Məhkəmə qərarları › İş №2(105)-2429/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2429/2021

17.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2429/2021 17.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Əliyev Əliağa Vahid oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X2, Cavabdeh X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsinin ləğv edilməsi və kredit borcunun müştərək qaydada tutulması tələbinə dair mülki iş üzrə Zəngilan Rayon Məhkəməsinin 2(034)-232/2021 saylı, 06 may 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Zəngilan Rayon Məhkəməsinin 2(034)-232/2021 saylı, 06 may 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin olunmuş, İddiaçıASC ilə Cavabdeh1 arasında bağlanmış 17 may 2019-cu il tarixli, 1**-NF-***7591 saylı kredit müqaviləsi ləğv edilmiş, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3512,51 manat əsas borc və 818,42 manat faiz borcu olmaqla, cəmi 4330,93 manat borcun və 30 (otuz) manat dövlət rüsumunun əvəzinin tutularaq İddiaçıASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. (hakim G.İmanova) Qətnamədən Cavabdeh1 apelyasiya şikayəti verərək, Zəngilan Rayon Məhkəməsinin 2(034)-232/2021 saylı, 06 may 2021-ci il tarixli qətnaməsinin faiz borcunun tutulması hissəsində ləğv olunmasını, faiz borcu barədə iddianın rədd edilməsi, əsas borcun tutulması hissəsində isə qətnamənin dəyişdirilməsi və əsas borcun onlardan hər ay hissə-hissə 50 manat olmaqla ödənilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 3512,51 manat əsas borc və 03.02.2021-ci il tarixə yaranmış 818,42 manat faiz borcu olmaqla, cəmi 4330,93 manat borcun və 30 manat ödənilmiş dövlət rüsmunun əvəzinin iddiaçının xeyrinə tutulması, həmçinin kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçıASC ilə Cavabdeh1 arasında bağlanmış 17 may 2019-cu il tarixli, 107-NF5207591 saylı kredit müqaviləsinə əsasən ona illik 26 faiz dərəcəsi ilə 5000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən kredit cavabdehə məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə faizlər ödənilmək şərti ilə verilmişdir. Borcalan isə istifadə etdiyi krediti və hesablanmış faizləri müəyyən edilmiş vaxt ərzində banka qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən kredit 24 ay müddətinə verilmiş və həmin müqavilənin 2.4-cü bəndinə əsasən kreditin qaytarılması bu müqaviləyə 1 saylı əlavədə göstərilmiş cədvəl üzrə həyata keçirilmişdir. Kredit müqaviləsinin 2.6-cı bəndinə əsasən faizlərin hesablanması kreditin borcalan verildiyi gündən başlanır və kredit müddətinin bitməsindən asılı olmayaraq kredit tam ödənilənədək davam edir. Həmin müqavilənin 2.10-cu bəndinə əsəsan bu müqavilənin 2.4-cü bəndində göstərilən cədvəl üzrə ödənişləri vaxtında aparmadıqda hər gecikdirilən gün üçün əsas borcun ödənilməmiş hissəsinə görə bu kredit müqaviləsinin 2.1-ci bəndində göstərilən faiz dərəcəsinin iki qat həcmi məbləğində dəbbə pulu hesablanır. Cavabdeh1 öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş, kreditin hər ay bərabər hissələrlə ödənilməsi şərtini pozmuş, nəticədə onun iddia qaldırılan günə banka əsas borc üzrə 3512,51 manat, 03.02.2021-ci il tarixə faiz borcu üzrə 818,42 manat, cəmi 4330,93 manat məbləğində borcu yaranmışdır. Digər Cavabdeh2 yuxarıda qeyd olunan kredit müqaviləsindən irəli gələn öhdəliklərin vaxtında və lazımınca icra edilməsinə görə məsuliyyəti öz üzərinə götürmüş və onunla bank arasında 17 may 2019-cu il tarixli, ZM/5207591/ZM saylı zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 1.1-ci bəndinə görə borcalan kredit müqaviləsi üzrə bank qarşısında götürdüyü öhdəliyi icra etmədikdə, zamin borcalanla birgə məsuliyyət daşımağı, həmin kredit öhdəliyini tamamilə icra etməyi öhdəsinə götürmüşdür. Göstərilənlərə əsasən, iddia təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh1 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edidiyindən qanunsuz və əsassdır. Bütün məhkəmələr üçün məcburi olan qanunvericlik normalarının tələblərinə əsasən məhkəmə tərəflərin istinad etdiyi sübutların və dəlillərin hər birinə öz münasibətini bildirməli, bu və ya digər dəlilin qəbul və ya rədd edilməsini müvafiq qaydada əsaslandırmalıdır. Lakin Zəngilan Rayon Məhkəməsi qəbul etdiyi qətnamədə yalnız iddiaçı tərəfin irəli sürdüyü dəlilləri nəzərə almış, əsassız olaraq ondan 818,42 manat faiz borcunun tutulması barədə tələbi təmin etmişdir. O, hazırda işləmir, hər hansı bir qazancı, eləcə də əmlakı yoxdur. Məcburi köçkündür. Bu halları birinci instansiya məhkəməsi nəzərə almadığından, qətnamə faiz borcunun tutulması hissəsində ləğv olunmalı, faiz borcu barədə iddianın rədd edilməsi, əsas borcun tutulması hissəsində isə qətnamənin dəyişdirilməsi və əsas borcun onlardan hər ay hissə-hissə 50 manat olmaqla ödənilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Apelyasiya baxışı zamanı Cavabdeh1 şikayəti müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı ASC-nin nümayəndəsi X3 izahatında bildirdi ki, qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsaslar mövcud deyildir, buna görə də şikayət rədd olunmalıdır. O, əlavə etdi ki, cavabdehlərin maddi vəziyyətləri bank tərəfindən nəzərə alınmış və onlara müaqvilə üzrə heç bir cərimə tətbiq edilməmişdir. Apelyasiya baxışı zamanı digər Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır: İş materiallarında olan İddiaçıASC ilə Cavabdeh1 arasında bağlanmış 17 may 2019-cu il tarixli, 1**-NF-***7591 saylı kredit müqaviləsindən görünür ki, bank cavabdehə 24 ay müddətinə qaytarmaq şərtilə illik 26 faiz ödənilməklə 5000 manat məbləğində kredit vermişdir. Yenə iş materiallarında olan 17 may 2019-cu il tarixli, ZM/5207591/ZM saylı zaminlik müqaviləsindən görünür ki, İddiaçıASC ilə Cavabdeh1 arasında bağlanmış 17 may 2019-cu il tarixli, 1**-NF-***7591 saylı kredit müqaviləsi üzrə öhdəliklərin təminatçısı kimi Cavabdeh2 zamin durmuşdur. Yenə də iş materiallarında olan 03 fevral 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 Abasqul oğlunun banka 3512,51 manat əsas və 818,42, manat faiz borcu olmaqla, cəmi 4330,93 manat borcu vardır. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və tərəflərin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini əlavə alınmış ekspert rəylərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Zəngilan Rayon Məhkəməsinin 2(034)-232/2021 saylı, 06 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh1 17 may 2019-cu il tarixli, 1**-NF-***7591 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən 24 ay müddətinə, illik 26 faiz olmaqla 5000 manat məbləğində kredit götürmüşdür. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi digər Cavabdeh2 ilə bank arasında eyni tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq, borc tam ödənilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən, Cavabdeh1 həmin kredit müqaviləsi üzrə iddiaçı bankdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, lakin kredit vəsaitinin ödəməli olmasına dair vəzifəsini tam yerinə yetirməmişdir. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yenə həmin Məcəllənin 445.2.1-ci maddəsinə uyğun olaraq öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Yenə də həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, borclu Cavabdeh1 iddiaçı bank qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Onun, həmçinin kredit öhdəliklərinin təminatçısı olan digər Cavabdeh2 iddiaçıya öhdəliklərini yerinə yetirmədiklərinə görə 3512,51 manat əsas borcu və 818,42 manat faiz borcu yaranmışdır. Bu borc işdə olan obyektiv sübutlarla, o cümlədən maliyyə arayışı və cavabdehin özünün izahatı ilə təsdiq olunur. AR Mülki Məcəlləsinin 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Yuxarıda qeyd olunduğu kimi, xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər borcu ödəməmişlər və beləliklə də müqaviləni əhəmiyyətli dərəcədə pozduqları üçün iddiaçının tərəflər arasında bağlanmış müqaviləyə vaxtından əvvəl xitam verilməsi, habelə müqavilə üzrə borcun tələb olunması hüququ yaranmışdır. Apelyasiya şikayətindən görünür ki, cavabdeh M.A.Abasquliyev müqavilə üzrə banka faiz borcunun olmamasını göstərmiş, lakin bu halı təsdiq edən mötəbər sübutları məhkəmə kollegiyasına təqdim etməmişdir. Bundan başqa, işdən görünür ki, iddiaçı hazırda borclulara müqavilədə nəzərdə tutulsa da cərimə tətbiq etməmişdir və kollegiya bu halı, cavabdehlərin maddi vəziyyətlərinin pis olmasının bank tərəfindən nəzərə alınması kimi qiymətləndirir. Borcun hissə-hissə qaytarılması barədə dəlilə gəlincə, məhkəmə kollegiyası hesab edir ki, borcluların bu barədə daha sonra ayrıca ərizə ilə məhkəməyə müraciət etmək hüquqları mövcuddur. Hazırkı mərhələdə isə bu tələbin təmin edilməsi qüvvədə olan prosessual qanunvericiliyə ziddir. AR MPM-nin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə kolegiyası hesab edir ki, İddiaçı ASC öz tələblərinin əsası kimi istinad etdiyi halları qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla sübut edə bilmiş, lakin cavabdeh M.A.Abasquliyev apelyasiya şikayətinin dəlillərini məhkəmə iclasında sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, şikayətdə göstərilən dəlillər apelyasiya şikayətinin təmin edilməsi üçün əsas ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikasının MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında dəyişdirilmədən saxlanması, apelyasiya şikayətinin isə təmin edilməməsi üçün əsasdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15,40 manat dövlət rüsumu cavabdeh M.A.Abasquliyevin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT E T D İ: Apelyasiya şikayəti təmin edilməsin. Zəngilan Rayon Məhkəməsinin 2(034)-232/2021 saylı, 06 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15,40 manat məbləğində dövlət rüsumu cavabdeh M.A.Abasquliyevin özünə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar