Məhkəmə qərarları › İş №2(105)-2423/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2423/2021

21.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2423/2021 21.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, Cavabdeh, onun nümayəndə və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2(012)-1008/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2(012)-1008/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 3000 (üç min) manat məbləğində pul və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzinin alınıb İddiaçı verilməsi qət edilmişdir (hakim H.Y.Əhmədov). Qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2(012)-1008/2021 saylı qətnaməsinin ləğv olunması və iddianın təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN H A L L A R İ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 3000 (üç min) manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ : Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirirdi ki, birinci instansiya məhkəməsi işin faktiki hallarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, işə baxılarkən qərəzli münasibət nümayiş etdirməklə qeyriobyektiv qətnamə qəbul etmişdir. Belə ki, İddiaçı ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək irəli sürdüyü iddianı onunla əsaslandırmışdır ki, iddiaçı ona 3.000 manat pulu digər şəxsə borcunu ödəməyi məqsədi ilə borc vermişdir. İddiaçının ona mehr pulu kimi verdiyi 1.000 manatı qaytarmışdır. Hazırda isə iddiaçı ona borc verdiyi 3.000 manat pulu tələb edir. Bildirir ki, mülki icraat zamanı nümayəndə qeyd olunan məbləğin faktiki olaraq iddiaçı tərəfindən hədiyyə olaraq ona verilməsini bildirsə də qətnamədə bu hal qeyd edilməmişdir. Belə ki, nümayəndəsi məhkəmə iclasında izahatında bildirdi ki, İddiaçı ilə Cavabdeh arasında yaxın münasibətlər olub, bu səbəbdən də İddiaçı Cavabdeh baqa bir şəxsə olan borcunu ödəmək üçün 3.000 manat pulu hədiyyə olaraq verib. Zahirən də göründüyü kimi İddiaçı 3.000 manat pulu ona borc olaraq verməsi həqiqətə uyğun gəlmir. Bir borcu ödəmək üçün başqa bir şəxsdən borc alınmasına nə zərurət ola bilər. Demək ki, iddiaçı tərəfin qeyd etdiyi bu xüsusat həqiqət deyil. Digər tərəfdən İddiaçı ilə onun arasında yaxın münasibətlər olmuşdur və bu münasibətlərin formalaşması, yaxınlaşması, etibar yaranması üçün Osman ona bu məbləği hədiyyə olaraq vermişdir. Qeyd edilən hallardan da göründüyü kimi İddiaçı tərəfindən ona qarşı qaldırılmış iddia tam olaraq əsassızdır və buna baxmayaraq birinci instansiya məhkəməsi iddianın tam olaraq təmin edilməsi barədə qətnamə çıxarmışdır. O, qətnamə ilə razı deyil. Apellyasiya şikayətinin təmin olunmasını, Abşeron Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2(012)- 1008/2021 saylı qətnaməsinin ləğv olunması və iddianın təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndə və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını, Abşeron Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2(012)-1008/2021 saylı qətnaməsinin ləğv olunması və iddianın təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndə və vəkili Vəkil1 apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, iddiaçı Cavabdeh 4000 (dörd min) manat pul vermişdir. Cavabdeh həmin pul məbləğindən 1000 manatı iddiaçının təzyiqi ilə qaytarmış, qalan 3000 (üç min) manat pul məbləğini isə qaytarmır. Bu mübahisə ilə bağlı Bakı şəhəri 16-cı polis Bölməsində, Abşeron RPİ-nin Təhqiqat şöbəsində araşdırma aparılmış, cavabdeh borcu etiraf etmişdir. Lakin o, borcu ödəməkdən müxtəlif bəhanə gətirərək yayınır. Cavabdehə 3000 (üç min) manat pulu digər şəxsə borcunu ödəmək məqsədilə borc verilmişdir. Cavabdehə mehr kimi verilmiş 1000 (min) manat pulu geri qaytarılmışdır. Bu öz təsdiqini cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda qeyd olunmuşdur. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməməsini, Abşeron Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2(012)-1008/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Abşeron Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin 10.10.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Cavabdeh şikayəti əsasında araşdırma aparılmışdır. Cavabdeh İddiaçı tərəfindən hədə-qorxu və şantaj etməklə 10000 (on min) manat, 4000 (dörd min) manat və 3000 (üç min) manat məbləğində pul alması öz təsdiqini tapmamışdır. Müəyyən edilmişdir ki, o, İddiaçı 1000 (min) manat pulu mehr olaraq, 3000 (üç min) manat pulu isə borc olaraq almışdır. Cavabdeh 1000 (min) manat pulu qaytarmışdır. Odur ki, Cavabdeh ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Müəyyən edilmişir k, iddiaçı cavabdehə 3000 (üç min) manat pul vermiş, cavabdeh həmi 3000 (üç min) manat pulu qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Mülki qanunvericiliyin tələblərinə görə borc müqaviləsində borc verən borc vermək üzrə öhdəliyini yerinə yetirdikdən sonra onun üzərində yalnız hüquqlar qalır ki, bu da verilmiş borcun qaytarılmasını tələb etməkdən ibarətdir. Borc alan isə borc predmetini aldıqdan sonra onu qaytarmaq vəzifəsini daşıyır. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, Cavabdeh ilə İddiaçı arasında yaranmış hüquq münasibəti borc müqaviləsidir. Belə ki, tərəflər şifahi olaraq aralarında razılığa gələrək borc verilməsinə razılaşmış, cavabdeh isə aldığı pulu qaytarmamışdır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qəərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında tərəfin əsaslandırılmış qərar almaq hüququnu ədalətli məhkəmə baxışına olan hüququnun tərkib hissəsi kimi qiymətləndirmişdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Hiro Balani İspaniyaya qarşı» işi üzrə 09 dekabr 1994-cü il tarixli qərarından göstərmişdir ki, mili məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 3.1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikasının 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlik prinsipi nəzərə alınmaqla qətnamə yalnız tədqiq edilmiş sübutlara əsaslanmalıdır. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında X1 və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli, 5 saylı qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası «İnsan hüquqlarının və Əsas azadlıqların Müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Qeyd edilənlərə əsasən məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddia tələbi əsaslı oluğu üçün təmin edilməli, Cavabdeh 3000 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tələb etmədiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, cavabdeh iddiaçının ondan tələb etdiyi 3000 manat pulun borc deyil, hədiyyə verildiyini bildirmə də bunu əsaslandıra bilməmiş, buna dair hər hansı bir sübut təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətində göstərilən dəlilləri formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı mübahisənin həlli ücün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, qətnamənin apelyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki,apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Abşeron Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2(012)-1008/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar