Məhkəmə qərarları › İş №2(105)-2424/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2424/2021

15.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2424/2021 15.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X1, İddiaçı nümayəndəsi və vəkili Vəkil oğlunun iştirakı ilə Abşeron Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 2(012)-1403/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Abşeron Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 2(012)-1403/2021 saylı qətnaməsi ilə (hakim H.Y.Əhmədov) İddiaçı Cavabdeh qarşı «pul» tələbinə iddia tələbi təmin edilib, Cavabdeh 17200 (on yeddi min iki yüz) manat pul və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu olmaqla cəmi 17230 manat (on yeddi min iki yüz otuz manat) tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh apelyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 2(012)-1403/2021 saylı qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Cavabdeh 17200 manat pulun və 30 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, özünü inqubator ustası kimi təqdim edən Cavabdeh ilə 2018-ci il tarixdə tanış olmuşdur. Qısa müddət ərzində cavabdeh inqubator avadanlığı üzrə özünü səliqəli, məsuliyyətli və etibarlı mütəxəssis kimi təqdim etmişdir. Cavabdeh təklifi ilə Novxanı kəndində icarəyə götürdüyü və işlətdiyi yerə gedərək 1700 (min yeddi yüz) manat müqabilində 3000 (üç min) yumurtalıq inqubator avadanlığını hazırlamağı Cavabdeh sifariş vermiş, eləcə də razılaşdıqları məbləğin 1000 (min) manatını ona beh verərək pulun qalan hissəni sifariş hazır olandan sonra alacağını bildirmişdir. Sifarişi hazır olandan sonra məlum oldu ki, 3000 (üç min) yumurtalıq inqubator avadanlığının böyük və yerləşdirilməsi mümkünsüz olduğundan Cavabdeh sözügedən avadanlığın satılmasını xahiş etmişdir. Həmin avadanlıq Cavabdeh tərəfindən satılmış və satılmış avadanlığın pulunu vermək əvəzinə ona daha böyük inqubator avadanlığı hazırlamağı təklif etmişdir. O da Turala inanmış və irəli sürülmüş təkliflə razılaşaraq hissəhissə olmaqla ümumilikdə Cavabdeh 17.200 (on yeddi min iki yüz) manat məbləğində pul vermişdir (Cavabdeh Kapital Bank hesabına pul köçürülməsi barədə qəbzlər və s. ödəniş sənədləri əsasında). Lakin bu günə kimi nə sözügedən avadanlıqları hazırlamış, nə də ondan aldığı pulları geri qaytarmışdır. Pulun ödənilməsini dəfələrlə tələb etməsinə baxmayaraq Cavabdeh bu günə kimi ona bir manat da pul ödəməmişdir. Ona görə də 14.12.2020-ci il tarixdə Abşeron RPİ-nə ərizə ilə müraciət etmişdir. Abşeron RPİ-nin təhqiqat şöbəsində araşdırılma aparılmış və Cavabdeh yuxarıda qeyd edilən xüsustların hamısını etiraf etmişdir. Lakin Abşeron RPİ-nin 24.12.2020-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və qanunvericiliyə uyğun olaraq mülki xarakterli mübahisə olduğundan məhkəməyə müraciət etməsi ona tövsiyyə edilmişdir. Cavabdehin hərəkətləri (yəni öhdəliklərinin yerinə yetirilməməsi) və onu aldatması nəticəsində xeyli miqdarda zərər vurulmuşdur ki, məhkəmə qaydasında cavabdehdən tutulmalı və onun haqqında xüsusi qərar çıxarılmaqla prokurora göndərilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada Cavabdeh məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Abşeron RPİ-nin 24.12.2020-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı ilə İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarla müyyən olur ki, tədqiqat zamanı izahatı alınmış Cavabdeh göstərmişdir ki, yumurtadan cücə çıxarmaq üçün işlədilən inkubatorların təmiri və hazırlanması ilə məşğul olur və Sənubəri 2018-ci ildən internetdə paylaşdığı paylaşım vasitəsi ilə tanımışdır. Sənubər Novxanı qəsəbəsində yerləşən icarəyə götürdüyü yerə gələrək ona 1700 manat dəyrində inkubator sifariş vermiş və ilkin olaraq ona 700 manat beh vermişdir. İnkubator hazır olandan sonra Sənubər həmin inkubatoru qoymağa yerinin olmadığını deyib hazırlanmış inkubatoru satmasını ondan istədikdə o, razı olmaq məcburiyyətində qalmışdır. Bir müddət sonra isə Sənubər onunla əlaqə saxlayıb bu işin alınmamasına heyfsləndiyini deyərək ona quşçuluqla məşğul olmaq istədiyini bildirmiş və ondan bununla bağlı məsləhət almışdır. Sonra Sənubər ona şərik işləməyi təklif edərək özünün investr olmasını, bu işlə bağlı lazımı qədər pul xərcləyəcəyini, onun isə inkubatoru hazırlamasını, həmçinin quşçuluqla bağlı digər məsələləri həll etməsini istədiyini bildirmişdir. O razılıq verdikdən sonra Sənubərə inkubatorun hazırlanması üçün 15.000 manat pul lazım olduğunu demiş və aralarında olan razılaşmadan sonra Sənubər inkubatorun ehtiyyat hissələrini almaq üçün ona hissə-hissə pul verməyə başlamışdır. Ümumilikdə Sənubər ona 17.200 manat pul vermişdir. O, isə inkubatoru hazırlamağa başlamış, müəyyən qədər iş gördükdən sonra xəstə yatması səbəbindən Sənubərə vəd verdiyi inkubatoru vaxtında hazırlaya bilməmiş və bu səbəbdən aralarında mübahisə yaranmışdır. 14.12.2020-ci il tarixdə isə Sənubər Novxanı kəndinə gələrək ondan verdiyi pulları geri istəmiş, o, Sənubərə inkubatorun hazır olduğunu desə də, Sənubər onunla razılaşmayıb ona inanmadığını bildirmiş və verdiyi pulları geri istədiyini bildirmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh iddia tələbini qəbul edərək izahatında göstərmişdir ki, o, 10 ilə yaxın müddətdə inqubator avadanlığı düzəldib onun satışı ilə məşğul olur. 2019-cu ildə iddiaçı və bir neçə şəxs ona yaxınlaşaraq inqubator sifariş vermişlər. Beh olaraq 700 manat ödəniş etmişlər. İnqubator hazır olanda o, zəng vurmuş, lakin iddiaçı artıq inqubatora ehtiyacı olmadığını bildirmişdir. 1 il müddətdən sonra iddiaçı yenidən ona zəng edərək inqubator almaq niyyətində olduğunu bildirmişdir. O, sonradan əməliyyat olmuş, Covid-19 pandemiyası ilə əlaqədar virusa yoluxduğundan iddiaçının sifarişini 3 ay gecikdirmiş, lakin buna baxmayaraq sifarişini hazır etmişdir. Lakin iddiaçı sifariş verdiyi inqubatoru gəlib aparmamışdır. Bunun müqabilində iddiaçı ona 17200 manat pul vermiş və həmin məbləği hissə-hissə ödəmişdir. Bu səbəbdən də iddia tələbini qəbul edir və iddiaçının ona 17200 manat pul verdiyini etiraf edərək bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. İşin araşdırılan hallarından müəyyən olur ki, İddiaçı Cavabdeh ilə 2018-ci il tarixdə tanış olmuş, cavabdeh inqubator avadanlığının düzəldilməsi üzrə mütəxəssis olduğundan, iddiaçı cavabdehə inqubator avadanlığı düzəldilməsini sifariş etmişdir. Aralarında olan şifahi müqavilə əsasında birinci dəfə cavabdeh 3000 yumurtalıq inqibator düzəldib iddiaçıya təhvil verməli, digər tərəf isə avadanlığın 1700 manat pulunu ödəməsi barədə razılığa gəlmişlər. Sonradan isə tərəflər fikirlərini dəyişib qiyməti 15500 manat olan 20000 yumurtalıq inqubator avadanlığı düzəldilməsi və həmin avadanlığa dair birlikdə biznes fəaliyyəti ilə məşğul olması barədə şifahi razılığa gəlmişlər. İddiaçı bununla bağlı cavabdehə hissə-hissə 17200 manat pul vermişdir. Lakin cavabdeh pulu qəbul etməsinə baxmayaraq üzərinə götürdüyü öhdəlikləri vaxtında yerinə yetirməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 71-ci maddəsinə əsasən insan, vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən «hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərərsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir». Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329 cu maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Tərəflərin izahatından və məhkəmə iclasında tədqiq edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə Abşeron RPİ-nin qərarından görünür ki, tərəflər araşında şifahi razılaşma olan əqd bağlanmış və həmin razılaşma əsasında onlar birbirlərinin qarşısında öhdəlik götürmüşlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin yuxarıda qeyd edilən faktiki hallarına əsasən iddiaçı ödənişi etməklə müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də cavabdeh avadanlığın təhvil verilməsini ləngitmiş, öhdəliyini vaxtında yerinə yetirməmişdir. Eyni zamanda cavabdeh məhkəmə iclasında iddianı qəbul etdiyini bildirmiş və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası MPM-nin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafıə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fıkirləri ilə pozula biləcək hüquqlarını müdafıə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. Məhkəmə kollegiyası nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktlara istinad etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarının 2.2-ci bəndin əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qeyd olunan qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə məhkəmə kollegiyası işin hallarını və cavabdehin etirafını nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan birinci instansiya məhkəməsi düzgün olaraq 17200 manat məbləğində pul vəsaitinin Cavabdeh tutulub İddiaçı ödənilməsi barədə nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsasız olub, başqa sübutlarla öz təsdiqini tapmayıb, formal mülahizələrdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsi apelyasiya qaydasında dəyişdirilmədən, apelyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də, apelyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh verdiyi apelyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 2(012)-1403/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar