Məhkəmə qərarları › İş №2(105)-2424/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2424/2020

30.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2424/2020 30.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, iddiaçı “xxxxxxxxxxxxxx” MMC-nin nümayəndəsi X6, cavabdeh X3 iştirakı ilə Qubadlı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(028)-167/2020 saylı qətnaməsindən iddiaçı “xxxxxxxxxxxxxx” MMC-nin nümayəndəsi Z.F.Saadovun verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Qubadlı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(028)-167/2020 saylı qətnaməsi ilə (hakim V.Y.Ruvinov) iddiaçı “xxxxxxxxxxxxxx” MMC-nin cavabdeh X1 1688 manat əsas borc, 142,04 manat cərimə borcu və ödənilmiş 30,40 manat dövlət rüsumu tutularaq «xxxxxxxxxxxxxx»MMC-yə ödənilməsi barədə iddia tələbi rədd edilmişdir. İddiaçı “xxxxxxxxxxxxxx” MMC apelyasiya şikayəti verib, Qubadlı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(028)-167/2020 saylı qətnaməsininin ləğv edilib, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı “xxxxxxxxxxxxxx” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, fiziki şəxs «X8» ilə Cavabdeh arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən sonuncu 1950 manat dəyərində nisyə aldığı malın 50 manatını ilkin olaraq ödəmiş, qalan 1900 manatı isə müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərti ilə 18 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. «xxxxxxxxxxxxxx» MMC ilə fiziki şəxs «X8» arasında imzalanan faktoring müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan sazişə əsasən fiziki şəxs «X8»in X4 qarşı olan 1900 manat məbləğindəki tələb hüququ «xxxxxxxxxxxxxx» MMC-yə keçmişdir. Eyni zamanda tələb hüququnun «xxxxxxxxxxxxxx» MMC-yə keçməsi barədə nisyə alqı-satqı müqaviləsi üzrə alıcıya müvafiq bildiriş təqdim edilmişdir. Cavabdeh müqavilə üzrə öhdəliklərini pozaraq aldığı əşyaların pulunu qanunsuz və əsassız olaraq ödəməmişdir. Cavabdeh sonuncu dəfə xx.xx.2019-cu il tarixdə ödəniş etmişdir. Hal-hazıra qədər cavabdehin 688 manat əsas borc və 142,04 manat cərimə borcu yaranmışdır. Ona görə də, Cavabdeh 1688 manat əsas borcun, 142,04 manat cərimə borcunun və iddia ərizəsinin məhkəmədə baxılmsı üçün ödənilmiş 30,40 manat dövlət rüsumunun tutularaq MMC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİNDƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHATİ: İddiaçı “xxxxxxxxxxxxxx” MMC-nin nümayəndəsi Z.F.Saadov apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Qubadlı Rayon Məhkəməsi xx xxxx 2020-ci il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 199.1, 220.4-cü maddələrinin və Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı “xxxxxxxxxxxxxx” MMC-nin nümayəndəsi X6 apelyasiya şikayətini müdafiə edib, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh X5 apelyasiya şikayətinə etiraz edib, alqı-satqı müaviləsi üzrə öhdəliklərini tam icra etdiyini bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən Azərbaycan Respublikası Mülki Məcəllənin 196, 385.1, 442, 600.1, 600.4, 600.5, 655.1, 655.5, 656, 657.3-cü maddələrinə əsaslanaraq hesab etmişdir ki, iş materiallarında olan təhvil-təslim aktının kserosurətinə əsasən alınmış mal Cavabdeh tərəfindən «X8»ə qaytarılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd dərkən maddi və prosessual hüquq normalarının tətbiqi zamanı işin faktiki hallarını düzgün hüquqi qiymət verməmiş və səhv nəticəyə gəlmişdir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli, ORB-000020 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən «X8» (satıcı) qiyməti 1900 manat olan divan bilinməyən künc hörüklü əşyasını 12 ay müddətinə ödəmək şərti ilə X4 (alıcıya) satmışdır. xx xxxx 2019-cu il tarixli təhvil-təslim aktına əsasən «X8» xx.xx.2019-cu il tarixli, ORB-000020 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 1950 manat dəyərində divan bilinməyən künc hörüklü əşyasını X4 (alıcıya) təhvil vermişdir. “xxxxxxxxxxxxxx” MMC-nin maliyyə arayışdan görünür ki, X3 xx.xx.2019-cu il tarixli ORB- 000020 saylı alqı-satqı müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə «xxxxxxxxxxxxxx» MMC-yə 1688 manat əsas borcu, 142,04 manat cərimə borcu olmaqla, ümumilikdə 1830,04 manat borcu vardır. «X8» cavabdehə bildiriş göndərmiş və bildirişdə göstərilir ki, pul tələbinin hamısı «xxxxxxxxxxxxxx» MMC-yə güzəşt edilmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, «X8» və X5 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, ORB-000020 saylı alqı-satqı müqaviləsinə əsasən (satıcı) qiyməti 1900 manat olan divan bilinməyən künc hörüklü əşyasını 12 ay müddətinə ödəmək şərti ilə X4 (alıcıya) satmış, iddiaçı tərəf müqavilə üzrə üzərinə düşən öhdəliklərini yerinə yetirsə də, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. İş materiallarında olan «X8» və “xxxxxxxxxxxxxx” MMC arasında bağlanmış xx xxx 2019-cu il tarixli faktorinq mqaviləsinə əsasən pul tələbi «xxxxxxxxxxxxxx» MMC-yə güzəşt edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 655.1-ci maddəsinə əsasən, faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 655.2-ci maddəsinə əsasən, pul tələblərinin güzəşti barəsində borcluya bildiriş verilməlidir. Həmin Məcəllənin 655.3-ci maddəsinə əsasən, müştəri faktor qarşısında öhdəliyinin icrasını təmin etmək məqsədi ilə də borcluya olan pul tələbini faktora güzəşt edə bilər. Həmin Məcəllənin 655.6-ci maddəsinə əsasən, faktorinq müqavilələrini faktor kimi banklar və digər kredit təşkilatları, habelə bu cür fəaliyyəti həyata keçirməyə icazəsi olan başqa kommersiya təşkilatları bağlaya bilərlər. Daha öncə qeyd edildiyi kimi «X8» xx.xx.2019-cu il tarixli, ORB-000020 saylı alqı-satqı müqaviləsindən irəli gələn alqı-satqı müqaviləsi üzrə alıcılara qarşı pul tələbi hüququnu xx xxx 2019-cu il tarixli faktorinq müaviləsinə əsasən “xxxxxxxxxxxxxx” MMC-yə güzəşt etmişdir. Başqa sözlə, cavabdehin iddiaçı qarşısında qeyd edilən tələbdən irəli gələn öhdəliyi yaranmışdır. «X8» və Cavabdeh xx.xx.2019-cu il tarixli, ORB-000020 saylı alqı-satqı müqaviləsinə imza etməklə aldığı əşyanı alıcıya qaytarmışdır. Birinci instansiya məhkəməsi iddia ərizəsini rədd etdikdə hesab etmişdir ki, alqı-satqı müaviləsinə əsasən alınan «X8»dən xx.xx.2019-cu il tarixli, ORB-000020 saylı alqı-satqı müqaviləsinə əsasən alınan dəyərində divan bilinməyən künc hörüklü daşınar əşya geri qaytarıldığı üçün cavabdehiniddiaçı qarşısında heç bir öhdəliyi yoxdur. Halbuki birinci instansiya məhkəməsi «X8» və “xxxxxxxxxxxxxx” MMC arasında tələbin güzəşt edilməsi barədə müqavilənin mövcudluğuna əhəmiyyət verməmiş, ödənilməli olan əmlakın dəyərinin və ya əmlakın geri qaytarılması hüququ müqavilənin tərəfi olaraq Cavabdeh “xxxxxxxxxxxxxx” MMC qarşısında öhdəlik daşımaqdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir. Məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəlləsinin 449.4-cü maddəsinə əsasən, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə uyğun olaraq öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Belə olan halda, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış nisyə alqısatqı müqaviləsi üzrə yaranmış 1688 manat əsas borca münasibətdə hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsinin rədd edilməsi hissəsində düzgün nəticəyə gəlməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh iddiaçı qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Ona görə də, iddia tələbi 1688 manat əsas borcun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində əsaslıdır. İş materiallarından görünür ki, kreditor tərəfindən borcluya kredit müqaviləsi üzrə öhdəliklərin icrasının gecikdirilməsi ilə əlaqədar 142,04 manat cərimə borcu hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə kollegiyası hesab edir ki, alqı-satqı müqaviləsi üzrə dəbbə borcunun 15 manat məbləğində müəyyən edilməsi daha ədalətli olardı. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası işin hüquqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, birinci instansiyası məhkəməsi iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, iddia təmin edilmədiyindən iş üzrə ödənilmiş 30,40 manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı tərəfə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 404.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402- 403,404-1-ci və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı “xxxxxxxxxxxxxx” MMC-nin nümayəndəsi Z.F.Saadovun verdiyi apelyasiya şikayəti qismən təmin edilsin. Qubadlı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(028)-167/2020 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı “xxxxxxxxxxxxxx” MMC-nin cavabdeh X4 qarşı borcun ödənilməsi tələbinə dair iddia qismən təmin edilsin. Cavabdeh X1 1688 (min altı yüz səksən səkkiz) manat əsas borc, 15 (on beş) manat cərimə borcu və ödənilmiş 30,40 manat dövlət rüsumu olmaqla, cəmi 1733 (min yedi yüz otuz üç) manat 40 (qırx) qəpik tutularaq iddiaçı «xxxxxxxxxxxxxx» MMC-yə ödənilsin Qətnamədən şikayət verilə bilməz. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar