Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2429/2020 23.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımova Vüsalə Yadigar qızının katibliyi, İddiaçılar İddiaçı və X3, Cavabdeh Mənzil-Tikinti Kooperativinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçılar İddiaçı, X3 və Əsədova Göyçək Nadir qızının Cavabdeh MTK-ya qarşı pul tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(012)-1254/2018 saylı qətnaməsindən İddiaçı vəCavabdeh MTK tərəfindən verilmiş apelyasiya şikayətlərinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(012)-1254/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh MTK-dan mənzilə görə ödənilmiş 4000 manat puldan həmin məbləğin 25 faizi - 1000 manat çıxılmaqla 3000 manat hissəsinin, mənzilin təmiri üçün xərclənən 469 manat məbləğində pulun, mənəvi zərərə görə 200 manat məbləğində pulun və iddiaçılar tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 3699 manat məbləğində pul vəsaitinin iddiaçılar İddiaçı, X3 və Əsədova Göyçək Nadir qızının xeyrinə tutulması qət edilmişdir.(hakim Şövkət Nəcəfova) Qətnamədən İddiaçı və Cavabdeh MTK apelyasiya şikayətləri vermişlər. Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı və Cavabdeh MTK-nın verdiyi apelyasiya şikayətləri təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi – “iddiaçılar tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh MTK-dan iddiaçılar İddiaçı, X7 və Əsədova Göyçək Nadir qızının xeyrinə tutulması” hissədə dəyişdirilmiş, iddia ərizəsinin verilməsi üçün ödənilməli olan 30 manat dövlət rüsumunun 14,79 manat hissəsi Cavabdeh MTK-dan alınıb dövlət büdcəsinə ödənilməsi qət edilmiş, qətnamə - “Cavabdeh MTK-dan ödənilmiş 4000 manat puldan həmin məbləğin 25 faizi-1000 manat çıxılmaqla 3000 manat hissəsi, mənzilin təmiri üçün xərclənən 469 manat məbləğində pul və mənəvi zərərə görə 200 manat məbləğində pulun iddiaçılar İddiaçı, X7 və Əsədova Göyçək Nadir qızının xeyrinə tutulması” hissədə dəyişdirilmədən saxlanılmış, ekspertiza tədqiqatının cəmi dəyəri 227 manat məbləğində pul vəsaitinin 177,68 manatının İddiaçı, 49,32 manatının isə Cavabdeh MTK-dan alınıb dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Cavabdeh MTK qətnamədən kassasiya şikayəti vermiş, AR Ali Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(102)-2199/2020 saylı qərarı ilə onun kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-722/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi cavabdehin kasasiya şikayətinə əsasən mübahisələndirilən (iddia tələbinin təmin edilən) hissələrdə ləğv edilmiş və iş ləğv edilən hissələrdə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. İŞİN HALLARİ: İddiaçı, X7 və Əsədova Göyçək Nadir qızı birgə iddia ərizəsi ilə məhkəməyə müraciət edib iddialarını onunla əsaslandırmışlar ki, onlar 2016-cı ildə mənzil şəraitini yaxşılaşdırmaq üçün ilkin ödəniş etməklə Bakı-Şamaxı şossesinin 14-cü kilometrliyində yerləşən Cavabdeh MTK-nın tikdiyi yaşayış massivindəki evlərdən mənzil almaq qərarına gəlmişlər. Bununla bağlı Əsədova Göyçək Nadir qızının adına Cavabdeh MTK ilə müqavilə bağlanılmışdır. Müqaviləyə görə MTK-ya 10000 manat ilkin ödəniş ödənilməli idi, lakin imkanları olmadığından 4000 manat ödəniş edilmiş, qalan pulun isə 10 gün ərzində ödənilməsi barədə öhdəlik götürülmüşdür. Lakin sonradan pul tapmadıqlarına görə qalan vəsaiti ödəyə bilməmişlər. Həmin mənzili 1500 manat civarında xərc çəkməklə təmir etdirmişlər. Bir müddət sonar, “Cavabdeh» MTK-nın işçisi İlhamə xanım həmin mənzili başqa şəxsə satacaqlarını, buna görə müqaviləni pozmalı olduqlarını və pullarını onlara geri qaytaracaqlarını bildirmişdir. Müqavilə Əsədova Göyçək Nadir qızının adına bağlanmasına baxmayaraq, şirkət müqaviləni onun iştirakı olmadan pozmuşdur. Belə ki, onlar məsələni aydınlaşdırmaq üçün şirkətə getmiş, şirkətdə onlara guya MTK-ya ziyan vurduqları üçün ödədikləri 4000 manat puldan 900 manat tutulacağını və onlara ümumilikdə 3100 manat pul qaytarılacağı bildirilmişdir. Halbuki, onlar həmin mənzilə 4000 manat ödəməklə yanaşı, təmirinə də əlavə 1500 manat xərc çəkmişlər. Bundan əlavə, mənzili təmir etmək üçün cavabdeh tərəf özü onlara şərait yaratmışdır. Müqaviləni pozsalar da, ödədikləri pulu onlara tam qaytarmaq istəmədiklərinə görə şirkətdən pullarını götürməmişlər. Müqaviləni isə cavabdeh tərəf onlardan almışdır. Onların əlində həmin alqı-satqı ilə bağlı ödədikləri 2000 manat beh ödəniş qəbzindən başqa heç bir sənəd qalmamışdır. Cavabdeh MTK-ya dəfələrlə etdikləri şifahi şikayətlər cavabsız qalmış və onların şikayətlərinə məhəl qoyulmamışdır. Bu hal onların ağır mənəvi sarsıntılar keçirməsinə səbəb olmuşdur. Ona görə də, Cavabdeh MTK-dan onların xeyrinə 4000 manat mənzil üçün ödənilmiş pul, 1500 manat mənzilin təmiri üçün xərclənən pul və mənəvi zərərə görə 2000 manat olmaqla, cəmi 7500 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İş üzrə Cavabdeh MTK apelyasiya şikayətini bununla əsaslandırmışdır ki, qətnamə əsassızdır. Belə ki, iddiaçılar tərəfindən Cavabdeh MTK-ya cəmi 4000 manat məbləğində ödəniş edilmişdir. Məhkəmə hesab etmişdir ki, həmin məbləğ beh deyil, avansdır və buna görə də, cavabdeh həmin məbləği iddiaçılara geri qaytarmalıdır. Məhkəmə ödənişi beh hesab etməməsi ilə əlaqədar gəldiyi nəticəni yalnız tərəflər arasında ayrıca beh müqaviləsinin bağlanmaması ilə əsaslandırmışdır. Halbuki, tərəflər arasında xx xxxx 2016cı il tarixli, AB02M54 nömrəli alqı-satqı müqaviləsi mövcuddur. Müqavilənin 2.2-ci bəndində qeyd olunur: “xxxxx bu müqavilənin 2.1-ci bəndində göstərilən məbləğin 4000 manat məbləğində hissəsini beh şəklində əvvəlcədən, qalan 93372 manat məbləği isə hissəhissə olmaqla 240 ay müddətində hər ay ayın 16-na kimi bu müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə müvafiq qaydada ödəyir”. Yəni hər iki tərəfin imzası ilə təsdiq edilmiş müqavilədə vurğulanır ki, MTK-ya ödənilən məbləğ behdir, yəni ödənilən məbləğin beh hesab edilməsi hazırki halda tərəflər üçün məcburidir. İş materiallarında ödənilmiş məbləğin beh olmamasına dair heç bir sübut mövcud deyil. Bütün bunlara baxmayaraq məhkəmə müqaviləni bir kənara qoyub özünün heç bir əsası olmayan şübhəsinə istinad edərək qətnamə qəbul etmişdir. Məhkəmə mənzilin təmiri üçün xərclənən 469 manat məbləğində pulun cavabdehdən iddiaçıların xeyrinə tutulması hissəsində də düzgün olmayan nəticəyə gəlmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 3.2.2.6-cı maddəsində deyilir ki, əmlakda təmir işlərinin aparılmasına xxxxx tərəfindən əmlakın dəyəri tam ödənildikdən sonra tikintinin inşası və abadlıq işləri qurtardıqdan sonra icazə verilir. Yəni iddiaçılar əmlaka dair heç bir hüquqlarının mövcud olmadığını bildikləri halda, bunun müqavilə ilə qadağan olunduğunu bilə-bilə, özbaşına bir şəkildə orada təmir işləri aparıblar. Əslində qeyd olunan şərt, müqavilə şərtlərinin kobud pozuntusu hesab olunduğundan, əksinə cavabdeh iddiaçılardan ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb edə bilər. (Müqavilənin 3.1.1.2-ci maddəsinə əsasən, xxxxx öhdəliklərini yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə satıcının ona müqavilə ilə nəzərdə tutulmuş sanksiyalar tətbiq etmək hüququ var). Müqavilə şərtlərinin iddiaçılar tərəfindən pozulması nəticəsində dəyən zərərə görə məsuliyyətin cavabdehin üzərinə qoyulmasının heç bir qanuni və məntiqi əsası yoxdur. Mənəvi zərərə görə cavabdehdən iddiaçıların xeyrinə 200 manat məbləğində vəsaitin tutulması hissəsində də məhkəmənin nəticəsi əsaslı olmamışdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli Qərarının 8-ci bəndinə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia aşağdakılar müəyyən edildiyi halda təmin edilə bilər: iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, - qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Hazırki münasibətlər üçün isə yuxarıda sadalanan dörd haldan heç biri mövcud deyil. Məhkəmə tərəfindən qətnamə sadalanan şərtlərin mövcudluğu yoxlanılmadan və sübut olunmadan qəbul edilmişdir və buna görə də, qətnamə ləğv edilməli, iddia isə rədd olunmalıdır. Apelyasiya baxışı zamanı Cavabdeh Mənzil-Tikinti Kooperativinin nümayəndəsi X4 cavabdehin apelyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilməsi hissəsində ləğv olunmasını və həmin hissədə də iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçılar İddiaçı və X7 cavabdehin apelyasiya şikayəti ilə razılaşmadılar və onun təmin edilməməsini xahiş etdilər. Apelyasiya baxışı zamanı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı Əsədova Göyçək Nadir qızı heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə iddiaçı Əsədova Göyçək Nadir qızının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarına əlavə olunan Cavabdeh MTK-nın direktoru X1 və “xxxxx” adlandırılacaq Əsədova Göyçək Nadir qızı arasında bağlanmış xx xxxx 2016-cı il tarixli alğı-satqı müqaviləsindən görünür ki, MTK Abşeron rayonu, Hökməli qəsəbəsi, Bakı- Şamaxı yolunun 14-cü km-də Cavabdeh yaşayış kompleksində 2-ci binanın 1-ci blokunda, 10-cu mərtəbədə, 88,60 kvadrat metr ümumi sahəsi olan 54 saylı mənzili xxxxxya satmağı, əmlakı tikinti işləri başa çatdıqdan sonra təhvil verməyi, xxxxx isə bu müqavilə nəzərdə tutulmuş qaydada tərəflər arsında razılaşdırılmış şərtlər daxilində aldığı vahid əmlakın dəyərini ödəməyi, əmlakı qəbul edib bunun razılaşdırılmış dəyərini 240 ay müddətində ödəməyi öz öhdəsinə götürmüşdür. Mənzilin ümumi dəyəri 97372,00 manat təşkil etmişdir. Həmin müqavilənin 2.2-ci maddəsinin görə “xxxxx” bu müqavilədə göstərilən məbləğin 4000 manat məbləğdə hissəsini beh şəklində əvvəlcədən, qalan 93372 manat məbləği isə hissə-hissə olmaqla 240 ay müddətində, hər ay ayın 16-na kimi ödəniş cədvəlinə müvafiq olaraq ödəməlidir. Yenə iş materiallarında olan qəbzlərdən görünür ki, Əsədova Göyçək Nadir qızı almış olduğu mənzilin dəyərindən Cavabdeh MTK-ya 4000 manat məbləğində beh ödəmişdir. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2018-ci il tarixli rəyindən götrünür ki, Cavabdeh MTK-ya məxsus Abşeron rayonu, Hökməli qəsəbəsi, Bakı-Şamaxı yolunun 14-cü km-də Cavabdeh yaşayış kompleksində 2-ci binanın 1-ci blokunda, 10-cu mərtəbədə, 88,60 kvadrat metr ümumi sahəsi olan 54 saylı mənzilində iddiaçılar tərəfindən aparılmış təmirin ümumi dəyəri 469 manat müəyyən edilmişdir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilməməsi barədə iş üzrə artıq yekun məhkəmə qərarı mövcud olduğundan hazırda məhkəmə araşdırması yalnız cavabdehin verdiyi apelyasiya şikayəti həddində, yəni iddianın təmin olunması hissəsində aparılır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdırıb, AR MPM-in 420-ci maddəsinin tələblərinə uyğun Ali Məhkəmənin iş üzrə göstərişlərini nəzərə alıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasənCavabdeh MTK apelyasiya şikayətitəmin edilməli,iddianın təmin edilməsi hissəsində qətnamə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia rədd olunmalıdır. Hazırkı tələbində iddiaçılar İddiaçı, X7 və Əsədova Göyçək Nadir qızı cavabdeh MTK-dan yuxarıda qeyd edilən müqavilə üzrə ödənilmiş 4000 manat pul, mənzilin təmirinə çəkdikləri xərc kimi 1500 manat pul və dəymiş mənəvi zərərə görə 2000 manat pul tələb edirlər. İddia tələbi birinci instansiya məhkəməsi tərəfindən yuxarıda gəstərilən qaydada qismən təmin edilmiş, hazırkı mərhələdə tələbin rədd edilən hissəsi mübahisələndirilməmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən ona istinad etmişdir ki, “Cavabdeh" MTK-nın İlhamə adlı işçisi müqavilənin pozulduğunu, mənzilin başqa şəxsə satılacağını, iddiaçının ödədiyi pulun geri qaytarılcağına söz verərək müqaviləni iddiaçılardan almış, mübahisəli mənzil basqa şəxsə satılsa da, ödənilən pul onlara qaytarılmamışdır. Tərəflər arasındakı xx xxxx 2016-cı il tarixli alğı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə əsasən ləğv olunduqdan sonra, üçüncü şəxsə satılmalı olduğu halda, ləğv olunmamış, cavabdeh MTK tərəfindən həmin mənzil iddiaçının iradəsinə zidd olaraq üçüncü şəxsə satılmış¸ bu hərəkəti ilə cavabdeh öz üzərinə düşən vəzifəni qanuni əsaslarla yerinə yetirməmiş, nəticədə iddiaçı tərəfin hüquq və vəzifələri pozulmuşdur. Ona görə də, iddiaçı Əsədova Göyçək Nadir qızının Cavabdeh şirkətinə ödədiyi 4000 manat puldan həmin məbləğin 25 faizi - 1000 manat çıxılmaqla 3000 manat hissəsi iddiaçılara qaytarılmalıdır. Bundan əlavə iddiaçı tərəfindən mübahisəli mənzildə aprılmış təmirin dəyərini müəyyən etmək üçün məhkəmə texniki-tikinti ekspertizası keçirilmiş, ekspert rəyi ilə iddiaçılar tərəfindən mübahisəli mənzildə aparılmış təmirin dəyərinin 469 manat olduğu müyyən edilmişdir. Məhkəmə mənəvi ziyanın tutulması ilə bağlı hissədə qeyd etmişdir ki, iddiaçılar Cəbrayıl rayonundan məcburi köçkün olub, müxtəlif xəstəliklərdən əziyyət çəkirlər və hazırkı mübahisə ilə bağlı olaraq pozulmuş hüquqlarının bərpası üçün müxtəlif təşkilatlara çoxsaylı müraciətlər etməklə, cavabdeh tərəfin hərəkət və hərəkətsizliyi nəticəsində uzun müddət mənəvi sarsıntı və iztirablara məruz qalmışlar. Məhkəmə kollegiyası bu əsaslarla razılaşmır və hesab edir ki, birinci instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla bərabər işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, işə baxan məhkəmə iddiaçılar İddiaçı və Akif Quliyevin hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqlarının olub-olmasına düzgün qiymət verməmişdir. İşdən görünür ki, “Cavabdeh" MTK ilə müqavilə münasibətləri iddiaçılardan yalnız Göyçək Əsədova ilə yaranmış, cavabdeh tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən 4000 manat pulun iddiaçı Göyçək Əsədova tərəfindən ödənilməsi müəyyən edilmiş, lakin müahisəli mənzildə aparılmış təmir işlərinin kimin vəsaiti hesabına aparılması isə müəyyən edilməmişdir. Buna baxmayaraq birinci instansiya məhkəməsi Cavabdeh MTK-dan ödənilmiş 4000 manat puldan həmin məbləğin 25 faizi - 1000 manat çıxılmaqla 3000 manat hissəsinin, mənzilin təmiri üçün xərclənən 469 manat məbləğində pulun və mənəvi zərərə görə 200 manat məbləğində pul vəsaitinin iddiaçılar İddiaçı, X3 və Əsədova Göyçək Nadir qızının xeyrinə tutulmasını qət etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2008-ci il tarixli qərarında göstərmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektv hüquq üç elemenin məcmusu kimi qiymtələndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Birinci instansiya məhkəməsi ilkin olaraq ödənilmiş 4000 manat puldan 3000 manatının qaytarılmasını qət edərkən tərəflər arasında baölanmış müqavilənin 3.1.2.3, 4.1, 4.3 və 4.5-ci bəndlərinə istinad etmişdir. Birinci instansiyası məhkəməsi belə hesab etmişdir ki, tərəflər arasında yazılı şəkildə beh müqaviləsi bağlanmadığından ödənilmiş pul vəsaiti beh kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni əsaslı hesab etmir. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 2.2-ci bəndində qeyd olunmuşdur ki, “xxxxx bu müqavilənin 2.1-ci bəndində göstərilən məbləğin 4000 manat hissəsini beh şəklində əvvəlcədən, qalan 93372 manat məbləği isə hissə-hissə olmaqla 240 ay müddətində, hər ay ayın 16-na kimi bu müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə müvafiq qaydada ödəyir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 491.1-ci maddəsinə əsasən beh, müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. Yenə həmin məcəllənin 491.2-ci maddəsinə görə, behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Sadalanan normalardan göründüyü kimi, beh müqaviləsi yazılı formada bağlanmalıdır, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Tərəflər arasında bağlanmış müqavilədə ödənilmiş 4000 manat pulun beh kimi müəyyən olunması qeyd edilmiş, bu barədə maliyyə arayışında da həmin məbləğin beh kimi qəbul edilməsi öz əksini tapmışdır. Beləliklə də birinci instansiyası məhkəməsinin tərəflər arasında yazılı beh müqaviləsinin bağlanmaması barədə gəldiyi nəticə işin hallarına uyğun olmamışdır. Tərəflər arasında bağlanmış xx xxxx 2016-cı il tarixli alğı-satqı müqaviləsinin 3.1.2.3-cü bəndinə əsasən alqı-satqı müqaviləsi ləğv olunduğu halda, Cavabdeh MTK-nın bu müqavilənin 4.3-cü bəndində nəzərdə tutulan qaydada cərimə tutmaqla, müştərinin qalıq pulunu hazırlanmış cədvəl əsasında geri qaytarmaq vəzifəsidir. Müqavilənin 4.1-ci bəndinə əsasən tərəflər bu müqavilə ilə nəzərdə tutulmuş öhdəliklərinin pozulmasına, vəzifələrinin, öhdəliklərinin yerinə yetirilməməsinə və ya lazımınca yerinə yetirməməyə görə məsuliyyət daşıyırlar. Müqavilədən irəli gələn öhdəliklərin pozulmasına görə qarşı tərəfə vurulmuş ziyanı ödəməyə borcludur. Həmin müqavilənin 4.3-cü bəndinə əsasən ilk ödəmədə “xxxxx” tərəfindən 20 gün müddətinə, sonrakı ödəmələr 60 gündən artıq yubadılarsa, müqaviləyə əsasən nəzərdə tutulmuş cədvəldən az məbləğdə ödənişlər olduğu halda, MTK hazırki müqaviləni birtərəfli qaydada pozmaq hüququnu öz üzərində saxlayır. Bu halda, “xxxxx” tərəfindən MTK-ya ödənilmiş məbləğ yalnız həmin vahid əmlak satıldıqdan sonra 4.4-cü maddədə nəzərdə tutulan cərimələr tutularaq 4.5-ci maddə nəzərə alınmaqla qaytarılır. Yenə həmin müqavilənin 4.5-ci bəndinə əsasən əgər müqaviləyə xitam verilərsə, əmlak başqa şəxsə satıldıqdan sonra, “xxxxx” tərəfindən ödənilmiş məbləğin 25 faizi “Satıcı” tərəfindən tutularaq, qalan məbləğ “xxxxx”ya tərtib ediləcək qrafik əsasında geri qaytarılır. Göründüyü kimi, müqavilənin qeyd edilən bəndləri alqı-satqı müqaviləsi ləğv olunduğu halda cərimə tutulmaqla müştərinin ödədiyi qalıq pulunun qaytarılması şərlətini tənzimləyir. Hazırki işin mübahisələndiriləməyən halları ilə müəyyən edilmişdir ki, iddiaçı müqavilə üzrə razılaşdırılmış məbləğdən ödəniş edə bilmədiyinə, yəni müqavilə üzrə razılaşdırılmış öhdəlikləri yerinə yetirmədiyinə görə müqavilə ləğv edilmişdir və bu halı iddiaçılar da mübahisələndirməmişlər. Mülki Məcəllənin 385.1-ci maddəsində qeyd edilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilənlərə əsasən müqavilənin qeyd edilən şərtləri iddiaçı G.Əsədova tərəfindən beh kimi ödənilmiş 4000 manat pulun qaytarılmasına şamil edilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, ödənilmiş behin qaytarılması ilə bağlı münasibətləri Mülki Məcəllə tənzimləyir. Belə ki, Məcəllənin 492.2-ci maddəsinə əsasən, əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Məhkəmə kollegiyası iddia tələbinin mənzilin təmirinə çəkilmiş xərcin qaytarılması barədə məhkəmənin gəldiyi nəticəni də işin hallarına uyğun hesab etmir. Belə ki, birinci instansiya məhkəməsi bu hissədə iddia tələbin qismən təmin edərkən Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2018-ci il tarixli rəyinə əsaslanmışdır. Daha öncə apelyasiya instansiya məhkəməsinin iclasında dindirilmiş ekspert X5 göstərmişdir ki, mübahisə predmeti olan Abşeron rayonu, Hökməli qəsəbəsi Bakı-Şamaxı yolunun 14-cü km-də Cavabdeh yaşayış kompleksində 2-ci binanın 1-ci blokunda, 10-cu mərtəbədə, 88,60 kvadrat metr ümumi sahəsi olan 54 saylı mənzilldə aparılmış təmir işlərinin təqribi dəyərinin müəyyən edilməsi üçün iş üzrə iddiaçılar, cavabdeh tərəfin nümayəndəsi, Abşeron rayon İcra Şöbəsinin icra məmuru və ekspertin iştirakı ilə baxış keçirilmiş, müvafiq ölçü aparılaraq zəruri məlumatlar əldə edilmişdir. Tədqiq olunan mənzilin qapısı bağlı olduğuna və faktiki olaraq digər şəxsin istifadəsində olduğuna görə, həmin mənzilə daxil olub baxış keçirilməsi mümkün olmamışdır, lakin hər iki tərəfin razılığına əsasən Cavabdeh yaşayış kompleksində inşa edilmiş 1-ci blokun dördüncü mərtəbəsində yerləşən 54 saylı mənzil ilə analoji (eyni) iki otaqlı digər mənzilə baxış keçirilib ölçü işləri aparılmış və müvafiq rəy verilmişdir. Həmin vaxt tərəflərin başqa tələbləri və təklifləri olmamışdır Göründüyü kimi, eksert rəy verərkən mübahisəli mənzilə baxış keçirilməmişdir. Məhkəmə isə ekspert qarşısında məhz mübahisəli mənzilin təmirinə çəkilmiş xərcin məbləği ilə bağlı sual qoymuşdur. Birinci instansiya məhkəməsi mənzilə baxış keçirilmədən həmin mənzilə çəkilmiş xərcin müəyyən edilməsi ilə bağlı ekspert rəyinin əsaslı olub-olmamasına qiymət verməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, mənzilin təmiri müxtəliflik baxımından (material, usta haqqı) konkret məfhum deyil və buna görə də ona çəkilən xərc də sabit məbləğdə olmur. Bu baxımdan digər mənzilin təmirinə çəkilən xərci mübahisəli mənzilə tətbiq etmək yolverilməzdir. Digər tərəfdən, işin daha öncə sadalanan hallarından göründüyü kimi, iddiaçılar tərəfindən mənzildə təmir işləri özbaşına, müqavilə şərtlərini pozmaqla aparılmışdır. Belə olan halda, məhkəmə kollegiyası ümumiyyətlə bu barədə tələbini əsassız hesab edir. Məhkəmə kollegiyası iddia tələbinin mənəvi ziyanın ödənilməsi ilə bağlı qeyd edir ki, həmin tələb digər tələblərlə (ilkin ödənilmiş vəsaitin və təmirə çəkilən xərclərin qaytarılması) bağlı olduğundan və həmin tələblər əsassız olduğundan təmin edilməməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli, 7 saylı qərarının 4-cü bəndində təsbit edilmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər və zərər vuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Həmin qərarın 2-ci bəndində göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarının və ya iş yerinin itirilməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi ailə və tibbi sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verə bilər. Yenə həmin Qərarın 8-ci bəndində göstərilir ki, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehlərin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, iş üzrə cavabdehin iddiaçılara münasibətdə hər hansı təqsirli və ya hüquqazidd əməlləri təsdiq olunmadığına görə ondan mənəvi zərərin əvəzinin tələb edilməsi əsassızdır. İş materiallarından da görünür ki, Cavabdeh MTK tərəflər arasındakı müqavilənin şərtlərinə əsasən hərəkət etmişdir və bu zaman iddiaçılara mənəvi zərərin dəyməsi inandırıcı görünmür. Digər tərəfdən, onlar bu barədə mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişlər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, işin şərh olunan hallarına məhkəmə tərəfindən düzgün qiymət verilməmiş, səhvən müqavilənin 3.1.2.3, 4.1 4.3 və 4.5-ci maddələrinə və Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2018-ci il tarixli rəyinə istinad edilərək işin faktiki hallarına uyğun gəlməyən nəticəyə gəlinmişdir ki, bu da qətnamənin apelyasiya qaydasında ləğv olunması üçün əsasdır. AR MPM-nin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki halda iddiaçılar İddiaçı, X7 və Əsədova Göyçək Nadir qızı iddia tələbinin əsası kimi istinad etdiyi halları qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla sübut edə bilməmişlər. Bunun əksinə, cavabdeh öz apelyasiya şikayətinin əsaslarına dair dəlillərini sübut edə bilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmiş, qanunu səhv təfsir etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilməsi hissəsində ləğv edilməli və İddiaçı, X3 və Əsədova Göyçək Nadir qızının Cavabdeh MTK-ya qarşı pul tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki,Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasənapelyasiya və kassasiya şikayətlərinin verilməsi üçün Cavabdeh MTK tərəfindən ödənilmiş 30,80 manat dövlət rüsumu iddiaçılardan tutularaq ona qaytarılmalı, 227 manat ekspertiza xərci İddiaçı, X7 və Əsədova Göyçək Nadir qızından tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Az.MEM, VÖİN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab Az.41 NABZ******************** SWİFT BİK CTREAZ.22 Hesab AZ34CTRE******************** hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh MTK-nın apelyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrəAbşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(012)- 1254/2018 saylı qətnaməsi iddianın təmin edilməsi hissəsində ləğv olunsun. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçılar İddiaçı, X3 və Əsədova Göyçək Nadir qızının Cavabdeh MTK-ya qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Apelyasiya və kassasiya şikayətlərinin verilməsi üçün Cavabdeh MTK tərəfindən ödənilmiş 30,80 manat dövlət rüsumu iddiaçılardan tutularaq ona qaytarılsın, 227 manat ekspertiza xərciİddiaçı, X7 və Əsədova Göyçək Nadir qızından tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Az.MEM, VÖİN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab Az.41 NABZ******************** SWİFT BİK CTREAZ.22 Hesab AZ34CTRE******************** hesabına köçürülsün. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-2429/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2429/2020
23.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver