hesabatı istədikdə, hesabatın ona verilməsindən imtina olunmuşdur. xx xxxx 2020-ci il tarixdə evinə elektrik enerjisinin verilməsi dayandırılmış, sonradan, Elektrik Şəbəkənin məsul şəxsləri səhvlərini anlayaraq, xx xxxx 2020-ci il tarixdə enerji təchizatını bərpa etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh “xxxxxxxx” ASC Siyəzən rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnaməni ləğv edilməsini və iddia tələbinin əsassız olduğu üçün təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. İşin qeyd olunan həqiqi halına və məhkəməyə təqdim edilmiş sübutlara düzgün hüquqi qiymət verilməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdeh “xxxxxxxx” ASC-nin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək onun təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Siyəzən rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddianın təmin edilməsini akt tərtib edilərkən cavabdeh təşkilat tərəfindən hal şahidlərinin və iddiaçının iştirakı təmin edilməməsi (tərtib edilmiş aktda iddiaçının imzası mövcud olmaması), bununla da qaydaların tələblərinin pozulması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh “xxxxxxxx” ASC vermiş olduğu apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab edir. “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2005-ci il tarixli 18 saylı qərarının 1.2-ci bəndinə görə bu Qaydalar "Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Həmin Qaydaların 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktların bir nüsxəsini məişət abonentinə təqdim verir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə akta müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktların məzmunu barədə öz mülahizələrini təqim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə edilmişdir. Yuxarıda göstərilən qaydalara əsasən məhkəmə kollegiyası qeyd edir ki, həmin qaydalar dövlət elektroenergetika müəssisəsi, enerji təchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Hazırkı iddia tələbinin verilməsinə əsas olan akt tərtib edilərkən cavabdeh təşkilat tərəfindən hal şahidlərinin və iddiaçının iştirakı təmin edilməmiş (tərtib edilmiş aktda iddiaçının imzası mövcud deyil), bununla da qaydaların tələbləri pozulmuşdur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, həmin akt mülki hüquqi məsuliyyətin yaranmasına əsas olan halı təsdiq edən sübut kimi çıxış edə bilməz, aktda qeyd olunan hallar sübut olunmamışdır. Buna görə də həmin akt ləğv olunması və onun əsasında hesablanmış borc abonentin hesabından silinməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiq hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsilə qəbul edildiyindən, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ Cavabdeh “xxxxxxxx” ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Siyəzən rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səyyad Qafari Hakimlər Şəmsəddin Abasov Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar