Məhkəmə qərarları › İş №2(105)-243/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-243/2024

25.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-243/2024 25.01.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X6 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin artırılması” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli, 2(060)-5078/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Apellyasiya Məhkəməsi MK-nın xx.xx.2017-ci il tarixli 2(105)-1254/2017 saylı qətnaməsi ilə qət edilmiş alimentin artırılması və övladı xx.xx.2007-ci il təvəllüdlü X1 üçün hər ay 220 manat sabit pul məbləğində alimentin qət edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh onun keçmiş həyat yoldaşıdır, belə ki, aralarında bağlanmış nikah pozulmuş və Sumqayıt şəhər məhkəməsinin 2014-cü il tarixli 2(060)-3819/2014 saylı qətnaməsi ilə birgə nikahdan olan övladları xx.xx.2007-ci il təvəllüdlü X1 üçün hər ay 103 manat sabit pul məbləğində aliment müəyyən olunmuş, AR Sumqayıt Apellyasiya Məhkəməsı MK-nın xx.xx.2017-ci il tarixli 2(105)-1254/2017 saylı qətnaməsi ilə aliment azaldılaraq hər ay üçün 50 manat məbləğində müəyyən olunmuşdur. Qət edilmiş aliment uşağın maddi ehtiyaclarının qarşılanması üçün yetərli deyildir, bundan başqa bu illər ərzində bir uşağın saxlanılmasının minimum xərclərində artımlar olmuş və hazırda bu məbləğ 220 manat təşkil edir. İddiaçı qeyd etdiklərinə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində iştirak edən İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirmiş və əlavə olaraq qeyd etmişdir ki, tərəflər arasında nikah pozulmuş və nəticədə uşağın saxlanması üçün 50 manat aliment müəyəyn edilmişdir. Məlum olduğu kimi, uşaqların saxlanması üçün yaşayış minimumu dəfələrlə artmışdır. Lakin iddiaçı heç vaxt alimentin məbləğinin artırılması üçün məhkəməyə müraciət etməmişdir. Cavabdehin maddi imkanı yaxşıdır. Bu barədə cavabdeh özü iddiaçıya məlumat verib. Müəyyən edilmiş alimentlə uşağı saxlamaq iddiaçı üçün həqiqətən də çətindir. Belə ki, uşağın 16 yaşı var, məktəbdən əlavə dərslərə gedir və bunların hamısı müəyyən xərc tələb edir. Hesab edir ki, cavabdehin hansısa xəstəlikdən əziyyət çəkməsi alimentin artırılmaması üçün əsas ola bilməz. Məhkəmə tərəfindən uşağın mənafeyi mütləq nəzərə alınmalıdır. Sumqayıt Şəhər Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli, 2(060)-5078/2023 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1254/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək xx.xx.2007-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay 175 (bir yüz yetmiş beş manat) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, miqdarı dəyişdirilmiş alimentin tutulmasının qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanması qət edilmişdir (hakim Günel Tanrıverdiyeva). Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli, 2(060)-5078/2023 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək xx.xx.2007-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 90 manat pul məbləğində alimentin tutulub iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi ilə razı deyil. Belə ki, özü ikinci qrup əlildir. 220 manat pensiya alır. Onun "xxxx" MMC-də dəzgah operatoru vəzifəsində işləməyi, orada 400 manat əmək haqqı aldığı qeyd olunmuşdur. Lakin, o həmin işdə səhhəti ilə bağlı işləyə bilmədiyi üçün əmək müqaviləsinə xitam verilmişdir. Ayda 50 manat aliment müəyyən olunmuşdur, lakin, o, hər ay 90 manat aliment ödəyir. Hesab edir ki, məhkəmə alimentin miqdarını müəyyən edərkən onun maddi vəziyyətimi, xəstəliyini, işsiz olmağını və diqqətəlayiq digər halları nəzərə almalı idi. Lakin Sumqayıt şəhər məhkəməsində işə baxılarkən bunlar nəzərə alınmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, tərəflərin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1254/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 06 yanvar 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə çıxarılması, iddia tələbinin qismən təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3819/2014 saylı, 12 iyun 2014-cü il tarixli qətnaməsi ilə xx.xx.2007-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh tutulmalı olan alimentin miqdarının dəyişdirilməsi, Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay 50 manat məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan AZ-İ 092836 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X5 ilə Cavabdeh arasında olan nikah ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2009-cu il tarixdə 140 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan AZ-İ 997456 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2007-ci il təvəllüdlü X8 adlı bir övladları anadan olmuşdur. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, ilkin məcburi mediasiya sessiyası üçün 50 (əlli) manat məbləğində mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. İş materiallarında olan Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş gəlir məlumatlarından isə görünür ki, Cavabdeh "xxxx" MMC-də dəzgah operatoru vəifəsində işləyir, 400 manat əmək haqqı alır. Eyni zamanda Cavabdeh ümumi xəstəlik əsası ilə 2-ci qrup əlildir və 220 manat pensiya alır. İş materiallarında olan Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən 027/U saylı Formadan görünür ki, Cavabdeh İnsanın İmmunçatışmazlığı Virusu (İİV), ağciyərlərdə ocaqlı vərəm, viruslu Hepatit C və s. diaqnozu qoyulmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikjası Təhsil Nazirliyi Azərbaycan Texniki Universiteti nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin 1304 saylı, 27 dekabr 2023-cü il tarixli arayışından görünür ki, X2 əyani şöbəsinin kompüter şəbəkəsi avadanlıqlarının servisi ixtisasında İİ kurs 512A qrupunda təhsil alır. İş materiallarına əlavə edilmiş 27 dekabr 2022-ci il tarixli kassa mədaxil orderindən görünür ki, X8 451 manat, xx.xx.2023-cü il tarixdə 901 manat təhsil haqqı ödəmişdir. İş materiallarına əlavə edilmiş əmək müqaviləsinə xitam verilməsi barədə bildirişdən görünür ki, Cavabdeh müqaviləsinə işəgötürən "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etmiş və bunu qətnaməsində onunla əsaslandırmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1254/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə alimentin miqdarı müəyyən edildikdən sonra yaşayış minimumu haqqında qanunvericiliyin tələbləri dəyişmiş və uşaqların saxlanılması üçün tələb olunan məbləğ artmışdır. Lakin məhkəmə uşaqları saxlamağın hər iki valideynin vəzifəsi olduğunu, cavabdehin əmək haqqının məbləğini və bir neçə xəstəlikdən əziyyət çəkməsini nəzərə alaraq hesab etmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 1254/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək, hər ay 175 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən isə, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir (AM-in 78.2-ci maddəsi). Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 30 dekabr 2022-ci il tarixli Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Göründüyü kimi, istinad olunan qanunvericilik aktlarının əsas istiqaməti ona yönəlmişdir ki, heç bir əsas valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin hər ikisinin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Məhkəmə kollegiyası hesab edir ki, göstərilənlər alimentin məbləğinin müəyyən olunduğu tarixdən bugünədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşağın böyüdüyü də nəzərə alınmaqla, həmçinin hazırkı iddia tələbinə birinci instansiya məhkəməsində baxılarkən cavabdehin daimi iş yeri olmaqla, müntəzəm gəlirə sahib olması tərəflərin maddi vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, cavabdehin bu dəlilləri onu uşağın saxlanılmasında üzərinə düşən valideynlik vəzifəsinin icrasından, o cümlədən aliment öhdəliyindən azad etmir. Təyin olunmuş aliment uşağın maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət edir. Eləcə də, birinci instansiya məhkəməsi alimentin miqdarını müəyyən edərkən uşağın mənafeyini, onun əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını, Respublikada 2023-cü il üçün uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu məbləğini nəzərə almışdır. Odur ki, tərəflərin xx.xx.2007-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin tutulması uşağınn mənafeyi baxımından məqsədəuyğundur. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə hesablanır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli, 2(060)-5078/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar